Respublika Veteranlar Şurasının II plenumu keçirilmişdir

 

Yanvarın 28-də Respublika Veteranlar Şurasının II plenumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, plenumda əvvəlcə təşkilati məsələlərə baxılmışdır. General-mayor Dadaş Rzayev yekdilliklə Veteranlar Şurasının sədri seçilmişdir. Plenumda çıxış edən D.Rzayev torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu bir vaxtda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə diqqətin daha da artırılmasının önəmini vurğulamışdır.

Sonra Veteranlar Şurasının hərbi vətənpərvərlik komissiyasının sədri Cəlil Xəlilovun Şura sədrinin hərbi vətənpərvərlik məsələləri üzrə müavini vəzifəsinə namizədliyi səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir. Bundan başqa, Şuranın Rəyasət Heyətinə 11 yeni üzv seçilmişdir.

Daha sonra Veteranlar Şurası sədrinin birinci müavini Surxay Tağızadə qurumun V qurultayından sonra görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, ötən dövrdə Veteranlar Şurasının Rəyasət Heyətinin səkkiz iclası keçirilmiş, bu iclaslarda müxtəlif məsələlər müzakirə olunmuşdur. Həmçinin Veteranlar Şurasının aparatında bir sıra struktur dəyişiklikləri edilmiş, müharibə və silahlı qüvvələr veteranları, təşkilat və analitik informasiya bölmələri yaradılmışdır. Eyni zamanda, "Veteranların qayğıkeşi" diplomu təsis edilmişdir.

Hesabat məruzəsində V qurultayda Veteranlar Şurasının qarşısına qoyulan vəzifələrin də layiqincə yerinə yetirildiyi vurğulanmışdır.

Digər çıxış edənlər ölkəmizdə veteranlara və onların ailələrinə göstərilən dövlət qayğısından danışmışlar. Veteranların bundan sonra da gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirak edəcəklərinə əminlik ifadə olunmuşdur.

Sonda ölkənin ictimai-siyasi həyatında göstərdikləri fəallığa görə Veteranlar Şurasının bir qrup üzvünə diplomlar təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev plenumda iştirak etmişdir.

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.4.