Qafqaz Müsəlmanları İdarəsi başqa ölkələrdə döyüşməyə gedən azərbaycanlılarla bağlı fətva vermişdir

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası son vaxtlar islamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının artmasından narahatlığını ifadə edərək fətva vermişdir.

AzərTAc xəbər verir ki, fətva yanvarın 28-də QMİ-də keçirilən tədbirdə elan olunmuşdur.

Tədbirdə çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə bildirmişdir ki, islam dinində şəhidlik - iman, haqq-ədalət, Vətən uğrunda mübarizənin yüksək zirvəsidir. Vətən, torpaq uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Bizim hər birimizin boynunda 20 Yanvar, Qarabağ müharibəsi şəhidlərimizin haqqı vardır. Odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur. Dövlətimiz və xalqımız da şəhidlərimizin adını daim uca tutur, onların əziz xatirəsini böyük ehtiramla yad edir.

QMİ-nin sədri son vaxtlar islamda cihad və şəhadət kimi müqəddəs məqamlara dair təhrifli düşüncələrin məqsədli şəkildə cəmiyyətimizə sirayət etdirilməsinə cəhdlər göstərilməsindən təəssüfləndiyini bildirmişdir. O, demişdir ki, bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdır. Azərbaycan xalqının Qarabağ kimi böyük dərdi vardır, torpaqlarının 20 faizi erməni vandalları tərəfindən işğala məruz qalmışdır. Bugünədək Xocalı qətliamının acısını hiss etməkdəyik. Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adı ilə dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir.

Qeyd edilmişdir ki, Qafqaz Müsəlmanları İdarəsi bir qayda olaraq dünyanın istənilən nöqtəsində baş verən terror, zorakılıq, ekstremizmdin pərdəsi altında radikalizm əleyhinə etiraz səsini  ucaltmışdır.

Fətvada bildirilmişdir ki, biz xalqımızın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrı-seçkiliyinə şərait yaradan, bölgəmizdə xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək, Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" Qanununa zidd hərəkətlərə yol verən şəxslərin həm müqəddəs dinimizə, həm də xalqımızın, dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq.

Qazılar Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətlərindəki iradəsini nəzərə alaraq, belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir.

Qeyd edilmişdir ki, Qazılar Şurasının qərarına uyğun olaraq  din xadimləri öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini, bu fətvada əksini tapan məqamları dindarlara, xüsusən gənc nəslə çatdırmalıdırlar.

Fətvada xalqımızın, dindarlarımızın islamın şəhidlik, cihad fəlsəfəsinin mahiyyətinə daha dərindən vararaq onun dəyər və məziyyətlərinin hikməti işığında sıx birləşəcəklərinə, torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda böyük əzm nümayiş etdirəcəklərinə inam ifadə olunur.

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.4.