Azərbaycan İstiqlal Muzeyində tədbir-sərgi keçirilmişdir

 

Yanvarın 28-də Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş "Tarixin bir səhifəsi" mövzusunda tədbir-sərgi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın  dövlət himni səsləndirilmişdir.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tədbirin Prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 2013-cü il 22 noyabr tarixli Sərəncamına əsasən təşkil edildiyini söyləmişdir. Bildirmişdir ki, tədbir-sərgidə tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş olunur. Direktor qeyd etmişdir ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti millətimizə müstəqilliyin nə demək olduğunu göstərmişdir.

Sonra M.Ə.Rəsulzadəyə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova, tarixçi Ədalət Tahirzadə və başqaları görkəmli siyasi xadim M.Ə.Rəsulzadə haqqında məruzələrlə  çıxış etmişlər.

Bildirilmişdir ki, Azərbaycan vətəndaşı kimi istiqlalımız, dövlətçiliyimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığımız mübarizədə ideoloji silahımız olmaq baxımından istiqlal hərəkatının öndərlərindən və ideoloqlarından biri - M.Ə.Rəsulzadənin apardığı mübarizənin tarixini bilmək olduqca vacibdir.

Qeyd edilmişdir ki, M.Ə.Rəsulzadənin bioqrafiyasında onun siyasi, intellektual, eyni zamanda, ideoloq kimi formalaşmasının zəmini məhz özünün cəmiyyətə, ətrafında olan proseslərə son dərəcə fəal müdaxiləsi ilə müşayiət olunmuşdur.

Vurğulanmışdır ki, onun ən böyük xidmətlərindən biri millət, dövlət yaradılması prosesinin nəzəri əsasını qoyanlardan biri olmasıdır.

Qeyd edilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə dünyanın siyasi xəritəsinə Azərbaycan adında bir dövlət yazılmışdır.

Diqqətə çatdırılmışdır ki, Cümhuriyyət devrildikdən sonra mühacirət dövründə ömrünün təxminən 40 ilini mühacirətdə keçirmiş M.Ə.Rəsulzadə yaşadığı ölkələrdə Azərbaycan istiqlalı uğrunda ardıcıl mübarizə aparmışdır.

Çıxış edənlər M.Ə.Rəsulzadəni ədib, ideoloq, siyasi publisistikanın görkəmli nümayəndəsi kimi dəyərləndirmişlər.

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, rəssam Rəis Rəsulzadə tədbirin iştirakçılarına və görkəmli ictimai-siyasi xadimin tədqiqatçılarına minnətdarlığını bildirmişdir. Nəzərə çatdırmışdır ki, Azərbaycanda M.Ə.Rəsulzadənin yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə yanaşı, Rusiya, Türkiyə və digər ölkələrdə də qeyd ediləcəkdir.

Sərgi fevralın 10-dək davam edəcəkdir.

 

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.4.