Şəhid leytenant Səbuhi
Əzizov son mənzilə yola
salınmışdır
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması nəticəsində döyüş növbəsində hərbi borcunu yerinə yetirərkən şəhid olmuş leytenant Səbuhi Əzizov yanvarın 28-də doğulduğu Qobustan rayonunun Təkləmirzəbaba kəndində dəfn edilmişdir.
AzərTAc xəbər verir ki, vida mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani gənc zabitin qısa, lakin şərəfli ömür yolundan, onun yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən danışmışdır. Qeyd etmişdir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan Səbuhi Əzizov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birillik xüsusi kurs keçmişdir. O, 2012-ci ildən cəbhə bölgəsindəki hərbi hissələrdən birində tağım komandiri kimi vəzifəsinin öhdəsindən layiqincə gəlirdi.
Vurğulanmışdır ki, leytenant Səbuhi Əzizovun xatirəsi qədirbilən xalqımız və Milli Ordumuzun əsgər və zabitləri tərəfindən həmişə əziz tutulacaq, onun qanı yerdə qalmayacaqdır.
Mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır ki, şəhid zabitimiz Səbuhi Rüstəm oğlu Əzizov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif olunmuşdur.
Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi,
general-mayor Heydər Piriyev şəhid zabitin vaxtilə təhsil
aldığı xüsusi təyinatlı təhsil müəssisəsinin
professor-müəllim, zabit və kursant heyətinin də bu
ağır xəbərdən sarsıldığını,
lakin leytenant S.Əzizovun şəhidlik zirvəsinə
yüksəlməsindən böyük qürur
duyduqlarını bəyan etmişdir.
Şəhidin ailəsinə dərin hüznlə başsağlığı verən Heydər Piriyev zabitin ölümündən sonra layiq görüldüyü medalı onun atasına təqdim etmişdir.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxışında bütün xalqımız kimi, qobustanlıların da şəhidlərimizin intiqamını almaq, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun başsağlığını şəhidin ailəsinə çatdıran Xidmət rəisinin müavini, polkovnik Zaur Abdullayev Vətənə layiq övlad böyütdüklərinə görə cəsur hərbçinin valideynlərinə hörmət və ehtiramını bildirmişdir.
Matəm mitinqi başa çatdıqdan sonra şəhid zabitin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında torpağa tapşırılmışdır.
Məzarın üzərinə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qobustan Rayon İcra Hakimiyyətinin və digər təşkilatların adından əklillər, gül dəstələri qoyulmuşdur.
Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Dövlət bayrağı əbədi xatirə olaraq ailəsinə təqdim edilmişdir.
Şəhidin valideynləri - Rüstəm və Nəsibə Əzizovlar Vətən yolunda şəhid olmuş övladlarının vida mərasiminin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Mərasim
iştirakçıları kəndin Azərbaycanın ərazi
bütövlüyü uğrunda həlak olmuş digər
şəhidlərinin də məzarlarını ziyarət
etmişlər.
Azərbaycan.-2014.- 29 yanvar.- S.4.