Azərbaycan ilə Macarıstan hökumətləri
arasında iqtisadi əməkdaşlıq
üzrə
Birgə Komissiyanın iclası keçirilmişdir
Bakı Biznes Mərkəzində Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilmişdir.
Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyanın iclasında Xarici İşlər, Energetika, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Təhsil, Səhiyyə, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirliklərinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Mərkəzi Bankın, "Azərsu" ASC-nin, ARDNŞ-in yüksək vəzifəli rəsmiləri iştirak etmişlər.
Macarıstan tərəfi isə iclasda bu ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, iki ölkənin dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin ölkələrimiz arasında qarşılıqlı anlaşma, hörmət və etibar üzərində qurulmuş əlaqələrin inkişafına təkan verdiyini vurğulamışdır. Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın əvvəlki - üçüncü iclasından ötən dövrdə görülən işlərlə bağlı məlumat verən Şahin Mustafayev Azərbaycanın Şuşa və Macarıstanın Döndöş şəhərlərinin qardaşlaşması haqqında birgə bəyannamə, Naxçıvan və Budapeştin ali təhsil müəssisələri arasında əməkdaşlığa dair saziş, hava nəqliyyatı və su təsərrüfatı sahəsində müvafiq sənədlər imzalandığını qeyd etmişdir. Artıq turizm, rabitə və informasiya texnologiyaları, təhsil və baytarlıq sahəsində sahələrarası sənədlər də imzalanmağa hazırdır, nəqliyyat, elm və innovasiya, səhiyyə, gənclər və idman sahəsində bir sıra ikitərəfli sənədlər isə müzakirə mərhələsindədir.
Ölkələrimiz arasında səhiyyə, turizm, mədəniyyət, gənclər və idman sahəsində əlaqələr daha da genişlənmişdir. Bakıda Macarıstan Ticarət Evinin açılması iqtisadi-ticarət əlaqələrinin inkişafına əhəmiyyətli töhfədir. 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 40 faizə yaxın artmışdır. Humanitar sahədə də əməkdaşlığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu ilin əvvəlində Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlanması humanitar sahədə əməkdaşlığa nümunədir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinin siyahısına Macarıstanın 10 universiteti də daxil edilmişdir. Əldə olunmuş razılaşmaya əsasən, Macarıstan tərəfi hər il 200 azərbaycanlı tələbəyə təqaüd ayırmaq niyyətindədir. Bununla belə, bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur. Kənd təsərrüfatı və qida sənayesi, rabitə və informasiya texnologiyaları sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün yaradılmış işçi qruplar səmərəli fəaliyyət göstərir. Nazir Şahin Mustafayev ikirərəfli əməkdaşlığın yeni istiqaməti kimi ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi məqsədilə Macarıstan təcrübəsinin öyrənilməsini, birgə damazlıq təsərrüfatının yaradılmasını məqsədəuyğun hesab etmiş, Azərbaycan və Macarıstan arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulamışdır.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyarto çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini və Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir. Hazırda Macarıstan və Azərbaycan kənd təsərrüfatı, hava nəqliyyatı, əczaçılıq, təhsil, su təsərrüfatı sahəsində uğurla əməkdaşlıq edir. Peter Siyarto humanitar sahədə Heydər Əliyev Fondu tərəfindən Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün yeni layihənin icrasına başlandığını bildirmiş və buna görə fonda təşəkkür etmişdir. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi İKT və tikinti sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu da diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Bakıda Macarıstan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır. Peter Siyarto Macarıstanda da analoji mərkəzin yaradılmasının ikitərəfli əlaqələrin inkişafı baxımdan əhəmiyyətli olacağını qeyd etmişdir.
İclasda müxtəlif sahələrə dair müzakirələr aparılmışdır.
Sonda
Azərbaycan Respublikası hökuməti və Macarıstan
Respublikası hökuməti arasında İqtisadi Əməkdaşlıq
üzrə Birgə Komissiyanın 4-cü iclasının
yekunlarına dair Protokol imzalanmışdır. Sənədi
komissiyanın həmsədrləri -
Şahin Mustafayev
və Peter Siyarto
imzalamışlar. Sənədə əsasən,
iki ölkə arasında ticarət, iqtisadiyyat, investisiya, sənaye,
energetika, kənd təsərrüfatı,
turizm, su təsərrüfatı,
təhsil, birbaşa uçuşların
həyata keçirilməsi, mədəniyyət, ekologiya, gənclər, idman
və digər sahələrdə əməkdaşlığın
davam etdirilməsi, daha
da genişləndirilməsi nəzərdə
tutulur.
Azərbaycan.-2014.- 29 yanvar.- S.1.