Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın ərzaq sənayesi naziri Giyom Qaro ilə görüşmüşdür.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Fransa arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunmuşdur.

 

Nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi sahədə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, hazırda fransız şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Bununla belə, Fransa şirkətləri Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrində də fəaliyyəti genişləndirə bilər.

 

Görüşdə Azərbaycan iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatı sahəsində həyata keçirilən iri layihələr barədə ətraflı məlumat verilmiş, aqrar sektorun ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılmışdır. Habelə Fransa və Azərbaycanda keçirilən şərabçılıq festivallarının adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanmış, azərbaycanlı adamları bu ilin fevralında Fransada keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edilmişlər.

Nazir Şahin Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu, ölkəmizdə sərmayədarlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırmışdır.

Görüş zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Fransanın müvafiq qurumu arasında əməkdaşlıq imkanları da nəzərdən keçirilmişdir.

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.3.