Mədəniyyət və turizm
naziri Göyçayda
vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
AzərTAc
xəbər verir ki, yanvarın 28-də mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Göyçay şəhərindəki
Heydər Əliyev Mərkəzində Yevlax, Göyçay,
Daşkəsən, Göygöl, Samux, Ucar, Kürdəmir
rayonlarından olan vətəndaşları
qəbul etmişdir.
Mədəniyyət
və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt
ünvanı, e-services.mct.gov.az elektron xidmətlər
saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə,
eləcə də müvafiq mədəniyyət və turizm
şöbələrinə müraciət etməklə qəbula
yazılmış 30-dan çox vətəndaş müxtəlif
məsələlərə dair xahiş və təkliflərini
nazirə ünvanlamışlar.
Müraciətlər
əsəsən yerlərdə uşaq musiqi və incəsənət
məktəblərinin fəaliyyəti, tədris ocaqlarında
kadr təminatı, mədəniyyət evlərində
ştatların artırılması, mədəniyyət
ocaqlarının avadanlıqlarla təmin edilməsi, tarixi və
mədəniyyət abidələrinin bərpası, muzey
ekspozisiyalarının tərtibatı, yerlərdə turizmin
inkişafı, bu sahə üzrə kadrların
azlığı, mədəniyyət işçilərinə
fəxri adların verilməsi, işlə təmin olunma və
digər məsələləri əhatə etmişdir.
Qəbula gələn bütün vətəndaşları dinləyən Ə.Qarayev bu cür əhəmiyyətli mövzulara yerli sakinlərin önəm verməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Qeyd edilmişdir ki, səslənən bütün xahiş, təklif və təşəbbüslər nəzərdən keçiriləcək, onların reallaşması ilə bağlı lazımi tədbirlər görüləcəkdir.
Qəbuldan sonra jurnalistlərə müsahibə verən nazir Ə.Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, artıq ənənə halını almış bu qəbullar bölgələrdə sakinlərin problemləri ilə daha yaxından tanış olmağa və müvafiq tədbirlər görməyə imkan yaradır.
Ötən ilin
aprelindən etibarən müxtəlif bölgələrdə
artıq 10 qəbul keçirildiyini diqqətə
çatdıran Ə.Qarayev Göyçay şəhərindəki qəbulda
da ölkənin mədəniyyət və
turizm sahələri üçün
aktual olan bir sıra məsələlərin gündəmə
gətirildiyini demişdir.
Qəbulda
mədəniyyət ocaqlarının təmiri və yenidən
qurulması, kadrlarla təminat, uşaq musiqi məktəblərinin
maddi təchizatı, yeni bina və sinif otaqlarının
tikintisi, tarixi abidələrin təmir-bərpası, arxeoloji
tədqiqatların aparılması, bölgələrdə
turizmin inkişafına dəstək, bu sahədə təşəbbüslərin
həyata keçirilməsi kimi məsələlər
qaldırılmışdır.
Nazir
bu məsələlərin bir çoxunun mədəniyyət
və turizm sahəsində həyata keçirilən proqram və
layihələr, regionların sosial-iqtisadi inkişafı
üzrə dövlət proqramları çərçivəsində
tədricən həllini tapdığını, bütün
müraciətlərin nəzarətdə
saxlanılacağını, o cümlədən sosial məsələlərlə
bağlı xahişlərin lazımi instansiyalara
çatdırılacağını bildirmişdir.
Azərbaycan.-2014.- 29 yanvar.- S.3.