Azərbaycan ilə İtaliya
arasında hərbi əməkdaşlıq planı
imzalanmışdır
Yanvarın 28-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində "Azərbaycan-İtaliya ikitərəfli hərbi əməkdaşlıq üzrə müzakirələr" keçirilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov, İtaliya tərəfdən isə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının 3-cü İdarəsinin rəis müavini, kontr-admiral Edoardo Kompiani rəhbərlik etmişlər. Müzakirələr zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilmiş, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
Sonda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanmışdır.
Tədbirdə
İtaliyanın Azərbaycandakı
səfiri Ciampaolo Kutillo və İtaliya Silahlı
Qüvvələrinin ölkəmizdə akkreditə
olunmuş hərbi attaşesi, kontr-admiral Emanuele Botazzi
iştirak etmişlər.
Azərbaycan.-2014.- 29 yanvar.- S.3.