Azərbaycan ilə Koreya
Respublikası arasında təhsil əlaqələri
genişlənir
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının KAIST İnstitutunun (Korea Advanced Institute of Science and Technology) nümayəndə heyəti ilə görüşmüşdür.
Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə KAIST ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
ADA Universitetində mühəndislik və informasiya texnologiyaları məktəbinin təsis edilməsi üzrə birgə layihədə KAIST-in iştirakı yüksək qiymətləndirilmişdir. Layihənin uğurla həyata keçirilməsinin qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunmuşdur.
Bildirilmişdir ki, 1971-ci ildə Koreya Respublikasının ilk elm və texnoloji tədqiqat müəssisəsi kimi qurulan KAIST 40 ildən çoxdur bu ölkənin innovasiya inkişafının beyin mərkəzlərindən biri kimi tanınır.
Görüşdə
Azərbaycan Respublikası xarici işlər nazirinin
müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və Koreya
Respublikasının ölkəmizdəki səfiri Çoi
Suk-İn iştirak etmişlər.
Azərbaycan.-2014.- 29 yanvar.- S.3.