Ulu öndər Heydər Əliyevin aqrar
islahatları Azərbaycanın milli
təhlükəsizliyinin təmin
olunmasında əhəmiyyətli rol oynamışdır
"Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə olunmalıdır". Bu fikir XX əsrin son 30 ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət və siyasi xadim Heydər Əliyevə məxsusdur. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın iqtisadiyyatı hər zaman möhkəmlənmiş, şöhrəti, nüfuzu yüksəklərə qalxmış, milli mənafeyi, milli mentaliteti, mədəniyyət və mənəviyyatı qorunmuş və inkişaf etmişdir. Ümummilli lider sovet hakimiyyəti dövründə respublikamızı bütün sahələrdə keçmiş SSRİ məkanında öncül yerlərdən birinə yüksəltmiş, sosial-iqtisadi və mədəni sahələr üzrə həyata keçirilən tədbirlər və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır.
Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü ulu öndərin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarda ulu öndərin imzası vardır. Xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, ulu öndəri kimi yüksək zirvəyə ucalmışdır.
1969-1982-ci illər
1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev təşəbbüskarlığı və işgüzarlığı ilə respublika həyatının bütün sahələrində dirçəlişə nail oldu ki, bu da milli şüurun oyanışı, milli ruhun yüksəlişi və mənəvi tərəqqi üçün güclü təkan idi.
Ulu öndər özünəməxsus fəhm və məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikanın iqtisadi potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan bütün sahələrdə sıçrayışa necə sürətlə nail olmuşdu. Sonralar müstəqil dövlət quruculuğuna açılan yol əslində 1969-cu ildən - Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdır.
1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxt Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Ulu öndər Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, onun ərazisində dövrün tələblərinə cavab verən yeni çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılırdı.
1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Sov.İKP MK və SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar qəbul etdi. Bu qərarı qəbul etdirmək həmin zaman üçün, təbii ki çox nadir hadisə idi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd əməkçiləri 1971-1975-ci illərdə məhsul istehsalının artırılması, əkinçilik və heyvandarlıq mədəniyyətinin yüksəldilməsi sahəsində çox böyük nailiyyətlər qazandılar. Kənd təsərrüfatının orta illik ümumi məhsul istehsalının dəyəri 1971-75-ci illərdə 1,4 milyard manata çatdı ki, bu da 1966-1970-ci illərdə olan müvafiq göstəricidən 34 faiz çox idi. Bütün kənd təsərrüfatı məhsulları istehsalı üzrə nəticələr nəzərdə tutulduğundan xeyli artıq oldu. 5 il ərzində taxıl və tütün istehsalı hətta gələcək 2 ilin əvəzinə, pambıq və meyvə istehsalı gələcək 1 ilin əvəzinə də yerinə yetirildi. 1975-ci ildə kənd təsərrüfatında ümumi məhsul istehsalı 1969-cu ildəki 999 milyon manatlıq əvəzinə 1 milyard 572 milyon manatlıq oldu, başqa sözlə, 57 faiz artdı.
1976-80-ci illərin yekunları göstərir ki, böyük dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın kənd təsərrüfatı yeni, daha yüksək pilləyə qalxmışdır. 5 il üçün nəzərdə tutulan istehsal 1978-ci ildə vaxtından 2 il əvvəl yerinə yetirilmişdir. 1980-81-ci illərdə respublikamızda istehsal olunan kənd təsərrüfatı üzrə ümumi məhsulun dəyəri 2,4 milyard manatdan çox olmuşdur ki, bu da o zaman üçün olduqca böyük göstərici idi. Təsadüfi deyil ki, kənd təsərrüfatının inkişaf sürətinə görə o dövrlərdə Azərbaycan keçmiş sovet respublikaları arasında birincilər sırasına çıxmışdır. Əgər 1966-70-ci illərdə respublikamızın payına Sovet İttifaqı üzrə kənd təsərrüfatının ümumi məhsulunun 1 faizi düşürdüsə, 1976-80-ci illərdə bu, 1,5 faiz təşkil etmişdir. İlk baxışdan az görünən bu artımın arxasında 1970-80-ci illərdə kənd təsərrüfatının ümumi məhsulunun təxminən 2 dəfə çoxalması dururdu. Hesablamalardan aydın görünür ki, Sovet İttifaqı üzrə 1976-79-cu illərdə 1966-70-ci illərə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalının orta illik artımı 23,8 milyard manat olmuşdur ki, bunun da 3,8 faizi respublikamızın payına düşmüşdür. 1980-ci ilin yekunları göstərdi ki, ölkə üzrə kənd təsərrüfatının ümumi məhsulunun mütləq artımında respublikamızın rolu daha da yüksəlmişdir.
Əkinçilik məhsullarının belə sürətli artımı həlledici dərəcədə məhsuldarlığın yüksəlməsi ilə bağlı olmuşdur. 5 il ərzində taxılın məhsuldarlığı 48, pambığın məhsuldarlığı 29, üzümün məhsuldarlığı 51, tərəvəzin məhsuldarlığı 37, meyvənin məhsuldarlığı 45 faiz artmışdır.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" 1975-ci il 9 iyul tarixli, həmçinin "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələşdirilməsi və tikilməsi tədbirləri haqqında" qərarlar qəbul edilmişdir. Bu qərarların 1970-80-ci illərdə respublikanın sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin müəyyən edilməsində mühüm əhəmiyyəti olmuşdur. Həmin illərdə respublikanın iqtisadi və sosial sahələrinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində respublikada irriqasiya-meliorasiya işləri, eləcə də üzümçülükdə çox böyük uğurlar əldə edilmişdir. 1969-80-ci illərdə üzümçülüyün ərazi strukturu xeyli dəyişdirilmiş, yeni üzümçülük rayonları yaradılmışdır. Xüsusən dağ rayonlarında üzümçülük inkişaf etdirilmişdir ki, bu da onların iqtisadiyyatının möhkəmləndirilməsinə, mövcud əmək ehtiyatlarından daha səmərəli istifadə olunmasına müsbət təsir göstərmişdir.
Daha bir neçə fakta diqqət yetirək: 1969-cu ildə Azərbaycanda 299 min ton pambıq istehsal olunmuşdur. 1982-ci ildə isə pambıq istehsalı təqribən 1 milyon tona çatdırılmışdır. Bundan əlavə, 1980-ci ildə respublikamızda üzüm istehsalı 1,4 milyon ton olmuşdur ki, bu da Azərbaycan üçün rekord göstərici idi. Yığılan üzümün keyfiyyəti də xeyli yaxşılaşdırılmış, şəkərliyi 1979-cu ilə nisbətən 17 faiz qalxmışdır. Üzümlüklərin məhsuldarlığı orta hesabla 91 sentnerə çatdırılmışdır ki, bu da 1975-ci ildəkindən 26 sentner çox idi.
Üzümçülüyün intensiv inkişafı əlbəttə ki, həm şərabçılıq sənayesinin, həm də Azərbaycan kəndinin sosial iqtisadi inkişafına təkan vermişdir. Həmin illərdə şərabçılıq sənayesinin istehsal həcmi 6 dəfədən çox artmış və respublikadakı bütün sənaye istehsalı həcminin altıda bir hissəsini təşkil etmişdir. Şərabçılıq sənayesi müəssisələrinin gücü 1969-cu ildə 106 min ton idisə, 1982-ci ildə 1 milyon 80 min tona çatmış və ya 10,2 dəfə artmışdır.
Ümumiyyətlə, 1976-80-ci illərdə dövlətə 5 milyon tona yaxın üzüm satılmışdır. Keçmiş postsovet məkanında Azərbaycanda istehsal olunan üzümün miqdarı Moldovanın, Şimali Qafqazın, Ermənistanın, Gürcüstanın, Orta Asiya respublikalarının və Ukraynanın birgə istehsal etdikləri üzümün ümumi həcmindən cox idi. Təsadüfi deyil ki, iqtisadi göstəricilərinə görə Azərbaycan məhz bu illərdə ardıcıl olaraq 13 dəfə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin keçici Qırmızı Bayrağı ilə təltif edilmişdir.
Ulu öndər totalitar rejimin məngənəsində sıxılan respublikamızda torpağın sahibinə qaytarılma yollarını özünəməxsus tərzdə düşünüb Kremlin siyasətindən, qadağalar çərçivəsindən kənara çıxmaqla bu imperiyanın verdiyi cüzi imkanlardan həssaslıqla istifadə edərək torpaqdan əldə edilən gəlirlərin əsas hissəsini kənd adamlarına qaytarılmasına nail olmağa çalışırdı.
Keçmiş
ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə
tutduğu dövrdə də ümummilli lider mənsub
olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər,
Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər
cür fədakarlıq göstərmiş, buradakı quruculuq
işlərinin davam etməsinə hərtərəfli dəstək
vermişdir.
Heydər
Əliyevin torpaq islahatları
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan məhv olmaq təhlükəsi qarşısında qalanda yenidən böyük siyasətə qayıdan Heydər Əliyev fenomenal istedadını, zəngin dövlətçilik təcrübəsini Tanrının və tarixin xalqımıza bəxşişi olan kövrək istiqlalımızın qorunmasına və möhkəmlənməsinə yönəltdi.
Həmin dövr respublikamızda rəhbərlik naşı AXC-Müsavat cütlüyünün əlinə keçdiyindən qəbul edilən siyasi qərarlar kağız parçası xarakteri daşıyırdı. O illər Azərbaycan nəinki öz təbii sərvətlərinin sahibi oldu, əksinə, bu sərvətlər sapı özümüzdən olan baltaların köməyi ilə sərhədlərimizdən kənara daşınırdı. Özbaşınalıq, rəhbərsizlik, demokratiya pərdəsi altında aparılan işlər, xüsusən də erməni şovinistlərinin torpaq iddiası nəticəsində başlanmış müharibə Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Xarici dövlətlərin kəşfiyyat idarələri daxildəki hərc-mərclikdən istifadə etməyə çalışırdı. Azərbaycanda süni şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyənlər şimalda "Sadval" hərəkatının, cənubda qanunsuz "Talış-Muğan Respublikası" elan etmiş Əlikram Hümbətovun həyata keçirmək istədikləri separatçı hərəkatı, torpaqlarımızın 20 faizinin işğal olunması, faktiki olaraq ölkə daxilində vətəndaş müharibəsinin (Gəncə qiyamı) yaranması və başqa bu kimi qanunsuz əməlləri böyük uzaqgörənliklə təhlil edib müdrik qərarlar qəbul edən ulu öndər təkcə xalqı və respublikamızı ölüm-dirim mübarizəsindən xilas etmədi, həm də Azərbaycan xalqının mənliyini, varlığını özünə qaytara bildi.
"Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" - söyləyən ulu öndər ölkədə sabitliyi yaratmağa müvəffəq oldu. Atəşkəs imzalandı, ölkədə baş alıb gedən anarxiyaya son qoyuldu. Məhz Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində yenicə müstəqilliyini əldə etmiş Azərbaycanda dünya təcrübəsindən istifadə edərək milli iqtisadiyyatın inkişafının spesifik cəhətləri, xüsusiyyətləri və milli mentalitetimizə uyğun olaraq bütün parametrləri nəzərə alaraq yeni layihələr və dövlət proqramları hazırlanmasına başlanıldı. Ölkəmizdə yeni mülkiyyət münasibətlərinə əsaslanan azad bazar iqtisadiyyatı formalaşdı. Özəlləşmə proqramı, torpaq islahatı, hüquqi dövlət quruculuğu sahəsində islahatlar genişləndi. Həmin islahatların həyata keçirilməsindən danışarkən ulu öndər deyirdi: "Biz islahatları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk".
Bəli, aqrar-torpaq islahatları birdəfəlik
kampaniya deyil. Bu, cox ciddi, həssas bir prosesdir. Nə qədər ki Azərbaycanda
müxtəlif mülkiyyət formaları (dövlət, bələdiyyə,
xüsusi) mövcuddur, bu proses davam etməlidir. Ulu
öndər böyük uzaqgörənliklə həm də
sübut etdi ki, Azərbaycanda aqrar sahənin inkişafı
aparılacaq torpaq islahatlarının nəticələrindən
asılı olacaq.
"Torpaq
islahatı haqqında" Azərbaycan Respublikası Qanununun
1996-cı ildə qəbul edilməsinə baxmayaraq, bu məsələnin
təməli əslində Heydər Əliyevin
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik
etdiyi dövrdə - 1992-ci ildə Culfa rayonunun Şurut və
Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi ilə
qoyulmuşdu. Torpaq-vətəndaş münasibətlərində
həyata keçirilən tarixi və inqilabi hadisənin
birinci mərhələsinin yekunlarını ulu öndər
olduqca yüksək qiymətləndirərək demişdir:
"Biz torpaq islahatının aparılmasında radikal tədbirlərə
əl atmışıq. Deməliyəm ki, nəticə
idealdır. Özü də bu, hələlik
başlanğıcdır".
Beləliklə, Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə ümumxalq müzakirələrindən
sonra torpaq islahatı proqramı hazırlandı və həmin
proqram əsasında torpaq islahatlarının həyata
keçirilməsini təmin edən hüquqi baza
yaradıldı. İndi qürurla deyə bilərik ki,
ölkəmizdə aparılan torpaq islahatları tarixə
"Heydər Əliyev torpaq islahatları" modeli kimi
düşdü. Aqrar-torpaq islahatı ulu
öndərin şah əsəridir. Çünki
məhz müstəqillik qazandıqdan sonra torpaq öz sahibinə
verildi və bununla da Azərbaycanda vətəndaşlar torpaq
mülkiyyətçisinə çevrildilər.
Bildiyimiz kimi, sovetlər birliyi dönəmində torpaq
birbaşa vətəndaşın öz mülkiyyətində
olmayıb. Bununla yanaşı, vətəndaşın
torpağın istifadəsi ilə bağlı qərar vermək
hüququ da yox idi. Yalnız ölkəmizdə
aparılan torpaq islahatları nəticəsində
bütün bu hallar aradan qalxdı. Bu gün ulu öndərin
ölkəmizə bəxş etdiyi aqrar torpaq islahatları həm
vətəndaşların, həm də respublikamızın
iqtisadi, siyasi həyatında təkzib olunmaz nailiyyətlərə
yol açdı ki, məhz bu səbəbdən ölkəmizin
siyasi iqtisadi tarixində "Heydər Əliyevin torpaq
islahatları" modeli qızıl hərflərlə öz əksini
tapdı.
Qəbul edilmiş 52-dən çox fərman, qanun və
digər hüquqi normativ aktlar Azərbaycanda torpaq
islahatlarını həyata keçirməyə əsaslı
zəmin yaratdı və Heydər Əliyevin Naxçıvan
MR-ə rəhbərlik etdiyi dövrdə bünövrəsini
qoyduğu torpaq islahatları bütün ölkəyə tətbiq
edilməyə başlandı. "Aqrar islahatların həyata
keçirilməsini təmin edən bəzi normativ-hüquqi
aktların təsdiq edilməsi barədə" Azərbaycan
Republikası Prezidentinin 10 yanvar 1997-ci il
tarixli 534 saylı Fərmanından sonra islahatların sürətlə
həyata keçirilməsinə start verildi. Nəticədə
respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni
kolxoz və sovxozlar ləğv edilərək onların əkinə
yararlı münbit torpaqları əhaliyə paylandı.
İşğal olunmuş rayonlarımız
istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ
olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi. Həmçinin torpaq islahatları nəticəsində
torpaq üzərində 3 mülkiyyət forması müəyyənləşdi.
Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 milyon
641 min 506 hektar torpaq sahəsindən 4 milyon 913 min 639
hektarı, başqa sözlə, 56,9 faizi dövlət
mülkiyyətində saxlanıldı, 2 milyon 032 min 744
hektarı (23,5 faizi) bələdiyyə mülkiyyətinə
verildi, 1 milyon 695 min 123 hektarı (19,6 faizi) isə xüsusi
mülkiyyətə ayrıldı.
Respublikanın kənd təsərrüfatının
inkişafında mühüm nailiyyətlər qazanmasına səbəb
olan bu islahatlar digər dövlətlərdə həyata
keçirilən analoji islahatlardan Heydər Əliyevin müəyyənləşdirdiyi
4 mühüm prinsip fərqləndirirdi.
Birincisi, Azərbaycanda torpaqlar məhz ümummilli liderin
təşəbbüsü ilə vətəndaşlara pulsuz
olaraq əvəzsiz verildi. Nəticədə 3
milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə
çevrildi. Bu isə yeni, güclü
mülkiyyətçilər sinfi yaratmaqla yeni torpaq əkinçi
münasibətləri formalaşdıraraq torpaqdan səmərəli
və məhsuldar istifadəetməni şərtləndirdi,
torpağa qayğı və doğma münasibəti zəruri
etdi.
İkincisi, torpaqların ən yararlısı və
keyfiyyətlisi özəlləşdirildi. Başqa sözlə, MDB məkanının
digər ölkələrindən fərqli olaraq Azərbaycanda
vətəndaşa yararsız və ya az
yararlı torpaqlar deyil, keçmiş kolxoz və
sovxozların ən yararlı və münbit torpaqları
verildi. Eyni zamanda Azərbaycanın fiziki və hüquqi şəxslərinə
mülkiyyətlərindəki torpaq sahələri üzərində
müstəsna hüquqlar, alqı-satqı,
bağışlama, icarəyə və ya istifadəyə
vermə, vərəsəlik, girov qoyma və s. kimi hüquqlar
verildi ki, bu da ölkəmizdə torpaq islahatlarının
keçmiş SSRİ-nin digər respublikalarında olduğu
kimi formal deyil, əsaslı zəmində və fundamental
şəkildə həyata keçirildiyini sübut etdi.
Üçüncüsü,
respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara
harada yaşamasından və kimliyindən asılı
olmayaraq torpaqlardan istifadə və icarə hüququ verildi,
eyni zamanda Azərbaycanın hər bir vətəndaşı
torpaq alqı-satqısı prosesində, torpaqla bağlı
müxtəlif müqavilə və əqdlərin
bağlanmasında iştirak etmək hüququ əldə
etdi. Başqa sözlə, torpaq əmlakçısına
çevrilmiş 3 milyon 5 yüz min nəfər subyektdən
başqa respublika əhalisinin yerdə qalan hissəsi də
torpaq-vətəndaş münasibətlərindən kənarlaşdırılmadı.
Yəni hər bir Azərbaycan vətəndaşı
respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət
münasibətlərində birbaşa iştirakçı
olma hüququ qazandı.
Dördüncüsü, məhz ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə ölkəmizdə
Azərbaycan vətəndaşı olmayan fiziki və
hüquqi şəxslərə torpağa mülkiyyətçilik
hüququ verilmədi ki, bu da nəinki mühüm iqtisadi, həmçinin
ciddi siyasi əhəmiyyət daşıyırdı.
Məhz
ölkənin aqrar-iqtisadi siyasətinin müəllifi Heydər Əliyevin sosial ədalətə
söykənən bu prinsipləri əsasında
formalaşdırılan və 1993-2003-cü illərdə onun
52-dən artıq fərman və sərəncamları ilə
qanuniləşdirilən, düzgün icra mexanizmləri ilə
həyata keçirilən aqrar siyasətin nəticəsi Azərbaycanda
aqrar sahənin gündən-günə inkişafına səbəb oldu.
Qeyd etmək lazımdır ki, qəbul edilən kifayət
qədər mükəmməl qanunlar sayəsində bu
gün dövlət mülkiyyətində saxlanılan və
bələdiyyə mülkiyyətinə verilən torpaqlar da
son nəticədə Azərbaycan vətəndaşlarının
rifahı üçün istifadə edilir. Belə ki, bələdiyyə
mülkiyyətinə verilən torpaqlar alqı-satqı,
istifadə, icarə və s. qaydalarda, dövlət mülkiyyətində
olan torpaqlar da yenə icarə və istifadə qaydasında əhalinin
xidmətinə verilir. Nəticə
etibarı ilə bütün qanunlar ölkədə aqrar sahənin
inkişafına hüquqi əsas yaratmaqla xalqın maddi
rifahının yaxşılaşdırılmasına zəmin
yaradır.
Torpaq islahatları həmişə inkişafda olan
dinamik bir prosesdir ki, bu da digər proseslərlə kompleks
şəkildə həyata keçirilir. İslahatların
birinci mərhələsi kimi torpaqların xüsusi mülkiyyətə
verilməsi ilə yanaşı, ölkədə vahid torpaq
fondu üzrə dövlət torpaq kadastrı, torpaqların
monitorinqi və yerquruluşu işlərinin də həyata
keçirilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən
bu işlərin nizama salınmasının hüquqi əsaslarını
tənzimləyən "Dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yerquruluşu haqqında" 12
mart 1999-cu ildə Azərbaycan Respublikasının Qanunu qəbul
olunmuşdur. Bu qanuna və digər qanunvericilik
aktlarına uyğun olaraq, "Torpaq-kadastr sənədlərinin
aparılması qaydaları", eləcə də
"Dövlət torpaq kadastrının aparılması
qaydaları haqqında", "Dövlət torpaq kadastrı
fondunun yaradılması, istifadəsi və mühafizəsi
haqqında", "Yerquruluşu işlərinin
aparılması qaydaları haqqında" əsasnamələr
hazırlanmış və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 7 iyun tarixli qərarı ilə təsdiq
edilmişdir. Bunlardan əlavə, Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinə uyğun
olaraq torpaqlardan istifadə edilməsinin hüquqi əsasları,
növləri, torpaq mülkiyyətçiləri, istifadəçiləri
və kateqoriyaları üzrə bölüşdürülməsi,
torpaqların kəmiyyət xarakteristikası, habelə
torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi
haqqında lazımi məlumat və sənədlər
sistemini əks etdirən dövlət torpaq kadastrı
yaradılmışdır.
Ulu
öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi dövrlərdə, əsasən də keçid
dövründə sosial-iqtisadi inkişafa mane olan hallara
qarşı mübarizə metodları və üsulları
genişləndirilmiş, cinayətkarlığa, o cümlədən korrupsiyaya şərait yaradan
halların aradan qaldırılmasına yönəldilən əməli
tədbirlər gücləndirilmişdir. Ümummilli liderin
"Cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, qanunçuluğun və hüquq
qaydalarının möhkəmləndirilməsi tədbirləri
haqqında" 1994-cü il 9 avqust, "İstehsal, xidmət,
maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin
qaydaya salınması və əsassız yoxlamaların
qadağan edilməsi barədə" 1996-cı il 17 iyun,
"Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişafı sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanları, eləcə
də "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa
qarşı mübarizə sahəsində bəzi tədbirlər
haqqında" 1998-ci il 27 yanvar tarixli sərəncamı cinayətkarlığa,
o cümlədən korrupsiyaya qarşı mübarizəni
dövlət siyasətinin mühüm istiqamətlərindən
biri hesab etmiş, onun daha da məqsədyönlü
aparılmasına şərait yaratmışdır. Ulu
öndərin 28 noyabr 2000-ci il tarixli fərmanı ilə təsdiq
olunmuş "Torpaqlardan istifadəyə və onların
mühafizəsinə Dövlət nəzarəti
haqqında" Əsasnamə ilə verilmiş səlahiyyətlər
çərçivəsində torpaqlardan istifadəyə və
onların mühafizəsinə dövlət nəzarəti
işinin komitəmizin müfəttişləri tərəfindən
həyata keçirilməsi də torpaq sahələrinin
mülkiyyətə və icarəyə ayrılması
işlərində öz növbəsində şəffaflığı
təmin etmiş, torpaq sahəsinin ayrılması zamanı
korrupsiyaya gətirib çıxara bilən halların
qarşısı alınmışdır. Bunun nəticəsi
olaraq 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 faiz artmış, 1997-ci ildə həmin rəqəm
5,8, 1998-ci ildə isə 10 faiz təşkil etmişdir. Məqsədyönlü
şəkildə həyata keçirilən səmərəli
tədbirlər nəticəsində ölkədə ümumi
daxili məhsul 2002-ci ildə 21,2 faiz
artmışdır ki, onun da 59,8 faizi istehsal, 32,4 faizi xidmət
sahələrində olmuşdur.
Ümumiyyətlə, Azərbaycanda torpaq
islahatlarının aparılması prosesini əhatə edən
hüquqi bazanın öyrənilməsinə hər zaman maraq
göstərilmiş və bu prosesin idarə edilməsi və
həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət
yetirilmişdir. Bu məqsədlə Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsində "Heydər
Əliyevin torpaq islahatı" məktəbi
yaradılmışdır. Hazırda bu məktəbdə
mütəmadi olaraq mütəxəssislərin bilik səviyyəsinin
artırılması istiqamətində treninqlər və
seminar-məşğələlər davam edir.
Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik
təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman
keçdikcə dünya politoloqları, analitik mərkəzləri
tərəfindən daha diqqətlə, daha dərindən
öyrəniləcək, müasir siyasi idarəçilikdə
geniş tətbiq olunacaq. Onun ideyaları və əməli fəaliyyəti
dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi
inkişafımızın bütün istiqamətlərində
yolumuza işıq salaraq bu gün də, sabah
da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcək.
Regionların və aqrar sektorun
inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin hər
zaman diqqətindədir
Heydər Əliyev dövlətçilik məktəbinin
layiqli davamçısı Prezident İlham Əliyev də Azərbaycana
rəhbərlik etdiyi dövrdə ulu öndər tərəfindən
fundamental formada bünövrəsi qoyulan regionların və
aqrar sektorun inkişafına xüsusi diqqət yetirir. Prezidentin bu
sahələrə diqqəti dövlət proqramlarında
öz əksini tapır.
Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən 2003-2013-cü
illər ərzində imzalanmış Azərbaycan
Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin iştirak etdiyi bir neçə dövlət
proqramlarına nəzər salaq:
1. "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008)"
2. "Azərbaycan
Respublikasında yay və qış otlaqlarının,
biçənəklərin səmərəli istifadə
olunması və səhralaşmasının
qarşısının alınmasına dair Dövlət
Proqramı"
3. "Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı"
4.
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"
5. "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
6. "Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair 2008-2015-ci illər"
7.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişafı
Dövlət Proqramı"
"Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008)"nın tədbirlər
planına müvafiq olaraq, 956156 hektar torpaq sahəsində, o
cümlədən 594964 hektar bələdiyyənin kəndətrafı
örüş sahəsində
və xüsusi mülkiyyətə verilmiş torpaq sahələrində,
dövlət mülkiyyətində olan 301865 hektar qış
otlağı və 42877 hektar yay otlağı torpaqlarında və
16450 hektar xüsusi qorunan təbiət əraziləri
torpaqlarında tədqiqat işləri
aparılmışdır.
"Azərbaycan
Respublikasında yay və qış otlaqlarının,
biçənəklərin səmərəli istifadə
olunması və səhralaşmasının
qarşısının alınmasına dair Dövlət
Proqramı"nın tədbirlər planına müvafiq
olaraq, 1174574 hektar
təbii yem sahələrinin (yay və qış
otlaqları, kiçik fermerlərin istifadəsindəki
otlaqlar) yaxşılaşdırılmasına dair layihə-axtarış
işləri həyata keçirilmişdir.
"Azərbaycan
Respublikasında 2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı"nın tədbirlər planına əsasən,
36306 hektar turizmin inkişafı və istirahət məqsədləri
üçün yararlı hesab olunan ərazilər müəyyənləşdirilmiş
və xəritələşdirilmişdir. Bununla
yanaşı, həmin dövlət proqramı çərçivəsində
turizm məlumatlarını əks etdirən turist atlasları
hazırlanmışdır.
"Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nın tədbirlər planının icrası
çərçivəsində respublikanın 38 şəhər
və rayonları üzrə 10763,41 hektar torpaq sahələrində
müvafiq qaydada yerquruluşu işləri aparılmaqla torpaqayırma
sənədləri hazırlanmış və təsdiqlənməsi
üçün aidiyyəti üzrə göndərilmişdir.
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
tədbirlər planına uyğun olaraq torpaqların texniki
uçotunun elektron formatda işlənib xəritələşdirilməsi
üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə,
torpaqların bonitirovkasının elektron formatda işlənib
xəritələşdirilməsi üzrə 27 rayon və
şəhərdə 619 min 200 hektar sahədə,
torpaqların iqtisadi qiymətləndirilməsinin elektron
variantda işlənib xəritələşdirilməsi
üzrə 28 rayonda 421 obyektdə işlər yerinə
yetirilmişdir. 4.2.8 yarımbəndinə
uyğun olaraq isə Hövsan və Binə qəsəbələrində
7 min 700 həyətyanı sahələrin özəlləşdirilməsi
üçün kompleks
yerquruluşu işləri aparılmışdır.
(Ardı var)
Qərib MƏMMƏDOV,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri, akademik
Azərbaycan.-2014.- 29 yanvar.- S.5.