Nanotexnologiya - kiçik hissəciklərin
sabaha böyük pəncərəsi
BDU-da nanotexnologiya istiqamətində
aparılan tədqiqatlar
Cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Bəşəriyyətin min illərlə etdiyi kəşflərin 90 faizinin baş verdiyi XX əsrin təcrübəsi göstərir ki, heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təsərrüfatı və s. elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz. Məlum olduğu kimi, ABŞ, Kanada, Yaponiya və digər çox inkişaf etmiş ölkələrdə elmi innovasiyaların tətbiqindən əldə olunan gəlir ölkə iqtisadiyyatının 60-90 faizini təşkil edir. Belə demək olar ki, dünya miqyasında ölkələrin iqtisadi göstəriciləri, beynəlxalq nüfuzu, digər pozitiv üstünlükləri elmi innovasiyaların verdiyi faizlə ölçülür. Məsələn, üçüncü dünya ölkələrində bu göstəricinin payı ümumi büdcənin 0-1 faizi həcmindədirsə, Ukrayna, Rusiya kimi ölkələrdə 10-15 faiz, Qərbi Avropa dövlətlərində 40-60 faiz təşkil edir. Düşünməyə əsas verən bu rəqəmlər innovasiyaların tətbiqinin zəruriliyinin göstəricisidir. Heç də təsadüfi deyil ki, XXI əsr UNESCO tərəfindən elm və təhsil əsri elan edilmişdir. Əgər bəşəriyyətin inkişafının zirvə nöqtəsini vətəndaş cəmiyyətinin qurulmasında görürüksə, buna yalnız elmi uğurları tətbiq etməklə, elm və təhsilin inkişafı yolu ilə insanların intellektual səviyyəsini yüksəltməklə nail olmaq olar. Yalnız bu halda bəşəriyyət inkişaf edə bilər, maddi-mənəvi dəyərlər artar, qlobal iqtisadi yüksəlişdən söhbət gedə bilər. Bütün bunların əsasında isə insanların zəkasının, dünyagörüşünün yüksəlməsi durur. Bu gün dünyanın 200 dövləti bu düşüncə ilə bir növ yarışa çıxmışdır. Başqa heç bir vasitə - nə silah, nə iqtisadi göstəricilər, nə ərazi böyüklüyü, nə də əhali sayı bu yarışda həlledici amil deyil. Burada söhbət yalnız intellektin səviyyəsindən, elmin, biliyin tədrisinin düzgün qurulmasından, innovasion elmlərə üstünlük verilməsindən gedir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda məhz bu istiqamətdə dövlət siyasəti aparılır, iqtisadi potensialı intellekt kapitalına çevirmək sahəsində mühüm işlər görülür. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik, bu təbii resursdur, 50 il, 100 ildən sonra qurtara da bilər, iqtisadiyyat elm üzərində qurulmalıdır. Bu baxımdan dünya elm və təhsilinə inteqrasiya üzrə Dövlət proqramları qəbul edilmiş və hazırda bu istiqamətdə bir neçə şaxəli iş aparılır.
Azərbaycanda bu prioritet elmi istiqamət üzrə artıq 10 ildir ki, intensiv işlər həyata keçirilir. Belə ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən bir qədər sonra İlham Əliyevin Rumıniyaya rəsmi səfəri zamanı Bakı Dövlət Universiteti ilə o zaman bu sahə üzrə dünyanın qabaqcıl elmi mərkəzlərindən hesab edilən Rumıniyanın bir neçə universiteti arasında nanotexnologiya üzrə əməkdaşlıq haqqında müqavilələr imzalandı. Həmin zamandan bu innovasion elm sahəsi üzrə tədqiqat işlərinə start verildi və akademik Abel Məhərrəmovun təşəbbüsü ilə Bakı Dövlət Universitetində 2005-ci ildə "Nanoaraşdırmalar mərkəzi" yaradıldı, bir il sonra- 2006-cı ildə isə bu istiqamətdə təhsili təşkil etmək məqsədi ilə "Nanomaterialların kimyəvi fizikası" kafedrası açıldı və bir sıra istiqamətlərdə uğurlu tədqiqat işləri aparılmağa başlanıldı. Bu gün BDU-da bu sahədə elmi məktəb və yüksək səriştəli kadr potensialı formalaşmışdır. Ötən on il ərzində BDU alimlərinin nanotədqiqatlar sahəsində apardığı tətbiqi xarakterli uğurlu araşdırmalar dünyanın bu istiqamətdə tədqiqat aparan aparıcı mərkəzlərində çalışan alimlər tərəfindən yüksək qiymətləndirilir və beynəlxalq maliyyə mərkəzləri alimlərimizin işlərinə böyük məbləğdə qrant layihələri ayırırlar. BDU-nun alimlərinin nanotexnologiya istiqamətində apardığı tədqiqat işlərinə qrant layihələri ayıran ölkələr demək olar ki, dünyanın bu istiqamətdə inkişaf etmiş ölkələrini əhatə edir. Universitetdə nanotexnologiya istiqamətində elmi tədqiqat işlərini inkişaf etdirmək məqsədi ilə BDU-ya dövlət büdcəsi və beynəlxalq qrant layihələri hesabına ən müasir avadanlıqlar və cihazlar alınmışdır. Belə ki, son illərdə Furye spektrometri, tədris üçün atom qüvvət mikroskopları, atomar səviyyədə tədqiqat aparmaq üçün İNTECRA PRİMA atom qüvvət mikroskopu, spektroflüorimetr, nüvə maqnit rezonansı, xromatoqraf, kütlə spektrometri, ultrabənövşəyi spektroskop, atom adsorbsiya analizatoru, Rentgen difraktometri, skanedici elektron mikroskopu, istilik fiziki spektroskopiya avadanlıqları alınmışdır. Universitetdə nanotexnologiya istiqamətində aparılan tətbiqi xarakterli fundamental elmi tədqiqat işləri dünyanın və ölkəmizin bir sıra istehsal müəssisələrində sınaqdan çıxarılaraq uğurla tətbiq edilir. Məsələn, Səudiyyə Ərəbistanı Krallığı Elm və Texnologiya Mərkəzinin ayırdığı qrant layihəsi çərçivəsində nanotexnologiyanın neftçıxarmaya tətbiqinin elmi texnoloji əsasları işlənmiş, yüksək effektivliyə malik katalitik nanohissəciklərin alınması mümkün olmuş və onların müxtəlif mühitlərdə katalizator kimi ARDNŞ-nin neft quyularında müvəffəqiyyətlə istifadə edilməsinə başlanılmışdır. Metal nanohissəciklərinin neft quyularına daşıyıcılar vasitəsi ilə suspenziya halında daxil edilməsi nəticəsində aşkar edilmişdir ki, nanohissəciklər sulaşmış laylarda mövcud olan karbonatlarla reaksiyaya girərək karbon qazı yaradır və laylarda təzyiqi artırır. Bu da neft hasilatının artmasına səbəb olur. Azərbaycan alim və mütəxəssisləri tərəfindən müəyyən edilmiş bu nəticələr dünya neft sənayesi praktikasında uğurla tətbiq edilə bilər, onun böyük elmi və tətbiqi əhəmiyyəti var. Layihə çərçivəsində BDU-ya dəyəri 132.600 ABŞ dolları məbləğində unikal imkanlara malik İNTEGRA PRİMA markalı skanedici zond mikroskopu alınmışdır. Birləşmiş Dubna Nüvə Tədqiqatları İnstitutunun (Rusiya) maliyyələşdirdiyi qrant layihəsi (500.000,0 rubl) çərçivəsində nanotexnologiyanın köməyi ilə çirklənmiş suda nazik neft təbəqəsinin təmizlənməsi istiqamətində innovasiya xarakterli ekoloji elmi tədqiqat işi uğurla yerinə yetirilmişdir. Məlumdur ki, dünyada neftin tankerlərlə daşınması, dənizdə neft istehsalı və s. dəniz suyunun səthinə neftin yayılması kimi ciddi ekoloji problem yaradır. Qalın neft təbəqələrinin təmizlənməsi əsasən mexaniki üsullarla aparılır. Lakin ondan heç də az təhlükəli olmayan nazik təbəqələrin təmizlənməsi ciddi problem hesab edilir və universitet alimlərinin verdiyi bu təkliflər sübut etmişdir ki, nanotexnologiyanın köməyi ilə həmin problemi də aradan qaldırmaq olar.
Bakı Dövlət Universitetinin
alimləri İsveçrənin Elm Fondu tərəfindən
maliyyələşdirilən SCOPES proqramı çərçivəsində
Lozanna Politexnik Federal İnstitutu (EPFL) ilə birlikdə
nanohissəciklərin bitkilərdə toplanması, hərəkəti və hüceyrələrə təsirinin
toksiki effektləri istiqamətində uğurlu tədqiqat
işləri aparırlar. Alimlərimiz
SCOPES əməkdaşlıq layihəsi çərçivəsində
nanomaterialların canlı sistemlərə təsirinin öyrənilməsi
- nanotoksikologiya istiqamətində yeniliyi ilə fərqlənən nəticələr almışlar və
həmin elmi nəticələr Bakı Dövlət
Universitetində bu istiqamətdə
elmi tədqiqatların inkişafında və beynəlxalq
əlaqələrin genişlənməsində mühüm
rol oynayır. Polimer maqnit nanokompozit
quruluşlarında yaranan nəhəng maqnit müqavimət və
superparamaqnetizmin tədqiqi ilə əlaqədar elmi tədqiqat
işləri ABŞ Mülki Araşdırmalar Mərkəzinin
ayırdığı qrant layihəsi çərçivəsində
ABŞ Masaçuti Texnologiya
Universiteti ilə birgə yerinə yetirilmişdir.
Eyni "Polimer matrisada formalaşmış halkogenid
yarımkeçirici nanohissəciklərdə diffuziya və
ion mübadiləsi" adlı qrant layihəsi də ABŞ
Masaçuti Texnologiya Universiteti ilə birgə yerinə
yetirilmişdir. Avropa Birliyinin maliyyələşdirdiyi "Fotonika və Elektronika
üçün nanotexnoloji platforma" adlı qrant layihəsi
də BDU-da uğurla yerinə yetirilmişdir. Avropa Birliyinin TVAS proqramı əsasında
alınmış "Nanohissəciklərin ali su bitkilərinin
membran sistemi ilə qarşılıqlı təsir mexanizminin
tədqiqi-nanofitotoksilogiya" adlı qrant layihəsi çərçivəsində
metal nanohissəciklərinin hüceyrə membranının təsir
mexanizmi tədqiq edilmişdir. Bu layihələr çərçivəsində
universitetə çoxlu yeni və müasir avadanlıq və
cihazlar alınmışdır. Məsələn,
son zamanlar Bakı Dövlət Universitetində beynəlxalq
qrant layihələri və ölkədaxili müqavilələr
hesabına formalaşmış maliyyə imkanlarının
hesabına Yaponiyanın Tokio Boeki şirkətindən son dərəcədə geniş
imkanlara və həssaslığa malik skanedici elektron mikroskopu
alınmışdır. Hazırda materialların
strukturları və xassələri haqqında ətraflı məlumat
almaq və onların xassələrini daha geniş miqyasda dəyişmək
üçün molekulyar səviyyədə tədqiqat
işləri aparmaq lazımdır. Respublikada nanotədqiqatlar
istiqamətində işlərin səviyyəsini qaldırmaq
və inkişaf etdirmək məqsədi ilə elmi məktəblərin
səviyyəsini artırmaq və yeni innovativ tədqiqat
düşüncəli kadr hazırlığı aparmaq
lazımdır. Bu istiqamətdə də BDU-da uğurlu
işlər aparılır. Təsadüfi
deyildir ki, BDU-nun rəhbərliyi Yaponiyanın Tokio Boeki
şirkəti ilə universitetdə elektron mikroskopu məktəbinin
yaradılması barədə razılıq əldə
etmişdir. Elektron mikroskopu məktəbinin yaradılması
sürətlə inkişaf etməkdə olan müstəqil
Azərbaycan Respublikası üçün çox vacib məsələdir.
Bu məktəbin yaradılması respublikamızda atom və
molekulyar səviyyədə tədqiqat işlərinin
aparılmasına təkan verər və yüksək səviyyəli
mütəxəssislərin yetişməsinə imkan yaradar.
BDU-da bu cür yeni elmi məktəblərin yaradılması
istiqamətində ciddi işlər aparılır. Məsələn, görkəmli alim Xudu Məmmədovdan
sonra respublikada kristalloqrafiya sahəsində əmələ gələn
boşluğu doldurmaq üçün universitet rəhbərliyi
tərəfindən xarici ölkələrdən mütəxəssislər
dəvət edildi, peşəkar və yüksək səviyyəli
alimlərin sayəsində kristalloqrafiya elminə yeni nəfəs
verildi. Bu
gün universitetdə bu sahə üzrə 30-a yaxın
mütəxəssis yetişmişdir. BDU-nun alimləri tərəfindən
Avropa Birliyinin TVAS proqramı əsasında qalib olduğu
"Polimer matrisada formalaşmış kadmium və mis sulfidləri
əsasında alınmış kompozit strukturların elektrik
və optik xassələrinin qiymətləndirilməsi"
uğurla yerinə yetirilmişdir. Bütövlükdə,
Bakı Dövlət Universiteti alimlərinin 2005-2013-cü illər
ərzində dünyanın nanotexnologiya sahəsində
inkişaf etmiş ölkələrindən aldığı
qrant layihələrinin ümumi dəyəri 5.000.000 ABŞ
dolları miqdarında olmuşdur. Bu faktlar onu göstərir ki, dünya birliyi
yalnız bizim təbii sərvətlərimizə deyil, həm
də intellektual resurslarımıza sərmayə qoyur və
elmi innovasiyalar sahəsindəki beynəlxalq yarışlarda əldə
edilən uğurlarımızı qəbul edir.
Dünya
İqtisadi Forumunun 2013-2014-cü illər üzrə "Dünya Rəqabətlilik
Hesabatı"na əsasən, Azərbaycan qlobal rəqabət
qabiliyyətlilik indeksinə görə 148 dövlət
arasında 39-cu yerdə qərarlaşıb. Azərbaycan
bu göstərici ilə nəinki çoxsaylı inkişafda
olan ölkələri geridə qoymuşdur, eyni zamanda,
Avropanın nəhəng iqtisadi aktorlarını da üstələmişdir.
Postsovet və ya MDB məkanında isə Azərbaycanın
mövcud göstəricisi olduqca pozitivdir. Məlumat
üçün qeyd edək ki, reytinq cədvəlində
Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan
79-cu pillələrdə qərarlaşıblar.
Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit
göstəricisinə görə 8-ci, əmək
bazarının səmərəliliyi göstəricisinə
görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə
görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar
tutub. Sonuncu üç komponent üzrə Azərbaycan MDB
ölkələri arasında 1-ci yerdə olub. Məhz bu göstəricilər də həyata
keçirilən çoxşaxəli iqtisadi strategiyanın səmərəliliyinə
dəlalət etməkdədir.
Yaranmasından
az müddət keçməsinə
baxmayaraq, Azərbaycan Respublikası Prezidenti yanında Elmin
İnkişaf Fondundan nanotexnologiya istiqamətində BDU-ya
alınmış qrant layihələrinin dəyəri 35.000
AZN olmuşdur. Son illərdə elmin
inkişafı üçün ölkəmizdə ayrılan
qrant vəsaitlərində də artımlar müşahidə
edilir və əminik ki, bu tendensiya yüksəldikcə Azərbaycan
elmi daha tutarlı nəticələr əldə edəcəkdir.
Mən bir alim kimi hesab edirəm ki, Azərbaycan Respublikası
Prezidenti yanında Elmin İnkişaf Fondundan qrant ayrılarkən
təklif edilən layihələrin qiymətləndirilməsi
prosesində alimlərin elm qarşısındakı digər
xidmətləri ilə yanaşı, onların indekslənən
və Tomson Reyter Agentliyinin siyahısına düşən
yüksək İmpact factora malik jurnallarda dərc edilən məqalələri
və beynəlxalq layihələrdəki iştirakı da əsas
amil kimi nəzərə alınmalıdır.
Yeri gəlmişkən qeyd edim ki, BDU-da nanotexnologiyalar
sahəsində aparılan tədqiqatlar dünyanın
inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq
çərçivəsində yerinə yetirilir. Alimlərimizin
apardığı fundamental tədqiqat işləri dünya
alimləri tərəfindən qəbul edilir və bu işlər
böyük maliyyə imkanlarına malik donor ölkələri
tərəfindən maliyyələşir. Son zamanlar BDU alimləri dəmir oksidi maqnit nanohissəcikləri
vasitəsi ilə dərman maddələrinin şiş
hüceyrələrinə daşınması istiqamətində
Almaniyanın Heydelberq Universitetinin Onkoji mərkəzi ilə
uğurlu tədqiqat işləri aparırlar. Digər sahələrdə olduğu kimi, universitet
alimlərinin nanotexnologiyalar sahəsində apardığı
tədqiqat işləri də dünyanın indekslənən
və Tomson Reyter Agentliyinin siyahısına düşən
yüksək İmpact factora malik jurnallarında dərc edilir.
Bu sahədə son 5 ildə 70-dən artıq məqalə
Tomson Reyter və Scopus Agentliklərinin siyahısına daxil
edilən nüfuzlu və yüksək İmpact factora malik
olan jurnallarda, 50-dən artıq məqalə digər xarici
ölkələrin rəy verilən jurnallarında və
onlarla məqalə respublikadaxili jurnallarda çap
edilmişdir. Ötən il BDU
alimləri tərəfindən İmpact factorlu jurnallarda 150-dən
çox məqalə çap edilmişdir ki, bu da
bütövlükdə respublika alimləri tərəfindən
həmin jurnallarda çap edilən məqalələrin 25
faizini, təhsil sistemində çalışan alimlər tərəfindən
çap edilən məqalələrin 45 faizini təşkil
edir. Universitet alimlərinin nanotexnologiyalar sahəsindəki məqalələri
"Journal of Pharmaceutical Sciences",
"Carbohydrate Polymers", "Journal of Polymer and Polymer
Composites", "Polymer-Plastics
Technology and Engineering", " Journal of Optoelectronics and
Advanced Materials - Rapid Communications ", " Diegest Journal of
Nanomaterials and Biostructures" və digər indekslənən
nüfuzlu jurnallarda dərc edilir. Təsadüfi deyildir ki, 2013-cü ilin dekabr ayında BDU-nun
alimləri - akademik A.Məhərrəmovun, professor M.Ramazanovun
və M.Saboktakinin həmmüəllif olduğu "Perspektiv
Nanokompozitlər: növləri, xassələri və tətbiqləri"
adlı monoqrafiya elmi səviyyəsinə və
aktuallığına görə ABŞ-ın Nyu York şəhərindəki
"Nova Publişer" nəşriyyatı tərəfindən
çapa qəbul edilmiş və nəşriyyat kitabın
bütün çap olunma xərclərini üzərinə
götürərək onu nəşr etmişdir. 10 fəsildən,
334 səhifədən ibarət olan
monoqrafiyada polimer əsaslı nanokompozitlərin xassələrinin
variasiyası və tətbiqləri, kompozitlərin növləri,
xassələrin nanohissəciklərin ölçülərindən
asılı olaraq dəyişməsi, xərçəng
şişinin müalicəsində maqnit nanohissəciklərinin
istifadə imkanları və konkret tətbiqləri, bioloji və
tibbi nanohissəciklər, fotodinamik müalicə
üçün nanohissəciklərin alınması və
istifadəsi kimi mühüm elmi araşdırmalar
verilmişdir. Monoqrafiya nanotexnologiya istiqamətində
çalışan tədqiqatçılar üçün
böyük əhəmiyyətə malikdir.
Əlbəttə, nanotexnologiya sahəsində əldə
edilən elmi uğurlar qısa müddətdə tədris
prosesinə transfer edilməlidir. Belə ki, bu istiqamətdə
çoxsaylı mütəxəssislər hazırlanmasına
ehtiyac duyulur. Nanotexnologiya
elmi üzrə
çalışan mütəxəssis bir çox
sahələri - kimya, biologiya, fizika, informatika, riyaziyyatı dərindən
bilməlidir. Yeri gəlmişkən, bir maraqlı məsələni
də qeyd etmək istərdim ki, dünya ali
təhsil məkanında adətən təhsildən elmə
keçid praktikası üstünlük təşkil edir. Çox nadir hallarda, universitetlərdə əks
keçid hallarına da rast gəlinir. Bakı Dövlət
Universitetində də nanotexnologiya sahəsində məhz belə
olmuşdur: elmdən təhsilə keçid baş
vermişdir. Universitetdə güclü elmi baza yaradılmış,
monoqrafiyalar çap olunmuş, tədqiqatlar
aparılmış, yalnız bundan sonra tədrisə keçid prosesi
başlanmışdır. BDU-da nanotexnologiya kimi
müasir elmi istiqamətin təhsil mühitinə transferi məsələləri
yüksək səviyyədə təşkil edilmişdir.
2007-ci ildə Azərbaycanda ilk dəfə ana
dilində "Nanotexnologiya" dərsliyi A.Məhərrəmovun,
M.Ramazanovun və L.Vəliyevanın həmmüəlifliyi ilə
çap olunmuşdur. Daha sonra "Nanotexnologiyadan
laboratoriya işləri", "Nanosistemlərin riyazi modelləşdirilməsi
və kompüter hesablanması" kitabları çap
olunmuş, məşhur
yapon alimi N.Kobayasinin "Nanotexnologiyaya giriş" kitabı
tərcümə edilərək oxuculara təqdim
edilmişdir.
Elmi innovasiyaların tətbiqində zəruri olan bir
amili də qeyd etmək istəyirəm. Fikrimcə, gənclər hətta
məktəb illərindən elmi avadanlıqlarla tanış olub onlarla rəftar vərdişləri
qazanmalıdırlar. Bu məqsədlə, Bakı Dövlət
Universitetinin nəzdində olan "Gənc istedadlar" liseyinin
şagirdlərinin elmi mühitlə ünsiyyəti təqdirəlayiq
hal hesab edilməlidir. Xüsusi istedadı, elmi
mühitə bağlılığı olan şagirdlər
seçilərək onlarla xüsusi təcrübə dərsləri
keçirilir və yeniyetmələrin gələcək elmi
istiqamətləri müəyyənləşir. Bu təcrübə çox səmərəli nəticələr
verir. Alimlərimiz liseydə və ölkənin bir
neçə orta məktəbində bu sahədə iş
aparmış və şagirdlərə nanotexnologiyanın
dünya elmində mühüm elm olduğunu anlatmağa
çalışmış və bu elmə maraq
oyatmışlar. Yüksək təhsil göstəriciləri
ilə respublika orta məktəbləri və liseyləri
arasında fərqlənən "Gənc istedadlar"
liseyindəki mühazirələrdə şagirdləri
maraqlandıran suallara cavablar verilmişdir. Onu da qeyd edək
ki, Nano Araşdırmalar laboratoriyasında beynəlxalq olimpiadalara
hazırlanan şagirdlər müsabiqələrdə
qızıl medallar almışlar.
Dünya elminin bu prioritet istiqamətində yüksək
səviyyəli kadr hazırlığına xüsusi fikir
verilmiş və bu müddətdə 1 doktorluq, 3 fəlsəfə
doktoru dissertasiya işi müdafiə edilmişdir. Hazırda bu
istiqamətdə 4 nəfər elmlər doktoru, 6 nəfər
fəlsəfə doktoru proqramları üzrə təhsillərini
davam etdirir. Universitetdə
"Nanoquruluşların fizikası",
"Nanomaterialların fiziki kimyası",
"Nanobiotexnologiya" magistr ixtisaslaşmaları
açılmış, bu istiqamətdə magistr
hazırlığına başlanılmışdır.
Bu müddət ərzində nanotexnologiya istiqamətində
30-dan artıq magistr hazırlanmışdır. Eyni zamanda təhsilin bakalavr pilləsində fizika,
kimya və biologiya fakültələrində nanotexnologiya fənni
tədris olunmağa başlanılmışdır.
Universitetdə son zamanlar bu mühüm elmi istiqamətdə gənc
tədqiqatçıların ixtisas səviyyələrini
artırmaq məqsədi ilə onlar Dubna Birləşmiş
Nüvə Tədqiqatları və Kurçatov adına Atom Enerji İnstitutuna, Bilkənt
Universiteti Nanotədqiqatlar laboratoriyasına və digər mərkəzlərə
treyninqlərə və ixtisasartırmaya göndərilmişlər.
Azərbaycan alimlərinin "Neft sənayesində nanotexnologiya"
adlı elmi işi UNESCO tərəfindən yüksək qiymətləndirilib
və bu qurumun "Nanoelm və nanotexnologiyalar.
Həyatı təmin edən sistemlər
ensiklopediyası"
kitabında rus dilində
çap edilib.
İslam
Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(İSESCO) "Elm və Texnologiya sahəsində 2012-ci ilin
İSESCO mükafatı" Bakı Dövlət Universitetinin
nanomateriallar və nanotexnologiyalar sahəsindəki
böyük uğurlarına görə rektor akademik Abel Məhərrəmova verilib. Mükafat 20-21 noyabr 2012-ci il
tarixlərində Sudanın Xartum şəhərində keçirilən "Ali
Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı
İslam Konfransı" çərçivəsində təqdim
edilmişdir. "Elm və Texnologiya sahəsində
mükafat" İSESCO tərəfindən təşkilatın
üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli
elmi-texniki problemlərin həll olunması uğrunda
görülən mühüm işləri
mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq
etmək məqsədilə 2008-ci ildə təsis olunub.
Həmin mükafat 2 ildən bir - biologiya, kimya, geologiya,
riyaziyyat və fizika sahələrində əldə edilən
nailiyyətlərə görə 56 ölkə üzrə
yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov
bu mükafata layiq görülən ilk azərbaycanlı
alimdir.
Nano Araşdırmalar laboratoriyasının əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Flora Haciyeva 2010-cu ildə diplomla mükafatlandırılmış, 2011-ci ildə Gənclər Mükafatı laureatı adına, 2012-ci ildə MDB ölkələrinin "Debütların birliyi" beynəlxalq mükafatına layiq görülmüşdür. (mükafat Aşqabad şəhərində Türkmənistan Respublikasının prezidenti tərəfindən təqdim olunmuşdur.) Mən bu yerdə bir məqamı da qeyd etmək istəyirəm. Möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları, Nobel Mükafatı laureatları Laflin Robert Betts (Fizik), David Gross (Fizik) və Markus Rudolf Artur (Kimya) 30 oktyabr 2013-cü il tarixində Bakı Dövlət Universitetində olarkən onların iştirakı ilə "Nanotexnologiyaların perspektivləri mövzusunda qabaqcıl tədqiqatlar" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada "BDU-da nanotexnologiyalar sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri" mövzusunda məruzə dinlənildi, Nobel mükafatçıları bakalavr və magistr pilləsində təhsilin təşkili proseslərini təqdirəlayiq hesab etdiklərini vurğuladılar. Onlar bizim gənclərlə polemikadan sonra heyrətlərini gizlədə bilmədilər və dedilər ki, sizin xalqınız çox istedadlıdır, heç Avropanın ən məşhur universitetlərində oxuyan gənclərdən fərqlənmirlər, hələ bir neçə dil bilməkləri ilə onlardan üstündürlər. Sizin ölkənizin parlaq gələcəyi var. Onlar nano tədqiqatlar sahəsində aparılan araşdırma işlərini də yüksək qiymətləndirib və universitet alimlərinin bu istiqamətdə dünya alimləri ilə bərabər səviyyəli işlər apardıqlarını qeyd etdilər. Eyni zamanda universitetdə bu istiqamətdə təhsilin yüksək səviyyədə təşkil olunduğunu və gələcəkdə dünya təhsil sisteminə inteqrasiya barədə tövsiyələrini verdilər. Yeri gəlmişkən, Prezident İlham Əliyevə son illər Azərbaycan alimlərinin dünya şöhrətli elm korifeyləri ilə canlı ünsiyyətinə imkan yaradan Beynəlxalq Humanitar Forumun təşkilinə və onun bir dəyirmi masasının təşkili və həyata keçirilməsinin Universitetə həvalə edildiyinə görə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi digər sahələr kimi respublikamızda elm və təhsilin sürətlə inkişaf edərək qloballaşan dünyaya inteqrasiyasında və müstəqil dövlətimizin dünya müstəvisində daha da dərindən tanınması və qəbul edilməsi istiqamətində müstəsna rol oynayır.
Müstəqil Azərbaycan Respublikasında son zamanlar innovasiya xarakterli işlərə dövlət qayğısı gündən-günə artır. İnanıram və ümid edirəm ki, nanotexnologiya istiqamətində aparılan elmi-tədqiqat işləri tətbiqi xarakterli olduğu və ölkəmizdə bu sahədə əhəmiyyətli nəticələr əldə edildiyi üçün aparılan işlər tədqiqat, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasına böyük töhfə verəcəkdir və Azərbaycan alimləri yaxın gələcəkdə bu sahədə daha böyük uğurlar qazanacaqdır. Bunun üçün istedad, zəhmətsevərlik, məqsədyönlülük lazımdır. Bu keyfiyyətlər də bizim xalqımızda yetərincədir. Kişik hissəcikləri öyrənən nanotexnologiya sabaha böyük perspektivlər vəd edir.
Bəhram
ƏSGƏROV,
akademik, Dövlət
mükafatı laureatı, əməkdar elm xadimi
Azərbaycan.-2014.- 29 yanvar.- S.6.