Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələri ilə görüş

 

Yanvarın 29-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahında Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

İctimai Birliyin rəhbəri Bayram Səfərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində danışıqların hazırkı vəziyyəti barədə məlumat vermişdir. B.Səfərov 20 ildən artıqdır ki, beynəlxalq təşkilatların münaqişənin həllində qətiyyətli mövqe göstərmədiklərini təəssüflə qeyd etmişdir.

Milli Azlıqların Problemləri üzrə Avropa Mərkəzinin nümayəndələri Azərbaycanın münaqişə ilə bağlı haqlı mövqeyinin sirr olmadığını, lakin dünyada bununla bağlı məlumatlılığın daha da artırılmasının, həmçinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün təşkilinin önəmini vurğulamışlar.

Bayram Səfərov Dağlıq Qarabağın azərbaycanlı icmasının bu görüşün təşkili istiqamətində səy göstərdiyini, lakin Ermənistan hökumətinin tutduğu qeyri-konstruktiv mövqenin buna mane olduğunu söyləmişdir. O bildirmişdir ki, Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, rəsmi Bakı Dağlıq Qarabağda yaşayan insanlara ölkəmizin ərazi bütövlüyü çərçivəsində ən yüksək özünüidarəetmə statusunun verilməsinə hazırdır.

Görüşdə gələcəkdə həyata keçirilə biləcək birgə layihələr müzakirə edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 30 yanvar.- S.3.