Nəqliyyat naziri Şabranda ölkənin şimal
bölgəsindən olan vətəndaşları
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
AzərTAc xəbər verir ki, yanvarın 29-da nəqliyyat naziri Ziya Məmmədov Şabran şəhərində Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Nəqliyyat Nazirliyinin struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda bu regionda yaşayan 100-ə yaxın vətəndaşın nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılmışdır.
Görüşdə vətəndaşların müraciətlərinin əsas hissəsi nəqliyyat infrastrukturunda çalışan mütəxəssislərin sosial problemlərinin həlli, bu sahədə ixtisaslı mütəxəssislərin işlə təmin edilmələri, kənd yollarının abadlaşdırılması, şəhərətrafı yollarda müvafiq infrastrukturun yaxşılaşdırılması ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətlərinin bəziləri yerindəcə həll edilmiş, digər məsələlərlə bağlı nazirliyin əlaqədar struktur rəhbərlərinə tapşırıqlar verilmişdir.
Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Nazir
Ziya Məmmədov respublikamızda yol tikintisi istiqamətində
olduqca böyük layihələrin gerçəkləşdiyini
bildirmiş, eyni zamanda, kənd yollarının
abadlaşdırılmasının da ölkə rəhbərliyinin
daim diqqət mərkəzində olduğunu qeyd etmişdir.
Azərbaycan.-2014.- 30 yanvar.- S.4.