"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"
Qapalı Səhmdar Cəmiyyətinin
Nizamnaməsinin və
strukturunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 18 Bakı şəhəri,
24 yanvar 2014-cü il
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli sərəncamının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur.
1.4. Cəmiyyətin aparatı, törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri Cəmiyyətin strukturunu təşkil edir.
1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:
tam halda – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti;
qısaldılmış halda – “AXDG” QSC;
Cəmiyyətin
ingilis dilində tam adı – “Azerbaijan Caspian Shipping” Closed
Joint-Stock Company;
Cəmiyyətin ingilis dilində
qısaldılmış adı – “ACS” CJSC və ya “Caspian
Shipping” CJSC.
1.6. Cəmiyyətin
hüquqi ünvanı: Bakı şəhəri, Səbail
rayonu, M.Ə.Rəsulzadə küçəsi, 5.
2. Cəmiyyətin
hüquqi statusu
2.1. Cəmiyyət
hüquqi şəxsdir, müstəqil balansa, banklarda
hesablaşma hesabına və digər hesablara malikdir.
2.2. Cəmiyyətin
ayrıca əmlakı vardır və öz öhdəlikləri
üçün bu əmlakla cavabdehdir. Cəmiyyət
qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər,
müqavilələr bağlamaq, öz adından əmlak və
qeyri-əmlak hüquqları əldə etmək və həyata
keçirmək, vəzifələr daşımaq, məhkəmələrdə,
həmçinin arbitrajlarda iddiaçı və ya cavabdeh
qismində çıxış etmək hüququna malikdir.
2.3. Cəmiyyət
üzərində Azərbaycan Respublikasının Dövlət
gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş
möhürə, müvafiq ştamplara və blanklara, bayraq,
emblem, loqotip və digər fərqləndirici nişanlara,
habelə xüsusi geyim formasına malikdir.
2.4. Cəmiyyət
Azərbaycan Respublikasının Mülki Məcəlləsi və
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
10 yanvar tarixli 213 nömrəli Sərəncamı ilə
müəyyən edilmiş qaydada törəmə müəssisələrini,
habelə idarə, filial və nümayəndəliklərini
yarada, yenidən təşkil və ya ləğv edə bilər.
2.5. Dövlət Cəmiyyətin öhdəlikləri
üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti
ilə bağlı zərər üçün dövlətə
məxsus səhmlərin dəyəri həddində risk
daşıyır.
2.6. Cəmiyyət
dövlətin üzərinə götürdüyü hər
hansı öhdəliklərinə görə cavabdeh deyildir.
3. Cəmiyyətin
əsas məqsədləri və fəaliyyət istiqamətləri
3.1. Cəmiyyətin
əsas məqsədləri yerli və beynəlxalq
daşımaların səmərəliliyinin
artırılmasından, dənizdə həyata keçirilən
neft-qaz və digər layihələrdə
daşıyıcı, eləcə də ticarət gəmiçiliyinin
fəaliyyət növləri üzrə xidmətlərin
davamlı surətdə göstərilməsi üzrə
qabaqcıl beynəlxalq təcrübənin və elmi-texniki
innovasiyaların tətbiqindən, yerli və xarici fiziki və
hüquqi şəxslərə yüksəkkeyfiyyətli və
rəqabətə davamlı xidmətlərin təqdim
olunmasından və gəlir əldə edilməsindən ibarətdir.
3.2. Cəmiyyət
bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə
uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət
göstərir:
3.2.1. öz gəmiləri və ya
üçüncü tərəflərdən icarəyə və ya fraxta
götürülmüş gəmilər vasitəsilə
yurisdiksiyasından asılı olmayaraq, bütün limanlar
arasında yerli və beynəlxalq yük və sərnişin
daşımalarının, habelə ticarət gəmiçiliyinin
fəaliyyət növləri üzrə xidmətlərin
etibarlı və səmərəli həyata keçirilməsi;
3.2.2. yerli və xarici şirkətlər tərəfindən
dənizdə aparılan neft-qaz və digər əməliyyatlarda
daşıyıcı və ticarət gəmiçiliyinin fəaliyyət
növləri üzrə xidmətlərin göstərilməsi;
3.2.3. daşımalara olan daxili tələbatın
tam ödənilməsi üçün müasir tələblərə
cavab verən müxtəlif növ gəmilərin əldə
edilməsi və mövcud gəmilərin modernləşdirilməsi
ilə Cəmiyyətə məxsus donanmaların inkişaf
etdirilməsi və rəqabət qabiliyyətinin
artırılması;
3.2.4. Cəmiyyətə
məxsus donanmaların və limanların istismarının həyata
keçirilməsi;
3.2.5. dəniz üzgüçülüyü təhlükəsizliyinin,
qəza hallarının maksimum azaldılmasının,
yüklərin mühafizəsinin və vaxtında
çatdırılmasının, habelə sərnişinlərin
təhlükəsizliyinin və onlara göstərilən xidmətlərin
səviyyəsinin yüksəldilməsinin təmin olunması
üçün dəniz üzgüçülüyü
qaydalarına riayət edilməsi;
3.2.6. Cəmiyyətin
maddi-texniki bazasının gücləndirilməsi, mövcud
istehsal gücündən səmərəli istifadə
olunması, müasir texnika və texnologiyalardan istifadə etməklə,
ətraf mühitə zərərli təsirin minimuma endirilməsi;
3.2.7. keyfiyyət və əmniyyətlilik
standartlarının tətbiqi ilə əlaqədar
sertifikatlaşdırılmadan keçmək üçün
tədbirlərin görülməsi;
3.2.8. Cəmiyyətin
aparatının, törəmə müəssisələrinin,
habelə idarə, filial və nümayəndəliklərinin
işçilərinin sosial-məişət şəraitinin
və rifahının yaxşılaşdırılması,
peşəkarlıq səviyyəsinin artırılması,
sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf
mühitin mühafizəsi, habelə sosial təyinatlı
obyektlərin (mənzil-tikinti kooperativləri, idman-
sağlamlıq qurğuları, tibb, idarə sanitariyası, məktəbəqədər
təhsil müəssisəsi, sanatoriya və istirahət sahələri,
bağçılıq təsərrüfatları)
yaradılması və idarə olunması;
3.2.9. gəmitikinti,
gəmi təmiri, onlar üçün ehtiyat hissələrinin
və texniki vasitələrin, o cümlədən gəmi
sistem və qurğularının, elektrik və radio-naviqasiya
avadanlığının, gəmi mühərriklərinin,
radionaviqasiya avadanlıqların, elektronaviqasiya
cihazlarının montajı, sazlanması, təmiri,
istehsalı, istismarı və saxlanılması xidmətlərinin
göstərilməsi, qaynaq işlərinin görülməsi;
3.2.10. fraxt, o cümlədən berbout çarter, taym
çarter və digər müqavilələr üzrə əməliyyatların
həyata keçirilməsi;
3.2.11. gəmilərin satın alınması,
çarter müqavilələri üzrə idarə edilməsi,
icarəyə götürülməsi və verilməsi,
lizinqi, onların istismarı və təmirinin təşkil
edilməsi, habelə gəmilərə aid olan rabitə vasitələrinin
ölkə daxilində və hüdudlarından kənarda icarəyə
verilməsi və götürülməsi;
3.2.12. Cəmiyyət
tərəfindən bağlanılmış müqavilələrin
icrası ilə əlaqədar yüklərin qəbulu və
təhvil verilməsi, saxlanılması, yüklərin
yükləmə-boşaltma yerlərində, anbarlarda və
göyərtələrdə yerləşdirilməsi, habelə yüklərin keyfiyyətinin
və xarici görünüşünün, markasının
müəyyənləşdirilməsi, zədələnmiş
yerlərinə baxışın aparılması, yük
planlarının və lyuk yazılarının tərtib
olunması;
3.2.13. liman üzrə məcburi qaydaların, Azərbaycan
Respublikasının yurisdiksiyasına aid olan ərazi
sularında və limanlarda dəniz üzgüçülüyü
qaydalarının tələblərinə riayət
olunması və liman xidmətlərinin göstərilməsi;
3.2.14. Cəmiyyət
tərəfindən bağlanılmış müqavilələrin
icrası ilə əlaqədar yük sahiblərinə, liman
idarəsinə və bütün digər maraqlı təşkilatlara
məlumatların verilməsi, yük əməliyyatlarının
gedişinin müşahidə olunması, gəmilərin
limana girişi və limanda qalmaları ilə bağlı rəsmiləşdirmənin
həyata keçirilməsi üçün Cəmiyyətə
məxsus gəmilərin kapitanlarına məsləhətlərin
verilməsi, yük sahibləri və digər maraqlı müəssisə
və təşkilatlarla hesablaşmaların həyata
keçirilməsi;
3.2.15. Cəmiyyət
tərəfindən bağlanılmış müqaviləyə
əsasən gəmilərin zəruri təchizat malları,
yanacaq, qida məhsulları ilə təminatı və təmirinə
nəzarət xidmətlərinin göstərilməsi;
3.2.16. dənizçilərin hazırlanması sahəsində
ixtisasartırma kurslarının təşkili xidmətlərinin
göstərilməsi;
3.2.17. müasir informasiya texnologiyalarının və
proqram təminatının tətbiqi vasitəsilə Cəmiyyətin
fəaliyyətinin səmərəliliyinin
artırılması;
3.2.18. dibdərinləşdirmə işləri, dəniz
üzgüçülüyünün təhlükəsizliyi
üçün naviqasiya sədləri vasitələrinin
qoyulması və onlara xidmət göstərilməsi prosesində
iştirak edilməsi;
3.2.19. müxtəlif növ gəmilər vasitəsilə
təhlükəli yüklərin qanunla müəyyən
edilmiş qaydada daşınmasının, nəqlinin və
saxlanılmasının təşkili ilə bağlı xidmətlərin
göstərilməsi və belə yüklərin hərəkət
təhlükəsizliyinin təmin edilməsi;
3.2.20. dənizdə dalğıc və qəza-xilasetmə
xidmətlərinin göstərilməsi;
3.2.21. Cəmiyyətin
istehsal və sosial bazasının inkişafına, onun
maddi-texniki bazasının modernləşdirilməsinə,
genişləndirilməsinə, yenidən qurulmasına, yeni
texnika və texnologiyalarla təchiz edilməsinə xidmət
edən investisiya fəaliyyətinin həyata keçirilməsi;
3.2.22. Cəmiyyətin
fəaliyyətinə aid olan məsələlər üzrə
müəyyən olunmuş qaydada elmi tədqiqat, layihələndirmə
və tikinti-quraşdırma, o cümlədən müvafiq
dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət
səviyyəli bina və qurğuların, gəmilərin və
bərə keçidlərinin mühəndis-axtarış,
layihələndirmə, tikinti-quraşdırma işlərinin
həyata keçirilməsi və elmi nailiyyətlərin
istehsalatda tətbiq edilməsi;
3.2.23. Cəmiyyət
tərəfindən göstərilən xidmətlərin
(işlərin) rəqabət qabiliyyətini gücləndirən
texnoloji yeniliklərin tətbiq edilməsi;
3.2.24. Cəmiyyətin
istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək
üçün malların (işlərin, xidmətlərin)
satın alınması üzrə əməliyyatların
qanuna uyğun, beynəlxalq təcrübəyə və
alqı-satqı standartlarına cavab verən Cəmiyyətin
daxili prosedurlarının tələblərinə uyğun
olaraq həyata keçirilməsi;
3.2.25. Cəmiyyətin
infrastrukturunun etibarlı mühafizəsini təmin etmək
üçün mühafizə xidmətlərinin və daxili
nəzarət sistemlərinin təşkili;
3.2.26. Cəmiyyətin
fəaliyyətinin və inkişafının təmin edilməsində
müasir idarəetmə sistemlərinin və rabitə xidmətlərinin
etibarlı mühafizə vasitələri ilə təchiz
edilməklə təşkil olunması;
3.2.27. Cəmiyyətin
törəmə müəssisələrinin, habelə idarə,
filial və nümayəndəliklərinin inkişafına
dair uzunmüddətli proqnozların, məqsədli kompleks
istehsal, elmi-texniki, iqtisadi və sosial proqramların
hazırlanması, bu sahədə qəbul edilmiş dövlət
proqramları da daxil olmaqla, onların icrasının təmin
edilməsi;
3.2.28. Cəmiyyətin
fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi
məqsədi ilə enerjiyə və material ehtiyatlarına qənaət
rejiminin həyata keçirilməsi;
3.2.29. Cəmiyyətin
fəaliyyətini təşkil etmək üçün kadr
siyasətinin müəyyən edilməsi;
3.2.30. kadr potensialının
formalaşdırılması üçün
ixtisaslaşdırılmış ali, orta ixtisas və ilk
peşə-ixtisas təhsili müəssisələrinin təsis
edilməsi və idarə olunması, habelə
elmi-axtarış fəaliyyətinin həyata keçirilməsi;
3.2.31. Cəmiyyətin
fəaliyyəti ilə əlaqədar olaraq, yerli və xarici
banklardan, habelə beynəlxalq maliyyə institutlarından və
digər mənbələrdən kredit vəsaitlərinin cəlb
edilməsi, iştirakçı olduğu törəmə və
birgə müəssisələrinin maliyyə-kredit fəaliyyətinin
idarə olunması və onlara təyinatlı maliyyə
yardımlarının və kredit vəsaitlərinin
ayrılması;
3.2.32. dövlət ehtiyaclarının təmin edilməsi
üçün daşımaların həyata keçirilməsi;
3.2.33. Cəmiyyətin
mülkiyyətində, icarəsində, çarterində,
istifadəsində olan gəmilərdə mühafizə
işinin təşkili, yanğın təhlükəsizliyi
sistemlərinin və mühafizəsinin təmin edilməsi,
habelə gəmilərin və yüklərin mühafizəsinin
təşkil edilməsi;
3.2.34. nəqliyyat-ekspedisiya
xidmətlərinin göstərilməsi;
3.2.35. Cəmiyyətin
fəaliyyəti ilə əlaqədar konstruktor-texnoloji sənədlərin
hazırlanması, texnoloji avadanlığın,
mal-materialların və ehtiyat hissələrinin
çatdırılması və onların servisinin həyata
keçirilməsi;
3.2.36. Cəmiyyətin
fəaliyyəti ilə əlaqədar islahatların
aparılmasına, su nəqliyyatı və su nəqliyyatı
təsərrüfatının inkişafına dair təkliflərin
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
edilməsi;
3.2.37. qanunvericiliyin təkmilləşdirilməsinə
dair təkliflərin dəniz nəqliyyatı sahəsində
mərkəzi icra hakimiyyəti orqanına təqdim edilməsi;
3.2.38. Cəmiyyətin
fəaliyyəti ilə bağlı risklərin müəyyənləşdirilməsi,
qiymətləndirilməsi və idarə olunması, habelə
sığortalanma siyasətinin optimallaşdırılması
istiqamətində müvafiq tədbirlərin görülməsi;
3.2.39. Cəmiyyətin
qeyri-maddi aktivlərinin idarə olunması və onun barəsində
sərəncam verilməsi;
3.2.40. dövlət sirrinin və qanunla məxfi hesab
olunan informasiyanın qorunmasının təmin edilməsi və
ona riayət edilməsinə nəzarət olunması;
3.2.41. Azərbaycan
Respublikasının dəniz nəqliyyatı sahəsinə
aid olan beynəlxalq müqavilələrə qoşulması
barədə dəniz nəqliyyatı sahəsində mərkəzi
icra hakimiyyəti orqanına təkliflərin verilməsi, habelə
həmin müqavilələrdən irəli gələn
öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar
tədbirlərin görülməsi;
3.2.42. Cəmiyyətin
inkişafı ilə bağlı digər tədbirlərin
görülməsi.
4. Cəmiyyətin
nizamnamə kapitalı, əmlakı və mənfəəti
4.1. Cəmiyyətin
nizamnamə kapitalı onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin
qərarı ilə Cəmiyyətin mülkiyyətinə
verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş
aktivlərin balans dəyərindən təşkil olunur.
4.2. Cəmiyyətin
əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən
və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir.
Cəmiyyətin əmlakı onun müstəqil
balansında əks olunur. Cəmiyyət əmlakı
üzərində sahiblik, istifadə və sərəncam vermək
hüquqlarını həyata keçirir.
4.3. Cəmiyyətin
əmlakının dəyəri onun balansında göstərilir.
4.4. Cəmiyyətin
nizamnamə kapitalı 383420621 manatdır, onun səhmlərinin
nominal dəyərindən təşkil olunur və nominal dəyəri
1 manat olan 383420621 ədəd adi səhmlərdən ibarətdir.
4.5. Cəmiyyətin
əmlakı aşağıda göstərilən mənbələr
hesabına təşkil olunur:
4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;
4.5.2.
maliyyə-təsərrüfat fəaliyyətinin həyata
keçirilməsindən daxil olan gəlirlər;
4.5.3. qanunla qadağan olunmayan digər mənbələr.
4.6. Cəmiyyətin
nizamnamə kapitalının artırılması və ya
azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.7. Cəmiyyətin
nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli
kağızlardan, başqa əmlakdan, əmlak
hüquqlarından və pul dəyəri olan digər
hüquqlardan ibarət ola bilər.
4.8. Cəmiyyət
qanunlarda nəzərdə tutulmuş vergiləri və digər
məcburi ödənişləri müəyyən edilmiş
qaydada ödədikdən sonra Cəmiyyətin, törəmə
müəssisələrinin, habelə idarə, filial və
nümayəndəliklərinin fəaliyyətindən əldə
edilmiş mənfəəti mərkəzləşdirilmiş
fondlarda cəmləşdirmək və həmin vəsaitlər
üzərində müstəqil sərəncam vermək
hüququna malikdir.
5. Cəmiyyətin ali idarəetmə orqanı
5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının
ümumi yığıncağıdır.
5.2. Cəmiyyətin
ümumi yığıncağının müstəsna səlahiyyətlərinə
aid edilmiş məsələlər “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
fəaliyyətinin təşkili haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamına
uyğun olaraq həll edilir.
6. Cəmiyyətin
icra orqanı
6.1.
İdarə Heyəti Cəmiyyətin kollegial icra
orqanıdır.
6.2.
İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə
Cəmiyyətin səhmdarlarının ümumi
yığıncağına və sədrinə verilmiş
müstəsna səlahiyyətlər istisna olmaqla, Cəmiyyətin
idarə edilməsi ilə bağlı bütün məsələləri
həll edir.
6.3.
İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin
sədri, Cəmiyyət sədrinin birinci müavini və 5 sədrin
müavinindən ibarətdir.
6.4.
İdarə Heyətinin işinə Cəmiyyətin sədri
rəhbərlik edir. Cəmiyyətin sədrini və
onun müavinlərini (İdarə Heyəti) Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir.
6.5.
İdarə Heyəti:
6.5.1. Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş hallarda və qaydada hesabat verir;
6.5.2. Cəmiyyətin
illik hesabatlarının, mühasibat balanslarının, mənfəət
və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin
və zərərinin bölüşdürülməsi
üçün müvafiq təklifləri təqdim edir;
6.5.3. Cəmiyyətin
Nizamnaməsinə, habelə nizamnamə kapitalına dəyişikliklər
edilməsi üçün Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təkliflər verir;
6.5.4. Cəmiyyətin
xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin)
bağlanılmasına razılıq verilməsi
üçün müraciət edir;
6.5.5. Cəmiyyətin
fəaliyyətinə dair illik iş proqramlarını,
onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq
edir;
6.5.6. Cəmiyyətin
xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu
barədə məsələlərə baxır;
6.5.7. Cəmiyyətin
inkişaf strategiyasının formalaşdırılması
barədə təkliflər verir;
6.5.8. Cəmiyyətin
işçilərinin vəzifə maaşlarının, vəzifə
maaşlarına əlavələrin, mükafatların və
digər ödənişlərin verilməsini əməkhaqqı
fondu dairəsində təşkil edir;
6.5.9. yeni texnologiyaların tətbiqi ilə
bağlı qərarlar qəbul edir;
6.5.10. Cəmiyyətin
daxili intizam qaydalarını müəyyən edir;
6.5.11. Cəmiyyətin
aparatının struktur bölmələrinin, törəmə
müəssisələrinin, habelə idarə, filial və
nümayəndəliklərinin rəhbərlərinin səlahiyyətlərini
müəyyən edir;
6.5.12. Cəmiyyətin
törəmə müəssisələrinin, idarə, filial və
nümayəndəliklərinin maliyyə-təsərrüfat
fəaliyyətinin auditinin keçirilməsi ilə
bağlı qərarlar qəbul edir;
6.5.13. Cəmiyyətin
perspektiv inkişaf planı və digər hüquqi şəxslərə
kapital qoyuluşu barədə qərarlar qəbul edir;
6.5.14. Cəmiyyətin
saxlanılması və ona həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsi üçün qanunda nəzərdə
tutulmuş mənbələrdən (kreditlər, qrantlar,
texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin
göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin
sərəncamına daxil olan məqsədli vəsaitlərin
təyinatı üzrə xərclənməsini təmin edir;
6.5.15.
qanunvericiliyə uyğun olaraq, Cəmiyyətin, törəmə
müəssisələrinin, habelə idarə, filial və
nümayəndəliklərinin balansında olan əmlaka
münasibətdə sərəncam vermək hüququnu həyata
keçirir, o cümlədən həmin əmlakı balansdan
balansa, icarəyə və istifadəyə verir, Cəmiyyətin
iştirak etdiyi birgə layihələrə pay şəklində
qoyur, silir (ləğv edir), qiymətləndirir, habelə təyinatını
dəyişdirir;
6.5.16.
qanunvericiliyə uyğun olaraq, Cəmiyyətin, törəmə
müəssisələrinin, habelə idarə, filial və
nümayəndəliklərinin istifadəsi üçün
ayrılmış dövlət torpaqlarının təyinatı
üzrə istifadə edilməsinə, bu torpaqlardan istifadə
hüquqlarının Cəmiyyətə, törəmə
müəssisələrinə, habelə idarə, filial və
nümayəndəliklərinə ötürülməsinə
və həmin torpaqların mülkiyyətçiyə geri
qaytarılmasına müvafiq qaydada razılıq verir;
6.5.17. müəyyən olunmuş qaydada Cəmiyyətin
törəmə müəssisələrinin, habelə idarə,
filial və nümayəndəliklərinin yaradılması,
yenidən təşkili və ləğv edilməsi
haqqında qərarlar qəbul edir.
6.6.
İdarə Heyətinin iclasları müvafiq qaydada
protokollaşdırılır və müzakirə edilmiş
məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən
imzalandıqdan sonra qüvvəyə minir.
6.7. Cəmiyyətin
İdarə Heyətinin qərarları sadə səs
çoxluğu ilə qəbul edilir. Səslər
bərabər bölündükdə, Cəmiyyətin sədrinin
(Cəmiyyətin sədri olmadıqda, onun birinci müavininin)
səsi həlledicidir.
7. Cəmiyyətin
sədri
7.1. Cəmiyyətin
sədri:
7.1.1. Cəmiyyətin
fəaliyyətinə cari rəhbərliyi həyata
keçirir;
7.1.2. sədrin müavinləri arasında vəzifə
bölgüsünü müəyyənləşdirir;
7.1.3. Cəmiyyətin
İdarə Heyətinin fəaliyyətini təşkil edir və
reqlamentini təsdiq edir;
7.1.4. Cəmiyyətin
üzərinə düşən vəzifələrin yerinə
yetirilməsi, onun hüquq və öhdəliklərinin həyata
keçirilməsi üçün zəruri tədbirlər
görür;
7.1.5. Cəmiyyət
adından etibarnaməsiz fəaliyyət göstərir, habelə
Cəmiyyəti bütün dövlət orqanlarında, idarə,
müəssisə və təşkilatlarda (o cümlədən,
beynəlxalq təşkilatlarda) təmsil edir;
7.1.6. Cəmiyyətin
işçilərinin say həddini və xərclər
smetasını təsdiq edir;
7.1.7. Cəmiyyətin
səmərəli fəaliyyət göstərməsini təmin
edir;
7.1.8. Cəmiyyətin
aparatının struktur bölmələrini müəyyən
edir və onların əsasnamələrini və ştat cədvəlini
təsdiq edir, müəyyən olunmuş qaydada aparatın
işçilərini, habelə Cəmiyyətin törəmə
müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin
rəhbərlərini, onların müavinlərini, baş
mühasiblərini və digər işçilərini vəzifəyə
təyin və vəzifədən azad edir, onlar barədə həvəsləndirmə
və tənbeh tədbirlərini tətbiq edir;
7.1.9. Cəmiyyətin
törəmə müəssisələrinin, idarə, filial və
nümayəndəliklərinin nizamnamələrini və əsasnamələrini
təsdiq edir;
7.1.10. Cəmiyyətin
qərarlarının yerinə yetirilməsinə nəzarəti
təşkil edir;
7.1.11. Cəmiyyətin
əmlakı barədə qanunlarla və bu Nizamnamə ilə
müəyyən edilmiş qaydada sərəncam verir;
7.1.12. Cəmiyyətin
idarə olunması ilə əlaqədar daxili sənədləri
təsdiq edir;
7.1.13. müqavilələr (o cümlədən,
xarici şirkətlərlə) bağlayır və onların
yerinə yetirilməsini təmin edir;
7.1.14. etibarnamələr verir, banklarda hesablaşma
hesabı və digər hesablar açır, hesabları və
tədiyə tapşırıqlarını imzalayır;
7.1.15. Cəmiyyətin
idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi
üçün ona verilmiş səlahiyyətlər daxilində
icrası məcburi olan əmrlər, sərəncamlar və
göstərişlər verir;
7.1.16. Cəmiyyətdə,
törəmə müəssisələrində, habelə
idarə, filial və nümayəndəliklərində beynəlxalq
maliyyə, kadr, təchizat və digər idarəetmə
qaydalarının və standartlarının tətbiqi ilə
bağlı tədbirlər görür;
7.1.17. fəaliyyət istiqamətlərinə
uyğun olaraq, komissiyalar, komitələr və işçi
qrupları yaradır;
7.1.18. Cəmiyyətin
mərkəzləşdirilmiş fondlarının
yaradılması və istifadə olunması qaydaları barədə
qərarlar qəbul edir;
7.1.19. Cəmiyyətin
törəmə müəssisələri, idarə, filial və
nümayəndəlikləri arasındakı münasibətlərdə
yaranan mübahisələri müzakirə edir;
7.1.20. Cəmiyyətin
törəmə müəssisələrinin, idarə, filial və
nümayəndəliklərinin işinin təşkil edilməsi
və onların təsdiq edilmiş gəlir və xərclər
smetası üzrə xərclərinin ödənilməsini həyata
keçirir;
7.1.21. Cəmiyyətin
fəaliyyətini səmərəli təşkil etmək
üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr)
və ya hüquqi şəxs yaratmadan (alyanslar, ittifaqlar) birgə
layihələri həyata keçirir və bu layihələri
təsis sənədlərinə uyğun olaraq idarə edir;
7.1.22. Azərbaycan Respublikasının qanunlarında nəzərdə
tutulmuş, habelə Cəmiyyətin fəaliyyət istiqamətlərinə
uyğun olaraq digər səlahiyyətləri həyata
keçirir.
7.2. Cəmiyyətin
sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə,
ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin
icrası Cəmiyyətin sədri tərəfindən təsdiq
edilmiş vəzifə bölgüsünə əsasən həyata
keçirilir.
7.3. Cəmiyyətin
sədri özünün ayrı-ayrı səlahiyyətlərinin
icrasını Cəmiyyətin komissiya və komitə rəhbərlərinə
həvalə edə bilər.
8. Cəmiyyətdə
mühasibat uçotunun və maliyyə hesabatının
aparılması
8.1. Cəmiyyət
mühasibat və statistik uçotu Azərbaycan
Respublikasının “Mühasibat uçotu haqqında” və
“Rəsmi statistika haqqında” qanunlarına uyğun olaraq
aparır. Cəmiyyət maliyyə
hesabatlarını və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq
tərtib edir.
8.2. Cəmiyyətin
birinci maliyyə ili dövlət
qeydiyyatına alındığı tarixdən başlayır
və həmin ilin dekabrın 31-də başa çatır.
Növbəti maliyyə ili isə
yanvarın 1-dən başlayır və dekabrın 31-də
başa çatır.
8.3. Şəffaflığın
təmin edilməsi üçün Cəmiyyət illik maliyyə
hesabatlarını hər il maliyyə ili bitdikdən sonra Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97
nömrəli qərarı ilə təsdiq edilmiş
“Kommersiya təşkilatlarının illik maliyyə
hesabatlarının və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və
dərc edilməsi Qaydaları” ilə müəyyən
edilmiş müddətdə auditor rəyi ilə birlikdə,
həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin
25 faizindən artıq məbləğdə olan əqdin
(xüsusi əhəmiyyətli əqdin) bağlanılması
barədə məlumatı mətbu orqanda dərc etdirməyə
borcludur.
8.4. Cəmiyyət
illik maliyyə hesabatlarını hər il
maliyyə ili bitdikdən sonra auditor rəyi ilə birlikdə
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim
etməlidir.
8.5. Cəmiyyət
mühasibat uçotunu təşkil edir, törəmə
müəssisələrinin, idarə, filial və nümayəndəliklərinin
rüblük və illik maliyyə hesabatına baxır,
icmallaşdırır, həmçinin maliyyə-təsərrüfat
fəaliyyəti barədə ümumi hesabat, balans tərtib
edir.
8.6. Cəmiyyət
törəmə müəssisələrinin, idarə, filial və
nümayəndəliklərinin maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasının
aparılmasını təmin edir.
9. Daxili
audit və maliyyə nəzarəti
9.1. Cəmiyyət
daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları
öz funksiyalarını yerinə yetirərkən, müstəqil
qiymət vermək, nəticə çıxarmaq hüququna
malikdirlər.
9.2. Cəmiyyətin
daxili audit xidmətinin əməkdaşları ali
iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas
üzrə ali təhsilə və audit, yaxud əlaqədar
sahələrdə 4 il iş stajına malik olmalıdır.
9.3. Daxili
audit xidməti aşağıdakıları yerinə yetirir:
9.3.1. Cəmiyyətin,
törəmə müəssisələrinin, idarə, filial və
nümayəndəliklərinin fəaliyyətinin Azərbaycan
Respublikasının qanunvericiliyinə və Cəmiyyətin
daxili sənədlərinə uyğunluğunu yoxlamaq;
9.3.2. Cəmiyyətin
təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin
dəqiq qiymətləndirilməsi məqsədi ilə
bütün sahələrdə aparılan əməliyyatların
mütəmadi nəzarətini aparmaq;
9.3.3. daxili audit yoxlamalarının nəticələri,
habelə aşkar olunmuş çatışmazlıqların
aradan qaldırılması haqqında Cəmiyyətin sədrinə
məlumat və təkliflər vermək;
9.3.4. Azərbaycan Respublikasının qanunları və
bu Nizamnamə ilə müəyyən edilmiş digər səlahiyyətləri
həyata keçirmək.
9.4. Cəmiyyətin
bütün əməkdaşları daxili auditi həyata
keçirən əməkdaşların tələbi ilə
zəruri olan sənədləri təqdim etməyə, onlara
öz vəzifələrinin icrası üçün
lazımi şərait yaratmağa borcludurlar.
10. Cəmiyyətin
müstəqil (kənar) auditi
10.1. Cəmiyyətin
maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil
(kənar) auditi Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq həyata keçirilir.
11. Cəmiyyətin
törəmə müəssisələri, habelə idarə,
filial və nümayəndəlikləri ilə
qarşılıqlı münasibətləri
11.1. Cəmiyyətin
törəmə müəssisələri, habelə idarə,
filial və nümayəndəlikləri ilə
qarşılıqlı münasibətləri Azərbaycan
Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə
onların nizamnamə və əsasnamələrinə və
Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.
11.2. Cəmiyyət
törəmə müəssisələri, habelə idarə,
filial və nümayəndəlikləri ilə
qarşılıqlı münasibətlərdə
aşağıdakı səlahiyyətlərə malikdir:
11.2.1. Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq, törəmə
müəssisələrinin, habelə idarə, filial və
nümayəndəliklərinin balansında olan əmlakın
hüquqi və fiziki şəxslərə icarəyə
verilməsinə razılıq vermək;
11.2.2. Cəmiyyətin
törəmə müəssisələrinin, habelə idarə,
filial və nümayəndəliklərinin idarəetmə
orqanlarını formalaşdırmaq;
11.2.3. Cəmiyyətin
törəmə müəssisələrinin, habelə idarə,
filial və nümayəndəliklərinin təsərrüfat
fəaliyyəti üzrə proqnoz göstəricilərinin
formalaşdırılmasına və hesabatlara nəzarət
etmək, bu məsələlərə aid tövsiyələr
və təkliflər vermək, müzakirələrdə
iştirak etmək;
11.2.4. Cəmiyyətin
törəmə müəssisələrinin, habelə idarə,
filial və nümayəndəliklərinin fəaliyyətlərinin
yekunlarına baxılmasını təmin etmək;
11.2.5. Cəmiyyətin
törəmə müəssisələrindən, habelə
idarə, filial və nümayəndəliklərindən
onların təqsiri üzündən Cəmiyyətə dəymiş
zərərin əvəzinin ödənilməsini tələb
etmək;
11.2.6. Cəmiyyətin
törəmə müəssisələrinin, habelə idarə,
filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat
fəaliyyətini təhlil və təftiş etmək.
12. Cəmiyyətin
yenidən təşkili və ləğvi
12.1. Cəmiyyətin
yenidən təşkili və ləğvi barədə qərarlar
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
qəbul edilir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2014-cü il 24 yanvar tarixli 18 nömrəli qərarı
ilə təsdiq edilmişdir 2 nömrəli əlavə
“Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
strukturu
I. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin aparatı.
II. “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin
törəmə müəssisələri:
1. Azərbaycan
Dövlət Dəniz Akademiyası;
2. “Dənizçi”
yardımçı kənd təsərrüfatı müəssisəsi;
3. Xəzər
Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat
İnstitutu.
III. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr):
1. Dəniz Nəqliyyat Donanması;
2. Xəzər Dəniz Neft Donanması;
3. “Bibiheybət” Gəmi Təmiri Zavodu;
4. “Zığ” Gəmi Təmiri Zavodu;
5. İstehsalat Xidmətləri İdarəsi;
6. Sosial İnkişaf İdarəsi.
IV. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin ayrıca bölmələri (filial və nümayəndəlikləri):
1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə Respublikasındakı nümayəndəliyi;
2. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Rusiya Federasiyasındakı nümayəndəliyi;
3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Qazaxıstan Respublikasındakı nümayəndəliyi;
4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İran İslam Respublikasındakı nümayəndəliyi;
5. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Türkmənistan Respublikasındakı nümayəndəliyi;
6. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin Ukrayna
Respublikasındakı nümayəndəliyi
Azərbaycan.-2014.- 30 yanvar.- S.1.