Nyu-Meksiko ştatının Nümayəndələr
Palatası ABŞ administrasiyasını Dağlıq Qarabağ münaqişəsinin
tezliklə tənzimlənməsi
üzrə səylərini bərpa etməyə
çağıran qətnamə qəbul etmişdir
Yanvarın 28-də Nyu-Meksiko ştatının Nümayəndələr Palatası ABŞ administrasiyasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsi üzrə səylərini bərpa etməyə çağıran qətnamə qəbul etmişdir.
Sənəddə Azərbaycan Respublikasının Birləşmiş Ştatlarla strateji tərəfdaş olması, 1992-ci il fevralın 28-də ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılması, Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi vurğulanır. Qətnamədə daha sonra ABŞ ilə Azərbaycan arasında enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə, narkotrafikə və insan alverinə qarşı mübarizə, son iyirmi ildə kütləvi qırğın silahının yayılmaması məsələlərinə dair tərəfdaşlığın genişlənməsi və əməkdaşlığın inkişafından bəhs edilir, ABŞ dövlət katibi Con Kerrinin 2013-cü ildə söylədiyi nitqindən sitat gətirilir. Diplomat həmin nitqində Azərbaycanı "Əfqanıstanda təhlükəsizliyi dəstəkləyən beynəlxalq qüvvələrdə (İSAF) mühüm tərəfdaş, Şimal Paylaşdırma Şəbəkəsində, Cənub Qaz Dəhlizində və bizim üçün əhəmiyyətli olan başqa məsələlərdə mühüm tərəfdaş" adlandırmışdır.
Qətnamədə Azərbaycanın iqtisadi nailiyyətləri, ÜDM-in üç dəfə artması, Azərbaycanın regional inkişafa töhfələri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və digər regionlararası layihələr barədə də məlumat verilir. Qətnamədə deyilir ki, yuxarıda adları çəkilən pozitiv uğurlara baxmayaraq Cənubi Qafqazda çoxdan davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və sabitliyə təhlükə mənbəyi olaraq qalmaqdadır və bu cür münaqişələr regional əməkdaşlığın daha da inkişaf etdirilməsinə mane ola bilər.
Qətnamədə
deyilir: "Nyu-Meksiko ştatının Nümayəndələr
Palatası 2008-ci il noyabrın 2-də Azərbaycan, Ermənistan
və Rusiya tərəfindən bu münaqişənin beynəlxalq
hüquq əsasında, siyasi yolla tənzimlənməsi
haqqında birgə bəyannamə qəbul etməsini;
ABŞ, Fransa və Rusiyanın münaqişənin beynəlxalq
hüququn prinsip və normalarına, ATƏT tərəfindən
qəbul edilmiş qərarlara və sənədlərə,
BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə
uyğun olaraq qəti tənzimlənməsi üçün
Ermənistanla Azərbaycan arasında danışıqlara
şərait yaradılması məqsədi ilə təsis
edilmiş ATƏT-in Minsk qrupunun həmsədrləri
olmasını; 2013-cü il avqustun 5-də Prezident Barak
Obamanın xüsusi nümayəndəsi Ceyms Uorlikin
ATƏT-in Mİnsk qrupunun ABŞ-dan olan həmsədri təyin
edilməsini, beynəlxalq birliyin, o cümlədən
ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin
Azərbaycan Respublikasının ərazi
bütövlüyünü dəstəkləmələrini
və Dağlıq Qarabağı müstəqil qurum kimi
tanımadıqlarını dəfələrlə bəyan
etdiklərini; BMT Təhlükəsizlik Şurası erməni
silahlı qüvvələrinin Azərbaycan
Respublikasının işğal edilmiş ərazilərindən
dərhal, tamamilə və qeyd-şərtsiz
çıxarılmasını tələb edən 822, 853,
874 və 884 nömrəli qətnamələri ilə Azərbaycanın
suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini
bir daha təsdiq etməsini; beynəlxalq birlik, o cümlədən
NATO, BMT, İslam Əməkdaşlıq Təşkilatı və
Qoşulmamaq Hərəkatı kimi beynəlxalq təşkilatların
Azərbaycanın suverenliyini və ərazi
bütövlüyünü dəstəklədiklərini təkrarən
bəyan etmələrini və bu münaqişənin Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü, onun beynəlxalq
miqyasda tanınmış sərhədləri əsasında həll
edilməli olmasının təsdiqləmələrini nəzərə
alaraq Birləşmiş Ştatlar Administrasiyasını
ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığı
dəstəkləməyə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tezliklə
nizamlanmasına dair səylərini bərpa etməyə
çağırmağı qərara almışdır."
Qətnamənin surətləri Nyu-Meksiko ştatı qubernatorunun ofisinə, mədəni əlaqələr üzrə katibə və ABŞ dövlət katibinə göndəriləcəkdir. Ştatın Nümayəndələr Palatasına qanunverici Nora Espinoza tərəfindən təqdim edilmiş qətnamə mütləq səs çoxluğu ilə qəbul edilmişdir.
Xatırladaq ki, Nyu-Meksiko ştatının Nümayəndələr Palatası və Senatı keçən il Xocalı qırğınını tanımışlar.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2014.- 30 yanvar.- S.1.