Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə

 Pakistanın Peşavər şəhərindəki Xayber Göz Fondunun klinikasında inşa edilmiş gözləmə

 otaqlarının açılış mərasimi olmuşdur

 

Pakistanın Xayber Paxtunxva əyalətinin Peşavər şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun klinikasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun  prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilmişdir.

Mərasimdə Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan, Pakistan Senatının Yayım və informasiya komitəsinin sədri, İslam Dövlətləri Ticarət və Sənaye Palatasının vitse-prezidenti senator Hacı Qulam Əli, Xayber Paxtunxva əyaləti parlamentinin deputatları, ziyalılar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvənd kampaniyası, açıq ürək əməliyyatları aparılmış, əyalətin klinikalarında serebral iflicin müayinəsi, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə təşkil edilmiş, göz klinikasının tikintisinə maddi yardım göstərilmişdir. Həmçinin 2012-2013-cü illərdə Qurban bayramında və ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr icra olunmuşdur.

Tədbirdə çıxış edən Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, əyalətin imkansız adamlarına göstərilən bu diqqət Mehriban Əliyevanın humanistliyinin, islam dəyərlərinə sadiqliyinin, həmçinin xalqlarımız arasında məhəbbətin göstəricisidir. Bildirilmişdir ki, müasir avadanlıqla təchiz olunmuş klinikada Pakistanın aparıcı oftalmoloqları çalışır və burada minlərlə imkansız insana pulsuz tibbi xidmət göstərilir.

Pakistan Senatının Yayım və informasiya komitəsinin sədri, İslam Dövlətlərinin Ticarət və Sənaye Palatasının vitse-prezidenti senator Hacı Qulam Əli Pakistan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulamışdır. Bakıya iki dəfə səfər etdiyini diqqətə çatdıran senator Azərbaycan xalqının Pakistan xalqına səmimi qardaşlıq münasibətinin əyani şahidi olduğunu bildirmiş, Prezident İlham Əliyevlə görüşdən aldığı xoş təəssüratlardan danışmışdır.

Senator Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirərək demişdir ki, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən layihələr iki qardaş xalq arasındakı münasibətləri daha da möhkəmləndirmiş, pakistanlıların yaddaşında silinməz iz buraxmışdır.

Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları Xayber Göz Fondu və klinikadakı yeni gözləmə otaqları ilə tanış olmuşlar. 

Sonra səfir fonda 33 adda dərman preparatları hədiyyə etmiş və maddi yardım göstərmişdir.

 

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

İslamabad-Peşavər

Azərbaycan.-2014.- 30 yanvar.- S.4.