Ulu öndər Heydər Əliyevin aqrar islahatları Azərbaycanın milli

təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynamışdır

 

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 5.1.1 yarımbəndinə uyğun olaraq 13 rayonun ərazisində 156 min 320 hektar sahədə suvarılan torpaqların inventarlaşdırılması işləri, 8 rayonun  197 inzibati ərazi dairəsində 264 min 700 hektar sahədə torpaqların bonitirovkası işləri, 14 rayonun 165 inzibati ərazi dairəsində 484 min 400 hektar sahədə isə torpaqların iqtisadi qiymətləndirilməsi işlərinin yerinə yetirilməsi, 5.1.3 yarımbəndinə uyğun olaraq 5 rayonda 421 min 553 hektar sahədə torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyənləşdirilməsi işlərinin aparılması və torpaq xəritələrinin tərtib edilməsi, 5.1.4 yarımbəndinə uyğun olaraq 9 rayonda 38 min 746 hektar sahədə kənd təsərrüfatına yararlı xüsusi mülkiyyətdə olan torpaqların istifadə vəziyyətinin müəyyən edilməsi üçün inventarlaşdırma və xəritələşdirmə işlərinin aparılması, 5.1.5 yarımbəndinə uyğun olaraq Qaradağ rayonunda 186 hektar sahədə antropogen çirklənmiş və pozulmuş torpaqlarda topoqrafik planalma işlərinin aparılması, 5.1.6 yarımbəndinə uyğun olaraq 10 rayonda 491 min 221 hektar sahədə qış otlağı və bələdiyyə torpaqlarının münbitlik göstəricilərinin müəyyən edilməsi məqsədilə irimiqyaslı torpaq tədqiqatının və xəritələşdirmə işlərinin aparılması, 5.1.8 yarımbəndinə uyğun olaraq isə 16 rayonda 54 inzibati ərazi dairəsi üzrə elektron torpaq-kadastr xəritələrinin tərtibi üçün planalma işlərinin aparılması işləri həyata keçirilmişdir.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf  Dövlət Proqramı"nın Tədbirlər Planının 1.6.16 yarımbəndinə uyğun olaraq 12 rayonda 231 min 392 hektar sahədə qış otlağı və kəndətrafı örüş sahələrində irimiqyaslı geobotaniki tədqiqat və xəritələşdirmə işləri həyata keçirilmişdir. Həmin Tədbirlər Planının 3.3.3.1 və 3.3.3.2 yarımbəndlərinə uyğun olaraq görülən işlər "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın Tədbirlər Planının müvafiq yarımbəndlərində göstərilən işlərdən ibarətdir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət sahəsi uzunmüddətli proqnozlaşdırılmış və iqtisadi cəhətdən əsaslandırılmış strategiya olmadan mümkün deyil. Yuxarıda qeyd etdiyimiz və son illər ərzində ölkəmizdə uğurla həyata keçirilən islahatlara kompleks şəkildə baxsaq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strategiyanın əsas mahiyyətini dərk etmək olar: bu, MDB-də aparılmış ən uğurlu torpaq islahatından torpaq inzibatçılığına və məkan məlumatlarının müasir səviyyədə idarəolunmasına keçidin təmin edilməsidir. Torpaq inzibatçılığı ilə bağlı qeyd etmək lazımdır ki, torpaq islahatını onun məqsədi baxımından qısa zaman kəsiyində aparılmış və yekunlaşmış bir tədbir kimi nəzərdən keçirmək mümkün deyil. Torpaq islahatına mürəkkəb fazaları olan çoxmərhələli, ölkənin dayanıqlı iqtisadi inkişafını və ərzaq təhlükəsizliyini təmin edəcək, müasir standartlara və beynəlxalq təcrübəyə əsaslanan torpaq inzibatçılığı sisteminin yaradılmasından keçən dialektik bir proses kimi yanaşmaq lazımdır. Torpaq konsepsiyalarının təkamülünün dəstəklənməsi, hər bir milli yanaşmada nəzərə alınmalı olan torpaq idarəçiliyi paradiqmalarının, hər bir sistemdə mövcud ümumi proseslərin, vasitə və tətbiq seçimləri təklif edən yanaşmanın, torpaq inzibatçılığının dayanıqlı inkişafın dəstəklənməsində rolunun müəyyənləşdirilməsi zərurətinin qavranılması vasitəsilə bu strategiyanın həyata keçirilməsi davam etdirilməlidir. Son 10 ildə istər aqrar-torpaq münasibətləri, istər regionların sosial-iqtisadi inkişafı, istərsə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən islahatların külliyyatı bu strategiyanın dəstəklənməsi üçün olduqca əlverişli mühit formalaşdırmışdır.

Son 10 ildə cənab İlham Əliyevin həyata keçirdiyi islahatların ən böyük özəlliklərindən biri də onların ciddi elmi bazaya söykənməsi və müvafiq sahələrdə elmi tədqiqatların inkişaf etdirilməsidir. Prezidentin "Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə" 3 may 2011-ci il tarixli sərəncamı da mövcud problemlərin elmi əsaslarla həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsini zəruri etmiş və bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasında aqrar bölmənin yaradılması vacib hesab olunmuşdur. Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi barədəki həmin sərəncam Prezidentin tamamilə elmi əsaslara söykənən müasir aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğısından irəli gəlmişdir.

Dövlət başçısının 17 yanvar 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin 16 sentyabr 2011-ci il tarixli qərarı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsi yaradılmışdır. Bölməyə daxil olmayan 16 aqrar tədqiqat və təhsil müəssisəsində aparılan elmi-tədqiqat fəaliyyətlərinin də koordinasiyası Aqrar Elmlər Bölməsinə tapşırılmışdır.

"Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə" Prezidentin adıçəkilən sərəncamının 2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi məsələləri üzrə yaradılmış komissiya müvafiq təkliflər hazırlamış və ölkə rəhbərliyinə təqdim olunmuşdur.

Nəzərə almaq lazımdır ki, müasir torpaq inzibatçılığı sistemi torpaq mülkiyyətçiliyinin müəyyənləşdirilməsi ilə yanaşı, torpaqların qiymətləndirilməsi, torpaqlardan istifadə və onların mühafizəsi  kimi funksiyaları da əhatə etməlidir. Beləliklə,  qarşıda duran vəzifələr 2003-2013-cü illərdə Prezident İlham Əliyev tərəfindən aparılmış uğurlu islahatlarla müəyyənləşdirilmiş torpaq islahatından torpaq inzibatçılığına keçid strateji inkişaf vektoru  ilə təyin olunmuşdur.

Prezidentin "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi barədə" 2004-cü il 3 sentyabr və "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 2007-ci il 28 iyul tarixli sərəncamlarına müvafiq olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tədbirlər planları təsdiq olunmuş və zəruri təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, birinci proqramda nəzərdə tutulan digər tədbirlərlə yanaşı, torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsi digər orqanlarla yanaşı, komitənin üzərinə qoyulan funksiyalardan biri idi. Bələdiyyələr tərəfindən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılmasında şəffaflığın yaradılması və nəticədə torpaqdan istifadə üçün ədalətli və bərabər hüquqi imkanların təmin edilməsi üçün bələdiyyələrin fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə torpaqların bilavasitə ayrılmasını tənzimləyən Azərbaycan Respublikasının torpaq qanunvericiliyində zəruri dəyişikliklər edilməklə bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqə vasitəsilə ayrılması barədə komitənin qaldırdığı məsələyə müvafiq dövlət qurumlarında baxılmış və nəticədə həmin mərkəzi icra hakimiyyəti orqanlarının rəyləri də nəzərə alınmaqla Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli qanunu ilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən bələdiyyələrin qərarı ilə torpaqların bilavasitə ayrılması məsələsi çıxarılmışdır.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında 5 sentyabr 2012-ci il tarixli sərəncamında nəzərdə tutulmuş tədbirlərin icrasını daha yüksək səviyyədə təmin etmək üçün komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya ehtiyatları yaradılmışdır. Eyni zamanda, dövlət başçısının "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 5 sentyabr 2012-ci il tarixli fərmanının icrasının təmin edilməsi məqsədilə bütün "ASAN xidmət" mərkəzlərində (o cümlədən, səyyar xidmətlərdə də) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin fəaliyyəti təmin olunmuşdur.

 

 

 

Məcburi köçkünlərə torpaq sahəsinin ayrılması istiqamətində ardıcıl tədbirlər görülür

 

 

 

Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində məcburi köçkün düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin müvafiq rayonların ərazilərində məskunlaşdırılması məqsədilə Prezidentin 2001-ci il 22 avqust, 2001-ci il 7 sentyabr və 2002-ci il 13 may tarixli fərmanlarından və həmin fərmanlara müvafiq olaraq Nazirlər Kabinetinin müvafiq sərəncamlarından irəli gələn qaydada komitə öz üzərinə düşən torpaq ayrılması ilə bağlı funksiyasını yüksək səviyyədə yerinə yetirir. Belə ki, məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə qəsəbələrin salınması, həyətyanı və kənd təsərrüfatı ilə məşğul olmaq üçün indiyədək  Bərdə, Ağcabədi, İmişli, Saatlı, Sabirabad, Goranboy, Ağdam, Yevlax, Beyləqan, Füzuli, Qəbələ, Abşeron, Göygöl, Şabran, Hacıqabul, Şəki, İsmayıllı, Ucar, Xaçmaz, Balakən, Qobustan, Zaqatala, Oğuz, Ağdaş, Kürdəmir, Tərtər, Cəlilabad, Samux, Qax, Salyan, Daşkəsən, Masallı rayonlarının və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərinin ərazilərindən 10763,41 hektar  (bundan 10 min 213,1 hektarı dövlət mülkiyyətinə aid  və 50,31 hektarı isə bələdiyyə mülkiyyətinə aid) torpaq sahələrinin yerquruluşu qaydasında ilkin torpaqayırma işlərinin aparılaraq sənədləşdirilməsi və naturada sahələrin təhkim edilməsi komitə tərəfindən aidiyyəti orqanlarla birlikdə təmin edilmişdir.

 

 

 

İri taxılçılıq təsərrüfatlarının yaradılması üçün torpaq sahələrinin seçilərək xəritələşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir

 

 

Prezident İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatının yerli istehsal hesabına tam şəkildə tənzimlənməsi məqsədilə xüsusi tapşırığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məsul işçilərinin və aidiyyəti yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə massiv şəklində torpaq sahələrinin seçilməsi üçün ərazilərə baxış keçirilmişdir.

Bu məqsədlə 20 rayonun (Sabirabad, Saatlı, İmişli, Beyləqan, Şəki, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Kürdəmir, Tovuz, Şəmkir, Samux, Ağstafa, Tərtər, Yevlax, Goranboy, Ağcabədi və Zərdab) inzibati ərazilərində dövlət mülkiyyətinə aid olan qış otlaqlarına, dövlət ehtiyat torpaqlarına, eləcə də dövlət müəssisələrinə və bələdiyyə mülkiyyətinə aid torpaqlara yerində (naturada) baxış keçirilərək əkin dövriyyəsinə daxil edilməsi mümkün olan massiv sahələr seçilmişdir. Seçilən torpaq sahələrinin əkinəyararlı vəziyyətə gətirilərək gələcəkdə əkin dövriyyəsinə daxil edilməsi üçün həmin torpaqların keyfiyyət göstəriciləri, habelə su mənbələri və s. vacib amillər nəzərə alınmışdır. Aparılan tədqiqat-axtarış işləri nəticəsində həmin rayonların ərazilərindən 203129, o cümlədən dövlət fondu qış otlaqlarından 127609, dövlət ehtiyat fondundan 58186, dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin torpaqlarından 4500 və bələdiyyə mülkiyyətinə aid torpaqlardan 12834 hektar torpaq sahələri seçilmişdir.

Bundan əlavə, "Buğda əkini üçün nəzərdə tutulmuş torpaqların yararlılığının müəyyən edilməsi məqsədilə bu ərazilərdə irimiqyaslı torpaq tədqiqatlarının aparılması və xəritələşdirilməsi" işlərinin yerinə yetirilməsi məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və "Azdövsulayihə" İnstitutunun nümayəndələrinin iştirakı ilə birinci növbədə əkin dövriyyəsinə daxil ediləcək (mövcud meliorativ layihələrə əsasən) yerlərə baxış keçirilmiş və bu layihələrin əhatə edəcəyi konkret ərazilər müəyyənləşdirilmişdir.

Protokola əsasən birinci növbədə taxılçılıq təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulmuş və meliorativ layihələri hazırda mövcud olan 57 min hektar ərazidə çöl-tədqiqat işləri başa çatdırılmış, Ağcabədi, Beyləqan, Saatlı, Salyan, Sabirabad, Qax və Şəki rayonları üzrə hazırlanan xəritələr, torpaqlardan müvəqqəti istifadə edən icarəçilərin siyahısı və torpaq tədqiqatının nəticələrinə dair lazımi məlumatlar Nazirlər Kabinetinə təqdim olunmuşdur. Protokola əsasən, ikinci növbədə əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulan ərazilərin isə hazırda meliorasiya və irriqasiya tədbirləri ilə bağlı texniki-iqtisadi əsaslandırma və meliorativ layihələrə uyğun olaraq hüdudları müəyyən edilir. İkinci növbədə əkin dövriyyəsinə daxil ediləcək 162,5 min hektar ərazidə irimiqyaslı tədqiqat və xəritələşdirmə işləri mərhələlərlə başa çatdırılaraq Nazirlər Kabinetinə təqdim olunur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş torpaqların əkinəyararlılığı barədə məlumatlara uyğun olaraq, bu ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirildikdən sonra iri taxılçılıq təsərrüfatlarının yaradılması işlərinə başlanılacaq.

Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli qərarına əsasən, taxılçılıq üzrə özəl pilot təsərrüfatlarının yaradılması məqsədilə 4800 hektar qış otlaq sahələrinin (o cümlədən, Ağcabədi rayonunda 3300, Beyləqan rayonunda 1500 hektar) təyinatı dəyişdirilərək ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2013-cü  ilin məhsulu üçün payızlıq buğda səpilmiş və bu sahələrin hər hektarından 50 sentnerdən artıq buğda toxumu məhsulu əldə edilmişdir.

Nazirlər Kabinetinin 2013-cü il 3 aprel tarixli sərəncamına əsasən isə Hacıqabul, Füzuli və Ağcabədi rayonlarında 5625,6 hektar torpaq sahəsi iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün ayrılmışdır. Hazırda həmin ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirilməklə 2014-cü ilin məhsulu üçün payızlıq taxıl əkini nəzərdə tutulur.

Bu illər ərzində həmçinin Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi ərazidə  dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinə dair torpaqayırma sənədləri tərtib edilərək "Azərsu" ASC-yə təhvil verilmişdir.

Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakət və Araz çayının yeni qolunun açılması ilə bağlı isə Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli sərəncamına müvafiq olaraq Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının 57 yaşayış məntəqəsində 165 min 985 hektar sahədə torpaqların mülkiyyət formalarının və uqodiyalarının müəyyən edilməsi ilə müasir elektron alətlərlə tam inventarlaşdırma işləri aparılmışdır. Bundan əlavə, su altında qalan kəndlərin köçürülməsi ilə əlaqədar salınacaq yeni yaşayış məntəqələrinin yerinin seçilməsi və torpaqayırma sənədlərinin hazırlanması işləri həyata keçirilmişdir. Habelə Araz çayının yeni subasar ərazisində yerləşən torpaqların İmişli, Biləsuvar, Neftçala, Cəlilabad, Lənkəran (Qızılağac qoruğu) və Masallı  rayonlarında 75 min 856 hektar sahədə tam inventarlaşdırma işləri aparılmışdır. 

"Azərbaycanın şəhər və rayon mərkəzlərində milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi" çərçivəsində "Azərsu" Səhmdar Cəmiyyəti ilə bağlanılmış müqavilə əsasında 3 mərhələdə Tovuz, Göygöl, Goranboy, Ağstafa, Qazax, Samux, Şəmkir, Yevlax, Naftalan və Bərdə şəhərlərində, eləcə də sifarişçilərin birbaşa müraciətinə əsasən Gədəbəy, Kürdəmir, İsmayıllı, Ucar, Zərdab, Balakən şəhərlərində mühəndis topoqrafiya və geodeziya axtarış işləri aparılmışdır.

 

 

 

Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində işlər davam edir

 

 

 

Prezidentin "Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" 2002-ci il 30 iyul tarixli 965 və 966 nömrəli sərəncamlarının və Nazirlər Kabinetinin "Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ekspert qrupu haqqında" 2002-ci il 23 oktyabr tarixli sərəncamının icrası məqsədilə bu illər ərzində Azərbaycan ilə Gürcüstan arasındakı dövlət sərhədində və Azərbaycan ilə Rusiya Federasiyası arasındakı dövlət sərhədində delimitasiya məqsədləri üçün müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri, habelə Azərbaycan ilə İran arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının bərpası və yenidən qurulması) və sahilbərkitmə ilə bağlı müvafiq topoqrafiya, geodeziya və yerquruluşu işləri aparılmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təxirəsalınmaz tədbirlərdən biri də ölkəmizin digər dövlətlərlə dövlət sərhədlərinin müəyyən edilməsi olmuşdur. Hələ 1995-ci ildə Azərbaycan Prezidenti ölkəmizin Rusiya Federasiyası və Gürcüstanla dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı dövlət komissiyalarının yaradılmasına dair müvafiq sərəncamlar imzalamışdır. Həmin dövlət komissiyalarının tapşırıqları əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri həm Rusiya, həm də Gürcüstanla sərhəddə böyük həcmdə geodeziya, kartoqrafiya və yerquruluşu işlərini həyata keçirmişlər. Ölkəmizin və digər dövlətlərin arxivlərində sərhədə aid minlərlə sənədlər, xəritələr, sxemlər, torpaqayırma, yerquruluşu, meşəquruluşu və başqa materiallar öyrənilmiş və müvafiq qərarlar qəbul olunmuşdur. Dövlət sərhədi boyu ərazilər yerində dəqiqləşdirilmiş və kimə məxsus olması müəyyən edilmişdir. Təbii ki, bu mövzuda məsələlərin həlli zamanı mübahisələr də yaranmışdır. Buna baxmayaraq, tərəflər ardıcıllıqla bütün sərhəd xəttini müəyyən etmişlər. Delimitasiya ilə bağlı işlərin kifayət qədər bağlı olması həmin məsələlərin uzun müddət ərzində həll olunmasını bir daha təsdiqləyir.

Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 390 km uzunluqda olan dövlət sərhədi delimitasiya olunmuşdur. 2010-cu ilin sentyabr ayının 3-də hər iki ölkənin prezidentləri tərəfindən sərhəd müqaviləsi imzalanmışdır və sərhəd xəttinin keçməsinin yazılı təsviri təsdiq olunmuşdur. Həmin il sentyabrın 27-də isə Həştərxan şəhərində dövlət sərhədlərinin xəritələr toplusu da təsdiqlənmişdir. Beləliklə, Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin keçməsi hər iki dövlət tərəfindən razılaşdırılmışdır. Hər iki ölkənin parlamentləri də sərhəd haqqında müqaviləni ratifikasiya etmişlər. Yaxın vaxtlarda dövlət sərhədinin nişanlar ilə bərkidilməsi prosesinə başlanacaq.

Azərbaycanla Gürcüstan arasında hələ ki delimitasiya işləri tamamlanmamışdır və ekspertlər tərəfindən mütəmadi görüşlər və sərhəd zolağında müvafiq ölçmə işləri həyata keçirilir. Qeyd edək ki, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədinin uzunluğu 480 km təşkil edir. Bundan 288 km dövlət komissiyaları səviyyəsində razılaşdırılmışdır.

Eyni zamanda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri Azərbaycan Respublikasının İran İslam Respublikası arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının yenidən qurulması) və sahilbərkitmə işlərində fəal iştirak edirlər. Azərbaycan və İran mütəxəssisləri mütəmadi olaraq ikitərəfli görüşlər keçirir və digər işlər aparırlar.

Xəzər dənizinin hüquqi statusunun hazırlanmasında və sektorlara bölünməsi işlərində də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəal iştirak edir. Bildiyiniz kimi, bu günə qədər Xəzər dənizində Azərbaycan, Rusiya və Qazaxıstanın sektorları müəyyən olunmuşdur. Digər ölkələr ilə - İran və Tükmənistanla Xarici İşlər Nazirliyinin təşkil etdiyi ikitərəfli görüşlərdə də mütəxəssislərimiz fəal iştirak edirlər.

 

 

 

Milli mədəniyyətimizə mühüm töhfə

 

 

 

Qobustan Dövlət Tarixi Bədii Qoruğu ərazisində Heydər Əliyev Fondu ilə birlikdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bir sıra zəruri tədbirlər görülmüşdür.

Məlumdur ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycanın qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Prezident İlham Əliyev 11 iyun 2007-ci il tarixli sərəncam imzalamışdır. Belə ki, Heydər Əliyev Fondu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək məqsədilə Azərbaycanın qədim irsi olan Qobustanın dünya miqyasında tanıdılması və təbliğ olunmasına kömək etmək məqsədilə birgə layihə həyata keçirir. Layihə çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun virtual muzeyinin yaradılması  və Azərbaycan portalında yerləşdirilməsi nəzərdə tutulur.

 

 

 

DTXK Bakıda nəqliyyatın intellektual idarəolunması layihəsinin reallaşmasında iştirak etmişdir

 

 

Paytaxtda nəqliyyatın intellektual idarəolunması layihəsi üzrə şəhərin 2200 kv. kilometr ərazisində nəqliyyatın intellektual idarəolunması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən rəqəmsal xəritələr hazırlanmışdır. Bu xəritələrdə 57 növdə 3D formatında məlumatlar həm mətn, həm də qrafiki formada hazırlanaraq aidiyyəti üzrə təhvil verilmişdir. Bu işin əsas sifarişçisi Nəqliyyat Nazirliyidir. İşin əsas hissəsi olan rəqəmsal xəritələr Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmışdır. Bu xəritələr əsasında Bakı şəhərinin ərazisində nəqliyyat vasitələrinin hərəkəti üçün yolların gediş istiqamətləri, yol nişanları, döngələr, binalar, bina nömrələri, yolların adları, strateji obyektlərin adları və ünvanları, parklar və s. barədə vizual görüntü yaranır, eləcə də istənilən yerdən tələb olunan yerə qədər olan məsafə və vaxt tez bir zamanda təyin edilir.

 

 

 

Milli Atlas və 1903-cü il xəritəsi

 

 

 

Prezidentin "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında" 20 aprel 2011-ci il tarixli sərəncamına uyğun olaraq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində atlasın tərtibi və nəşri üçün müvafiq işlər yerinə yetirilir. Azərbaycan Respublikasının Milli Atlası 1000-dən artıq xəritə, diaqram, cədvəl, izahedici mətn və s. məlumatları özündə əks etdirir. Qeyd olunan atlasın hazırlanması və nəşr işləri ilə bağlı orada məlumatları əks olunacaq qurumlardan zəruri məlumatlar toplanmış və bu məlumatlar əsasında xəritələrin tərtibi işləri yekunlaşdırılır.

Müxtəlif kütləvi informasiya vasitələrində, ayrı-ayrı tədbirlərdə Ermənistan tərəfindən coğrafi adlar sahəsində mütəmadi olaraq təxribat xarakterli hərəkətlərə yol verilməsinin, o cümlədən Azərbaycanın coğrafi adlarının əsassız şəkildə dəyişdirilməsinin qarşısını almaq üçün Prezidentin "Cənubi Qafqaz. 1903-cü il" xəritəsinin nəşri haqqında" 18 aprel 2012-ci il tarixli sərəncamı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi hazırlanaraq nəşr edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasındakı coğrafi adların xarici ölkələrdə nəşr edilən xəritələrdə olduğu kimi əks etdirilməsi məqsədilə hazırda respublikanın coğrafi adlarının "Eurogeographics" portalında yerləşdirilməsi üçün müvafiq işlər görülür.  Xəritənin məzmunu 1903-cü ildə çar Rusiyası dövründə Rusiya hərbçiləri tərəfindən rus dilində nəşr edilmiş "Karta Kavkazskoqo voennoqo okruqa 1903 qoda" xəritəsinə əsaslanır. Xəritə üç dildə (Azərbaycan, rus və ingilis dillərində) nəşr edilmişdir. Bu xəritə keçmiş dövrdəki coğrafi adları olduğu kimi əks etdirməklə Ermənistanın coğrafi adlar sahəsində olan təxribatlarına tutarlı cavabdır.

 

 

 

Komitə tərəfindən beynəlxalq təşkilatların dəstəyi ilə görülmüş işlər səmərəli olmuşdur

 

 

 

Rəqəmli topoqrafik xəritələrin yaradılması-Yaponiya qrantı hesabına 2001-2003-cü illər ərzində (1:50000 miqyaslı xəritələr);

1999-2003-cü illər ərzində Yaponiya hökumətinin qrantı hesabına ilk dəfə Azərbaycan Respublikası ərazisini əks etdirən 165 ədəd 1:50000 miqyaslı ümumcoğrafi rəqəmli formatlı xəritələr yaradılmışdır. Həmin xəritələr üzərində müvafiq topoqrafiya-geodeziya işlərinin nəticəsi əsasında tələb edilən yeniləşdirilmələr əlavə edilmiş və bu xəritələr rəqəmli topoqrafik xəritələr  formatına çevrilmişdir. Xəritələr ilə əhatə olunan ərazi 65 min 340 km təşkil edir.

 

 

 

İsveçrə qrantı hesabına şəhər kadastrı

 

 

 

İsveçrənin SECO təşkilatının 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı (qrant) hesabına "Azərbaycanda torpaq kadastrının təkmilləşdirilməsi" texniki layihəsi  həyata keçirilmişdir.

Qrant layihəsi üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinə texniki yardımlar göstərilmişdir.

 

 

 

Koreya qrantı hesabına Zirə layihəsi

 

 

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi Koreyanın Kadastr Korporasiyası Təşkilatının əməkdaşları ilə birgə Azərbaycan Respublikasının Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində seçilmiş 1000 ha pilot sahədə torpaq kadastr işlərini uğurla həyata keçirmişlər.

 

 

 

Beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir

 

 

 

Bu gün Azərbaycanın ən mötəbər tədbirlərə ev sahibliyi etməsi, beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, sosial dövlət kimi nüfuz qazanması Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycanın 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ölkəmizin Təhlükəsizlik Şurasında sədrliyi, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı və digər nailiyyətlər bu uğurların və yürüdülən siyasətin uğurunun təsdiqidir.

Beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində DTXK da 2013-cü ildə bir sıra nailiyyətlər əldə etmişdir. Belə ki, komitə öz fəaliyyət sahəsində ən mühüm əməkdaşlıq platformalarından biri olan BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsünün (UN-GGİM) işində yaxından iştirak edir. Bu təşəbbüsün məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal çağırışlara yönəlik istifadəni təşviq etməkdir. Həmin təşəbbüs üzv ölkələr arasında, eləcə də üzv ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır. Ekspertlər Şurasının və yüksək səviyyəli forumların keçirilmiş bütün iclaslarında ölkəmizi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları təmsil etmişlər. Qeyd edək ki, 1 noyabr 2012-ci il tarixdə Tailand Krallığında keçirilmiş BMT-nin Asiya və Sakit Okean üzrə Regional Kartoqrafik Konfransında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının 11 üzvündən biri seçilmişdir.

Respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar 2013-cü ildə nüfuzlu iqtisadi tədqiqat mərkəzləri tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan yuxarı orta gəlirli, yüksək insan inkişafına malik olan ölkələr sırasına daxil edilib, regionun lider dövlətinə çevrilib. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir. Azərbaycan Dünya Bankının hazırladığı "Doing Busines-2014" hesabatında biznesin vəziyyətinə görə ilk onluğa daxil olub. "Standart & Poor's", "Moody's" və "Fitch Ratings" kimi nüfuzlu reytinq agentlikləri tərəfindən isə Azərbaycanın reytinqi ardıcıl olaraq artırılıb və "BB+" investisiya reytinqi təyin edilib. Respublikamız Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkə kimi dəyərləndirilib.

Azərbaycanı yaxın 10 ildə inkişaf etmiş ölkələr sırasında görmək üçün  Prezident İlham Əliyev 3 dəfə artan ümumi daxili məhsulun daha 2 dəfə artırılmasını qarşıya mühüm vəzifə kimi qoyub. Ölkəmiz keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasındadır. Dövlət başçısının ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda qarşıdakı illər üçün hədəfləri və onlara nail olmağın yollarını müəyyənləşdirməyə xidmət edən "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı nəinki ölkə daxilində, beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, ölkəmizin dünya miqyasında öz mövqeyini gücləndirməsi üçün "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ulu öndər Heydər Əliyev tərəfindən yaradılan milli inkişaf modelinə uyğundur. Bu inkişaf konsepsiyasından irəli gələrək növbəti illərdə ölkədə torpaq bazarı inkişaf etdiriləcək, fermerlərin könüllülük əsasında birgə təsərrüfatçılıq ənənələrinin formalaşması təşviq olunacaq. Meliorasiya və irriqasiya tədbirləri, torpaqların eroziyaya uğramasının, suvarılan əkin sahələrinin şoranlaşmasının qarşısının alınması və münbitliyinin artırılması istiqamətində tədbirlər gücləndiriləcək.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin 10 il bundan əvvəl səsləndirdiyi "Biz siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri - ilk növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik" tezisi artıq reallığa çevrilir. Bu gün ÜDM-də özəl bölmənin payının 85 faiz təşkil etməsi qeyri-neft sektorunun inkişafına yönələn diqqətin bariz nümunəsidir. Valyuta ehtiyatlarımız son 10 il ərzində təqribən 30 dəfə, büdcə xərcləri təxminən 20 dəfə artmışdır. Son 10 il ərzində 1 milyon 200 mindən çox iş yeri açılmışdır ki, onlardan 910 mini daimidir. Nəticə etibarilə işsizlik, ilin sonuna qədər olan proqnoza görə, 4,8 faizə düşəcək. Həmçinin yoxsulluq 10 ildə təxminən 10 dəfə azalmışdır və bu gün 6 faizdən azdır. Son illər pensiya təxminən 10, əməkhaqları 6 dəfədən çox artmışdır.

Qeyd etdiklərimizin fonunda bir daha bu reallıq aydın göstərir ki, düzgün iqtisadi təməl, möhkəm iradə ölkənin davamlı inkişafını təmin edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Güclü, qüdrətli, nüfuzlu Azərbaycan isə hər birimizin qürur mənbəyidir.

 

 

 

Qərib MƏMMƏDOV,

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik

Azərbaycan.-2014.- 30 yanvar.- S.5.