İki dost, iki tale

 

Məhəmməd Əmin Rəsulzadə-130

 

Siyasi sarsıntılar, müharibələr və inqilablar əsri kimi  qiymətləndirilən XX əsr, eyni zamanda, bir çox xalqlar üçün  milli dirçəliş, milli haqlar uğrunda mübarizə  və milli dövlətçiliyin əldə edilməsi yolunda tarixi şərait və geniş imkanlar dövrü olmuşdur. XX əsri öz əzəli torpaqlarında, lakin 2 böyük dövlətin sərhədləri hüdudlarında qarşılayan Azərbaycan xalqı əsrin bu tələblərinə cavab vermiş, yaranmış tarixi şəraitdə öz milli və demokratik  hüquqlarını təsdiqləmək cəhdləri etmiş, öz mübarizəsində  bu və ya digər dərəcədə uğurlar qazanmışdır. 1906-1911-ci illərdə İranda Konstitusiya - Məşrutə inqilabında cənubi azərbaycanlıların aparıcı rolu, 1917-1920-ci illər Təbrizdə Ş.M.Xiyabaninin rəhbərliyi  ilə milli-demokratik hərəkat, nəhayət, əsrin əvvəllərindən başlayaraq Şimalı Azərbaycanda güc toplayan milli şüur, milli dirçəliş və milli hərəkatın öz inkişafında azərbaycanlıların milli dövlətçiliyinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə  nəticələnməsi deyilənlərə sübutdur. Bütün bu hərəkatlar, təbii ki, öz qəhrəmanlarını -  siyasi liderlərini, ideoloqlarını,  ictimai və dövlət xadimlərini, sərkərdə və inqilabçılarını yetirmişdir. Lakin XX əsrin ilk onilliklərində Azərbaycanın  siyasət meydanına çıxmış tarixi şəxsiyyətlərdən   iki nəfəri ideoloq - dövlət xadimi kimi təmsil olunmuşlar: Şimalı Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə - Cənubi Azərbaycanda (və İranda) Seyid Həsən Tağızadə.  Azərbaycanın iki böyük  paytaxtında  -  Bakıda və Təbrizdə,  ruhani ailələrində  dünyaya gəlmış bu iki şəxs,  taleyin hökmü  ilə  öz siyasi-ictimai  görüşlərinin hələ formalaşdığı bir dövrdə tanış olmuş, bu tanışlıq məsləkdaşlığa, daha sonra əməkdaşlığa çevrilmiş     böyük bir dostluğun təməlini qoymuşdur.

Oxucuların S.H.Tağızadəni (1878-1970) daha az tanıdıqlarını təxmin edərək bu  görkəmli və  son dərəcə maraqlı şəxsiyyət haqqında bir qədər ətraflı məlumat verməyə çalışacağıq. Təbrizin hörmətli və nüfuzlu  ailələrindən sayılan Tağızadələrin əsilləri  Naxçıvanın  Ordubad nahiyəsinin Vənənd kəndindən, Mir Haşımin nəslindən idi.  Seyid Həsənin atası Seyid Tağı  Rusiya təbəəsi olmaq istəməyərək hələ cavan yaşlarından Təbrizə gəlmiş, burada Şəbüstərilər nəslindən olan bir qızla evlənmiş və bu izdivacdan  onun 4 oğlu olmuşdur.  1878-ci ildə Təbrizdə, ali  ruhani -  müctəhid  ailəsində doğulan Seyid Həsən  kiçik yaşlarından dini təhsil almış,  daha sonra  müstəqil şəkildə dünyəvi elmləri öyrənməyə başlamış, Təbrizdəki müxtəlif məktəblərdə, o cümlədən Amerika missionerlərinin məktəbində oxumuşdur. Həmin dövr Təbrizdə İranın digər şəhərlərindən fərqli bir mütərəqqi mühitin mövcud olması da müstəqil şəkildə Qərb və Şərq maarifçilərinin və filosoflarının əsərlərini mütaliə edən, xarici dilləri öyrənən gənc Tağızadənin dünyagörüşünün formalaşmasına güclü təsir etmişdir. 1904-cü ildə Seyid Həsən yaxın dostu, gələcəkdə Cənubi Azərbaycanın  böyük maarifçi xadimi  Mirzə Məhəmməd Əli Tərbiyət ilə birlikdə Cənubi Qafqaza səfər edərək, əvvəl Culfadan Naxçıvana, sonra İrəvana gəlir, burada azərbaycanlı ziyalılar, o cümlədən  Qurbanəli Şərifovla görüşür, ilk dəfə qatara minərək Tiflisə  gedir. "Avropanın ilk qapısı" kimi  qəbul etdiyi Tiflis mühiti, ziyalılar, xüsusən  azərbaycanlılarla görüşlər Tağızadənin yaddaşında dərin iz buraxır. "Şərqi Rus" qəzeti  redaksiyasında onun  təsisçisi və redaktoru Məhəmməd Ağa Şahtaxtinski,  qəzetin gənc əməkdaşları Cəlil  Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və Rəşid İsmayılov ilə tanışlığı,  Şərqdə modernləşmə düşüncəsinin ən qızğın tərəfdarları və daşıyıcıları olan bu insanlarla söhbətlərini S.H.Tağızadə sonralar özünün Tiflisdəki ən faydalı görüşləri kimi qiymətləndirmiş, onların hər biri haqqında dəyərli fikirlər söyləmişdir.

Tiflisdən İstanbula, daha sonra Misirə (İskəndəriyyə və Qahirə), Beyrut və Dəməşqə yollanan  və həmin ölkələrin mütərəqqi ruhlu ziyalı dairələrində ən geniş mövzularda - Şərq-Qərb, Qərb-İran, İranın problemləri və  həlli yolları  ətrafında geniş fikir mübadiləsi aparan S.H.Tağızadə  6 ay sürən bu səfərdən və görüşlərdən  bir nəticə - İranda modernləşmə uğrunda siyasi vasitələrlə mübarizə aparmağın zəruriliyinə tam əminlik hasil edir. Öz yeni siyasi baxışlarını S.H.Tağızadə əvvəl Qahirədə, sonra Təbrizdə nəşr etdirdiyi "İranın hazırkı durumu və ya tarixin məhkəməsi" adlanan  ilk iri həcmli, proqram xarakterli məqaləsində şərh edərək  keçmişdə şanlı tarixə malik olan İranın müasir dövrdəki durğunluqdan və gerilikdən nicatının Qərb mədəniyyətini mənimsəməkdə olduğunu göstərir.

İranın xarici asılılığının güclənməsi, daxili ziddiyyətlərin kəskinləşməsi, xalq kütlələrinin narazılığının artması 1905-ci ildə İranda Məşrutə (konstitusiya)  inqilabı adlanacaq kütləvi etirazların başlanması ilə nəticələnir. Müxtəlif əhali təbəqələrinin tələbləri qarşısında Şah hakimiyyəti 1906-cı ilin avqust ayında  Konstitusiyanın qəbul edilməsi və İran Parlamentinin - Məclisinin yaradılması  haqqında fərman verir. Azərbaycandan Məclisə seçkilər yalnız noyabr ayında (Məclis işə başladıqdan sonra) keçirilir.  Tağızadə özü bu vaxt artıq Tehranda olsa da, onun yuxarıda adı çəkilən məqaləsi Təbrizdə kitabça şəklində çap olunaraq Məşrutə tərəfdarlarının diqqətini cəlb etməsi,  onun seçki kampaniyasında iştirak etmədən  Azərbaycandan nümayəndə kimi Məclisə deputat seçilməsinə səbəb olur. Dərhal qızğın fəaliyyətə başlayan S.H.Tağızadənin rəhbərliyi ilə azərbaycanlı deputatlar Məclisin işinin Avropa standartlarına uyğun şəkildə təşkil edilməsinə, Əsas Qanunun və ona  Əlavənin müasir qanunvericilik tələblərinə cavab verməsi sahəsində ciddi səy göstərir, bir sıra mühüm qanunların qəbul edilməsinə nail olurlar.  Lakin bütün bu nailiyyətlər  kəskin mübarizə şəraitində əldə edilir, Tağızadənin radikal çıxışları bir tərəfdən onun xalq arasında böyük nüfuz qazanmasına, digər tərəfdən   hakim mühafizəkar qüvvələrin, şah və  sarayın dərin qəzəbinə səbəb olur. Son nəticədə Məclisin mövcudluğu ilə barışa bilməyən İranın hakim mühafizəkar qüvvələri Tehrana hərbi qubernator təyin edilmiş  rus kazak briqadasının polkovniki Lyaxovun dəstəyi ilə 1908-ci il iyunun 23-də hərbi çevriliş edərək birinci Məclisi top atəşinə tutmaqla dağıdır. Məşrutəçi qüvvələrə qarşı hücum zamanı bir neçə deputat həlak olur və öldürülür. Çoxlu sayda deputatlar həbs edilir, bir çoxları xarici səfirliklərdə gizlənirlər. İngilis səfirliyinə sığınan S.H.Tağızadə ölkədən 1,5 il müddətinə sürgün olunmaq şərti ilə İranı tərk etməli olur. Bakıya gələn Seyid Həsən burada geniş fəaliyyət göstərən iranlıların xeyriyyə cəmiyyətindən maddi və mənəvi dəstək alaraq konstitusiya lehinə təbliğat aparmaq üçün Avropaya yollanır. Yalnız  həmvətənləri arasında deyil, artıq Bakının  siyasi və ziyalı ictimaiyyəti arasında tanınan Tağızadə bu səfər zamanı ondan müsahibə almağa gələn Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Həmin dövr 24 yaşlı Məhəmməd Əminin çiyinləri arxasında "Müsəlman Gənclik Təşkilatı" adlı gizli bir dərnəyin yaradıcısı, "Müsəlman sosial-demokrat "Hümmət" qrupunun banilərindən biri və 5 ildən artıq müddətdə Tiflis və Bakı mətbuatında rus istibdad rejiminin tənqidinə həsr olunmuş onlarla məqalənin müəllifi kimi  siyasi mübarizə təcrübəsi var idi. 1909-cu ilin əvvəllərində "Tərəqqi" qəzetində hökumət əleyhinə yazılarına görə həbs olunmaq təhlükəsi qarşısında qalan M.Ə.Rəsulzadə Bakını tərk edərək həmin qəzetin müxbiri kimi  İrana gedir. Bu dövr - Tehranda Məclis topa tutulduqdan və ölkədə irtica rejimi bərqərar olduqdan  sonra Məşrutə hərəkatının mərkəzi Azərbaycana - Təbrizə keçmişdi və Rəsulzadənin İrana gəldiyi günlər Səttarxanın başçılığı ilə Azərbaycan azadxahları şah qüvvələrinə qarşı mütəşəkkil və mübariz ordu kimi çıxış edirdilər. Cənubi Azərbaycanın şəhər və kəndlərini addım-addım gəzən, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edən, Təbriz Əncüməninin (yerli idarə orqanı) üzvləri, ziyalılar və azadlıq mücahidləri ilə görüşən, Səttarxanla müsahibə aparan M.Ə.Rəsulzadə özünün məşhur "İran məktubları"nı yazır. "Tərəqqi" qəzetinin 1909-cu il yanvar-avqust saylarında dərc olunan bu məqalələr silsiləsi Təbriz üsyanının salnaməsi olmaqla, 11 aylıq mühasirədən sonra onun rus ordularının birbaşa müdaxiləsi ilə yatırılması, Azərbaycanın bütün məntəqələrində azadxahlara tutulan divan və təzyiqlərin canlı şəhadəti sayıla bilər. Bu məktublarda Londonda Qərb ictimai fikrini İrana yönəltmək məqsədilə geniş  təbliğati iş apardıqdan sonra Təbrizə qayıtmış S.H.Tağızadənin də adı çəkilir, onun "həmvətənləri ilə əl-ələ verərək tamam o mühasiratı çəkdiyi" vurğulanır.

Təbriz üsyanının qan içində yatırılması İranın digər vilayətlərində şah rejiminə qarşı çıxışların başlanmasına təkan verir. Vəziyyəti  düzəltməyə çalışan Məmmədəli şah yeni seçki qanunu hazırlanması haqqında fərman imzalayır. Bu məsələ ilə bağlı şah hökuməti ilə müzakirələr aparmaq məqsədilə Azərbaycan əncüməni ölkənin digər əncümənləri tərəfindən vəkil seçilir və S.H.Tağızadə bu işdə  "baş məsləhətçi" kimi iştirak edir. Maraqlıdır ki, müzakirələrdə şah tərəfini də etnik azərbaycanlılar təmsil edirdilər.

İki ay davam edən müzakirələrdən sonra, 1909-cu il iyul ayının 1-də yeni seçki qanunu təsdiq olunur ki,  bu qanunu məhz S.H.Tağızadənin fəaliyyətinin  nəticəsi hesab etmək olar. Çünki həmin vaxt Təbrizdə qanunvericilik sahəsində ondan təcrübəli və nüfuzlu şəxs yox idi.

İran  Məclisinə  yeni seçkilərin keçirilməsi kampaniyasını "Tərəqqi" qəzetində geniş işıqlandıran Rəsulzadə İranın, demək olar ki, bütün vilayətlərindən gələn siyahılarda Tağızadənin adı  və ya onun haqqında belə bir qeyd olduğunu yazır: "Tağızadə cənablarını yazmayırıq, zira bilirik ki, o yəqinən Azərbaycandan seçiləcəkdir". Həqiqətən, həm Tehrandan, həm də Təbrizdən II Məclisə deputat seçilən Tağızadə  Məclisdə Təbrizi təmsil etməyə üstünlük verir.

Lakin həmin dövr İranın əsas  siyasi məsələsi  yalnız Məclisə  seçkilər deyildi.  Əyalətlərdə hələ də davam edən etiraz dalğaları  Gilan mücahidləri və bəxtiyarı tayfasının birgə silahlı çıxışları nəticəsində 1909-cu il iyul ayının 16-da Məhəmməd Əli şahın devrilməsi və onun 14 yaşlı oğlu Əhməd Qacarın taxta oturulması ilə nəticələnir.  Həmin dövr silahlarını hələ də yerə qoymayan fədai dəstələrinin, xüsusilə Qafqaz  fədailərinin fəaliyyətinə son qoymaq məsələsini dinc yolla  həll etməyə çalışan şah hökuməti fədailərin arasında böyük nüfuzu olan S.H.Tağızadəni təcili olaraq  Təbrizdən Tehrana çağırır. Rəsulzadənin "Tərəqqi" qəzetində nəşr olunmuş son  məqalələrindən onun Tağızadəni Tehrana müşayiət etdiyi aydınlaşır. "Mütləqiyyəti-hakimə" adlı  yazısında  Rəsulzadə İkinci Məclis  çağırılana qədər  Nazirlər Kabinetinin fəaliyyətinə nəzarəti həyata  keçirmək üçün 20 nəfərdən ibarət seçilmiş Ali İdarə Heyətinə daxil olan Tağızadəni "İranın yeganə siyasətçisi" adlandıraraq bu heyətin görəcəyi işlər barədə ondan müsahibə alır. 16 avqust 1909-cu il tarixdə dərc olunmuş bu məqalə Rəsulzadənin "Tərəqqi"  qəzetində çap olunmuş son  "İran məktubudur". Lakin elə bu yazının axırında  "Yeni qəzetə" adlı   bir  elanda gələn həftədən "İrane-nou" (Yeni İran) adlı forma və proqramına görə Avropa üsulunda ilk  gündəlik qəzetin nəşrə başlayacağı  və "müxbiriniz Məhəmməd Əmin Rəsulzadənin bu qəzetdə yaxından iştirak edəcəyi"  xəbər verilir.

23 avqust 1909-cu il tarixdə Tehranda "İrane-nou" qəzetinin nəşri  ilə M.Ə.Rəsulzadənin yalnız İran fəaliyyətinin deyil, həm də S.H.Tağızadə ilə  əməkdaşlığının  yeni dövrü başlayır. Rəsulzadənin və  Tağızadənin bu qəzetlə bağlı xatirələrində İranda yeni, Avropa  tipli ilk qəzetin buraxılması ideyasının nə zaman və nə məqsədlə yaradıldığı haqda bir söz deyilmir. Lakin  bu qəzetin Tağızadənin İranın modernləşməsi proqramının tərkib hissəsi olduğu və onun Rəsulzadənin timsalında  bu mühüm  vəzifənin öhdəsindən gələ biləcək bir şəxs, professional qəzetçi, siyasi publisist, nəhayət, həmməslək tapdığı şübhə doğurmur.  Rəsulzadə üçün də bu qəzetin baş redaktorluğu, sadəcə, yeni iş yeri olmayıb,  dini-klerikal və despotik-mühafizəkar siyasi mühitin hökm sürdüyü İran cəmiyyətində ilk dəfə demokratiya prinsiplərini - azadlıq, bərabərlik, ədalət  ideyalarının təsbit edilməsi, doğma Azərbaycan xalqı da daxil olmaqla 15 milyonluq İran xalqlarının  ən əvvəl vətəndaşlıq hüququnun tanınması, xalqın da öz hüquqlarını yeni, demokratik yollarla müdafiəyə hazırlanması kimi mühüm bir işdə siyasi təcrübə əldə etmək imkanı idi. "İrane-nou" qəzeti eyni zamanda daha bir missiyanı yerinə yetirməli idi. Cəmiyyətin siyasi  mədəniyyətinin və parlament sisteminin əsas  göstəricisi olan siyasi partiyanın təşkili və hələ seçkiləri davam edən 2-ci çağırış Məclisdə yaradılması nəzərdə tutulan Demokrat fraksiyasının fəaliyyətinin  yeni əsaslarla qurulması günün tələbi kimi ortaya çıxırdı. Tağızadənin başçılığı ilə yaradılan   İranın mütərəqqi fikirli siyasi və ictimai xadimlərinin, geniş ziyalı təbəqələrinin təmsil olunduğu İran Demokrat Partiyası (İDP) ölkədə partiya sisteminin əsasını qoyur. İran təbəəsi olmayan M.Ə.Rəsulzadənin bu partiyanın təşkilatçılarından biri kimi onun Mərkəzi Komitəsi heyətinə daxil edilməsi və partiyanın mərkəzi mətbuat orqanı, fars dilində buraxılan "İrane-nou" qəzetinin ideya rəhbəri və  baş redaktoru təyin edilməsi  25 yaşlı  Məhəmməd Əminin İranın ali siyasi dairələrində artıq ciddi və yetişmiş bir siyasətçi kimi qəbul olunduğunu göstərirdi. Birmənalı demək olar ki,  nəşr olunduğu müddətdə (müxtəlif fasilələrlə avqust 1909 - may 1911) "İrane-nou" qəzeti boynuna düşən missiyanı şərəflə  yerinə yetirmişdir. İran mətbuatı tarixinə həsr edilmiş bütün kitab və tədqiqatlarda "Bakılı Məhəmməd Əmin Rəsulzadənin sər-dəbiri (baş redaktoru) olduğu bu ruznamə" öz dövründə İranın ən nüfuzlu mətbuat orqanı kimi qiymətləndirilir. Rəsulzadənin özünün "M.Əmin", "R-zadə", "Rəsulzadə", "Niş" (neştər) imzaları ilə, eləcə də imzasız dərc olunan baş məqalələri və  redaksiya şərhləri nəzərə alınmaqla bu qəzetdə 200-dən artıq yazısı  dərc olunmuşdu. Məhəmməd Əminin yalnız İran mövzusu ilə məhdudlaşmayaraq Şərq, Avropa, Rusiya və əlbəttə ki, Azərbaycan tarixi və ədəbiyyatı sahəsində geniş bilgilərini qəzet səhifələrinə gətirməsi, onun özünün də etiraf etdiyi kimi, bu qəzeti  yalnız nüfuzlu deyil, həm də son dərəcə oxunaqlı etmiş, beləliklə, "İrane-nou"  siyasi orqan olmaqla yanaşı, həm də geniş maarifçilik missiyasını yerinə yetirmişdir. 

Lakin nə Tağızadənin İran məclisində deputat, nə də Rəsulzadənin  qəzet redaktoru kimi fəaliyyəti heç də rahat və sakit olmamışdır. Tağızadənin başçılıq etdiyi inqilabçı, dünyəvi,  radikal Demokrat fraksiyası Məclisdə əksəriyyət təşkil edən Etedaliyyun (mühafizəkar) fraksiyası arasında  ictimai, iqtisadi, siyasi, mədəni  islahatlar və onların  aparılması üsulları məsələlərində  ciddi   ixtilaflar mövcud idi. Digər tərəfdən,  Tağızadənin  dinin siyasətdən ayrılması, həmçinin  qətl törətmiş axundun cəzalandırılması kimi tələblərini  İslam tarixində görünməyən  radikal mövqe kimi qiymətləndirən  ruhanilərin sərt münasibəti sonda Tağızadəyə qarşı "dinsizlik"dən tutmuş "müstəmləkəçilərlə əməkdaşlıq" kimi ittihamların irəli sürülməsi və onun nəinki Məclisdən, ümumiyyətlə, İrandan çıxarılması tələbi ilə  nəticələnir.   

Təbii ki, Rəsulzadə   bu qüvvələrin diqqətindən kənarda qalmır. 1910-cu ildə ayrıca kitabça şəklində "Tənqidi firqeyi E'tidaliyun və ya Ectimaiyun-E'tidaliyun"  ("Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi") adlı əsərin nəşrindən  tutmuş, "İrane-nou" qəzetinin bütün fəaliyyəti istər hökumət dairələrini, istərsə də qəzetin antirus istiqamətindən narazı olan Rusiyanın İrandakı səfirliyini bu nüfuzlu qəzetin bağlanması və Rəsulzadənin isə İrandan xaric edilməsi üçün  bəhanə axtarmağa sövq edirdi. Nəhayət, Rəsulzadənin Amerikadan İranın maliyyə sistemində islahatlar aparılmaq  üçün dəvət olunmuş  Morqan Şusterlə apardığı siyasi müsahibə əsas sayılaraq  Rusiya səfirliyinin təşəbbüsü və İran hökumətinin tələbi ilə Rəsulzadə də İranı tərk etməli olur. Qeyd olunmalıdır ki,  Qərb mətbuatı "İrane-nou" və Rəsulzadə ətrafında baş verən hadisələrlə yaxından maraqlanmış, Parisdə çıxan "Siqeyl" qəzetinin Tehrana gəlmiş xüsusi müxbiri qəzet və onun baş redaktoru haqqında böyük bir reportaj dərc etmişdir. İranın o zamankı xarici işlər naziri, Rəsulzadənin "yaxın dostum" adlandırdığı Hüseyn Xan Nəvvab Rəsulzadənin şərəfinə şam yeməyi vermiş, bu məclisində S.H.Tağızadə və digər şəxslərlə birlikdə "Tayms" qəzetinin müxbiri və İngilis səfirliyinin hərbi attaşesi Stoks da iştirak etmişlər.   

Beləliklə,  bir neçə aylıq fasilə ilə Tağızadə və Rəsulzadə İranı tərk etməli olurlar. 1909-1911-ci illər bu iki  şəxsin hər birinin  həyatında bir çox cəhətdən əhəmiyyətli olmaqla onların münasibətini  ən əvvəl məsləkdaş,  eyni  əqidə və məqsəd  yolunun mübarizləri kimi qiymətləndirməyə imkan verir.

S.H.Tağızadənin amalının İslama və şəriətə zidd, Məclis, ölkə və millətin işlərində iştirakının zərərli olduğunu əsas gətirərək onun   Məclisdən və İrandan çıxarılması haqqında Nəcəf üləmalarının  verdiyi   fətvanın tələbini  İran Məclisi tam yerinə yetirməyərək ona  üç aylıq məzuniyyət verməklə  mandatdan məhrum etməsə də,  Tağızadəyə vurulan "kafir" damğası onun vəziyyətini xeyli çətinləşdirir. Təbrizə gəlib dörd ay burada qalan S.H.Tağızadə "rusların ona qarşı intriqasından" ehtiyat edərək Demokrat Partiyasının Azərbaycan təşkilatının qərarı ilə İranı tərk edir və İstanbula gedir.  İrandan gizli surətdə Bakıya qayıdan M.Ə.Rəsulzadə də qısa müddətdən sonra təqib və həbs olunmaq təhlükəsi qarşısında İstanbula gəlir və burada yenidən Seyid Həsən Tağızadə ilə görüşür. Daha iki il davam edəcək İstanbul dövründə Tağızadə və Rəsulzadənin dostluğu istər gündəlik həyatın maddi çətinliklərindən, istərsə də artıq dəyişməkdə olan  məslək və məqsəd müxtəlifliyinin sınağından çıxır. Rəsulzadənin ağır maddi sıxıntı  içində olduğunu görən Tağızadə onu öz yanında yaşamağa dəvət edir    "fikirləşib dolanışıq üçün bir çarə axtaran" dostlar  fars dili kursları təşkil etmək və bu yolla azacıq da olsa, gəlir əldə edib dolanmaq qərarına gəlirlər. Həmin dövrü öz xatirələrində ətraflı təsvir edən Tağızadə özünün bir sıra Avropa ölkələrinə səfərlərindən  sonra yenidən  İstanbula qayıdaraq, Rəsulzadə ilə birgə yaşayışını  belə təsvir edir: "Pul daşdan çıxırdı. Hətta iş o yerə çatdı ki, yeməyə quru çörək tapmırdıq. Fars dili dərsi deyirdik. Ayda  əlimizə 1 lirə pul gəlirdi. Millətçi şəxslərdən yanımıza tez-tez gələnlər olurdu. Bizimlə dostluq edirdilər. Türklər almanların tərəfini tuturdu. Onların rəhbərləri Osmanlıya gəlmişdi. Türklərin komitəsi onlara azacıq da olsa, maddi yardım edirdi. Bizimlə dostluq edənlər bu komitənin üzvləri idilər. Deyirdilər, Avropadan olan liberallara kömək göstərirlər. Amma İrandan gələn liberallara yardım etmirdilər. Axırda qərara aldılar ki, bizə də bir şey versinlər. Bir-iki ay azacıq da olsa, bizə yardım etdilər. Boynumuzda haqları var.  Sonra mən İstanbuldan çıxıb getdim. Rəsulzadə qaldı İstanbulda. Tədricən onlara tərəf meyil göstərirdi. Tamamilə türk tərəfdarı olmuşdu. Mən gedəndən sonra birdəfəlik dönüb türkpərəst oldu".

Bu sonuncu sətirlər Rəsulzadənin dünyagörüşündə baş verən dəyişikliklərin Tağızadə tərəfindən o qədər də təqdir edilmədiyinə çox ehtiyatlı işarədir. Həqiqətən, 1911-ci ilin yayında İstanbula gələn Məhəmməd Əmin burada yalnız türkiyəli fikir adamları ilə deyil, Bakı türkçülüyü məktəbinin baniləri, özünə müəllim və məsləkdaş bildiyi Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevlə də sıx təmasda olmuş və təbii ki, onun ictimai-siyasi nəzərlərində türkçülüyə doğru meyil daha da güclənmişdi. Lakin Rəsulzadənin "İrane-nou" qəzetindəki fəaliyyətindən və İrana dair məqalələrində işlətdiyi "məmləkətimiz İran", "biz iranlılar" və s. kimi ifadələrindən çıxış edərək  onun özünü "iranlı" kimi tanıdığını və yalnız İstanbulda türklərin təsiri altına düşdüyünü düşünmək üçün heç bir əsas yox idi. Buna ən bariz sübut Rəsulzadənin  artıq 1912-ci ildə İstanbulda dərc etdirdiyi "İran türkləri" adlı məşhur məqalələr silsiləsi ola bilər. Rəsulzadənin 1909-1911-ci illər İrandakı müşahidələrinin və siyasi-publisist  fəaliyyətinin  ən mühüm və əhəmiyyətli yekunu sayıla biləcək bu əsərində ilk dəfə İran türklərinin yaxın keçmişi, yaşadığı ərazilər, məişəti, məşğuliyyəti, ədəbiyyatı və nəhayət, İran dövlətçiliyində yeri və rolu barədə  müfəssəl və dərin məlumatlar verilmiş, İran türkləri dəfələrlə "azərbaycanlılar" adlandırılmış, türk-fars münasibətləri,  fars və türk dillərinin mövqeyi təhlil edilmiş,   nəhayət, "iranlı"  kəlməsinin mənasını açıqlamışdır. İran türklərinin  əsrlərdən bəri İranda "dövlətyaradan" millət, İran şahlarının isə yüzilliklər boyu türk tayfalarının nümayəndələri olduğunu vurğulayan Rəsulzadə türklərin İranı öz vətəni hesab etdiyini qeyd etmiş,  İranın müasir  tarixindən yazarkən Məşrutə  hərəkatında və İran Məclisində türklərin aparıcı mövqeyinin dərin təhlilini vermişdir. Diqqətəlayiqdir ki,  İran Məclisində bir-birilə  çarpışan iki - yeniliklə əskilik cərəyanlarının  olduğunu, türk deputatlarının böyük əksəriyyətlə yeniliyi təmsil etdiyini  vurğulayan Rəsulzadə yazırdı: "Yenilik cərəyanının başında iki gənc Azərbaycan məbusu (deputat), məşhur Tağızadə ilə mərhum Hacı Mirzə İbrahim dururdu". Həmçinin İranın müasir siyasi həyatında əsas partiyaların - Demokrat və İctimaiyyun-Etidaliyun -  hər ikisinin ideya rəhbəri və aparıcı qüvvəsinin türklər olduğu qeyd edilirdi.  Demokrat Firqəsinin mətbuat orqanı olan "İrane-nou"  qəzetinin redaksiya heyətini də Azərbaycan türkləri təşkil edirdilər.  "2-ci Çağırış İran Məclisinin 90-a yaxın üzvündən 25-i türk olduğu kimi, Demokrat Firqəsinə daxil olan 21 deputatdan 14-ü də türk idi" - yazan    Rəsulzadə  "Demokrat" firqəsinin rəisi"  S.H.Tağızadənin İran Məclisində, xüsusilə yenilikçilər arasında son dərəcə böyük nüfuza malik olduğunu nəzərə çatdırırdı.

Burada bir məqam qeyd edilməlidir ki, "dilimin türk dili olduğuna və türkdilli vilayətdən olduğum üçün də sevinc və qürur duyuram" deyən  Tağızadə özü də "iranlı" məfhumunu Rəsulzadə şərh edən mənada - yəni "vətəndaşlıq" anlayışı kimi qəbul edir. "Lakin mənim üçün İrandan əziz heç nə yoxdur və mən özümü tam və yüz faiz iranlı hesab edirəm" deməklə öz  timsalında iranlılığın etnik mənsubiyyətə bağlı olmadığını,  İran türkləri və ərəblərinin də iranlı olduqlarını bildirməklə,  çoxmillətli  İran cəmiyyətində Vətən anlayışının və  vətəndaşlıq hissinin milli hisslərdən əvvəl və yüksək tutulmasını vacib sayır. Şovinizmi qətiyyətlə pisləyən  S.H.Tağızadə həqiqi vətənpərvərliyin ədalət, rifah və azadlıq, o cümlədən dil və din azadlığı əsasında formalaşdığını vurğulayır.

S.H.Tağızadə bir siyasətçi kimi uzun və məhsuldar fəaliyyəti boyu ən müxtəlif səviyyələrdə və formalarda bu mövzulara öz münasibətini bildirmiş, lakin məsələyə yanaşmada əsas prinsipi - İran dövlətçiliyi dəyişməz olaraq qalmışdır.    1913-cü ildə İstanbulda  Rəsulzadə ilə vidalaşarkən dostunun siyasi nəzərlərinin milli-demokratiyaya doğru dəyişdiyini hiss edən liberal, modernist Tağızadə, yəqin ki,  Məhəmməd Əminin tamamilə fərqli bir tarixi-siyasi-ictimai şərait və şərtlər daxilində  yetişdiyini və bundan sonra da fəaliyyət göstərməli olacağını nəzərə almamış deyildi. Təsadüfi deyil ki, ayrı-ayrı vaxtlarda, o cümlədən istər ömrünün ahıl vaxtında yazdığı "Xatirələri"ndə, o, "fövqəladə dərəcədə ləyaqətli və qabiliyyətli adam" saydığı Rəsulzadə haqqında yalnız ən yüksək fikirlər söyləmişdir.

Tağızadə ilə Rəsulzadənin son görüşü 1922-ci ildə, Moskvada  baş verir. Stalin tərəfindən Bakıda həbsdən azad edilərək Moskvaya gətirilən Rəsulzadə  qəzetlərdən Tağızadənin  İran nümayəndə heyəti tərkibində  Moskvaya gəldiyini və bir müddət burada qalacağını öyrənərək  ona məktub yazır, görüşə bilib-bilməyəcəklərini soruşur. Tağızadə xatirələrində  onu yanına dəvət etdiyini,  bu görüşdən hər ikisinin son dərəcə məmnun qaldıqlarını, sonralar özünün də hərdən Rəsulzadə ilə Abbasqulu Kazımzadənin birgə qaldıqları evə getdiyini bildirir və qeyd edir ki: "Görüşümüzü təqib edib, izləsələr də, bir şey demirdilər".  Rəsulzadənin 1920-ci ildə Lahıcda tutulması və ondan sonra başına gələn əhvalatları təfsilatı ilə nəql etməsindən bəlli olur ki, Tağızadə  ilə görüşlərində Rəsulzadə tam səmimi olmuş və onun simasında İranın ali mənsəbli dövlət xadimini deyil, yaxın dostunu görmüşdür.  Rəsulzadənin Peterburqa getməsi, ordan Finlandiyaya, Almaniyaya, daha sonra Türkiyəyə keçməsi, Məhəmmədəli Tərbiyətlə dostluq etməsi,  Stalinə məktub yazması   və s. kimi təfərrüatlar, eləcə də İstanbulda "türklərlə  yaxın olduğuna görə iranlılar onunla çox da yaxınlıq etmirdilər" kimi ifadələr Tağızadənin Məhəmməd Əminin mühacir həyatından yaxşı xəbərdar olduğunu göstərir.

1955-ci ildə Hindistana səfəri zamanı M.Ə.Rəsulzadənin vəfatı xəbərini alan S.H.Tağızadə də bu xəbərdən bərk sarsılmış və onun haqqında  İranda "Suhən" (Söz) qəzetində "Hadisələrlə dolu bir həyatın sonu" adlı məqalə yazaraq  Rəsulzadəni yad etmişdir.

XX əsrin əvvəllərində eyni etnik kökə malik, oxşar uşaqlıq və gənclik dövrü yaşamış, eyni niyyət və məqsədlə mübarizə meydanına qədəm qoymuş  bu iki görkəmli şəxsiyyətin  sonrakı siyasi yolları bir çox səbəblərdən ayrılmışdır.  Tağızadə mənsub olduğu xalqın azadlıq və səadət yolunu modern  İran dövlətçiliyində görmüş və bütün həyatını bu məslək uğrunda mübarizəyə həsr etmişdir. Rəsulzadə milli Azərbaycan dövlətçiliyi yolunu seçmiş və bütün həyatını bu məslək uğrunda mübarizəyə həsr etmişdir. Rəsulzadə 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri, Tağızadə isə İran Senatının sədri olmuşdur.

92 il ömür sürmüş Tağızadə öz ölkəsinin qanunvericilik orqanlarında və  hökumət kabinələrində ən yüksək vəzifələr tutmasına baxmayaraq, onun ömrünü sərf etdiyi Modernləşmə nəzəriyyəsi  və proqramı İran cəmiyyətində reallaşmamış, 1979-cü ildə İranda hakimiyyətə gələn dini-ruhani rejim isə bir daha  S.H.Tağızadəni Qərbə satılmaqda ittiham edərək onun adını ölkədə yasaq  etmişdir.  Bu yasaq indi də qalmaqdadır.  

70 il müddətində sovet rejimi də Məhəmməd Əmin Rəsulzadənin bir kərə qaldırdığı bayrağı ilə birgə  adını da onun xalqının hafizəsindən və tarixindən silmək cəhdi etmiş, sovet azərbaycanlıları üçün tamam başqa bir ideologiya və şərtlər əsasında  dövlət qurmuşdur. Lakin son nəticədə Rəsulzadəyə münasibətdə  tarixi ədalət bərpa olunmuş, Tağızadənin hələ 1955-ci ildə  "Əziz dostu"  ilə vida məktubunda yazdığı: "Yüz il sonra da Məhəmməd Əmin Rəsulzadə sovet Azərbaycanı üçün Qandi kimi birisi olaraq qalacaqdır" sözləri həqiqət olmuşdur. Neçə onilliklərdən sonra Məhəmməd Əmin Rəsulzadənin adı, zəngin irsi və xatirəsi bir daha üçrəngli bayrağı qaldıran Vətəninə qayıtdı.  Bu gün Azərbaycan xalqı unudulmaz oğlu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyini layiqincə qeyd edir.

 

 

 

Solmaz RÜSTƏMOVA-TOHİDİ,

tarix elmləri doktoru, professor,

 

Əfşan ŞƏFİYEVA,

tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2014.- 30 yanvar.- S.6.