Dövlət İdarəçilik
Akademiyasında konfrans keçirilmişdir
Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) görkəmli dövlət xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.
Əvvəlcə M.Ə.Rəsulzadə haqqında sənədli film nümayiş etdirilmişdir.
Dövlət İdarəçilik Akademiyasından AzərTAc-a bildirmişlər ki, konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamının əhəmiyyətindən danışmışdır.
Rektor görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti barədə fikirlərini bölüşmüşdür.
Qeyd olunmuşdur ki, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev kimi şəxsiyyətlər Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazmışlar.
Akademik U.Ələkbərov cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlərin həyata keçirildiyini, Müsəlman Şərqində ilk demokratik parlamentin formalaşdığını və digər tarixi faktları xatırlatmışdır.
Professorlar
Etibar Nəcəfov "Azərbaycanın ictimai-siyasi fikrində
Məhəmməd Əmin Rəsulzadənin yeri", Musa
Quliyev "Azərbaycan istiqlal hərəkatı və Məhəmməd
Əmin Rəsulzadə", dosentlər Rahib Əkbərov
"Milli-hüquqi dövlət quruculuğunda Məhəmməd
Əmin Rəsulzadənin rolu", Rəna Bayramova "Məhəmməd
Əmin Rəsulzadənin mühacirət dövrü fəaliyyəti"
mövzularında məruzələr etmişlər.
Azərbaycan.-2014.- 30 yanvar.- S.6.