Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı «Xüsusi buraxılış»

 

"Kaspi" qəzeti Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı "Xüsusi buraxılış" dərc etmişdir.

"Xüsusi buraxılış"ın redaksiya məqaləsində yeni tarixinin üçüncü on illiyinə qədəm qoyan müstəqil dövlətimizin gücünü şərtləndirən mühüm amillərdən birinin onun Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması və qısa zamanda bu şərəfli ada layiq olduğunu təsdiqləməsi qeyd edilir.

Bildirilir ki, milli dəyərlərimizin qorunması və təbliği sahəsində dövlətin ardıcıl siyasətinin nəticəsidir ki, Cümhuriyyət qurucularının irsinə daim böyük diqqət göstərilir. Qısa müddətdə orta məktəblər üçün tarix dərsliklərinin yazılması, çoxcildli "Azərbaycan tarixi"nin işıq üzü görməsi, yeni konsepsiyaya söykənərək ümumiləşmiş vəsaitlərin hazırlanması prosesinin davam etdirilməsi, Xalq Cümhuriyyəti Ensiklopediyasının buraxılması, Naxçıvan və İrəvan xanlıqlarının tarixini hazırlayan alimlər korpusuna Dövlət Mükafatının verilməsi milli kimliyimizin öyrənilməsinə mühüm töhfələrdir.

"Xüsusi buraxılış"da bir daha xatırladılır ki, ümummilli lider Heydər Əliyev 1993-cü il dekabrın 29-da "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamaqla Cümhuriyyət irsinə necə böyük önəm verdiyini göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 2013-cü il 22 noyabr tarixli  Sərəncamı ilə bu varislik xəttinin davam etdirildiyini təsdiqləmişdir. Azərbaycan Prezidentinin bu sərəncamı bir daha sübut etdi ki, M.Rəsulzadə adı bir firqənin deyil, Azərbaycan tarixini yaradan şəxsiyyətlərin cərgəsindədir.

 

Azərbaycan.-2014.- 30 yanvar.- S.6.