«Şahdəniz»in ömrü
uzun olacaq
Yaxud bu zəngin qaz mənbəyi haqqında daha
nə bilirik
Azərbaycan yenə də öz sərvətləri ilə dünyanı riqqətə gətirməkdədir. Bu dəfə ən çox mavi yanacağı ilə...
Neft sənayesinin vətəni olan Azərbaycan həmişə təkcə özünü deyil, bir sıra digər coğrafi məkanları da yanacaqla təmin edib.
XIX əsrdə həyata keçirilən kerosin ixracını, XX əsrdə Azərbaycanın neft və neft məhsulları, neft-maşınqayırma avadanlıqları istehsal etməsini və respublikadan kənara da göndərməsini, İkinci Dünya müharibəsi illərində təyyarə və tankların Bakı yanacağı ilə hərəkətə gəlməsini xatırlatmaq kifayətdir.
İyirminci
yüzilliyin sonunda Xəzərin Azərbaycan sektorundakı
"Azəri-Çıraq-Günəşli" yataqlarının
neft verməsi, XXI əsrin əvvəllərində isə
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin
işə düşməsi ölkəni daha uca zirvələrə
çatdırdı.
2006-cı ildə "Şahdəniz" yatağından hasilat əldə olunması, çıxarılan qazın təkcə Azərbaycandakı istehlakçılara deyil, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana, az sonra isə Bakı-Tbilisi-Ərzurum xəttilə Türkiyəyə çatdırılması Azərbaycanın böyük qaz ixracatçısı kimi tanınmasının başlanğıcı oldu. Həmin vaxtdan indiyədək üç ölkədəki istehlakçılar 40 milyard kubmetrdən çox "Şahdəniz" qazı ilə təchiz olunub.
İndi isə Cənub Qaz Dəhlizi yaratmaqla Azərbaycan qarşıdan gələn onilliklər ərzində təkcə sözügedən üç ölkəyə deyil, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ünvanlardakı istehlakçıları qazla təchiz edərək Avropanın enerji xəritəsini dəyişəcək. "Şahdəniz" layihəsinin əməliyyatçısı olan BP şirkətinin mətbuat açıqlamalarının birində deyildiyi kimi: "Şahdəniz-2" və Cənub Dəhlizi boru kəməri layihələri enerji sənayesinin tarixində ən böyük və ən mürəkkəb təşəbbüslərdən biri olacaq. Bu layihələr 11 şirkət, 7 hökumət və 11 topdan qaz alıcısı arasında əməkdaşlığın və uzunmüddətli əlaqələrin qurulmasını tələb edəcək".
Bütün bunlar təsadüfi deyil. Çünki "Şahdəniz" dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Hazırda onun birinci və ikinci mərhələ çərçivəsində işlənilən kollektorlarında ilkin geoloji qaz ehtiyatları 0,9 trilyon kubmetr (33 trilyon kubfut) təşkil edir. Yatağın dayaz və dərin qatlarında əlavə məhsuldar laylar da yerləşir. Bunlar geoloji qaz ehtiyatı həcmlərini 1,4 trilyon kubmetrə (50 trilyon kubfut) qədər artıra bilər.
"Şahdəniz"in ərazisi 140 kvadrat kilometri əhatə edir. Maraqlıdır ki, bu yataq ölçüsünə
və formasına görə Manhetten adasına (ABŞ-ın Nyu-York ştatının bir hissəsinin yerləşdiyi ada) bənzəyir.
"Şahdəniz" elə nəhəng bir yataqdır ki, onun işlənməsini
bir neçə mərhələdə həyata
keçirmək mümkündür. Birinci mərhələ
çərçivəsində qaz yataqda quraşdırılmış
platformadan hasil edilir və sualtı borularla Səngəçal terminalına
çatdırılır.
Hazırda elə birinci mərhələ özü
ayrılıqda ildə
9 milyard kubmetrdən çox qaz və gündə təxminən 55 min barel kondensat verən dünya səviyyəli layihədir. Bunu təsdiq edən faktlardan biri də odur ki,
dünyada öz məhsuldarlığı ilə
seçilən quyular
sırasında "Şahdəniz"in
bir sıra quyuları da var. Onlar ildə 2 milyard kubmetrdən çox hasilatla işləyirlər.
"Şahdəniz" artıq 8 ildir özünün təhlükəsiz
və etibarlı qaz ixracatçısı olduğunu təsdiqləyir. Layihə daxilində
bütün qurğular
təhlükəsizlik baxımından
mükəmməl göstəricilər
nümayiş etdirir.
İkinci
mərhələdə əsas
səylər laylardakı
potensial ehtiyatlara yönəldiləcək ki,
bu da birinci
mərhələdən əlavə,
ildə 16 milyard kubmetr qazın və gündə 120 min barelə qədər kondensatın əldə olunmasına imkan verəcək.
Nəhayət, daha önəmli
bir fakt: "Şahdəniz" uzunömürlü
yataq olacaq. Belə ki, layihənin tərəfdaşları yataqda
layın qazvermə əmsalının artırılmasına
yönəldilmiş yeni,
üçüncü mərhələnin
işlənməsinə dair
uzunmüddətli baxışa
malikdirlər.
Bu baxış 2007-ci ildə
BP tərəfindən qazılmış
kəşfiyyat quyusuna
əsaslanır. Həmin quyu indiyədək
Xəzər dənizində
qazılmış ən
dərin quyudur. Başqa sözlə, yeni yüksək təzyiqli məhsuldar layin aşkar edilməsi "Şahdəniz" üçün
ikinci mərhələdən
sonra da möhtəşəm gələcək
vəd edir. Bir şərtlə ki, bu ehtiyatların işlənilməsində yeni
texnologiyalardan və yeni kəşfiyyat əməliyyatlarından istifadə
olunsun. Çünki sözügedən kollektorun yüksək təzyiqi var.
Bütün bunlar dəniz yataqlarının "şah"ı
"Şahdəniz"in təbiətin
öz səxavətli
əlilə Azərbaycana
bəxş etdiyi əvəzsiz bir sərvət olduğunu təsdiqləyir.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 30 yanvar.- S.7.