«Gəncliyin səsi»

 

Mədəniyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yanvarın 26-dan fevralın 7-dək "Gəncliyin səsi" adlı incəsənət festivalı keçirilir. Gənclər gününə həsr edilmiş festival çərçivəsində muğamklassik musiqilərdən ibarət konsertlər keçirilir, sərgilər təşkil olunur, gənc ədiblərlə görüşlər hazırlanır.

Tədbirlər əsasən mədəniyyət və incəsənət ocaqlarında, muzeylərdə, eləcə də Gənc Tamaşaçılar Teatrının foyesində və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşir.

Festival çərçivəsində Heydər Əliyev Sarayında gənc rəssamların əsərlərinin nümayişi və "Gəncləşən muğam - 5" layihəsi üzrə gənc ifaçıların konserti də nəzərdə tutulub. Eləcə də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Poeziya saatı"nın da keçirilməsi gənc istedadlıların üzə çıxmasına səbəb olacaq. İncəsənət festivalına isə filarmoniyada Azərbaycan Dövlət Simfonik Orkestrinın təqdim etdiyi konsertlə yekun vurulacaq.

 

Azərbaycan.-2014.- 30 yanvar.- S.8.