«Əsrin
müqaviləsi»nin daha bir uğuru
"Qərbi Çıraq" platformasından
ilkin neft alındı
Xəzərin Azərbaycan sektorundakı
"Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlar blokunun
ərazisində quraşdırılmış
səkkizinci platforma neft verdi.
AÇG-nin "ilkin"i
"Çıraq"dan ad alan "Qərbi
Çıraq" platformasından
hasilata başlandı.
Bununla da 2010-cu ilin mart ayında start verilmiş Çıraq Neft Layihəsi (ÇNL) başa çatmış
oldu.
"Qərbi Çıraq"
platforması Xəzərdə
"Çıraq" və
"Dərinsulu Günəşli"
platformalarının arasında
olan ərazidə quraşdırılıb və
onun dayaqları dənizin 170 metr dərinliyində qərar
tutub. Yeni platformanın gündəlik
hasilatının 183 min barel
neft təşkil edəcəyi gözlənilir.
Qurğu
həmçinin gündə
285 milyon standart kubfut qaz ixrac
etmək gücünə
malikdir.
ÇNL-nin dəyəri
6 milyard dollar səviyyəsində
qiymətləndirilmişdi. Layihənin ümumi
dəyərinin təxminən
4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün
xərclənib. Vəsaitin qalan
hissəsi isə istismar müddəti ərzində platformadan istismar quyularının qazılmasına sərf olunacaq.
Bu iri investisiya
AÇG-də layların
neft verməsini optimallaşdırmağa xidmət
edəcək. Başqa sözlə, ÇNL bu yataqlarda hasilatın
sonrakı azalmalarını
ləngidəcək, çıxarılan
neftin həcminin artmasna kömək edəcək. Beləliklə, hasilatın yüksək səviyyəsinin ömrünü
uzadacaq.
Xatırladaq ki, AÇG-nin iştirakçıları BP (operator - 35,78 faiz), ARDNŞ (11,65 faiz),
"Şevron" (11,27 faiz),
"İnpeks" (10,96 faiz),
"Statoyl" (8,56 faiz),
"EksonMobil" (8 faiz),
TPAO (6,75 faiz), "İtoçu"
(4,3 faiz), OVL (2,72 faiz)
şirkətləridir.
AÇG layihəsi çərçivəsində
ilkin neft 1997-ci ilin noyabr ayında
"Çıraq" yatağından
əldə olunub. Sonrakı mərhələlərdə
"Mərkəzi Azəri"
(2005-ci ilin əvvəlində),
"Qərbi Azəri"
və "Şərqi
Azəri" (müvafiq
olaraq 2006-cı ilin yanvarında və oktyabrında) hasilata başlayıblar. "Dərinsulu Günəşli"
isə 2008-ci ilin aprel ayından neft verir.
BP şirkətinin Azərbaycan,
Gürcüstan və
Türkiyə üzrə
regional prezidenti Qordon Birrell deyir: "Bu vaxtadək AÇG yataqlarından
2,3 milyard bareldən artıq neft hasil edilib. Hasilata
başlamış bu yeni platforma kimi yeni texnologiyalara
və qurğulara gələcəkdə də
davamlı investisiyaların
qoyulması ilə
AÇG hələ uzun
onilliklər boyunca dünya səviyyəli yataq kimi öz
hasilatını davam etdirəcək. AÇG-nin
operatoru olan BP şirkəti və tərəfdaşlarımız
hasilatın optimallaşdırılması
və yatağın neftvermə əmsalının
maksimuma çatdırılması
istiqamətində bizi
addım-addım irəliyə
aparacaq səyləri davam etdirmək əzmindədirlər. İnanırıq ki, bu layihə
AÇG-dən hasilatın
sabitləşdirilməsi və
yeni "Qərbi Çıraq" platformasından
daha çox quyular qazmaqla neftvermə əmsalının
artırılması istiqamətində
atılmış böyük
bir addımdır".
Qeyd edək
ki, "Qərbi Çıraq" platformasının
tikintisi bütövlüklə
ölkə daxilində
həyata keçirilib. Belə ki,
onun bütün hissələri Azərbaycanın
dünya səviyyəli
tikinti-quraşdırma sahələrində
inşa edilib.
Platformanın dayaq bloku Heydər Əliyev adına Bakı
Dərin Özüllər
Zavodunun tikinti-quraşdırma
sahələrində yerli
"BOS-Şelf" şirkətinin
əməyi ilə ərsəyə gəlib.
Onun inşası 2010-cu ildən
başlayaraq 2012-ci ilin
sonunadək davam edib. Bu müddət ərzində tikinti işlərinə 2 min nəfər,
o cümlədən subpodratçı
və təchizatçı
müəssisələrin mütəxəssis
və fəhlələri
cəlb olunub. İşçilərin qüvvəsinin təxminən
96 faizini Azərbaycan vətəndaşları təşkil
edib.
Qurğunun üst modulları
isə Bibiheybətdə
yerləşən ATA ("AMEK-Tekfen-Azfen") alyansının tikinti-quraşdırma
sahəsində inşa
olunub. Çəkisi 18500 ton olan bu
qurğu indiyə qədər Xəzər dənizində quraşdırılmış
ən ağır konstruksiyadır. Tikinti
işlərinin aparıldığı
üç il
ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması
başlıca prioritet
sayılıb. Subpodratçılar və təchizatçılar
da daxil olmaqla tikintiyə təxminən 4 min nəfər
cəlb edilib ki, bunun da
90 faizə qədəri
yerli işçilər
olub.
Keçən ilin iyul ayında
Prezident İlham Əliyev qurğunun tikildiyi ATA sahəsinə baş çəkmiş,
üst modulların inşasının tamamlanmasından
məmnun qaldığını
bildirmiş və bu nailiyyətdə əməyi olanların hamısını təbrik
etmişdi.
"Qərbi Çıraq"ın
bütün hissələri
hələ keçən
ildən Xəzərdə,
öz daimi yerində quraşdırılıb
və sınaqların
hamısından uğurla
keçib. Bu günlərdə
isə öncədən
qazılmış quyuların birindən
- J05 quyusundan neft alınıb.
"Qərbi Çıraq"ın
nefti əvvəlcə
platformada quraşdırılmış
texnoloji qurğulardan keçəcək, sonra isə yataq daxilindəki yeni sualtı xətlərlə
AÇG-ni Səngəçal
terminalı ilə birləşdirən mövcud
30 düymlük boru kəmərinə ötürüləcək.
Bu il ərzində digər öncəqazma quyuları işə
düşdükcə platformadan
hasilat da tədricən artacaq. Daha sonra isə platformanın özündən
də yeni istismar quyuları qazılacaq.
"Qərbi Çıraq"ın
ilkin nefti ÇNL-nin uğurla həyata keçirilməsi
deməkdir. Bu həm də "Əsrin müqaviləsi" adını
almış "Azəri-Çıraq-Günəşli"
yataqlarının tammiqyaslı
işlənməsi layihəsinin
növbəti bir qələbəsi, ümummilli
lider Heydər Əliyevin neft strategiyasının uğurla
davam etdirilməsinin bariz nümunəsidir.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 31 yanvar.- S.1.