Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının sədri Cəlilabadda cənub
bölgəsindən olan vətəndaşları
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
Yanvarın 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Cəlilabad Olimpiya İdman Kompleksində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini dinləmişdir. Vətəndaşların müraciətləri əsasən təhsil sahəsindəki məsələlərlə bağlı olmuşdur.
Qəbula gələnlər TQDK-nın sədrinə növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında edilmiş dəyişikliklər, qəbul qaydalarında tətbiq olunan yeniliklər, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları, buraxılış və monitorinq imtahanları və digər məsələlərə dair rəy və təkliflərini bildirmişlər.
Bəzi
vətəndaşların komissiyanın səlahiyyətlərinə
aid olmayan müraciətləri isə müvafiq təşkilatlara
çatdırılmaq üçün qeydiyyata
alınmış və nəzarətə
götürülmüşdür.
AzərTAc
Azərbaycan.-2014.- 31 yanvar.- S.4.