Kanadanın Karlton
Universitetində «Azərbaycan: dünən və bu gün» mövzusunda
konfrans keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" 2013-cü il 22 noyabr tarixli sərəncamına əsasən, Karlton Universitetində "Azərbaycan: dünən və bu gün" mövzusunda konfrans olmuşdur.
Azərbaycanın
Kanadadakı səfirliyindən bildirmişlər ki, Karlton
Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları
İnstitutunun direktoru Cef Sahadeonun sədrliyi ilə keçən
konfransda çıxış edən Azərbaycanın
Kanadadakı səfiri Fərid Şəfiyev diqqəti ölkələrimiz
arasında əlaqələrin inkişafında elmi
araşdırmalar və tələbə mübadiləsinin
vacibliyinə yönəltmişdir.
Sonra Əlimərdan bəy Topçubaşovun yubileyi ilə bağlı səfirlik tərəfindən təşkil edilən inşa yazı müsabiqəsinin qalibinə mükafat təqdim edilmişdir. Konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Rəşad İbadov "Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə", Kanada parlamentinin üzvü, Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolin "İkitərəfli diplomatiyada parlamentarilərin rolu", Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təmsilçisi Heydər Mirzə "Cənubi Qafqaz regionunda cari geosiyasi durum və Azərbaycanın xarici siyasəti" mövzularında təqdimatla çıxış etmişlər.
Bundan əlavə, tədbirdə isveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş "Unudulmuş münaqişə" kitabının təqdimatı keçirilmişdir. A.Vidmer çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumu və aparılan danışıqlar barədə ətraflı məlumat vermişdir.
Sonda
Karlton Universitetinin müəllim və tələbələrini
maraqlandıran suallara aydınlıq gətirilmişdir.
AzərTAc
Azərbaycan.-2014.- 31 yanvar.- S.5.