Farhod RAHİMOV: Azərbaycanda və Tacikistanda ənənəvi olaraq ən güclü şərqşünaslıq məktəbləri vardır

 

2014-cü il yanvarın 29-da Tacikistan Elmlər Akademiyasında akademiyanın prezidenti Farhod Rahimovun və Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfiri Abbasəli Həsənovun görüşü olmuşdur. Görüşdə Tacikistan Elmlər Akademiyası yanında Ə.Rudəki adına Dilçilik, Ədəbiyyat, Şərqşünaslıq və Yazılı İrs İnstitutunun direktoru Əkbər Tursunov iştirak etmişdir.

F.Rahimov səfiri salamlayaraq 2012-ci il oktyabrın 15-16-da Tacikistan Respublikasının prezidenti Emoməli Rahmonun Azərbaycana işgüzar səfərini böyük məmnuniyyətlə xatırladıb demişdir ki, o zaman o, Tacikistan Respublikası təhsil nazirinin müavini kimi nümayəndə heyətinin tərkibində olmuş və dəqiq elmlər sahəsində EKO mükafatına layiq görülmüşdü. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti digərləri ilə yanaşı, Farhod Rahimova da bu mükafatı təqdim etmişdi. Bundan başqa, Tacikistan tərəfinin əməkdaşlığa hazır olduğu qeyd edilmişdir.

Səfir A.Həsənov da öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirərək, yeni vəzifəyə təyin olunması münasibətilə Tacikistan Elmlər Akademiyasının prezidentini təbrik etmiş və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin, Şərqşünaslıq İnstitutunun direktoru G.Baxşəliyevanın, Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən P.Kərimovun salamlarını ona yetirmişdir.

Səfir A.Həsənov demişdir ki, sovet dövründə ən güclü riyaziyyat məktəblərindən biri Azərbaycanda olmuşdur. Tacikistanın bir çox alimləri öz elmi işlərini burada müdafiə etmişlər. Həmçinin qeyd edilmişdir ki, alimlər arasında birbaşa əlaqələrin qaydaya salınması vacibdir. Səfir geologiya, neft-qaz sənayesi sahəsində Azərbaycanın böyük təcrübəsi olduğunu vurğulayaraq bildirmişdir ki, dünyada ilk dəfə olaraq 1846-cı ildə burada sənaye üsulu ilə neft çıxarılmışdır, 1949-cu ildə isə dünyada ilk dəfə olaraq Xəzər dənizindən neft çıxarmağa başlanmışdır. Sovet dövründə Bakını "neft akademiyası" adlandırırdılar. Bu gün iqtisadiyyatın inkişaf sürətinə görə, Azərbaycan regionda birinci yeri tutur.

Tərəflər belə bir faktı qeyd etmişlər ki, Tacikistan mineral resurslarla zəngindir, lakin hələlik bu resurslar kifayət qədər öyrənilməmişdir.

F.Rahimov bildirmişdir ki, Tacikistanda elmi kadr çatışmazlığı problemi gündəlikdə duran məsələlərdən biri olaraq qalır və bu il Tacikistan Elmlər Akademiyası magistraturasının ilk buraxılışı olacaqdır.

F.Rahimov həmsöhbətinin diqqətini belə bir fakta yönəltmişdir ki, Tacikistan astrofizikaseysmologiya sahəsində böyük təcrübəyə malikdir. Onun sözlərinə görə, Hissarda diametri 6 metr olan böyük teleskopa malik rəsədxana fəaliyyət göstərir. Tacikistan seysmologiya sahəsində ABŞ, Kanada, İran, ÇXR, Rusiya kimi ölkələrlə sıx əməkdaşlıq edir və birgə elmi tədqiqatlar aparır. Pamirdə açılması nəzərdə tutulan "Pamir-Çakal" birgə Rusiya-Tacikistan elmi-tədqiqat mərkəzini misal göstərmək olar. Bu mərkəz nüvə fizikası və yüksək enerji üzrə tədqiqatlarla məşğul olacaqdır. Azərbaycan bu layihəyə qoşula bilər.

Səfir A.Həsənov qeyd etmişdir ki, Azərbaycanda Nəsirəddin Tusi adına "Pirqulu" rəsədxanası fəaliyyət göstərir. Öz elmi kəşfləri ilə dünyada şöhrət qazanmış bu rəsədxana son illər Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ən müasir avadanlıqla təchiz olunmuşdur

Tərəflər tələbə mübadiləsi, kadr hazırlığı, elmi-tədqiqat institutları arasında birbaşa əlaqələrin yaradılması, birgə elmi tədqiqatların aparılması, birgə elmi layihələrin hazırlanması, habelə seminarların, simpoziumların və konfransların keçirilməsi məsələlərini müzakirə etmişlər.

Tərəflər qeyd etmişlər ki, xalqlarımız arasında tarixi, mədəni, elmi əlaqələr, ticarət əlaqələri əsrlər boyu yüksək səviyyədə olmuşdurbu ənənənin davam etdirilməsi hər iki dövlətin dinamik inkişafına xidmət edə bilər.

Görüşdə Azərbaycan diplomatı humanitar sahədə əməkdaşlığın böyük perspektivə malik olduğunu qeyd etmişdir. O demişdir ki, Əlyazmalar İnstitutunun resurslarından birgə istifadə edilməsi mümkündür  (kataloq və əlyazmaların surətlərinin mübadiləsi, birgə elmi tədqiqatlar).  Arzu edənlərin heç də hamısı bu əlyazmaları oxuya bilmədiyinə görə (əlifbanı və dili bilməmək səbəbindən) alimlər onları ölkələrimizin və xalqlarımızın dillərinə tərcümə etməlidirlər. Keçmiş irsin alimlər tərəfindən öyrənilməsi böyüməkdə olan və gələcək nəsillərin düzgün tərbiyə edilməsi məqsədilə şair və filosofların fikrini çatdırmaq üçün əsərin mahiyyətini açmağa kömək edərdi. Qeyd olunmuşdur ki, Azərbaycanda və Tacikistanda ənənəvi olaraq ən güclü şərqşünaslıq məktəbləri mövcuddur.

Görüş zamanı həmçinin Əbdürrəhman Caminin 600 illik yubileyinə hazırlıq, Nizami Gəncəvinin və Xaqani Şirvaninin yaradıcılığının birgə tədqiqi, Novruz bayramının birgə elmi tədqiqi, habelə iki dövlətin elmlər akademiyaları, şərqşünaslıq və əlyazmalar institutları arasında sazişlər imzalanmasının sürətləndirilməsi məsələlərinə toxunulmuşdur.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 31 yanvar.- S.6.