Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi,
əməkdar mədəniyyət işçisi
Zərifə Salahovaya “Guinness
World Records”
sertifikatı təqdim olunub
Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahovaya bu muzeyin 38 rəfində nümayiş olunan 5700 miniatür kitabdan “Ginnesin Rekordlar Kitabı”nın tələblərinə cavab verən 2913-nün “Ginnesin Rekordlar Kitabı”na salınması ilə bağlı “Guinness World Records” sertifikatı təqdim olunub.
Bu əlamətdar hadisə ilə bağlı AZƏRTAC-ın müxbiri Zərifə Salahova ilə görüşüb söhbət edib. O, muzeyin yaranmasından, qazandığı uğurlardan, beynəlxalq əlaqələrindən, muzeyin ziyarətçisi olmuş tanınmış simalardan, bu məkanda keçirilən tədbirlərdən, eləcə də muzeyin sonuncu nailiyyətindən geniş söz açıb.
Həmsöhbətimiz bildirib ki, bu müvəffəqiyyət ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin, ulu öndərin xalqımızın milli-mənəvi dəyərlərinə dəstəyinin, diqqət və qayğısının növbəti nəticəsidir. Zərifə Salahova deyib: “10 oktyabr 1993-cü ildə ulu öndər Heydər Əliyev ilk dəfə Prezident seçilərkən Respublika sarayında keçirilən andiçmə mərasimində mən də iştirak edirdim. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dərin məzmunlu həmin nitqinə qulaq asandan sonra fikirləşdim ki, bunu mütləq miniatür kitab kimi nəşr etdirmək lazımdır. Çünki kolleksiyamda C.Kennedinin nitqinin mətni olan miniatür kitab var idi. Onu Hollandiyada buraxmışdılar. Həmin kitabı görməsəydim, bəlkə də bu fikir ağlıma gəlməzdi.
Ulu öndərin andiçmə mərasimində söylədiyi nitqi “Vətənə, dövlətə, xalqa sədaqət andı” adlı miniatür kitab formasında nəşr etdirdik. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən bu kitabın 1995-ci il iyunun 3-də Milli Kitabxananın xarici ədəbiyyat zalında təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində kolleksiyadan 2000 miniatür kitabın sərgisini təşkil etmişdim. Oradakı çıxışımda ulu öndərə müraciətlə bildirdim ki, əgər yer və ya bina versələr, Miniatür Kitab Muzeyi yaradaram və kitabları şəhərə bağışlayaram. Heydər Əliyev təbrik nitqində iki dəfə mənə başqa məsələlərlə bağlı toxundu, lakin muzeylə bağlı fikrimə toxunmadı. Sərgiyə baxarkən dedi ki, Zərifə, bu kitabların hamısı səninkidir? Dedim ki, bəli, amma hamısı deyil, burada 2000 kitab düzmüşük, kolleksiyamda isə 4000 nüsxədir. Orada Erik Honekkerin 10 cilddən ibarət kitabı da var idi. O zaman artıq Almaniya Demokratik Respublikası yox idi. Bildirdim ki, cənab Prezident, bu gün Almaniya Demokratik Respublikası yoxdur, amma kitablar indiyədək qalıb. Ulu öndər mənə baxdı və dedi: “Bəli, kitablar qalır”.
Həmin tədbirdən 5 ay keçdikdən sonra muzey yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısına yer ayrılması ilə əlaqədar məktub yazdım. Dörd aydan sonra memarlıq idarəsindən mənə zəng vurub dedilər ki, gedək İçərişəhəri gəzək, hansı yeri seçsəniz, o yeri də Sizə muzey üçün verəcəyik. Biz də məhz indi muzeyin fəaliyyət göstərdiyi yeri - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini seçdik. Həmin yer o vaxt boş məkan idi. Biz binanı özümüz tikdik, özümüz saxlayırıq və muzeyə giriş pulsuzdur. Əgər Heydər Əliyevin göstərişi olmasaydı, kim mənə bu yeri verərdi?
Bütün bunları xatırlamaqda məqsədim ümummilli liderin muzeyin yaradılmasına göstərdiyi mənəvi dəstəyi insanlara çatdırmaqdır. Heydər Əliyevin uzaqgörənliyi, vətənpərvərliyi, təəssübkeşliyi, milli mənəvi sərvətlərə qayğısının nəticələri bu gün göz önündədir və onlardan biri də məhz haqqında söz açdığımız muzeydir. Ulu öndər yaxşı bilirdi ki, bu kitabların hansı gələcəyi var. Əgər o zaman Heydər Əliyevin qayğısı sayəsində bu yer verilməsəydi və burada belə bir muzeyi təşkil etməsəydik, kitabların taleyi məlum olmayacaq, yenə də illərlə mənzilimdə karton qutularda, havasız, işıqsız yerdə qalacaqdı. Yəni heç kim bu kitabları görməyəcəkdi.
Qeyd etdiyim kimi, muzey şəxsi kolleksiyam və ümummilli lider Heydər Əliyevin göstərişi əsasında yaradılıb, 2002-ci il aprelin 23-də Beynəlxalq Kitab və Müəllif Hüquqları Günündə isə rəsmi açılışı olub. Çünki UNESCO-nun qərarı ilə aprelin 23-ü dünyada Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur”.
Əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın topladığı kolleksiya dünyada ilk özəl Miniatür Kitab Muzeyi adlanır. Muzeydəki 38 rəfdə 5700 nüsxə kitab nümayiş etdirilir. Dünyanın 67 ölkəsində çap olunmuş bu kitabların ən kiçik formatlısının ölçüləri 0,75x0,75 mm-dir. Üç ədəd kitab isə 2x2 mm formatındadır. Bu mikro kitablar Tokioda “Toppan” nəşriyyatında çapdan çıxıb. Muzeyə ötən müddət ərzində 250 mindən artıq ziyarətçi gəlib. Muzeydə ziyarətçilər üçün qeydiyyat jurnalı tərtib edilib və orada bütün göstəricilər səliqə-sahmanla yazılıb.
“Ginnesin Rekordlar Kitabı”na marağın muzeydə təsadüfən yaranmadığını bildirən Zərifə xanım deyib: “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Samir Nuriyevdən “Ginnesin Rekordlar Kitabı”na sənədlərin hazırlanması ilə bağlı ingilis dilini bilən işçilərdən birinin bu işdə mənə kömək göstərməsini xahiş etdim. Onun tapşırığı ilə qoruğun əməkdaşı Kənan Hacıyev bu işdə mənə kömək etdi. “Ginnesin Rekordlar Kitabı”nın tələblərinə əsasən mən muzeyin kolleksiyası ilə bağlı dərc olunan materialları, rəyləri, fotoları, videonu, muzeyin nizamnaməsini, mənim özümün fikirlərimi və 2913 kitabın kataloqunu təqdim etməliydim, həmçinin üç nəfər də şahid tələb olunurdu. Akademik Urxan Ələkbərov, əməkdar jurnalist Elmira Əliyeva və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov şahid qismində məlumat yazmalı oldular. Onlar öz fikirlərini və elektron ünvanlarını da təqdim etməli idilər. Ədliyyə Nazirliyinin verdiyi qeydiyyat şəhadətnaməsini də notarius tərəfindən təsdiqlədib sənədlər toplusuna əlavə etdik. Məsələnin qəliz tərəfi muzeyin dövlət yox, özəl olması idi. Biz ingilis dilində ümumi 10 diskdə sənədləri, muzeyin ingilis dilində bukletini, şəkilləri bütün sənədlərə əlavə etməli olduq.
Beləliklə, biz üç ayın ərzində “Ginnesin Rekordlar Kitabı”nın tələblərinə müvafiq olaraq sənədləri ingilis dilində hazırladıq və sentyabrın 16-da göndərdik. Xatırladım ki, hələ 2012-ci ilin may ayında “Evronews” gəlib muzeyi çəkmişdi, 2013-cü ildə isə Londonda çıxan qəzetlərin biri yazmışdı ki, Azərbaycana kim səfər etsə, mütləq Bakıda Zərifə Salahovanın yaratdığı Miniatür Kitab Muzeyinə baxsın. Bütün bu məlumatlar internetdə müxtəlif saytlarda yerləşdirilmişdi. Düşünürəm ki, “Ginnesin Rekordlar Kitabı” qərar çıxaranacan bütün bu materiallarla tanış olublar.
Dekabrın 16-da isə onlardan gəlmiş sorğuya əsasən mən təsdiq etməliydim ki, göndərdiyim sənədlərdə yalan yoxdur, habelə daha bir şahid də göstərməliydim. Bu sorğuda, həmçinin bizdən “Ginnesin Rekordlar Kitabı”nda necə, yəni hansı adla təmsil olunmağımızı da soruşurdular. Maraqlanırdılar ki, kitaba muzey, yaxud şəxsi kolleksiya adı ilə düşmək istəyirik. Mən cavab verdim ki, şəxsi kolleksiya kimi düşsün. Çünki hələ 1982-ci ildə mətbuatdan oxumuşdum ki, hindistanlı bir nəfərin şəxsi kolleksiyasından 286 ədəd miniatür kitabını “Ginnesin Rekordlar Kitabı”na qəbul ediblər. Bunu xatırlayıb, dərhal qərar qəbul etdim ki, qoy elə şəxsi kolleksiya kimi təqdim edilsin. Həmçinin bildirdim ki, təqdim etdiyim materiallarda yalan yoxdur və daha bir şahid kimi dünya oxucularına yaxşı tanış olan yazıçı Çingiz Abdullayevi də əlavə müstəqil şahid kimi bu prosesə cəlb etdim.
Bu il yanvarın 20-də onlardan Kənan Hacıyevin elektron poçtuna xəbər gəldi ki, müraciətiniz qəbul olunub və yaxın günlərdə kolleksiyanızın “Ginnesin Rekordlar Kitabı”na düşməsini təsdiq edən sertifikatı alacaqsınız. Məktubun sonunda isə “Ginnesin Rekordlar Kitabı”nın heyətinin təbrikə qoşulduğu yazılmışdı.
Bundan sevindirici xəbər ola bilərdimi?!
Bu yalnız mənim
xidmətlərimin deyil,
öncə ümummilli
lider Heydər Əliyevin muzeyə və ümumiyyətlə,
xalqımızın milli
mənəvi dəyərlərinə
dəstəyi, diqqət
və qayğısının
növbəti nailiyyəti
demək idi”.
Qeyd edək ki, “Ginnesin Rekordlar Kitabı”nın sorğusuna əsasən Zərifə Salahovanın
sertifikat əlində
fotosu da qarşı tərəfə
təqdim olunub və onlar bunu
bəyəndiklərini bildiriblər.
İlin sonunda bu foto “Ginnesin
Rekordlar Kitabı”nın nəşr etdirdiyi kitaba salınacaq.
Azərbaycan.-2015.- 1 aprel.- S.3.