Qafqaz Müsəlmanları İdarəsinin sədri UNESCO-nun

 kafedralar şəbəkəsinin Fəxri fərmanına layiq görülüb

 

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində “Dərbənd – üç dinin şəhəri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda Qafqaz Müsəlmanları İdarəsini (QMİ) qurumun sədrinin birinci müavini Müfti Salman Musayev və İdarənin səlahiyyətli nümayəndəsi Surxay Məmmədli təmsil ediblər.

QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadənin konfrans iştirakçılarına müraciət məktubunu oxuyan S.Musayev Qafqazın dini liderinin xeyir-dualarını Dərbənd əhalisinə yetirib.

Sonra Dərbənd şəhərinin Cümə məscidinin icması ilə görüş keçirilib. İcmanın sədri Seyidyəhya Seyidov şeyxülislam A. Paşazadəyə salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.

Beynəlxalq konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşukur Paşazadə UNESCO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri Fərmanına layiq görülüb. Qafqaz müsəlmanlarının dini lideri Fəxri Fərmanla mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə UNESCO kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə təltif olunub.

 

Azərbaycan.-2015.- 1 aprel.- S.3.