Naxçıvan tarixinin qanlı səhifələri

 

Müasir dünyada günəş altında daha geniş yer axtaranlar, böyük Ermənistan xülyası ilə başqa xalqlara nifrət və total müharibə ideologiyasını təbliğ edənlər, qonşularına qarşı təcavüzkar siyasət yeridənlər nə zamansa tarix və bəşəriyyət qarşısında cavab verməli olacaqlar”.

Heydər ƏLİYEV

 

Xalqımız ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə hər il mart ayının 31-ni dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edir. Milləti ucdantutma qırıb, onun kökünü kəsmə siyasətinin apafeozu, yəni ən dəhşətli forması olan vəhşi soyqırımının Yer kürəsində ilk törədicilərinin ermənilər olduğu artıq dünya ictimaiyyətinə yaxşı məlumdur. Məşhur Amerika alimi Samuel Uimz hədər yerə yazmırdı ki, “dünyada ermənilər qədər xəbis, riyakar, cəllad, qaniçən bir millət tapmaq imkan xaricindədir”. Bir çox ölkələrin əhalisi erməni terrorundan əzab çəkmişdir. Son iki əsrdə “dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan mənfur daşnakların bədnam soyqırımı siyasətindən ən çox əzab çəkən isə türklər və azərbaycanlılar olmuşdur. Onlar xalqımıza qarşı deportasiya və soyqırımı proseslərini düşünülmüş plan əsasında, mərhələ-mərhələ həyata keçirmişlər. Onlar sərsəm “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər də hazırlamışdılar. Ermənilər himayədarlarının köməyi ilə məkrli niyyətlərini həyata keçirmişlər. 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti” yaradılmış, 1828-1830-cu illərdə Türkiyədən 84 min 600, İrandan isə 40 min erməni köçürülüb Naxçıvan, İrəvan və Qarabağ ərazilərində yerləşdirilmişdi. Sonradan isə ermənilər daha böyük iddialara düşmüşbunun üçün soyqırımı törətməkdən belə çəkinməmişlər. Azərbaycanın əksər bölgələri kimi, dahi Mustafa Kamal AtatürkünTürkün qapısı” adlandırdığı Naxçıvan da ötən əsrin əvvəllərində ağır soyqırımlarına məruz qalmışdır.

Ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarını başdan-başa qarət etdikdən sonra oradakı 85 dükanı, 75 ərzaq dolu anbarı və digər tikililəri od vurub yandırmış, bazarda olan minlərlə günahsız insanı qılıncdan keçirmişlər. Naxçıvan qəzasının ən böyük yaşayış məskənlərindən biri olan Cəhri kəndi odlara qalanmışdı. Həmin gün Naxçıvana gəlmiş və ermənilərin törətdikləri cinayət əməllərinin canlı şahidi olmuş İrəvan general-qubernatoru Paşkeviç hadisələrin təfsilatı ilə əsla maraqlanmadan, yalnız dekabrın 2-də, yəni Cəhri tamam yanıb külə döndükdən sonra kəndi uzaqdan seyr etmiş və əhalinin qəzəb və nifrətinə tuş gəlməmək ücün gecə ilə qatarla İrəvana qayıtmışdı. Söz yox ki, İngiltərənin dəstəyi olmasaydı, ermənilər bu cür hərəkətlərə əl ata bilməzdilər. Tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin “Ermənilərin Naxçıvanda törətdikləri soyqırımlarının pərdə arxası” məqaləsində qeyd olunduğu kimi, 1917-ci il dekabrın 4-də London ingilis-erməni komitəsinin sədri və İngiltərə parlamentinin üzvü Anurin Uilyams İngiltərənin tanınmış diplomatlarından biri, eyni zamanda Millətlər Cəmiyyətinin qurucusu, qatı ermənipərəst lord Robert Sesilə ünvanladığı məktubda ermənilərə yubanmadan hər cür yardım göstərilməsinin zəruriliyini bildirmişdi. O həm də ermənilərin təcili surətdə silahlandırılmasını və türklərə qarşı mübarizədə Andronik Ozanyan Torosi kimi silahlı dəstə liderinin gücündən istifadə edilməsinin vacibliyini vurğulayırdı. Məktubda ingilis, fransız və Amerika hökumətlərinin də erməni ordusuna maddi dəstək vermələrinin vacib olduğu, həmçinin əcnəbi ölkələrdə yaşayan ermənilərin pul gücünə ələ alınıb Qafqaza gətirilmələrinin qaçılmaz olduğu bildirilirdi. Məhz belə dəstək sayəsində ermənilər Azərbaycanda öz çirkin soyqırımı siyasətlərini gerçəkləşdirə bilmişlər.

1918-ci ilin əvvəllərində üç istiqamətdən - Ordubad, Şahbuz və Şərur qəzaları tərəfdən Naxçıvanın mərkəzinə doğru irəliləyən erməni ordusu heç kəsə rəhm etmədən, südəmər körpələrdən tutmuş ağsaqqal və ağbirçəklərədək əhalini ucdantutma qılıncdan keçirir, güllə yağmurlarının hədəfinə çevirirdilər. Uşaqları diri-diri yanan tonqallara atır, cavanları ayaqlarından kəndirlə başıaşağı ağaclara bağlayaraq şaqqalayırdılar. Hamilə qadınların qarnını yırtıb, hələ doğulmamış körpələrini nizələrlə eybəcər şəklə salır, insanların başının dərisini soyur, gözlərini çıxarır, qollarını və ayaqlarını kökündən baltalayırdılar.

1918-ci ilin əvvəllərində Ərzurum, QarsXoy ətrafındakı döyüşlərdə türk ordusu tərəfdən ağır məğlubiyyətə uğrayan Andronik Ozanyan Torosi həmin məğlubiyyətin qisasını oğuz türkləri olan azərbaycanlılardan almaq üçün həmin il iyulun 14-də böyük dəstə ilə Araz çayını keçib Naxçıvana daxil olmuş və təkcə Culfa rayonunun ən böyük yaşayış məskənlərindən biri olan Yaycı kəndində ağlasığmaz qırğınlar törətmişdi. 1918-ci ildə Naxçıvanda Milli Komitənin katibi işləmiş, o faciəli günlərin canlı şahidi Mirzə Bağır Əliyev “Qanlı günlərimiz” əsərində qeyd edir: “Ermənilər Yaycı kəndini bir günün içində yandırıb külə döndərdilər. Onlar kənddə qarşılarına çıxan bütün insanları atlarının ayaqları altına salıb tapdaladır, qılıncdan keçirirdilər. Tükürpədici fəryadlar kəndin küçə və meydanlarını başına götürmüşdü. Qaçıb canlarını qurtarmaq istəyən insanlar hər tərəfdən erməni zərbələrinə tuş gəlirdilər. Küçələrdə insan qanından gölməçələr yaranmışdı. Yollar boyu kəsilmiş başlar, ayaqlar, qollar tökülüb qalmışdı. Təsəvvür edin ki, qarşıda gurhagurla axan Araz çayı, arxada isə daha qorxunc, insanlıq simasını tamam itirmiş erməni adlı yırtıcılar sürüsü. Biçarə insanlar düşmən əlinə keçməmək üçün özlərini coşqun dalğaların qoynuna atır, əksəriyyəti, xüsusilə qadınlar, uşaqlar və şikəstlər üzə bilmədiklərindən boğulub məhv olurdular. O vəhşilər sürüsü kəndin 4 min nəfərlik əhalisinin 2500 nəfərdən çoxunu qətlə yetirdilər”. Andronikin Araz çayına tökdüyü insanların cəsədlərini nüvədililər çay kəndlərinin yaxınlığından keçən hissəsində sahilə çıxararaq dəfn etmişdilər. Cəsədlərin sayı o qədər çox imiş ki, böyük bir qəbiristanlıq yaranmış və həmin yerə Yaycı qəbiristanlığı adı verilmişdi.

Naxçıvan şəhərini tutmağı qarşısına məqsəd qoymuş Andronik Aza, Düylün, Dizə, həmçinin Gilançay və Əlincəçay vadisində yerləşən kəndlərin əksəriyyətini dağıdıb viran qoymuş, əhalisini qılıncdan keçirmişdi. Ermənilər Naxçıvan çayının sol sahilində yerləşən kəndlərdə, xüsusilə Sirab dərəsi adlanan yerdə də qanlı qətllər törətmişlər. Onlar qonşu kəndlərdən Siraba pənah gətirərək, oradakı 3 məsciddə gizlənmiş 1000 nəfərdən artıq insanı məhv etmək üçün məscidlərin qapılarını bayırdan bağlamış, sonra benzin tökərək içindəki adamlarla birlikdə yandırıb külə döndərmişlər. Ermənilər 1918-1920-ci illərdə Arazboyu kəndlərin əhalisini kükrəyən çayın coşqun dalğalarında boğub öldürmüşlər. Əgər 1918-ci ilin iyul ayında Naxçıvanı ermənilərin caynaqlarından xilas etmək üçün Nuru paşanın rəhbərliyi altında türk qoşunlarının bu qədim torpağa qədəm qoymasından qorxuya düşən Andronik Ozanyan öz quldur dəstəsilə Sisyana qaçmasaydı, yəqin ki, o vəhşilər sürüsü Naxçıvanda daşı daş üstündə qoymayacaqdı. Həmin vaxt uzun illər rus ordusunda rəhbər vəzifələrdə çalışmış məşhur hərbi xadim və qüdrətli sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı, polkovnik Kalbalı xanın rəhbərliyi altında Özünümüdafiə komitəsi və Araz-Türk Respublikası yaradılır. Naxçıvan şəhəri başda olmaqla, Uluxanlı, Vedibasar, Sərdarabad, Qəmərli, Dərələyəz və Şərur mahalları Araz-Türk Respublikasının tərkibinə daxil edilir.

Kalbalı xan yerli əhalidən böyük dəstələr düzəldib hərbi təlim keçir, gənclərə silahdan istifadə qaydalarını öyrədirdi. Qısa bir zaman çərçivəsində hərbi texnikanın sirlərinə mükəmməl yiyələnən əhali Kalbalı xanın rəhbərliyi altında Naxçıvan ərazisindəki erməni hərbi birləşmələrinə sarsıdıcı zərbələr endirib, onları sərhədlərimizdən geri oturtdu. 1918-ci ilin noyabrında ingilis-amerikan qoşunları İstanbula, yunanlar isə Anadoluya soxulduqlarından Mustafa Kamal Atatürkün rəhbərliyi altında türklərin imperialist təcavüzkarlığına qarşı istiqlal savaşı başlandı və Nuru paşa öz məmləkətinə kömək məqsədilə başçılıq etdiyi ordu ilə Türkiyəyə dönmək məcburiyyətində qaldı. Bundan istifadə edən erməni daşnakları öz çirkin niyyətlərini həyata keçirmək üçün çar hökumətinin Qafqazda və Türkiyədəki cəbbəxanalarını, həmçinin Aleksandropoldakı patron zavodunun bütün silah-sursatını əllərinə keçirdilər. 1918-ci ilin sonlarında Sərdarabad, Uluxanlı və Dərələyəz, həmçinin Vedi və Cüvə ermənilər tərəfindən mühasirə halqasına salındı. Onlar həmin vaxt Naxçıvanın bir çox kəndlərinə elə od vurub yandırmışdılar ki, izi-tozu da qalmamışdı. Onlar minlərlə ailəni kütləvi surətdə ağır işgəncələrlə qətlə yetirmiş, güllə yağmuruna tutduqları günahsız insanları üst-üstə dərin çalalara töküb üstünü torpaqlamış, bəzilərini isə quyulara doldurub ağzını çaylaq daşları ilə örtmüşdülər.

Naxçıvanı işğal etmə planını 150 ildən artıq bir müddətdə ürəklərində gəzdirən çirkin xislətli ermənilər sonrakı illərdə öz hamilərinin köməyilə Naxçıvanın 657 kvadratkilometrlik ərazi vahidinin Ermənistana birləşdirilməsinə nail olsalar da, bu qədim torpağı bütövlükdə Azərbaycandan ayıra bilmədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında bildirmişdir: “Ermənistan işğalçı dövlətdir. O, bizə qarşı tarix boyu etnik təmizləmə siyasəti aparıb. Torpaqlarımızı işğala məruz qoyub. Artıq xalqımızın səbri tükənməkdədir. Biz hansı yolla olursa-olsun o torpaqları erməni tapdağından xilas edəcəyik və onlar törətdikləri cinayətlər üçün tarix və beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər”.

 

Zeynal VƏFA,

Azərbaycan.-2015.- 1 aprel.- S.5.