“Dəvəli” ASC 31 Mart
- Azərbaycanlıların Soyqırımı gününü
qeyd etdi
2001-ci
ildən yaranan və Azərbaycanın sənaye və tikinti
sektorunda xüsusi çəkisi olan “Dəvəli” ASC 31 mart -
Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində
“Unutqanlq növbəti faciələrə yol açır”
devizi altında tədbir reallaşdırıb.
Əvvəldən
planlaşdırıldığı kimi, ASC rəhbərliyi və
kollektivi,Xocalıdan olan şəhid ailələri, Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllim
və tələbələri, müstəqil jurnalistlərə
birgə Qubada Soyqırımı Məzarlığı
Kompleksini ziyarət ediblər.
Əyinlərinə üzərinə “31 mart 1918 - erməni terroru” və “Soyqırımına son” yazılmış gödəkcələr geyinən ziyarətçilər soyqırımı məzarlığı önünə əklil və gül dəstələri qoyublar. Erməni vəhşiliyi nəticəsində amansızcasına qətlə yetirilmiş soydaşlarımızın xatirəsi ehtiramla yad edilib.
Ziyarətçilərə xalqımıza qarşı yönəlmiş erməni vəhşiliklərinin, eyni zamanda 1918-ci ildə Qubada törədilən soyqırımının tarixindən danışılıb. Onlar ölkə başçısının göstərişi ilə ərazidə inşa edilmiş kompleks və muzeydə qətliamı özündə əks etdirən əyani vəsaitlərlə tanış olublar. Tələbə və məktəblilər üçün açıq dərs keçirilib.
Tədbirdə “Dəvəli” ASC tərəfindən xüsusi olaraq hazırlanan və 31 mart Azərbaycanlıların Soyqırımı Gününü özündə əks etdirən yaddaş kitabçası iştirakçılara və ziyarətçilərə paylanıb. Kitabçada 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlı əhaliyə qarşı etnik düşmənçilik siyasətinin aparıldığı xüsusi qeyd edilib.
Tədbirə ailə üzvləri ilə qatılan “Dəvəli” ASC-nin İdarə Heyətinin sədri Vahab Dəvəli muzeyin xatirə kitabına: “Bizim keçmişi unutmağa haqqımız yoxdur. Unutqanlıq növbəti faciələrə yol açır” sözlərini yazıb. Sonra tədbir iştirakçıları xatirə kitabına təəssüratlarını qeyd ediblər.
Onlar ermənilər tərəfindən törədilən bu vəhşilikləri unutmayacaqlarına və baş verənlərin hüquqi qiymət almasında hərə öz sahəsində dövlət siyasətinə uyğun olaraq əllərindən gələni əsirgəməyəcəklərinə and içiblər.
Tədbirdə iştirak edən Bakı Dövlət Universitetin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev 31 mart Azərbaycanlıların Soyqırımı Günündə “Dəvəli” ASC-nin belə bir tədbirin əhəmiyyəti barədə danışıb, ASC rəhbərliyinə təşəkkürünü bildirib.
Abidə önündə 1992-ci il fevralın 26-da Xocalıda baş verən erməni qətliamı zamanı hər iki valideynini itirən, hazırda Bakıda fəaliyyət göstərən Xocalı 2 saylı orta məktəbində Uşaq Birliyinin rəhbəri olan Vüsalə Məhərrəmova və Birliyin üzvü Əfsanə Ələkbərova “Dəvəli” ASC, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və Xocalı şəhid ailələri və məktəbliləri adından dünya ictimaiyyətinə ünvanlanan bəyanatı təqdim ediblər.
Bəyanatda qeyd olunub ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşdırılması ilə nəticələnib. Bu qanlı tarix fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlanıb.
Onlardan ən dəhşətlisi 1918-ci ilin
mart və aprel aylarında baş verib.
Göstərilən tarixdə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğınlar törədiblər. Rəsmi mənbələrə əsasən bu soyqırımın nəticəsində ümumilikdə 50 minə yaxın azərbaycanlının qətlə yetirildiyi, on minlərlə insanın itkin düşdüyü bildirilir.
Qeyd olunub ki, hər dəfə ermənilərin törətdiyi qətliamlar nədənsə beynəlxalq qurum və təşkilatlar tərəfindən hüquqi qiymətini almır və bu da onlara növbəti cinayətlər törətmələri üçün rəvac verir: “1918-ci il qətliamları da böyük dövlətlərin ikili standartları ilə “mükafatlandırılıb”. Elə bu səbəbdən də faşizm ideyaları ilə zəhərlənmiş ermənilər 1988-1993-cü illər arası etnik düşmənçilik siyasətini davam etdiriblər. Bu tarixin ən böyük qətliamı isə 1992-ci il fevral ayının 26-daXocalıda törədilib. Bizim kimi onlarla uşaq hər iki valideynini itirərək yetim qalıblar.
Yalnız azərbaycanlı olduğu üçün qətlə yetirilən, asılan, soyulan, yandırılan bir xalqın övladları olaraq sizə - dünyada sabitliyin, sülhün, ədalətin, haqqın bərqərar olması missiyasını öz üzərinə götürən təşkilatlara və qurumlara, bu yolda əmək sərf edən siyasətçilərə, səfirlərə və nəhayət sadəcə, vicdanlı insanlara müraciət edərək Ermənistan dövləti və onun siyasi ünsürlərinin birmənalı şəkildə cəzalandırılmasını tələb edirik.
Ədalət yerini tapmayana,
günahkarlar layiqli cəzalarını almayana qədər susmayacağıq və
mübarizəmizi davam etdirəcəyik.”
Bəyanat oxunduqdan sonra iştirakçılar abidə önündə kollektiv şəkil çəkdiriblər.