Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycandakı səfirini

 diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Amangeldı Jumabayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Səfir Amangeldı Jumabayev qeyd etdi ki, dövlətimizin başçısının həyata keçirdiyi müdrik daxili və xarici siyasət onda böyük təəssürat yaradıb. O, səfir kimi fəaliyyəti müddətində əməksevər və qonaqpərvər Azərbaycan xalqının ona daim səmimi münasibət bəslədiyini vurğulayaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Amangeldı Jumabayevin ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, inteqrasiya proseslərində və digər sahələrdə daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzuladı.

 

Azərbaycan.-2015.- 2 aprel.- S.1.