Azərbaycan ilə Belarus arasında rabitə və informasiya

 texnologiyaları sahəsində əməkdaşlıq müzakirə edilib

 

Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında dostluq münasibətlərinin mövcudluğu vurğulanmaqla, qarşılıqlı faydalı əlaqələrin dərinləşməsi üçün bütün imkanlardan, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsindəki potensialdan yararlanmağın zəruriliyi qeyd olunub. Belarusun regionun lider dövləti olan Azərbaycanla geniş əməkdaşlığa maraq göstərdiyi nəzərə alınaraq müxtəlif istiqamətlərdə müştərək müəssisələrin yaradılmasının, həmçinin informasiya xidməti, elektron təhlükəsizlik, texnoparkların yaradılması, kosmik sənaye, nüvə texnologiyaları və nüvə energetikası sahələrində də birgə fəaliyyətin mümkünlüyü bildirilib.

Söhbət zamanı rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov görüşdə iştirak edib.

 

Azərbaycan.-2015.- 2 aprel.- S.1.