Azərbaycan dünyada
tam müstəqil,
davamlı inkişaf edən ölkə kimi tanınır
Prezident İlham
ƏLİYEV: “Dünyada elə qüvvə
yoxdur ki,
Azərbaycan xalqının iradəsinə
təsir edə bilsin”
Azərbaycan milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir. Respublikamız regionun nəqliyyat-logistika mərkəzinə çevrilmiş, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynamağa başlamış, öz peykini orbitə çıxararaq kosmik klubun üzvü olmuşdur. Azərbaycan həm özünün inkişaf nümunəsi, həm də brendləri ilə dünyada tanınan bir ölkəyə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında son on bir ildə Azərbaycan bütün sahələrdə nümunəsini, identikliyini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi tanıtmışdır.
Prezident İlham Əliyev bəyan edib ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.
Azərbaycan bu gün beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən, regionda sərmayədar və qlobal böhran şəraitində belə davamlı inkişaf edən dövlət olaraq dünyanı heyrətləndirir. Azərbaycanın qüdrətli dövlət kimi dünya siyasi arenasında öz layiqli yerini tutması antiazərbaycançı şəbəkədə böyük narahatlıq yaradıb. Xarici antiazərbaycançı şəbəkə və onların buyruq quluna çevrilən bəzi yerli dairələr I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı “qara piar” kampaniyası aparmağa başlayıblar. “Amnesty International” təşkilatının I Avropa Oyunlarına hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaları dövriyyəyə buraxması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir. Müasir dövrdə “demokratiya çətiri” altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların “ikili standartları” demokratik ideallara kölgə salır. Müstəqil Azərbaycan da ötən illərdə bu təsirləri öz üzərində hiss edərək onları uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir.
Bununla belə, aşkar görünür ki, regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq “rıçaqlarını” itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar “demokratiya bayrağı” altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. Ən müxtəlif vaxtlarda “Amnesty İnternational”, “Fredoom House”, “Article-19”, “Human Rights Watch”, “Norveç İnsan Haqları Evi” kimi təşkilatların hesabatları ifrat qərəzli olmaları ilə diqqəti cəlb edib. Bu çirkin kampaniyaya qoşulan təşkilatların “demokratiya çətiri” altında pərdələnmələri sadəcə təəssüf hissi doğurur.
Xatırladaq ki, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində də antiazərbaycançı şəbəkə ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə cəhd etmişdir. Xüsusilə də “Amnesty International” və bir sıra kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərər vurmağa çalışan, həqiqətdən tamamilə uzaq olan uydurma məlumatlar yaymışdılar. Həmin destruktiv dairələr bəzi müxalif qüvvələrlə işbirliyinə girərək məkrli planlarını həyata keçirməyə cəhd etsələr də, istəklərinə nail ola bilmədilər.
Prezident İlham Əliyev Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində bildirib: “Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl - 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanmır. Azərbaycan xalqı hər şeyi öz gözü ilə görür. Son illərin inkişafı, şəhərlərimizin abadlaşdırılması, ölkəmizin iqtisadi, sosial inkişafı, beynəlxalq nüfuzumuzun artırılması göz qabağındadır. Eyni zamanda, bizim işlərimiz dünya ictimaiyyəti üçün də artıq sirr deyil. Çoxsaylı tədbirlər, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı artıq beynəlxalq ictimaiyyətə də Azərbaycan haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır. Ancaq buna baxmayaraq, biz görürük ki, dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan etmişlər. Bir daha demək istəyirəm ki, bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin”.
Azərbaycan dövləti milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Ölkə başçısı Azərbaycanın müstəqil dövlət kimi uğurlu siyasət apardığını bildirib. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır. Azərbaycana qarşı aparılan qərəzli kampaniya da ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdür. Bəzi dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illər respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Bunu gözü götürməyən antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı apardıqları qərəzli kampaniya həmişəki kimi, bu dəfə də fiaskoya uğrayacaq.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 2 aprel.- S.1.