Əli Həsənov: Erməni dairələrinin
təxribatçı fəaliyyəti
Azərbaycan-Rusiya
münasibətlərinə kölgə sala bilməz
Xəbər verildiyi kimi, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin Ermənistana səfərindən sonra erməni mediası onun adından bir sıra anti-Azərbaycan yönümlü məlumatlar yayıb. Leonid Slutski Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat konfransı keçirərək onun adından yayılmış fikirləri təkzib edib, Azərbaycan rəhbərliyinin və Azərbaycan xalqının dostu olaraq qaldığını vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bununla bağlı xüsusi bəyanatla çıxış edib. AZƏRTAC Əli Həsənovun bəyanatını təqdim edir:
-Son zamanlar Azərbaycan və Türkiyənin rəsmi orqanları, ictimai təşkilatları, eləcə də Azərbaycan və Türkiyənin dünyanın müxtəlif ölkələrindəki diaspor qurumları tərəfindən reallaşdırılan müştərək tədbirlər, layihələr, əks kampaniya- bir sözlə, birgə fəaliyyət həddən artıq effektli və uğurlu olmuş, nəticədə Ermənistanın Türkiyə və Azərbaycan əleyhinə illərdir ki, həyata keçirdiyi çirkin təbliğat kampaniyası iflasa uğramışdır. Azərbaycan və Türkiyə əleyhinə formalaşdırılan qərəzli stereotiplər dağıdılmış, eyni zamanda, ermənilərin özləri haqqında uydurduqları “məzlum, əzabkeş erməni xalqı” obrazının, “erməni soyqırımı” iddialarının saxtalığı üzə çıxmışdır. Azərbaycan xalqının uzun illər ərzində erməni işğalçı qüvvələri tərəfindən məruz qaldığı soyqırımı və təcavüz barədə dünya ictimaiyyətinin dolğun məlumatlandırılması sayəsində get-gedə daha çox beynəlxalq təşkilat, ayrı-ayrı dövlətlər, o cümlədən ABŞ-ın bir sıra ştatları təcavüzkarı öz adı ilə çağırmağa başlamışdır. Son zamanlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən, Xocalı soyqırımının tanınmasını dəstəkləyən çoxsaylı qətnamələr qəbul edimişdir.
Beləliklə, ermənilər qondarma soyqırımının 100 illiyi üçün öz qarşılarına qoyduqları hədəflərə çata bilməmişlər. Qondarma soyqırımının 100 illiyi ilə bağlı keçirəcəkləri tədbirlərdə ali səviyyəli xarici qonaqların iştirakı da sual altında qalmışdır.
Bütün bunlara görə Ermənistan
dövləti, onun xarici
siyasətinə, yalanlar üzərində
qurulmuş təbliğatına məsul qurumlar və xaricdəki erməni diasporu isterika içərisindədir.
İndi onlar öz yalanlarını başqa
ölkə rəsmilərinin fikirlərini
açıq-aşkar təhrif etməklə yaymağa
cəhd edirlər. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla
əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin adından iki gün əvvəl erməni
mediasında yayılmış fikirlər bu
baxımdan növbəti uğursuz cəhddir.
Belə addımlar ilk
növbədə Azərbaycan və Rusiya
arasında strateji tərəfdaşlıq
münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri,
müxtəlif qeyr-hökumət təşkilatları, vətəndaş
cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə
kölgə salmaq məqsədi güdür. Biz cənab Slutskini Azərbaycan xalqının, dövlətimizin
və ölkənin siyasi rəhbərliyinin
sadiq dostu hesab edirik. Bu
dostluq Azərbaycan və Rusiya
arasında çoxəsrlik tarixi ənənələrə,
siyasi və iqtisadi maraqlara, bir-birinin suveren siyasətinə qarşılıqlı
hörmətə və təbii ki,
onilliklərin sınağından çıxmış insani münasibətlərə söykənir.
Hesab edirik ki, Azərbaycan – Rusiya münasibətləri hər hansı təxribatların
fövqündədir, ermənilərin belə ucuz
şouları bizim əlaqələrə
heç bir təsir
göstərə bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz
bundan sonra da uğurla inkişaf edəcək, Azərbaycanın
Leonid Slutski kimi dostları bu əlaqələrə
öz töhfələrini verməkdə
davam edəcəklər.
Azərbaycan.-2015.- 2 aprel.- S.2.