Bir zamanlar cənnət olan yurdumuz doğmalarına həsrətdir

 

Kəlbəcərin işğalından 22 il keçir

 

Ağlım kəsəndən eşitdiyim “Ouş qanadı, insan arzuları ilə yaşar” hikmətli kəlamının arxasında sabaha ümid dolu baxışlar gizlənirmiş. Həmin hikmətin canlı şahidi olmaq üçün 22 ildir ki, Azərbaycanı başdan-başa dolaşırıq. Təkcə doğmalarımızı, qohumlarımızı axtarmaq yox, yurd həsrətlilərin gözlərindəki ümid dolu arzuların doğulacağı gün üçün.

Bir vaxtlar Bərdənin dəmir yol stansiyası yaxınlığında təkərləri “daşa dönmüş”, “qədəmləri qırılmış” vaqonlarda məskunlaşan soydaşlarımızın - qışda soyuqdan donan, yayın qızmarında “qızdırmaya” düşən yurd-yuvasızların qəm-kədər və həm də düşmənə nifrət dolu baxışları altında əridiyimiz günləri xəyalımızda canlandırıb Mil-Muğan, Arazboyu, Qarabağa yaxın oba-oymaqlarda salınmış “çadır şəhərcikləri”ndə az olmamışdıq.

İndi həmin mənzərələrdən əsər-əlamət belə yoxdur. Onların əvəzinə yeni salınan yaşayış məntəqələrinə bu gün bahar gəlir. Yolumuzu bu dəfə soydaşlarımız üçün Gəncənin Kəpəz rayonu ərazisində yeni inşa edilən yaşayış məntəqələrindən birinə saldıq.

60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Burada Kəlbəcər və Xocalıdan ölkənin müxtəlif ərazilərində, o cümlədən Gəncə şəhərində və Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaşayır.

440 şagird yerlik məktəb binası da tikilib. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Təhsil ocağının sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. İdman zalı da müxtəlif avadanlıqla təchiz olunub.

Qəsəbənin elektrik enerjisi, su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılıb. Komplektləşdirilmiş transformator yarımstansiyaları quraşdırılıb, uzunluğu 30 kilometrdən çox olan su kəməri çəkilib, nasosxana binası inşa olunub. Qəsəbəyə uzunluğu təqribən 25 kilometr olan qaz xətti çəkilib və 6 qaztənzimləyici məntəqə yaradılıb və müasir yol-küçə infrastrukturu qurulub.

Bir sözlə, illərlə uçuq-sökük daxmalarda, istismar müddəti keçmiş pansionat və “turbaza”larda, uşaq evlərində müvəqqəti məskunlaşmış kəlbəcərlilər də builki baharı yeni, yaraşıqlı, gur işıqlı, isti mənzillərdə qarşıladılar. Yeni qəsəbənin sakinlərinə bu şəraiti yaratmış dövlət başçısının ünvanına söylənən ürək sözləri də məhz buna görə və bir də işğal altında qalan yurdlarımızın azad edilməsi istiqamətində aparılan məqsədyönlü, beynəlxalq prinsiplərə əsaslanan sülh siyasətinə, eləcə də qətiyyətli mövqeyinə əsaslanır.

Hacıkənd qəsəbəsindən bura köçürülmüş Kəlbəcər rayon 99 saylı tam orta məktəbin direktoru İsmət Nəcəfov gənclərin son illər ali hərbi məktəblərdə oxumağa daha çox maraq göstərdiklərini bildirdi: “Əsas odur ki, vətənə layiqli övladlar yetişdirilsin. İşğal altında olan ərazilərimizin azad edilməsində bu, vacib faktordur. Bu cür müasir tədris ocağında təlim-tərbiyə yüksək səviyyədə qurulmalıdır. Bu, bizim həm peşə, həm də vətənpərvərlik borcumuzdur”.

Həmsöhbətim dedi ki, əzablı ağrılı-acılı günlərdən illər keçib, çox şey dəyişib, amma işğal altında qalan yurdlar hələ ki, ildən-ilə yox, gündən-günə azalan doğmalarına, onların balalarına həsrətdir.

Qəsəbədə məskunlaşanlardan biri də yaşı yüzü haqlamış Məhəmməd Novruzovdur. Qoltuq ağacına dirənə-dirənə həyət-bacada dolanan dünya görmüşün gözləri Murovdağa dikilir. Dillənmir, xəyalı da perik düşüb özü kimi. Amma bu baxışlardan oxumaq olar onun yaratdığı, yaşatdığı “dastanı”. Deyə bilmədikləri baxışlarında düyünlənib: “1993-cü ilin mart ayı Kəlbəcər və kəlbəcərlilər üçün tərki-vətənlik ayı oldu. Həmin tarixdən Kəlbəcər əlimizdən alındı”.

O ağır günlər başlayandan kəlbəcərlilər də Azərbaycanın hər bölgəsinə səpələniblər. Amma bu ağır dərd yükü Gəncə və Goranboyun, onun qədirbilən ellərinin çiyinlərinə daha çox düşüb. Kəlbəcərin inzibati mərkəzi Gəncədə yerləşdirilib. Goranboy isə sinəsini geniş açıb, od-ocaqsızları qışın soyuğundan, yayın istisindən qoruyub...

Ötən əsrin yetmişinci illərində Azərbaycanda başlamış sosial-iqtisadi, mədəni inkişafın dalğaları ucqar dağ rayonlarının da həyatında öz əksini tapmışdı. Xüsusilə əvvəllər, elə o dövrün özündə də bəzi dairələrdə perspektivsiz rayon kimi qiymətləndirilən, hətta əhalisinin respublikanın aran ərazilərinə köçürülməsi və yalnız yaylaq məqsədilə istifadə olunması məsləhət bilinən Kəlbəcər üçün bu inkişaf misilsiz əhəmiyyətə malik idi. Çünki hələ 50-ci illərdən ermənilərin, onların Moskva və Bakıdakı havadarlarının, respublikanın çox da uzağı görmək bacarığı olmayan bəzi rəhbərlərinin Kəlbəcər əhalisini köçürmək təşəbbüsündə olmaları rayonun taleyini dəfələrlə zərbə altında qoymuşdu. Yalnız 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin uzaqgörənliyi bu məkrli məqsədin həyata keçirilməsinə mane olmuşdu.

Heydər Əliyev hələ o zamanlar bu plan barədə demişdir: “Mərkəzi Komitədə və Nazirlər Sovetində belə söhbətlər gedirdi ki, Kəlbəcər perspektivsiz bir rayondur, özünü doğrulda bilmir. Yeganə yol, guya, onun əhalisini aran rayonlarına köçürmək, ərazini isə yaylaq kimi bölüşdürməkdir. Lakin bu fikir məndə həmişə şübhə doğurub. Səmimi olmasına heç vaxt inanmamışam. Odur ki, bu barədə mənə təklif olunan qərar-layihəyə də qol çəkməmişəm...”

Məhz o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Kəlbəcərin yalnız yaylaq üçün yararlı ərazi olduğunu iddia edənlərin və layihə hazırlayanların bütün cəhdlərini puça çıxarmışdır: “... Hesab edirəm ki, Kəlbəcərin imkanları genişdir, hələ bundan sonra da çox işlər görülməlidir. Əvvəllər də, indi də hiss edirdim ki, burada bir məkrli niyyət var. Əhali qətiyyən Kəlbəcərdən köçürülməməlidir!”

Strateji cəhətdən çox əhəmiyyətli olan Kəlbəcər coğrafi mövqe etibarilə Ermənistan və Dağlıq Qarabağ arasında yerləşən səddir. Sahəsi 174 min hektara çatan ərazidən əhali köçürüldükdən, 150-yə yaxın kənd tamamilə boşaldıldıqdan sonra ermənilər heç bir müqavimətə rast gəlmədən orada sərbəst qaydada məskunlaşmalı və bununla da, Ermənistanla DQMV-yə qovuşmalı idi. Faktiki surətdə Ermənistan DQMV-ni o vaxt ələ keçirmiş olardı.

Rayonun əsaslı inkişaf sürəti Azərbaycan KP MK və Nazirlər Soveti tərəfindən 1977-ci il dekabrın 8-də qəbul edilmiş “Kəlbəcər rayonunun iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmək tədbirləri haqqında” birgə qərarından sonra artmışdır. Vaxtilə perspektivsiz qiymətləndirilən Kəlbəcər ötən əsrin 80-ci illərində respublika, hətta o zaman İttifaq miqyasında sürətlə inkişaf edən bir rayona çevrilmişdi. Təbiidir ki, iqtisadiyyatın inkişafı sosial-mədəni həyatın da çiçəklənməsinə rəvac verirdi. Məhz həmin illərdən başlayaraq Kəlbəcərin sosial həyatı da əsl yüksəliş dövrünü yaşamışdır.

Kəlbəcərin Ermənistan tərəfindən işğalının üçüncü ildönümü ilə əlaqədar kəlbəcərli ziyalılarla görüşündə ulu öndər Heydər Əliyev o illəri belə xatırlayırdı: “Doğrudan da, Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına görə, həm də orada olan çox qiymətli yeraltı sulara, mərmər yataqlarına, qızıl yataqlarına, başqa əlvan metalların yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə biz Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik. İstisuda böyük komplekslər tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdığı abidələr, yaşayış binaları idi. Təəssüf ki, vaxtilə qızıl yataqlarından istifadə edilməsi ilə məşğul olmamışdılar.

Hələ o sakit dövrdə ermənilər gəlib bizim qızıl yataqlarımızı zəbt etmək istəyirdilər. Xatirimdədir, biz o barədə çox ciddi tədbirlər gördük. Bu dağ rayonunun inkişafı üçün xüsusi qərarlar qəbul olunmuşdu və bunların həyata keçirilməsindən Kəlbəcərin əhalisi, hesab edirəm ki, çox bəhrələnmişdir”.

Kəlbəcər özünün tarixini, mədəniyyətini əsrlər boyu saxlayan qədim bir diyar kimi də tanınmışdır. Belə ki, bu ulu insan məskəninin hər hansı tərəfinə ayaq bassan, orada əcdadlarımız yaşayan mağaralar, qalalar, abidələr görərdin. Tarixin sərt sınaq və imtahanlarına məruz qalmış bu yadigarlar düşmən tərəfindən tamamilə məhv edilmiş, hətta bəziləri yerlə-yeksan olunmuşdur. Amma bu da möcüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bəzən özü-özünü hifz etmiş və əsrimizə qədər yaşamışlar.

Kəlbəcər qalaları, abidələri barədə respublikamızın tanınmış elm, incəsənət xadimləri, tarixçi-arxeoloqları, söz sərrafları vaxtilə cild-cild kitablıq söz demiş, o dağları addım-addım dolaşaraq, bu ulu insan məskənini indiki və gələcək nəsillərə əmanətləmişdilər. Təəssüf ki, əmanətə xəyanət edilmiş və müqəddəs yerlərimiz murdar düşmən tapdağı altına düşərək məhv olunmuş, daş-qayalar üzərindəki mixi və alban yazılarını ermənilər hələ sovetlər dönəmində pozmağa və erməniləşdirməyə çalışmışdi.

Rayonun ərazisində eramızdan çox-çox əvvəlki minilliklərdən xəbər verən qaya təsvirləri də az deyildi. “Qobustanın qardaşları” kimi tanınmış sal daşlar da Kəlbəcər dağlarından tapılmışdı. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayıçınqılı”, “Gəlinqayası”, “Böyük dəvəgözü”, “Sərçəli” və başqa yerlərdəki qayaüstü təsvirlərlə Qobustandakı “yazılı və şəkilli daşlar” tamamilə bir-birinin oxşarı və ya “əkizləri”dir. Rayon tarix-diyarşünaslıq muzeyinin həyətinə gətirilmiş 28 ədəd yazılı və şəkilli daşlar təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edən dəlillərdən idi.

Kəlbəcərin işğalından ötən müddət ərzində o yerlərdən perik düşmüş insanların istər məskunlaşmalarında, istərsə də sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər silsilə xarakter daşımış və demək olar ki, problemlərin həlli üçün bütün imkanlardan istifadə edilmişdir. Ən əsası, onların çadır düşərgələrindən, dəmir evlərdən, fin tipli qəsəbələrdən, yük vaqonlarından yeni evlərə və çoxmərtəbəli yaşayış binalarına köçürülmələridir. Yevlax şəhərində məcburi köçkünlər üçün istifadəyə verilmiş yaşayış binalarının açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev kəlbəcərli məcburi köçkünlərlə görüşündə demişdir: “...2004-cü ildə bildiyiniz kimi, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı qəbul edilib və icra olunur. Proqram demək olar ki, tam şəkildə həyata keçirildi və 2007-ci ildə biz proqrama əlavələr etdik. Bax, bugünkü bu gözəl qəsəbə bu əlavələr hesabına yaradıldı. Bu, birinci qəsəbə deyildir. Artıq ölkəmizin müxtəlif yerlərində belə gözəl qəsəbələr tikilibdir”.

Ağdaban kəndinin ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq, mart ayının 31-dən aprelin 2-dək tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Təkcə bu işğal nəticəsində 511 nəfər şəhid oldu, 321 kəlbəcərli isə itkin düşdü, yaxud girov aparıldı, yüzlərlə qoca, uşaq əlil-şikəstə çevrildi.

Ən çox itki isə Kəlbəcər şəhərindən 64 km uzaqda olan Başlıbel kəndinin taleyinə düşdü: 28 nəfər ermənilər tərəfindən bir gecədə qətlə yetirildi, 18 nəfər girov götürüldü və ya əsir aparıldı, 17 nəfər 4 ay mühasirədə qalandan sonra min bir əziyyətlə gəlib Gəncəyə çıxdı.

Beləliklə, 1993-cü il aprel ayının 2-dən Azərbaycan Respublikasının 56 rayonunun 707 yaşayış məntəqəsi kəlbəcərlilərin müvəqqəti məskəninə çevrildi.

Kəlbəcərin yaşayış məntəqələri, o cümlədən illərlə tikilib-qurulmuş dünya əhəmiyyətli “İstisu” sanatoriyası, 500-dən çox sənaye, tikinti, kolxoz, sovxoz, ticarət, ictimai-iaşə və s. xidmət obyektləri, 13 min yaşayış evi, 324 sosial-mədəni obyekti düşmən əlinə keçərək darmadağın edildi.

Digər işğal altında qalan yurdlarımızın perik düşmüş insanları kimi, kəlbəcərlilər də əmindirlər ki, aparılan sülh danışıqları, nəhayət ki, səmərə verəcək. Dünya ikili standartlı mövqedən əl çəkəcək. Azərbaycanın haqq işi beynəlxalq birlikdə dəstəkləndikcə işğalçı Ermənistanın qeyri-insani siyasəti ifşa ediləcək, beləliklə, kəlbəcərlilər doğma yurdlarına qayıdacaqlar.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2015.- 2 aprel.- S.4.