Səhnəmizin zəri
Zəroş Həmzəyeva-90
Baharın ilk günlərindən birində, qədim Naxçıvan diyarında, indiki Babək rayonunun Nehrəm kəndində dünyaya bir qız uşağı göz açdı. Atası - dövrün sayılıb-seçilən ziyalılarından olan Mirzə Bağır Əliyev və anası - o dövrdə barmaqla sayılan savadlı qadınlardan biri kimi tanınan Əfşan xanım Makinskaya körpənin gələcək gözəlliyini hiss edib adını Zərrintac qoydular. Sonradan isə onu əzizləyib “Zəroş” deyə çağırdıqlarından hamı onu bu adla tanıdı.
Ailəsinin Naxçıvan şəhərinə köçməsilə əlaqədar orta təhsilini burada davam etdirən Zəroşda teatra qarşı sonsuz bir maraq oyanır. Buna səbəb məktəbə gedib-gələrkən yolu üstündə rastlaşdığı müxtəlif adlı rəngarəng afişalar olur. Sonralar bu sənətdə yüksələrək məşhurlaşan sənətkar aktyor peşəsini seçməsinin səbəbini belə xatırlayırdı: “...Teatrla ilk və canlı tanışlığım 1941-ci ilin yazında oldu. Rəfiqələrimlə birlikdə Naxçıvan Dövlət Dram Teatrında C.Cabbarlının “Oqtay Eloğlu” tamaşasına baxmağa getmişdik... Elə bil ki, nağıllar aləminə düşmüşdüm. Tamaşa başlandı. Mən heyrət içində idim. Birinci pərdə qurtardı. Yerimdən tərpənmirdim, donub qalmışdım. Fasilənin necə keçdiyi yadımda deyil. Pərdə yenidən açıldı. Səhnədə artistlər o tərəf-bu tərəfə qaçırdılar. “Tamaşanı saxlayın! Aktrisa gəlməyib, tamaşa olmayacaq!” sözlərini eşidəndə ürəyim qopdu... “Buna bax, mən ilk dəfə teatra gəlməkdə, aktrisa da işə gəlməməkdə. Heyf...” Elə bu zaman tamaşa salonundan bir nəfər qızın “Mən bu rolu oynayaram!” deməyi məni sevindirdi (bu qızın tamaşaçı olduğunu güman etmişdim). Qız qaçaraq səhnəyə çıxdı. Gördüm ki, bu, tamaşaçı deyil, Firəngiz rolunu oynayan aktrisadır. Sonrakı səhnələrə baxarkən qəlbimdən qəribə bir həsəd hissi keçdi. Firəngizin qətiyyətinə, bacarığına və cəsarətinə həsəd aparırdım. Bir an özümü onun yerində görmək istədim. “Mən aktrisa olacağam” fikri mənə hakim kəsildi”.
O zaman Naxçıvan Şəhər Pionerlər Evində tar dərnəyinin üzvü olan Zəroş bir gün eşidir ki, Gəncədən Naxçıvan Teatrına gələn rejissor və aktyor İbrahim Həmzəyev, burada yeni bir dram dərnəyi yaradıb. Həmin dərnəyə dəyişilmək arzusunu atasına bildirəndə, o, qəti etiraz edir. Artıq formal olaraq tar dərnəyinə gələn Zəroş, fürsət tapan kimi keçib dram dərnəyinin məşğələlərində iştirak edir. Qızının bu hərəkətindən xəbər tutan Mirzə Bağır onun teatr sənətinə olan böyük sevgisi və marağı qarşısında sanki əriyir və etirazını geri götürür.
İbrahim Həmzəyevlə dram dərnəyindən başlanan bu tanışlıq 1941-ci ildə Zəroşun da Həmzəyeva olması ilə nəticələnir. Onlar evlənirlər. Həmin ilin sentyabrından isə Zəroş Həmzəyeva Naxçıvan Dövlət Dram Teatrında işə qəbul olunur. Bir neçə ay sözsüz ki, kütləvi səhnələrdə iştirak edir. Həmin günlərin daha bir şirin xatirəsi: “...İlk vaxtlar sözsüz rollar tapşırılırdı. Hətta lazım gələndə kişi paltarında da səhnəyə çıxırdım. Bir gün teatrda “Əsli və Kərəm “operası oynanılırdı. Əsərin (tamaşanın - Ə.Q.) axırıncı pərdəsi idi. Rejissor İ.Həmzəyev mənə dedi ki, sən şahın taxtının yanında oturmalısan. Mən də oturdum. Qızlar oxuyur. Şah keşişə deyir:”Qızı ver Kərəmə!” Keşiş deyir: “Vermərəm!” Gördüm ki, səhnədə hamı danışır, öz-özümə dedim ki, yaxşı mən biabır olub səhnəyə çıxmışam, barı heç olmasa, bir söz deyim. Ona görə də keşişə (İ.Həmzəyevə) yaxınlaşıb: “Əşi, duzsuz olma, ver getsin!” - dedim. Mənim bu sözümə zalda əvvəl gülüşmə. Sonra alqış qopdu. Artistlər də səhnədə özlərini saxlaya bilməyib gülüşdülər. Mən bu gülüşdən pərt olub səhnədən çıxdım və ağladım. Mənim səhnə dilim həmin gecədən açıldı... Lakin mənim teatrda ilk rolum N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasındakı Yetərdir”.
Bəli, Z.Həmzəyeva 1942-ci ildən Yetər obrazı ilə səhnədəki sözsüz çıxışlarına “yetər” dedi. Bundan sonra bir-birinin ardınca Məryəm (S.Vurğun “Fərhad və Şirin”), Afaq (M.Hüseyn “Nizami”), Pəri (Ə.Haqverdiyev “Pəri cadu”), Məhəbbət (M.İbrahimov “Məhəbbət”) kimi rolların öhdəsindən müvəffəqiyyətlə gələn aktrisa C.Cabbarlının 1943-cü ildə hazırlanan “Aydın” tamaşasında məharətlə ifa etdiyi Gültəkin ilə sənətində ilk böyük uğurunu qazandı.
Məhz bundan sonra istedadlı bir aktrisa kimi məşhurlaşan Zəroş Həmzəyeva C.Cabbarlının pyesləri əsasında hazırlanan bütün tamaşaların yeni quruluşlarında əsas qəhrəmanların rollarını məharətlə ifa etdi. Sitarə, Sara, Sona, Sevil, Solmaz, Almaz, Yaqut, Firəngiz obrazları sənətkarın yaradıcılığında mühüm rol oynadı. 40-cı illərin sonunda Z.Həmzəyeva Naxçıvan Teatrında baş qəhrəmanların əsas ifaçısı kimi tanınırdı.
Gözəl diksiya, aydın tələffüz məftunedici səslə bərabər, məlahətli avaza da malik olan aktrisa 1940-1950-ci illərdə teatrda tamaşaya qoyulan məşhur milli opera, operetta və musiqili komediyalarda özünün xanəndəlik qabiliyyətini də böyük ustalıqla təqdim edirdi. Onun ifasında dahi Üzeyir bəyin qəhrəmanları - Leyli, Əsli, Gülçöhrə, Gülnaz, Minnət... tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanmışdır.
1948-ci ildə bağlanmaq təhlükəsilə üzləşən Füzuli Dövlət Dram Teatrı yaradıcılıq baxımından xeyli geriləmiş, maddi cəhətdən demək olar ki, iflasa uğramışdı. Teatrı bu vəziyyətdən xilas etmək üçün bacarıqlı təşkilatçı-rəhbərə, nüfuzlu və istedadlı rejissora, tamaşaçını cəlb edə biləcək baş rol ifaçılarına ehtiyac var idi. Respublika Mədəniyyət Nazirliyi bu vacib, məsuliyyətli və təxirəsalınmaz işin öhdəsindən gələ biləcək cütlük kimi Həmzəyevlərin üzərində dayanır. Bu barədə respublika və muxtar respublika rəhbərliyinə də məlumat verilib razılıq alındıqdan sonra nazirliyin xüsusi əmrilə Naxçıvan Dövlət Dram Teatrının direktoru və baş rejissoru, həmçinin aparıcı aktyoru, Azərbaycan SSR-in əməkdar artisti Mir İbrahim Həmzəyev xanımı, Naxçıvan MSSR-in əməkdar artisti Zəroş Həmzəyeva ilə birlikdə Füzuli Dövlət Dram Teatrında yeni işə təyin olunurlar. Teatra ümumi rəhbərlik İ.Həmzəyevə tapşırılır.
Naxçıvan Teatrında gedən əsas tamaşaların əksəriyyətində baş rolların dublyorsuz ifaçıları olduqlarından Həmzəyevlər doğma sənət ocağını da çıxılmaz vəziyyətdə qoya bilməzdilər. Bu baxımdan hər iki sənətkar on gündən bir Naxçıvana qayıdıb bir neçə gün tamaşalarda çıxış edərək, son tamaşa bitən kimi gecə qatarı ilə yenidən Füzuliyə yola düşürdülər. Bir il ərzində Füzuli Teatrında İ.Həmzəyevin quruluşunda bir neçə tamaşa hazırlanır və Zəroş bu tamaşalarda quruluşçu rejissor - səhnə tərəfdaşı ilə bərabər baş rolları yüksək səviyyədə ifa edib yerli tamaşaçıları yenidən teatra cəlb etməyə müvəffəq olurlar. Beləliklə, Həmzəyevlər öhdələrinə düşən tapşırığı layiqincə yerinə yetirib missiyalarını uğurla başa vururlar.
1950-ci ildən doğma Naxçıvan Teatrında iş fəaliyyətlərini bərpa edərək yeni tamaşalar üzərində çalışırlar. Tamaşaçılar səhnədə baş rollarda Həmzəyevlərin çıxış etdikləri tamaşalara daha çox gəlir və xüsusi rəğbət bəsləyirdilər. Onların ifasında Nəbi - Həcər, Vaqif - Xuraman, Fərhad - Şirin, Nizami - Afaq, Aydın - Gültəkin, Yaşar - Yaqut, Elxan - Solmaz, Şeyx Sənan - Xumar, Otello - Dezdemona, Don Sanço - Esterelya, Tərlan - Sevinc, Qayacan -İsmət duetləri cəlbedici təsirə malik olub, böyük maraq doğuraraq sürəkli alqışlanırdı.
Zəroş Həmzəyevanın “Vaqif” dramındakı Xuraman obrazının özünəməxsus yaradıcılıq tarixçəsi var. Aktrisanın obrazlar silsiləsində qırmızı xətlə qeyd olunan Xuramanı, o, 7 Vaqiflə ifa edib. Birinci dəfə Naxçıvan Teatrında qarşılaşdığı ilk Vaqifindən - İbrahim Həmzəyevdən sonra Zəroş xanım xalq artisti İsa Musayevlə, sonralar Akademik Dram Teatrın müqtədir sənətkarları, SSRİ xalq artistləri Ələsgər Ələkbərovla və İsmayıl Dağıstanlı ilə, xalq artistləri Kazım Ziya və Həsənağa Salayevlə, Füzuli Dövlət Dram Teatrında isə əməkdar artist Mürşüd Haşımlı ilə tərəfdaş olmuşdur.
Zəroş Həmzəyevanın yaradıcılıq bioqrafiyasına qızıl hərflərlə yazılan obrazı isə Məhsəti olmuşdur. Adından göründüyü kimi Məhsəti Gəncəvinin həyatından bəhs edən bu mənzum dramın müəllifi o zamanlar artıq istedadlı gənc şair kimi tanınan, SSRİ Yazıçılar İttifaqının üzvü Kəmalə Ağayevadır. “Məhsəti” sonralar Azərbaycan ədəbiyyatı və teatrı tarixində mənzum pyeslərin ilk qadın-müəllifi kimi məşhurlaşan dramaturqun bu sahədə ilk qələm təcrübəsi idi. Naxçıvan Dövlət Musiqili Dram Teatrının yeni binasında pərdələrin ilk açılışı da 1964-cü il oktyabrın 24-də məhz “Məhsəti” tamaşasının premyerası ilə olmuşdur. Çoxsaylı tamaşaçıların istəkləri nəzərə alınaraq “Məhsəti”nin ilk tamaşaları 5 gün davam etmişdir. Bu böyük uğurun əldə olunmasında bütün yaradıcı heyətin, xüsusən də Məhsətini sözün əsl mənasında yaradan Zəroş Həmzəyevanın danılmaz xidmətləri olmuşdur.
1965-ci il iyun ayının 14-dən 21-dək Bakıda “Naxçıvan MSSR mədəniyyət həftəsi” keçirildi. Naxçıvan Teatrı üç tamaşa ilə - “Odlu diyar” (H.Razi), “Sahil əməliyyatı” (C.Əmirov, İ.Həmzəyev) və “Məhsəti” ilə muxtar respublika incəsənətini təmsil edirdi. Zəroş Həmzəyeva hər üç tamaşada baş və əsas rollarda iştirak edirdi. Akademik Dram Teatrın səhnəsində göstərilən bu tamaşalar arasında “Məhsəti” daha böyük rezonans doğuraraq ədəbi və teatr tənqidi tərəfindən yüksək qiymətləndirildi, mərkəzi mətbuat səhifələrində müsbət resenziyalar dərc olundu. “Mədəniyyət həftəsi”nin bağlanışı Dövlət Filarmoniyasının yay zalında keçirildi. Həmin axşam burada “Mədəniyyət həftəsi” iştirakçılarından bir qrupunun mükafatlandırılması oldu. Naxçıvan Teatrının görkəmli aktyoru, “Odlu diyar” və “Sahil əməliyyatı” tamaşalarının quruluşçu rejissoru Mir İbrahim Həmzəyev Azərbaycan SSR xalq artisti fəxri adına layiq görüldü. Respublika Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunanlar arasında “Məhsəti”nin müəllifi və baş rolun ifaçısı da var idi.
Zəroş Həmzəyevanın ustalıqla canlandırdığı obrazlar qalereyasında təkcə klassik və müasir dramaturgiyamızın parlaq obrazlarını deyil, eyni zamanda dünya, Qərbi Avropa, rus və sovet dramaturqlarının da qəhrəmanlarına rast gəlinir. Onun böyük şövqlə ifa etdiyi Dezdemona (U.Şekspir “Otello”), Esterelya (Lope de Veqa “Sevilya ulduzu”), Kruçinina (A.Ostrovski “Günahsız müqəssirlər”), Aqafya (N.Qoqol “Evlənmə”), Cessi (K.Simonov “Rus məsələsi”), Serafima (S.Mixalkov “Xərçənglər”), Zina (V.Şkvarkin “Özgə uşağı”), Nənə (N.Dumbadze “Mən, nənəm, İliko və İllarion”), Fərxundə (N.Hikmət “Bayramın birinci günü”) bu gün də həmin obrazların canlı ifasını görmüş yaşlı və orta nəsil tamaşaçılarının yaddaşında yaşamaqdadır.
1970-ci ildə Naxçıvan Teatrı məşhur İtaliya dramaturqu Karlo Qoldoninin “Mehmanxana sahibəsi” əsərinə müraciət edir. Tamaşanın quruluşçu rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi Baxşı Qələndərli dünya teatrlarında sınaqdan çıxarılmış bir eksperimenti ilk dəfə olaraq Naxçıvan səhnəsində tətbiq edir. O, tamaşada bir-birini dəlicəsinə sevən sahibə Mirandalena və onun xidmətçisi Fabrisio rollarını ana və oğula - xalq artisti Zəroş Həmzəyevaya və gənc aktyor Nizami Həmzəyevə (indi respublikanın əməkdar incəsənət xadimi) tapşırır. Etiraf etmək lazımdır ki, rejissorun bu ideyası öz səmərəli nəticəsini verərək, tamaşanın müvəffəqiyyətində əsas amillərdən biri olur. Bir il sonra Bakıya ikinci səfərini edən Naxçıvan DMD Teatrı “Mehmanxana sahibəsi”ni uğurla paytaxt tamaşaçılarına göstərmiş və tamaşa Azərbaycan televiziyası vasitəsilə bütün respublikaya canlı nümayiş etdirilmişdir. Mərkəzi mətbuatın “Mehmanxana sahibəsi” haqqında dərc etdiyi resenziyalarda tamaşa Naxçıvan Teatrının növbəti yaradıcılıq uğuru kimi vurğulanır, rejissor işi, səhnənin bədii quruluşu, dövrə və məkana uyğun dekorasiya, geyimlər, qrim və əlbəsələr, həmçinin peşəkar aktyor oyunu yüksək qiymətləndirilir, Zəroş və Nizami Həmzəyevlərin parlaq, səmimi və təbii oyunları isə məxsusi vurğulanırdı.
Daim yaradıcılıq axtarışlarında olan Zəroş Həmzəyeva təkcə lirik, romantik, dramatik və faciəvi rolların mahir ustası deyil, həmçinin komik obrazların da öhdəsindən bacarıqla gələn bir səhnə ustası idi. Məsələn, gəncliyində “Yaşar” tamaşasında Yaqut rolunda səhnəyə çıxan sənətkar orta yaşlarında bu tamaşada Şərəbanı obrazına yeni bir yozum verirdi. Şərəbanı - Zəroş xanım səhnəyə girəndən çıxana qədər tamaşaçı gülməyini saxlaya bimirdi. Yaxud Z.Bağırov və M.Şamxalovun “Qayınana” musiqili komediyasında ikinci gəlin kimi evə gəldikdən sonra müxtəlif komik situasiyalar yaradan Afət - Zəroş xanım bir tərəfdən bu hərəkətlərinə görə qınaq obyektinə çevrilsə də, digər tərəfdən tamaşaçının bu obraza verdiyi haqla sevilir.
Milli teatr tariximizdə özünəməxsus yeri olan və 40 illik səhnə fəaliyyətində müxtəlif xarakterli obrazlara həyat verən, bununla da Azərbaycanın hər bir bölgəsində geniş tamaşaçı rəğbətini qazanan görkəmli sənətkar Zəroş xanımın təəssüf ki, kinomuzda heç bir izi olmadı. Bəlkə də olardı, özü də davamlı olardı, əgər SSRİ xalq artisti, dahi rejissor və aktyor Ədil İsgəndərovun Zəroş Həmzəyevanı “Əhməd hardadır?” filmində Nərgiz xala roluna birbaşa, sınaqsız çəkmək arzusu gerçəkləşsəydi. Lakin Z.Həmzəyevanın Bakıya, kinostudiyaya dəvət olunması barədə Naxçıvana göndərilmiş teleqram poçtda müəmmalı şəkildə yoxa çıxır. Həmin vaxt Naxçıvanda olmayan Zəroş xanıma heç cür xəbər çatdırmaq mümkün olmur. Beləliklə, qüdrətli sənətkara bədii ekranda görünmək müyəssər olmur. Buna baxmayaraq Azərbaycan televiziyası onun haqqında dəyərli sənədli film ərsəyə gətirdi. Görkəmli teatrşünas Adilə İsmayılovanın “Nehrəmli qız”, yazıçı-publisist Qənimət Əlisaoğlunun Həmzəyevlərə həsr etdiyi “Ömrün zirvəsi” kitabları işıq üzü gördü və ətraflı məlumat əldə etmək istəyən hər bir kəs üçün dəyərli mənbə hesab oluna bilər.
Zəroş Həmzəyevanın 75 illik yubileyi münasibətilə ümummilli lider Heydər Əliyevin sənətkara ünvanladığı təbrik məktubundan bir neçə sətri oxucuların nəzərinə yetirmək yerinə düşər: “...Fitri istedad, ifa üslubunuza xas olan təbiilik, yüksək səhnə mədəniyyəti Sizə həmişə öz həyatiliyilə seçilən müxtəlif taleli saysız-hesabsız surətlər yaratmağa imkan vermişdir. Respublikanın tanınmış teatr xadimi, mərhum həyat yoldaşınız İbrahim Həmzəyevlə birlikdə Naxçıvan Dövlət Dram Teatrının səhnəsində keçən sənət yolunuz 40-50-ci illərdə bu qədim diyarın mədəni həyatının canlanmasında mühüm rol oynamışdır. Həmin dövrü haqlı olaraq Naxçıvan Teatrının “Həmzəyevlər dövrü” adlandırmaq olar...
...Yüksək peşəkarlıq, seçdiyiniz sənətə vurğunluq və sədaqət, milli teatrımızın inkişafı yolunda göstərdiyiniz fədakarlıq gənc aktyorlar üçün əsl həyat məktəbidir. İnanıram ki, sənətkarların hələ neçə-neçə nəsli bundan sonra da həmin məktəbdən faydalanacaq, Vətənə, xalqa, sənətə sevgi dərsi alacaqdır...”
Z.Həmzəyeva həm də Naxçıvan MSSR Ali Sovetinin deputatı və muxtar respublika Qadınlar Şurasının sədri kimi də ictimai fəaliyyətlə məşğul olmuşdur. Böyük alman filosofu Q.Hegelin bu fikirləri də sanki xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Zəroş Həmzəyevaya ünvanlamışdır: “...Bu sənət (aktyor sənəti - Ə.Q.) böyük istedad, zəka, təmkinlik, səy, vərdiş, bilik və hətta özünün ən yüksək zirvəsində dahiyanə bir hünər tələb edir”.
Müqtədir sənətkar Z.Həmzəyeva 2004-cü il iyul ayının 7-də Bakıda vəfat etmiş və İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Ruhu şad olsun!
Ələkbər
QASIMOV,
AMEA
Naxçıvan Bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun
böyük elmi işçisi,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Azərbaycan.-2015.- 2 aprel.- S.7.