Zakir Həsənov: Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir

 

“Bu gün Azərbaycan ordusu cəbhədə vəziyyətə tam nəzarət edir. Silahlı Qüvvələrimiz düşmənin bütün təxribatlarına layiqli cavab verir. Düşmən böyük itkilər verir. Xüsusilə qeyd etmək istəyirəm ki, son zamanlar düşmən ordusu vahimə içindədir. Azərbaycan tərəfə keçən əsgərlər də bu məlumatları bizə çatdırırlar. Biz müxtəlif vasitələrlə də Ermənistan ordusundakı vəziyyəti izləyirik. Əldə etdiyimiz məlumatlar da bunu sübut edir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Tbilisidə keçirilən üçtərəfli görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Üçtərəfli görüşün nəticələrini yüksək qiymətləndirən Z.Həsənov bildirib ki, Azərbaycan tərəfi bu müzakirələrdə regionda baş verən hadisələr, xüsusən də Ermənistanın təcavüzkar siyasəti barədə bir daha məlumat verib, birgə hərbi əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Ali Baş Komandanın birbaşa diqqət və qayğısı sayəsində bu gün Azərbaycan Ordusunun çox gücləndiyini deyən Z.Həsənov deyib ki, Ermənistanda da bunu tam başa düşür və etiraf edirlər. Son vaxtlar onların keçirdikləri uğursuz əməliyyatlar, verdikləri itkilər də bunu sübut edir. Qarşı tərəf bu ilin əvvəlindən 30-dan çox hərbu qulluqçu itirib. Bu, onların yalnız etiraf etdikləri rəqəmdir. Bəzi məlumatlara görə, bu rəqəm 50-dən çoxdur. Ermənistan ordusunun uğursuzluqları bu dövlətin daxili siyasətinə, eyni zamanda, əhalinin əhval-ruhiyyəsinə də mənfi təsir göstərir. Erməni xalqı küçələrə çıxır, nümayişlər keçirir. Onlar cəbhədəki vəziyyətin, o cümlədən itkilərin gizlədilməsinə Ermənistanın Müdafiə Nazirliyi, Prezident Aparatı qarşısında etiraz edir, qeyri-döyüş zamanı baş verənlərin araşdırılmasını tələb edirlər.

Nazir xüsusi olaraq vurğulayıb ki, artıq düşmən ordusunun əsgərləri Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duruş gətirə bilməyəcəklərini dərk edirlər. Bu da təbiidir. Çünki Azərbaycanın uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişaf Silahlı Qüvvələrimizin daha da güclənməsinə, hərbi qüdrətinin artmasına birbaşa təsir göstərir.

 

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Azərbaycan.-2015.- 3 aprel.- S.2.