Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığının daha

 da inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqaş ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.

Ənvər Məhəmməd Qarqaş Azərbaycanın dinamik inkişafını məmnunluqla izlədiklərini deyərək ölkələrimiz arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu söyləyib.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verib, Ermənistanın destruktiv və işğalçı siyasətinin münaqişənin həllinə başlıca mane olduğunu diqqətə çatdırıb. Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyən Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı qoşunlarının zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Nazir Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyət, demoqrafik vəziyyətin dəyişdirilməsi və Azərbaycan xalqına aid maddi-mədəni irsin, o cümlədən İslam dini abidələrinin məhv edilməsi barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2015.- 3 aprel.- S.2.