İrakli Qaribaşvili:
Azərbaycan, Gürcüstan və
Türkiyə arasındakı
üçtərəfli əməkdaşlıq
regionun inkişafı üçün yeni imkanlar
açır
Azərbaycan,
Gürcüstan və Türkiyə müdafiə nazirlərinin
Tbilisidə keçirilən üçtərəfli
görüşünün iştirakçıları aprelin
2-də Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili ilə görüşüblər.
İ.Qaribaşvili qonaqları salamlayaraq Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafından məmnunluğunu bildirib. Baş nazir hər üç ölkənin müxtəlif strukturları, o cümlədən Müdafiə nazirlikləri arasında belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib. Bildirilib ki, bu cür tədbirlər ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı üçün yeni imkanlar açır.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə tədbir iştirakçıları adından minnətdarlığını bildirib. Nazir diqqətə çatdırıb ki, görüşdə olduqca mühüm məsələlər müzakirə edilib. Azərbaycanın müdafiə naziri bu cür görüşlərin, eləcə də üçtərəfli əməkdaşlığın təkcə ölkələrimiz üçün deyil, bütövlükdə region üçün əhəmiyyətini xüsusi vurğulayıb.
Sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin müdafiə naziri İsmət Yılmaz, Gürcüstanın müdafiə naziri Mindia Canelidze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslər də iştirak ediblər.
X X X
Sonra Azərbaycanın, Gürcüstanın və Türkiyənin müdafiə nazirləri Tbilisinin mərkəzindəki “Qəhrəmanlıq meydanı”na gələrək burada ucaldılmış abidə kompleksinin önünə nümayəndə heyətləri adından əklillər qoyublar.
Tədbir iştirakçıları daha sonra “Sovet işğalı muzeyi”ndə olublar.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri başa çatıb.
Xətayi
Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycan.-2015.- 3 aprel.- S.2.