Bakıda “Böyük
Qələbənin yubileyi: nəsildən-nəslə
keçən canlı
yaddaş” mövzusunda Beynəlxalq
konfrans keçirilib
Bakı Slavyan Universitetində “Böyük Qələbənin yubileyi: nəsildən-nəslə keçən canlı yaddaş” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfrans MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə “Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən təşkil olunub.
Konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, xarici qonaqlar, Böyük Vətən müharibəsi veteranları iştirak ediblər.
Beynəlxalq konfrans Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində keçirilib.
Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyev konfrans iştirakçılarını salamlayıb.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxışında deyib: “Qələbə Günü bayramı keçmiş Sovet İttifaqının müttəfiq respublikaları üçün xüsusi məna kəsb edir. Onların vətəndaşları faşist qoşunlarının həmləsinə şərəflə sinə gərib, mərdlik və qəhrəmanlıq nümayiş etdirərək bəşəriyyəti XX əsrin qəhvəyi taunundan xilas ediblər”.
Ə.Mehdiyev qeyd edib ki, Böyük Vətən müharibəsində Qələbə bizim ümumi sərvətimizdir.
Bəşəriyyətin tarixində bu ən qorxunc müharibədə Azərbaycan xalqı başqa xalqların nümayəndələri ilə çiyin-çiyinə döyüşüb və o vaxt ümumi olan ölkəmizin ərazisinin hər bir qarışını müdafiə edib. O ağır illərdə 700 min həmvətənimiz cəbhəyə yollanıb. Onların yarısı müharibədən qayıtmayıb.
Təxminən 130 həmvətənimiz göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O illərdə Azərbaycanda 130 addan çox silah və döyüş sursatı istehsal edilib. Cəbhəni neft və neft məhsulları ilə məhz Azərbaycan təchiz edib.
Vurğulanıb ki, Azərbaycan xalqı müharibədə canlarından keçmiş qəhrəmanların xatirəsinə ehtiramla yanaşır.
Ə.Mehdiyev təəssüf hissi ilə bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda Böyük Vətən müharibəsinə olduqca ziddiyyətli qiymətlər verilib, bu parlaq səhifələri tariximizdən silməyə cəhdlər göstərilib.
Ə.Mehdiyev deyib: “Heydər Əliyev Azərbaycan Prezidenti seçiləndən sonra ölkədə Qələbə gününə və veteranlara münasibət yaxşılığa doğru dəyişdi”.
O, tədbir iştirakçılarına Heydər Əliyevin bu sözlərini xatırladıb: “1941-1945-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələridir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq. Bu dövrün insanlarını - həm həmin dövrdə döyüşən, həlak olanları, cəbhədə yaralananları, həm də rəşadət göstərib bu gün yaşayanları həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik”.
Bildirilib ki, Azərbaycan rəhbərliyi bu gün Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı göstərməyə davam edir. Hər il Azərbaycanda Qələbə Günü təntənə ilə qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyev veteranlarla şəxsən görüşür, onları təbrik edir.
Ə.Mehdiyev bildirib ki, Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ərəfəsində ölkədə müvafiq tədbirlər keçirilir.
Ə.Mehdiyev deyib: “Bu ilin fevralında Azərbaycan Prezidentinin sərəncamı ilə “1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilib. Dövlət başçısı həm də Böyük Vətən müharibəsinin Azərbaycandan olan iştirakçılarının “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb”.
Ölkədə veteranların sosial həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər kompleksi həyata keçirilir, o cümlədən onlara avtomobillər verilir, Prezident təqaüdləri təyin edilir, maddi yardımlar edilir və s.
Biz heç nəyə baxmayaraq çox ağır sınaqlara davam gətirdik, müharibənin çətin yolunu şərəflə keçdik, ruh yüksəkliyi və qəhrəmanlıq nümayiş etdirdik. O çətin illərdə heç kəs heç kəsi özününkülərə və yadlara bölmürdü, SSRİ xalqları bir-birinə kömək edərək müharibə yollarını vahid sırada birləşərək keçdi.
Ə.Mehdiyev deyib: “Bəs bu gün nə müşahidə edirik? Faşist işğalçılarına qarşı fədakarcasına, keçmiş sovet respublikalarının başqa xalqları ilə çiyin-çiyinə döyüşmüş Azərbaycan xalqı respublikamızın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan tərəfindən açıq hərbi təcavüzə məruz qalıb. Təəssüf ki, bu işğal nəticəsində zərər çəkmiş və həlak olmuş dinc sakinlər arasında veteranlar da var”.
Ə.Mehdiyev qeyd edib ki, bir çox Böyük Vətən müharibəsi veteranı erməni işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdür. Bu gün biz işğala son qoyulması və münaqişənin ədalətli yolla tənzimlənməsi məsələsində MDB ölkələrinin bizi düzgün başa düşəcəklərinə və dəstəkləyəcəklərinə ümid edirik.
O deyib: “Yəni, doğrudanmı Ermənistan Böyük Vətən müharibəsindən ibrət dərsi almayıb? Yəni, doğrudanmı o, Böyük Vətən müharibəsində Qələbənin bütün bəşəriyyət üçün əhəmiyyətini anlamayıb? Əslində orada faşizm ideologiyasını reanimasiya edirlər. Milli üstünlük nəzəriyyəsi faşizm ideologiyasını dirçəldir”.
Ərəstun Mehdiyev xalqların yaxınlaşması məqsədinə xidmət edən bugünkü beynəlxalq konfrans kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. O xatırladıb ki, son vaxtlar Böyük Vətən müharibəsinin yekunlarını təftiş etmək cəhdləri göstərilir, faşizm üzərində qələbədə Sovet İttifaqının rolu inkar edilir.
Ərəstun Mehdiyev deyib: “Biz həm də keçmiş müttəfiq respublikalarda, o cümlədən Ermənistanda Qaregin Njde, Dro və başqa nasist canilərin və onların əlaltılarının qəhrəman kimi qələmə verilməsinin əleyhinə çıxış edirik. Onların ətrafında qəhrəman oreolu yaratmaq üçün son illərdə, təəssüf ki, Rusiyanın resurs və məkanından da qismən istifadə edilir”.
Konfransda Rusiya Federasiya Şurasının Sosial siyasət komitəsi sədrinin müavini Lyudmila Kozlova, Belarus Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Vyaçeslav Daniloviç, Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi İqor Barinov, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Beynəlxalq jurnalistika və araşdırmalar mərkəzinin rəhbəri Veronika Kraşennikova çıxış ediblər.
Bakı Veteranlar Şurası sədrinin müavini, istefada olan birinci dərəcəli kapitan, hərbi jurnalist, Böyük Vətən müharibəsi haqqında 70-dən çox kitabın müəllifi Aleksandr Qritçenko Azərbaycanın Böyük Vətən müharibəsində iştirakı və rolu barədə danışıb. O, veteranların Böyük Qələbənin 70 illik bayramına hazırlıqla əlaqədar apardıqları iş üzərində də dayanıb. A.Qritçenko xüsusi vurğulayıb ki, Azərbaycanda Böyük Vətən müharibəsinin tarixi heç vaxt saxtalaşdırılmayıb.
Veteran deyib: “Ümummilli lider Heydər Əliyev veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşırdı. Prezident İlham Əliyev hər il Qələbə bayramı günündə veteranlarla görüşür, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə veteranlarla birlikdə gül-çiçək qoyur”.
Konfransda Qırğızıstan Perspektivli Araşdırmalar Mərkəzinin prezidenti, fəlsəfə elmləri doktoru Sergey Masaulov, Tacikistan Elmlər Akademiyası Tarix İnstitutunun Ən yeni tarix şöbəsinin müdiri Abdullo Qafurov, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun Müasir tarix və beynəlxalq araşdırmalar şöbəsi müdirinin müavini Ravşan Nəzərov, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları Cəbi Bəhramov, İradə Bağırova, İlqar Niftəliyev, Azərbaycan Milli Məclisinin deputatları, habelə Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Özbəkistan və Qırğızıstanın digər nümayəndələri, tarixçilər, politoloqlar və jurnalistlər də iştirak ediblər.
Konfransın iki plenar sessiyasında “Böyük Vətən müharibəsində Qələbə bizim ümumi sərvətimizdir”, “Böyük Vətən müharibəsi insanların taleyində”, “Biz hamımız Böyük Vətən müharibəsində Qələbənin varisləriyik”, “Azərbaycan qəhrəmanları 1941-1945-ci illərin Böyük Vətən müharibəsində”, “Azərbaycan qadınları. Böyük Vətən müharibəsində Qələbəyə onların töhfəsi”, “Neft hasil edən mərkəz kimi Bakının nasizmə qarşı mübarizədə rolu” mövzularında məruzələr dinlənilib.
Fasilədən sonra konfrans öz işini seksiya iclaslarında davam etdirib.
AZƏRTAC
Azərbaycan.-2015.- 3 aprel.- S.3.