Uğura aparan yol
Təhsil bəşəriyyət tarixində həmişə müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir dünyamızda baş verən sürətli dəyişikliklər isə təhsili ictimai həyatımızın həlledici amilinə çevirir və bütün dünyada insanlara bərabər təhsil imkanlarının yaradılması məsələsini dövrün ən mühüm zərurəti kimi aktuallaşdırır. Bu gün dünyanın mənzərəsini dəyişən, insanın imkanlarını misilsiz dərəcədə genişləndirən elmi-texniki nailiyyətlərin təməlində təhsil dayandığı kimi, xalqları, mədəniyyətləri təhdid edən cəhalət kabusunun qaynaqlandığı mənbənin də məhz təhsilsizlik olduğu kimsəyə sirr deyildir.
Təhsil hər bir xalqı öz milli hədəflərinə doğru aparan yoldur. Elə buna görə də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində milli təhsilin inkişafına mühüm prioritet kimi həmişə böyük önəm vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixin ən sürətli inkişaf mərhələsini yaşayan müstəqil dövlətimizin qazandığı uğurların mühüm bir qisminin məhz milli təhsil sistemimizə aid olması da təsadüfi deyil.
Modernləşmə proseslərinin fəal iştirakçısı kimi sosial-iqtisadi həyatını qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdıran, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün bütün imkanlardan istifadə edən Azərbaycan dövləti təhsilin inkişafını bu tarixi dövrün ən səciyyəvi xüsusiyyətinə çevirməyə müvəffəq olmuşdur.
Azərbaycanda aparılan davamlı təhsil islahatları, bu istiqamətdə irəli sürülən qabaqcıl ideyalar, reallaşdırılan məqsədyönlü layihələr təhsilin tərəqqisinə əhəmiyyətli töhfələr verir. Bütün bunlar Azərbaycan cəmiyyətinin indiki müasir inkişafını təmin edərək, eyni zamanda gələcəyimiz üçün etibarlı zəmin rolunu oynayır.
Qarşıdakı bir neçə ildə Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçid üçün zəruri əsasın yaradılması, insan kapitalının adekvat inkişafından irəli gələn məsələlərin həlli mühüm strateji vəzifələr kimi öz əksini tapmışdır.
Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir təhsil sisteminin qurulması insan kapitalının formalaşdırılması prosesinin ən mühüm strateji istiqamətləri kimi nəzərə çarpır. Bu konsepsiyadan irəli gələn vəzifələr milli təhsil sistemimizin kökündən dəyişdirilməsini, əlavə təhsil, ömür boyu təhsil kimi komponentlərin aktuallıq qazanmasını vacib edir. Azərbaycanın son illər bu istiqamətlərdə əldə etdiyi ardıcıl nailiyyətlər artıq beynəlxalq hesabatlarda da öz əksini tapır və davamlı inkişaf nümunəsi kimi təqdir edilir. Belə ki, BMT-nin İnkişaf Proqramının “İnsan inkişafı indeksi”nə əsasən, Azərbaycan 187 ölkə arasında, 2008-ci ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksəlmiş və insan potensialının yüksək inkişaf etdiyi ölkələr qrupuna daxil olmuşdur.
Bütün bunlar, cəmiyyət həyatının digər mühüm sahələri kimi, Azərbaycan dövlətinin həm də təhsilin yüksəlişinə, əhalinin savadlanmasına, bir sözlə, insanın inkişafına qoyduğu sərmayənin, bu yöndə atılan məqsədyönlü addımların xoş nəticələridir.
Son bir neçə il təhsil sahəsində gedən inkişaf prosesləri, Azərbaycan Prezidentinin bu inkişaf proseslərinə təkan verən qərarları ilə də xarakterik olmuşdur. 2013-cü il oktyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da bu tarixi sənədlərdən biridir. Təhsil sahəsində uzun illərdən bəri müzakirə mövzusuna çevrilmiş problemlərin əsaslı həllini nəzərdə tutan Strategiya öz məzmunu ilə milli təhsilimizin inkişafı üçün böyük perspektivlər müəyyənləşdirmişdir.
Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq, hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun, eləcə də insan resurslarının inkişafı üçün müvafiq addımların atılması bu sənədin əsas strateji məqsədləri kimi irəli sürülmüşdür. Bu sənəd ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması məqsədinə xidmət edir.
Strategiyada müasir dövrdə ölkənin təhsil sistemi qarşısında duran vəzifələr son dərəcə dəqiqliklə, qlobal çağırışlara uyğun tərzdə irəli sürülmüşdür. Milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi, insan kapitalının inkişafı yolu ilə ölkə iqtisadiyyatının qlobal sistemə uğurlu inteqrasiyası bu vəzifələr sırasında öz əksini tapmışdır.
Dövlət strategiyasında ən əhəmiyyətli məqamlardan biri ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi, elm və təhsilin daha sürətli inteqrasiyasına, hazırda bu sahədə müşahidə edilən bir sıra problemlərin həllinə, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin qlobal rəqabət mühitinə qoşulmasına xidmət edəcəyi və nəticələri ilə bağlı müddəalardır.
Strategiyada nəzərdə tutulduğu kimi, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması, təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, habelə tələbə kreditləri sisteminin genişləndirilməsi və s. bu kimi tədbirlər milli təhsil sistemimizdə aparılan islahatların ardıcıllığına, davamlığına təminat yaradır.
Azərbaycan Prezidentinin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi də milli təhsilimizin inkişafı ilə bağlı son illərin tarixi addımlarından oldu.
Bu Fəaliyyət Planının Strategiyanın qəbulundan dərhal deyil, bir neçə ay sonra təsdiqlənməsini təqdirəlayiq məqam kimi xüsusi vurğulamaq istərdik. Çünki bu bir neçə aylıq müddət Strategiyanın kifayət qədər geniş çevrədə ictimai müzakirəsinə, bu sənəd üzrə bütün rəy və təkliflərin öyrənilərək ümumiləşdirilməsinə imkan vermiş, nəticədə Azərbaycan Respublikası Təhsil Nazirliyində bu məqsədlə yaradılmış işçi qrupunun əməyi sayəsində mükəmməl Fəaliyyət Planının ortaya çıxması mümkün olmuşdur. Fəaliyyət Planında islahatların məqsədi və strateji istiqamətləri, seçilmiş prioritetlər, onların reallaşdırılması üçün qəbul edilməli olan dövlət proqramları, icraya məsul və tərəfdaş qurumlar, aralıq və yekun hədəflər, həmçinin icra dövrü dəqiq müəyyən edilmişdir.
Bu sənəd üzrə reallaşdırılması nəzərdə tutulan və milli təhsilimizin yeni keyfiyyət mərhələsinə keçidini hədəfləyən tədbirlərin əhatə dairəsi geniş və çoxşaxəlidir. Strategiyada təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, insan resurslarının inkişaf etdirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflərdəndir.
Dövlət Strategiyasının mühüm istiqamətlərindən biri kimi səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması məqsədindən irəli gələrək Fəaliyyət Planında uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modeli zəminində, habelə səriştə əsaslı standart və kurikulumların hazırlanması, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması nəzərdə tutulmuşdur.
Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə-ixtisas və orta ixtisas təhsili standartlarının və kurikulumlarının hazırlanması da Fəaliyyət Planında öz əksini tapmış məsələlərdəndir.
Ali təhsil müəssisələrinin təhsil- tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi istiqaməti üzrə isə ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların hazırlanması və ekspertizası həyata keçiriləcək. Ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartlar təsdiqlənəcək. Burada pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığı üzrə kurikulumların hazırlanması, ekspertizası və tətbiqi standartlarının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi, ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi prosesində müstəqilliyin verilməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ali təhsilin səviyyələri arasında əlaqələrin və varisliyin gücləndirilməsi kimi məsələlər öz əksini tapmışdır.
Bundan başqa, doktorantura səviyyəsi üçün elmi tədqiqatlar sahəsində yüksək hazırlığı və elmi-pedaqoji fəaliyyət üzrə mükəmməl səriştəyə yiyələnməni təmin edən müasir standartların hazırlanması və ekspertizası, doktorantura səviyyəsi üçün standartların təsdiqi məsələləri burada öz əksini tapmışdır. Fəaliyyət Planında təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması, təfəkkürün və şəxsiyyətin inkişafına yönəldilmiş, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resursların inkişafı, müəllim peşəsinin nüfuzunun artırılması məqsədilə dövlət siyasətinin inkişaf mərhələlərinin müəyyənləşdirilməsi və s. bu kimi tədbirlər də nəzərdə tutulmuşdur.
Fəaliyət Planına uyğun olaraq təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi təmin olunacaq, təhsil pillələri və səviyyələri beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq. Bundan başqa, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modeli, təhsilin keyfiyyətinin təminatı, təhsilin idarə olunması üzrə müvafiq sistemlər, yeni hesabatvermə modelləri, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmləri yaradılacaq.
Sənəd təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılmasını, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənilmiş kompüter-planşetlə təmin olunmasını, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, distant təhsilin inkişafı, istedadlı şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar üçün təhsil və inkişaf imkanlarının təmin olunması, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin yaradılması da Fəaliyyət Planında öz əksini tapmışdır.
Müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin formalaşdırılması, ali təhsil müəssisələri üçün kampusların yaradılması üzrə dövlət proqramının hazırlanması və həyata keçirilməsi, ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi, təhsillə bağlı media və internet resurslarının inkişafının təmin olunması da sənədin diqqəti cəlb edən əhəmiyyətli məqamlarındandır.
Fəaliyyət Planında həmçinin təhsilin dayanıqlı və müxtəlif mənbələrdən maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasını nəzərdə tutan bir sıra mühüm tədbirlər öz əksini tapmışdır.
Təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirilməsi mexanizminə keçid, təhsil sistemində elmi tədqiqatların yeni maliyyələşmə mexanizminin tətbiqi, təhsil müəssisələrinin keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin yaradılması, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmadan məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması və s. bu kimi tədbirlər buna misal göstərilə bilər. Eyni zamanda, müəllim əməyinin layiqincə dəyərləndirilməsi, onların illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması məqsədi də sənədin ən vacib cəhətlərindən biridir.
Fəaliyyət Planında öz əksini tapmış bir sıra tədbirlər bu sənədin qəbulundan da əvvəl davamlı şəkildə icra edilməkdədir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu istiqamətlərdə bir sıra ciddi uğurlara nail olmuşdur.
Bu nailiyyətlərin bir qismi ölkəmizdə təhsil infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması yönündə bir neçə ildir ki, davam edən məqsədyönlü fəaliyyətin davamıdır. 2003-cü ildən etibarən Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib, yaxud əsaslı təmir olunub və bu proses indi də davam etdirilir.
Təhsilin müasir tələblərə uyğunlaşdırılmasında müstəsna əhəmiyyət daşıyan yeni tədris resursları və dərsliklərin hazırlanması sahəsində də keyfiyyətliyə ciddi nəzarət təmin olunub.
Məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə qaldırılması, müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılması və müəllim hazırlığının təkmilləşdirilməsi sahəsində də nəzərəçarpacaq nailiyyətlər var.
Təhsil Nazirliyinin irəli sürdüyü stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi müəllim fəaliyyətinin keyfiyyətinin artırılmasına xidmət edir. Müəllimlər üçün səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazasında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması istiqamətində bir sıra mühüm işlər görülür. Bu ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamı dövlət rəhbərliyinin müəllimlərə böyük diqqət və qayğısının ifadəsi olmaqla yanaşı, həm də müəllim əməyinin yeni sistem əsasında stimullaşdırılması sahəsində mühüm nailiyyətlərdəndir.
Dövlət Strategiyasının icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən həyata keçirilən uğurlu layihələr sırasında ali məktəblərdə “SABAH” qruplarının yaradılmasını xüsusi qeyd etmək istərdik. Layihənin adı kimi seçilmiş “SABAH” “savadlı”, “bacarıqlı”, “hazırlıqlı” sözlərinin qısaldılmış variantıdır. Ali təhsil müəssisələrinin birinci kurs tələbələri arasından ən savadlı, bacarıqlı və hazırlıqlı tələbələr müsabiqə yolu ilə seçilərək müəyyən ixtisaslar üzrə “SABAH” qrupları formalaşdırılır. Bu qrupların yaradılmasında bir neçə məqsəd əsas götürülür. Məlumdur ki, Azərbaycanın iqtisadi inkişafı ilə ali təhsil müəssisələrindəki kadr hazırlığının mövcud keyfiyyəti arasında müəyyən qədər uyğunsuzluqlar var. Sənayenin müxtəlif sahələri üzrə kadr təminatında kəmiyyət deyil, keyfiyyət və struktur etibarilə müəyyən çatışmazlıqların mövcudluğu etiraf edilməlidir. Sənayedə yeni texnologiyaların tətbiqi göstərir ki, bizim ali təhsil müəssisələrinin hazırladığı kadrlar bəzən keyfiyyət baxımından tələbləri tam şəkildə yerinə yetirə bilmirlər. Bu sahədəki problemlərin həlli üçün xaricdə təhsil üzrə dövlət proqramının yaratdığı imkanlardan istifadə edilir. Amma mütəxəssislərin xaricdə hazırlanması böyük vəsait tələb etdiyindən bu problemin yalnız xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində həllini tapması mümkün deyil. Digər tərəfdən, burada əsas məqsəd heç də kadrın xaricdə hazırlanması deyil, öz ali təhsil müəssisələrimizin kadrlarını eyni keyfiyyətlə hazırlayacaq imkanlara sahib olmasıdır. Bütün bu aspektlər, xüsusilə iqtisadiyyatın mövcud tələbləri “SABAH” qruplarının yaradılması zəruriliyini ortaya çıxarıb. Təhsil Nazirliyinin açıqladığı məlumatlara görə, Azərbaycan Texniki Universiteti də daxil olmaqla, artıq ölkənin 7 ali məktəbində 37 ixtisas üzrə “SABAH” qrupları fəaliyyətə başlayıb. Hazırda 769 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. Tələbələrdən 200 nəfər yataqxana ilə təmin olunub. Layihənin əsas hədəfi ali təhsilin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, tədrisin təşkilində mütərəqqi forma və metodları tətbiq etməklə keyfiyyətin yüksəldilməsidir.
“SABAH” qruplarında təhsil alan tələbələrimiz ilk növbədə xarici dil biliklərini mükəmməlləşdirir, yeni texnologiyaları, peşə ixtisasını daha dərindən mənimsəyirlər. Eyni zamanda, tələbələr üçün müxtəlif mübadilə proqramları da nəzərdə tutulur. Xaricdə təcrübə imkanları Azərbaycandakı böyük şirkətlər, komitələr, nazirliklərlə sıx əlaqələr yaradılır. Tədris həm yerli professor-müəllim heyəti, həm də xaricdən dəvət olunmuş müəllimlər tərəfindən aparılır. Tələbələrə ödənişli və ya dövlət hesabına oxumasından asılı olmayaraq “SABAH”ın təqaüdləri də verilir. “SABAH” qrupunun məzunları əmək bazarının bu gün tələb etdiyi akademik biliklərə, təcrübi bacarıqlara və vərdişlərə yiyələnə bilirlər.
2014-2015-ci tədris ili üzrə tələbə qəbulu planında ali təhsilin bakalavriat və magistratura səviyyələrinə bir sıra mühüm yeniliklərin tətbiqi də, fikrimizcə, son dövrlərin ən ciddi uğurlarından biridir. Belə ki, 2013-2014-cü tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz artırılıb. Qiyabi təhsil forması üzrə plan iki dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb.
Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil formasının nəzərdə tutulmaması, bakalavriat buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerlərinin ayrılmaması, təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerlərinin artırılması və s. mütərəqqi yeniliklər sırasındadır.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası da uğurla davam etdirilir.
Yüksəkixtisaslı, kreativ düşüncəli və müasir tələbləri ödəyən mühəndis kadrların hazırlanması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar irəli gələn müddəaların həyata keçirilməsi universitetlərin məsuliyyətini daha da artırır. Ən vacib istiqamətlərdən biri də ali məktəb elminin inkişaf etdirilməsi, onun sənaye müəssisələri ilə birbaşa əlaqələrinin qurulması, ali məktəb professorunun elmi işlərə cəlb olunmasının konkret mexanizminin işlənməsi ilə bağlıdır.
Sovetlər dönəmində ali məktəblərdə planlı şəkildə təsərrüfathesablı mövzular işlənilir və hər bir sənaye müəssisəsi planına uyğun ali məktəblərlə müqavilələr imzalayırdı. Müstəqillik illərində bu mexanizm öz aktuallığını itirmişdir və heç bir (dövlət və ya özəl) sənaye müəssisəsi ali məktəblərdə elmi işlərin maliyyələşməsinə maraq göstərmir. Lakin bu gün dövlət proqramından irəli gələn hər bir müddəanın həyata keçirilməsi ali məktəblərdən yeni elmi yanaşmalar tələb edir.
Elm və texnologiyalar sahəsində dünyada gedən rəqabəti nəzərə alaraq, elmi-tədqiqat işlərinə yanaşmada dünya təcrübəsindən bəhrələnərək Azərbaycan ali təhsil müəssisələrində elmi fəaliyyətin yenidən qurulması bu sahəyə marağı artıraraq ali təhsil müəssisələrinin elmi fəaliyyətini canlandırar. Ali məktəblərdə elmi fəaliyyət əsasən dövlət büdcəsindən maliyyələşən laboratoriyalarda və professor-müəllim heyətinin dərs yükünə daxil olan elmi-tədqiqat işləri (ETİ) kimi aparılır.
Hazırda dövlət büdcəsindən maliyyələşən laboratoriyalar Təhsil Nazirliyi tərəfindən birbaşa, laboratoriyaların ştat cədvəlinə uyğun həyata keçirilir və yekun nəticələrin sənayedə tətbiqinə dair heç bir məsuliyyət daşımır. Fikrimizcə, Təhsil Nazirliyində elmi fəaliyyəti tənzimləyən bir koordinasiya şurası yaradılarsa və bu şuranın ümumi nəzarəti altında universitetlərdə yaradılacaq elm fonduna maliyə vəsaitinin verilməsi təşkil olunarsa, yerinə yetirilən işlərə münasibət köklü surətdə dəyişər.
Fikrimizcə, universitetin elm fonduna (UEF) rəhbərlik rektor tərəfindən həyata keçirilməli, UEF-in koordinasiya şurası təşkil edilməli və bu şuraların tərkibi universitetin elmi şurasında təsdiq olunmalıdır. Həyata keçirilən bütün texniki, elmi, ekspertiza və s. işlər koordinasiya şurasının səlahiyyət dairəsində olmalı və bu qurum UEF-in fəaliyyətinə dair bütün işlərə (ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə uyğun prioritet mövzuların seçilməsi, prioritet “elmi mərkəz”lərin və ya “müvəqqəti yaradıcı qruplar”ın yaradılması və alınan nəticələrə) görə Təhsil Nazirliyi qarşısında məsuliyyət daşımalıdır.
UEF-in koordinasiya şurasının işi müasir elmi istiqamətləri, ölkənin və universitetin prioritet elmi istiqamətlərini müəyyənləşdirməkdən, layihələrin qəbulunu texniki tərəfdən həyata keçirməkdən, texniki və elmi ekspertiza işlərini yerinə yetirməkdən, tələb olunan maliyyə vəsaitinin uyğunluq dərəcəsini yoxlamaqdan (ilkin analiz) və s. ibarətdir. Bundan əlavə, UEF-in koordinasiya şurasına təqdim olunan layihələrdə elmi istiqamətlərə uyğun kadr potensialının seçilməsinə müəyyən prinsiplərlə yanaşılma mexanizmi işlənilməlidir.
UEF-in koordinasiya şurasının müəyyən etdiyi prioritet istiqamətlərdə aparılan elmi işlərin həyata keçirilməsində avadanlıqlarla bağlı problemlərin həllində, layihələrin yekun nəticələrinin dövlət sənaye müəssisələrində tətbiqində layihə rəhbərlərinə dəstək verilməsi vacib məsələlərdəndir. Bununla yanaşı, UEF-in layihələrinin nəticələrinin dünya elmi mətbuatında (İMPAKT faktorlu jurnallarda) dərc edilməsinə qoyulan minimal tələblərin müəyyən edilməsi, seçilən layihələrin “elmi mərkəzlər” və ya “müvəqqəti yaradıcı qruplar” formatında həyata keçirilməsi mexanizmi işlənilməlidir. Yekunda UEF tərəfindən seçilən layihələrin nəticələrindən asılı olaraq növbəti illər üçün dəqiq maliyyələşdirmə mexanizminin işlənməsi (məsələn, tədqiqatların 1-ci ilində maliyyə 100% TN, ikinci il 75%TN + 25% SM, üçüncü il 50%TN + 50%SM tərəfindən ayrılması və s.), əks-təqdirdə universitetin elm fondu tərəfindən maliyyələşmənin tam dayandırılması müzakirə edilməlidir. Belə ki, heç bir praktik təyinatlı elmi mövzu “əbədi” olaraq dövlət büdcəsindən maliyyələşməməlidir. Birinci il layihələrin elmi ekspertizasını daxili müstəqil ekspertlər tərəfindən həyata keçirmək nəzərdə tutulsa da, növbəti ildən ikili (daxili və xarici) ekspertizanın aparılması mütləq şərt kimi qoyulmalıdır. UEF-in koordinasiya şurasının nəzdində layihələrin qiymətləndirilməsi mərkəzi fəaliyyət göstərməli və bütün əlaqələri, hesabatları tənzimləməlidir.
Ali təhsil müəssisələrinin elmi fəaliyyətinin ikinci, əsas istiqaməti isə professor-müəllim heyətinin dərs yükünə daxil olan elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Bu sahə ona görə prioritet istiqamət hesab edilir ki, daha çox mütəxəssisin iştirakını özündə birləşdirir. Bu istiqamətdə ən vacib amil universitetlərdə elmi mühitin yaradılmasıdır (dərs yükünə daxil olan saatlara qeyri-formal yanaşma, magistr və doktorantların tədqiqat mövzularının ETİ-nin mövzularına uyğun seçilməsi və s.).
Yerinə yetirilən ETİ-nin mövzuları ölkəmizin sənaye potensialına və mövcud prioritetlərə, müasir elmi istiqamətlərə və kadr potensialına uyğun seçilməlidir. Elmi istiqamətlər üzrə mütəxəssis hazırlığının proqnozlaşdırılması və planlaşdırılması əmək bazarının monitorinqinə və ölkənin iqtisadi inkişaf strategiyasına əsasən həyata keçirilməlidir.
Beynəlxalq və yerli fondlardan elmi qrant layihələri hesabına daxilolmaların təmin edilməsi (ERASMUS+, TRASEKA, HORİZON 2020, Elmin İnkişafı Fondu və s.), start-up, inkubator və texnoparkların yaradılması istiqamətində işlər aparılmalıdır. Sənaye müəssisələri ilə yaradılan birbaşa əlaqələr hesabına əlavə vəsaitlər cəlb edilməli, universitetdaxili tədqiqat işlərində texnologiyaların transferi üçün mexanizmlər işlənilməlidir.
Bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin elmi işlərə səlb olunması ilə bağlı lazımi tədbirlər həyata keçirilməli (buraxılış işlərinin sənayetutumlu mövzulara həsr edilməsi, tələbənin gələcək iş yerində diplomqabağı təcrübəyə göndərilməsi və s.), yerinə yetirilən ETİ-nin mövzularına cəlb olunmuş elmi kadrların Avropanın aparıcı elmi müəssisələrinə uzunmüddətli ezamiyyətlərə göndəriməsi təmin edilməlidir.
Mütəxəssis mübadiləsinin ən gözəl nəticəsi, hər hansı aparıcı Avropa universiteti ilə müştərək beynəlxalq tədqiqat laboratoriyalarının yaradılması, Avropa qrantları hesabına tədqiqat işi həyata keçirməsi olardı. Belə müştərək laboratoriyalar bizim universitetlərə sözügedən elmi mühitin qaytarılmasında müstəsna rol oynaya bilər.
Bir sözlə, bəşəriyyət təhsilin əhəmiyyətini dərk etdikcə dünyanın gələcəyi bu fenomendən daha çox asılı olacaq, təhsilin-elmin inkişafı dövlətlərin strateji uğurlarının əsas qaynağına çevriləcəkdir. Sevindiricidir ki, son illər təhsil sahəsində aparılan köklü islahatlar və qazanılan nailiyyətlərlə müstəqil Azərbaycan dövləti də böyük uğur potensialına malik ölkələrlə eyni sırada qərar tutur.
Havar MƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin
rektoru, professor
Azərbaycan.-2015.- 3 aprel.- S.4.