Bakıda “AITF-2015” 14-cü beynəlxalq “Turizm

və səyahətlər” sərgisinin açılışı olub

 

Aprelin 2-də Bakı Ekspo Mərkəzində “AITF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, sərginin təşkilatçıları və digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, artıq 14 ildir “AITF” sərgisi bütövlükdə turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda liderdir. Bu sərgi üç gün ərzində turizm bazarının əsas iştirakçılarını bir araya gətirəcək turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirir. Keçirildiyi illərdə “AITF” sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən aparıcı beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib.

Qeyd olunub ki, “AITF” sərgisi ilk gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərgi həmçinin Ümumdünya Turizm Təşkilatı (ÜTT), Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (BTSA) tərəfindən də dəstəklənir. “AITF” sərgisi ilə paralel təşkil olunan 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2015”) sərgisinə rəsmi dəstək isə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilir.

Dünyanın 42 ölkəsindən 371 şirkət “AITF 2015” sərgisi çərçivəsində 80-dək turizm istiqamətini təqdim edir. Sərgidə Türkiyə, Argentina, Bolqarıstan, İran, Gürcüstan, Dominikan Respublikası, Hindistan, Malayziya, Mərakeş, Sloveniya, Tailand və digər ölkələrdən ümumilikdə 17 milli qrup iştirak edir.

“Turizm və səyahətlər” sərgisi müxtəlif turizm imkanları ilə bol olan məkana çevrilməklə qapılarını aprelin 2-3-də yalnız turizm peşəkarlarının, aprelin 4-də isə bütün səyahət həvəskarlarının üzünə açacaq. Eyni zamanda, sərgi Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara əyani şəkildə göstərəcəkdir ki, bu da Azərbaycanın turizm təmayülü kimi məşhurlaşmasına xidmət edəcəkdir.

 

Azərbaycan.-2015.- 3 aprel.- S.6.