Gənc geoloqlara
örnək həyat yolu
Azərbaycan Respublikasının əməkdar mühəndisi, SSRİ-nin əlaçı geoloji-kəşfiyyatçısı Vasif Nağı oğlu Nağıyev 80 illik ömrünün 63 ilini geologiyaya həsr edib. O, Geologiya və Mineral Ehtiyatlar Komitəsində 25 il geoloji-kəşfiyyatda işləyib, 30 il tematik geoloji, metallogenik elmi-tədqiqatlar aparıb. Azərbaycanın regionlarında geoloji işlər görüb, Böyük və Kiçik Qafqazda, habelə (1996-1999) Türkiyə ərazisində geoloji metallogenik tədqiqatlar aparıb. Çoxsaylı geoloji hesabatlar hazırlayıb, elmi məqalələr nəşr etdirib, müxtəlif miqyaslı və istiqamətli geoloji xəritələr tərtib edib, 7 monoqrafik kitabın müəllifidir. 2012-ci ildən təqaüddə olan əməkdar mühəndis çoxillik təcrübəyə, güclü geoloji yaddaşa və iradəyə söykənərək bu sahədə yaradıcılığını davam etdirir. Hazırda iki böyük geoloji əsər üzərində işləyir. Arzusu “Mərkəzi türk ölkələrinin ortaq metallogeniyası” kitabını hazırlamaqdır.
1935-ci il sentyabrın 26-da Naxçıvan şəhərində Kəngərlilər nəslinə mənsub mötəbər ziyalı Nağı Kərbəlayı Kərim ağa oğlu Nağıyevin ailəsində dünyaya göz açan Vasif 1952-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi bitirib. Məktəb illərində təyyarəçi-konstruktorluğa, daha sonra musiqiyə böyük həvəs göstərib. Şəhər musiqi məktəbində bəstəkar Nəriman Məmmədovun sinfində tar dərsi almaqla rəssamlığa da meyil edib. O vaxtlar Naxçıvan Dövlət Teatrında quruluşçu rəssam işləyən atasının emalatxanasında qrafika, tuş, akvarel, kətan üzərində yağlı boya ilə çoxsaylı şəkillər çəkib. Vasif müəllimin həmin illərdən yadigar qalan ondan çox əsəri var. Kiçik yaşlarından bədii ədəbiyyata, mütaliəyə də çox həvəsli olub. Tez-tez klassiklərə müraciət edər, dünya ədəbiyyatından nümunələr oxuyardı. Bəlkə də buna görədir ki, atası Nağı müəllim Vasifi gələcəkdə filoloq, ya da rəssam görmək istəyirdi. Amma o, geoloq oldu.
Vasif orta məktəbi bitirən ili ailə Bakıya köçür. Həmin il o, Azərbaycan Dövlət Darülfünunun geologiya və coğrafiya fakültəsinin faydalı qazıntıların axtarışı və kəşfiyyatı şöbəsinə qəbul olur. Beş il nümunəvi və əlaçı tələbə adını şərəflə daşıyan Vasif 1957-ci ildə darülfünu fərqlənmə diplomu ilə bitirir. Məzunların işlə təmin olunması üçün təşkil edilmiş mərasimdə rektorun yanında əyləşən Azərbaycan Geologiya İdarəsinin rəisi Müthəd Mustafabəyli əlaçı tələbəni görən kimi deyir: “Bu mənim”. Rektor Yusif Məmmədəliyev üzünü Vasifə tutub: “Səni təbrik edirəm, təyinatını Geologiya İdarəsinə veririk, orada işləyəcəksən”, - deyir.
O vaxtdan Geologiya İdarəsində kiçik geoloq kimi işə başlayan Vasif Nağıyev baş geoloq və geoloji partiya rəisi vəzifəsinədək yüksəlmişdir.
Gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayan Vasif Xanlar (indiki Göygöl) rayonunda Çıraqdərəsi və Toğanalı kükürd-kolçedan yatağında apardığı uğurlu geoloji-kəşfiyyat işlərindən sonra Başqışlaq və digər ərazilərdə geoloji-axtarış işlərinə göndərilir. 1960-1961-ci illərdə Zəngilan rayonunun Vejnəli qızıl yatağında geoloji-kəşfiyyat işləri aparmaqla, filiz sahəsinin 1:10 000 miqyasında menzula ilə instrumental geoloji xəritəsini alır, yatağın ilk geoloji hesabatını hazırlayır. Gənc geoloq Başqışlaq barit yatağında isə yerin dərin qatlarında polimetal filizi aşkar edir. Başqışlaq barit-polimetal yatağının 1:5000 və rayonun 1:25 000 miqyaslı xəritələrini çəkir, Çıraqdərəsi-Göygöl-Qarabulaqsu-Başqışlaq qızıl sulfid zonasını aşkar edir, Murovdağ antiklinorisinin vulkanizmini öyrənir, zəlzələ nəticəsində Kəpəz dağından uçub gələn və Ağsu çayının dərəsini dolduraraq Göygöl, Maralgöl və başqa göllərin yaranmasına səbəb olan əhəng daşları selinin konturlarını xəritəyə salır. Bundan sonra Vasif Nağıyev Böyük Qafqazın Balakən rayonundakı Kasdağ geoloji-axtarış partiyasına rəis təyin edilir. Obyekt bir geofiziki anomaliyadan ibarət idi. O, qısa vaxtda sahənin geologiyasını araşdırıb, hazırlıq işləri görür, bir nömrəli mağaranı keçir, 12 metr enində, 120 metr uzunluğunda massiv kolçedan-polimetal filizini kəsir və izlədir. Aşkar edilən filiz cismini gipsometrik aşağıda 2 saylı mağarada da kəsir. Bu iş Geologiya İdarəsinin rəisi M.Mustafabəylini və kollektivi çox sevindirir. M.Mustafabəyli respublika Nazirlər Sovetinin sədri Ə.Əlixanov, habelə onları müşayiət edən partiya və hökumət nümayəndələri ilə birlikdə dəniz səviyyəsindən 2200 metr yüksəklikdə olan Kasdağa gəlirlər. V.Nağıyev tapılan filizlər haqqında ətraflı məlumat verir. Bundan sonra o, Zaqatala rayonunun Katex obyektində axtarışlarını davam etdirir.
Bu arada Vasif məzuniyyətdə olarkən evdə söhbət əsnasında o zaman “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri işləyən atası - yazıçı, dramaturq, tərcüməçi, redaktor, pedaqoq, rəssam, ictimai xadim Nağı Nağıyev ona deyir: “İşindən çox vurğunluqla danışırsan. Bir şey yaz görüm, yaza bilirsən?!”
O, universitet müəllimlərindən aldığı elmi-nəzəri bilgilərə və son illərin iş təcrübəsinə əsaslanaraq az vaxtda almaz, qırmızı yaqut, göy yaqut, zümrüd, ləl-mirvari (inci), firuzə, dağ bülluru, kəhrəba, malaxit və s. kimi qiymətli və rəngli daşların xüsusiyyətləri, onların tapılma tarixi, təbiətdə əmələ gəlmə şəraiti, məişətdə işlədilməsi, süni üsullarla alınması barədə material hazırlayıb, atasına verir. Atası əlyazmanı oxuduqdan sonra deyir: “Yaza bilərsən, heç redaktəyə də ehtiyac yoxdur. İstəyirsən “Azərnəşr”in texniki şöbəsinə verim, baxsınlar, plana salsınlar”. Bu minvalla V.Nağıyevin “Qiymətli və rəngli daşlar” kitabı 1966-cı ildə nəşr olunur.
Katexdəki yataq mürəkkəb quruluşa malik olduğundan yerin altında filiz cismini tapmaq heç də asan olmadı. Hətta obyektin bağlanmaq təhlükəsi də yaranmışdı. Lakin Vasif Nağıyev axtarışlarını inadkarlıqla davam etdirərək filiz cisminin nazik bir hissəsini yerin altında kəsdi. Sonralar əsas filiz cismini tapıb, onu müxtəlif horizontlarda yeraltı dağ-qazma işləri və buruqlarla öyrənməyə, izləməyə başladı. Artıq iri həcmli bir kolçedan-polimetal yatağı üzə çıxarılmışdı. Sonrakı illərdə görülən işlər geoloji-kəşfiyyat xarakterli olduğundan yeraltı işləri sürətləndirmək məqsədilə o, amerikalıların “şəbəkəli qrafik” üsuluna üstünlük verdi. On iki nəfərlik tam mexanikləşdirilmiş, sürətli qazma üsulu ilə işləyən briqada bir ay ərzində yerin tərkinə doğru 283 metr qazma işləri görərək en kəsiyi 7 kvadratmetr olan mağara qazdı. Bu o dövr üçün SSRİ-də rekord göstərici hesab olunurdu. Xoş xəbər təcili Bakıya, Bakıdan da Moskvaya çatdırıldı. Bu münasibətlə V.Nağıyev SSRİ geologiya naziri Siderenkodan təbrik teleqramı aldı, briqadir Əli Qasımov Lenin ordeninə layiq görüldü.
Filiz yataqları və metallogeniya üzrə məşhur akademik V.İ.Smirnov kolçedan yataqlarının genezisinə möhür vurmaq üçün Moskvadan Katexə gəldi. Yataqla tanışlıqdan sonra məlum oldu ki, o, kolçedan filizinin əmələ gəlməsində vulkanogen-çökmə yolunu əsas götürdüyündən hidrotermal metasomatik prosesləri qəbul etmir. Lakin filizə üç saatlıq baxış vaxtı Vasif Nağıyev yatağı tam izah edərək iki mərhələli proseslərin təzadlarını elmi dəlillərlə akademikə sübutladı. Moskvalı akademikin çoxsaylı sualları onu sıxsa da, Vasif Nağıyev təmkinlə, səbirlə suallara cavab verir və akademiki razı salmağa çalışırdı. Nəhayət, akademik onunla razılaşdı və yataqda hidrotermal metasomatik proseslərin olduğunu qəbul etdi.
Doqquz ilə yaxın istehsalatda çalışan V.Nağıyev 1968-ci ildə Moskva Dövlət Universitetinin geologiya fakültəsində təkmilləşmə kursunda olarkən akademik V.Smirnov onu səmimi qarşılayaraq deyir: “Elmi işlərini gətir, burada müdafiə et, hazır alimsən, nə lazımdır, sənin üçün olacaq”.
Ümumiyyətlə, keçən əsrin 60-70-ci illərində Böyük Qafqazda aparılan geoloji-kəşfiyyat işləri Bakının, Moskvanın, Tbilisinin geologiya institutları və elm mərkəzlərinin diqqət dairəsində idi. Bu illərdə Bakıdan və Moskvadan tanınmış geoloqların Katex geoloji-kəşfiyyat partiyasına tez-tez gəlməsi faydalı əməkdaşlığa səbəb olurdu.
Katex yatağında uğurla başa çatan kəşfiyyat işlərindən sonra, 1975-ci ildə V.Nağıyev Naxçıvan geoloji-kəşfiyyat ekspedisiyasına baş geoloq təyin olunur. 7 il bu vəzifədə çalışan bacarıqlı və səriştəli geoloq təbiətinə və relyefinə yaxından bələd olduğu Naxçıvan Muxtar Respublikasının geoloji quruluşunu və faydalı qazıntılarını yeni baxışla gözdən keçirir. Mütəxəssislərə məlumdur ki, muxtar respublikanın geoloji quruluşu Qafqazın bütün regionlarından öz fərqli xüsusiyyətləri ilə seçilir. Vasif müəllimin fikrincə, bu regionda işləməyən geoloq Azərbaycanın, bütövlükdə isə Qafqazın geologiyasını tam şəkildə dərk edə bilməz. Bu səbəbdən daha səylə çalışmaq lazım gəlirdi. Naxçıvanda mis, qurğuşun, sink, alüminium, molibden, volfram, kobalt, manqan, qızıl yataq və təzahürləri məlum idi. Lakin Gümüşlü qurğuşun, sink və Parağaçay molibden mədənləri xırda yataqlar olduğundan rentabelli deyildilər. Bu obyektləri yenidən qiymətləndirmək və təzə yataqlar aşkar etmək məqsədi ilə proqnoz-metallogenik və növbəli geoloji-kəşfiyyat işləri aparıldı. Həmçinin qeyri-filiz və inşaat materialları yataqlarına, lay və dərinlik çat sularına xüsusi diqqət yetirildi. Nəticədə Nəsirvaz kolçedan-polimetal yatağının qurğuşun, sink ehtiyatları 400 min ton artırıldı, mis-molibden-porfir (Göygöl, Misdağ, Diaxçay, Qızılçanqıl), qızıl sulfid (Şəkərdərə, Səpdərə), səpinti qızıl (Əlincəçay), boksit (Geranqalası), travertin (Buzqov), dolomit (Nehrəm) yataqlarının perspektivliyi öyrənildi. Arpaçay yeraltı su hövzəsində, Batabat dərinlik çat suları obyektində geoloji-kəşfiyyat işləri başa çatdırıldı, habelə ehtiyatlar hesablandı və Naxçıvan şəhəri keyfiyyətli içməli su ilə təmin olundu. Bu illərdə o, Naxçıvanda Yerli Sovetlərə deputat seçildi. Sonrakı illərdə V.Nağıyevin İ.Məmmədovla birlikdə “Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları” (2009,2010) kitabları Azərbaycan və rus dillərində nəşr edildi.
V.Nağıyev Kiçik Qafqaz, Böyük Qafqaz və Naxçıvan ərazisində apardığı 25 illik geoloji-kəşfiyyat işlərinin bəhrəsi kimi “Azərbaycanın filiz yataqları” kitabını yazmışdır. O, tematik proqnoz-metallogenik partiyanın rəisi olaraq 1982-2011-ci illərdə müxtəlif struktur-formasiya zonalarında, bütövlüklə Azərbaycanın, həmçinin Qafqazın ayrı-ayrı regionlarında, Türkiyə ərazisində (1996-1999), Şimali İranın Azərbaycanla sərhəd zonalarında kompleks regional geoloji və metallogenik çöl elmi-tədqiqat işləri aparmış, filiz yataqları ilə yaxından tanış olmuş, külli miqdarda material və ədəbiyyat toplamışdır.
1980-ci ildə Moskva Geologiya Nazirliyi tərəfindən beş cilddən ibarət “SSRİ-nin qızıl yataqları” kitabının 5-ci cildi Qafqaza aid idi. Çox götür-qoydan sonra Qafqaz respublikalarının geoloji idarələrində Azərbaycan üzrə bu işin icrası birmənalı şəkildə V.Nağıyevə həvalə edilir. V.Nağıyevin gərgin əməyi sayəsində material 1987-ci ildə elmi şurada müzakirədən keçib, qəbul edilir. V cildin rəhbəri M.Konstantinov (ÜNİQRİ, Moskva) tərəfindən baza işi kimi yüksək qiymətləndirilərək qəbul olunur.
V.Nağıyev 1988-2005-ci illərdə “Kiçik Qafqazın vulkan-plutonik sahələrində qızıl yataqlarının axtarış-proqnoz kompleksinin işlənməsi və irimiqyaslı proqnozlaşdırılması”, “Azərbaycan ərazisində əlvan metalların proqnoz xəritələrinin hazırlanması”, “Kiçik Qafqazın Azərbaycan hissəsində Naxçıvan MR də daxil olmaqla səpinti qızıl yataq və təzahürlərinin öyrənilməsi və proqnozlaşdırılması”, “Vəndam struktur formasiya zonasının filizliyinin araşdırılması və qiymətləndirilməsi” üçün tədqiqat işləri aparmışdır. V.Nağıyevin 2007-ci ildə komitənin elmi şurasının qərarı ilə nəşr edilən “Azərbaycanın filiz yataqları” (596 səhifə) monoqrafiyası geoloji aləmdə böyük rəğbətlə qarşılandı. Bu illərdə onun “Kiçik Qafqazın səpinti qızıl yataqlarının yerləşmə qanunauyğunluqları” (2007), “Naxçıvan Muxtar Respublikasının faydalı qazıntıları” (2009,2010), “Azərbaycanın kolçedan yataqlarının yaranma mərhələləri” (2012) kitabları da çapdan çıxmışdı.
Türkiyə-Azərbaycan geoloji-metallogenik layihəsinin hazırlanmasında Vasif müəllimin əməyi xüsusi qeyd olunmalıdır. İş Azərbaycan Geologiya və Mineral Ehtiyatlar Komitəsi ilə Türkiyənin Mədən Tədqiq Arama (MTA) Genel Müdirliyinin (Ankara) birgə fəaliyyəti nəticəsində 1996-1999-cu illərdə yerinə yetirilmişdir. V.Nağıyev layihə əməkdaşları və Türkiyənin (MTA) aparıcı geoloqları (proje şefləri) ilə birlikdə sərhəd (sınır) zonalarından başlayaraq, Ərzurum bölgəsində, Qara dəniz sahili boyunca uzanan Pont dağlarında, Anadolu və başqa bölgələrdə regional geoloji və metallogenik tədqiqatlar aparmışdır.
Söhbət zamanı Vasif müəllim bildirdi ki, Türkiyə texnoloji cəhətdən müasir mədənçilik şirkətlərinə malikdir. Onlardan ən irisi “Koç” mədənçilik şirkətidir. Türkiyə xrom istehsalında dünyada ikinci ölkədir. Qeyd etmək istərdim ki, Kür, Araz, Dəclə, Fərat, Qızıl İrmac və başqa çayların hamısı Ərzurum dağlarından başlayaraq, dörd bir tərəfə istiqamət götürür, onların ikisi Qara dənizə, ikisi İran körfəzinə, ikisi isə Xəzər dənizinə tökülür. İşimlə əlaqədar bu yerləri görməyimdən və gəzməyimdən çox məmnunam.
V.Nağıyev İranın regional geologiyası və metallogeniyası ilə də maraqlanmış, Təbriz Geologiya İdarəsinin dəvəti ilə 1990-cı illərin əvvəllərində Ərdəbil və Qaradağ regionları ilə tanış olmuşdur.
Azərbaycanın iqtisadi inkişafında geologiyanın rolundan danışarkən Vasif müəllim bildirdi ki, mineral ehtiyatlar, mədənçilik, mədənçilik bankları, filiz saflaşdırma fabrikləri, metallurgiya, ağır sənaye, hərbi sənaye, maşınqayırma, gəmiqayırma, cihazqayırma, elektronika, məişət məhsulları və s. geologiyanın ana xəttini təşkil edir. Neft-qaz ehtiyatları, istismarı, texnologiyası, nəqliyyatı, neft-qaz kimyası, habelə kimya sənayesi, inşaat materialları sənayesi, yeraltı su ehtiyatları və ondan istifadə, qiymətli daşlar, qiymətli metallar və s. isə geologiyanın ana xəttindən yaranan törəmələrdir və ölkənin inkişaf yolunu təmin edən imkanlardır.
Böyük dövlətçilik təcrübəsinə və idarəetmə qabiliyyətinə malik Heydər Əliyev müstəqilliyin ilk illərində çox çətin bir şəraitdə ölkəmizin inkişafı üçün geologiyanın ana xəttinin təməl daşlarını qoydu. Ulu öndərin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyev onu məharətlə davam etdirir. Artıq ölkəmizdə geologiyanın ana xətti öz ilkin bəhrələrini verməkdədir.
Son illərdə yerinə yetirilən nəhəng neft-qaz layihələri, Bakı şəhərinə yeraltı suların gətirilməsi, iri istehsal gücünə malik yeni tikilən sement zavodları, bir neçə qızıl mədənində istismarın başlanması, güclü, iri çınqıldoğrama fabrikləri, mineral su istehsalı və s. Bütün bunlar işin uğurlu başlanğıcıdır. Ölkəmiz bu kimi iqtisadi göstəriciləri ilə irəli addımlayır, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində geologiyanın ana xətti şəbəkəsi ilbəil genişlənir və inkişaf edir.
Ömrünün 63 ildən çoxunu geologiyaya həsr edən əməkdar mühəndis Vasif Nağıyevin tərtib etdiyi xəritələr, geoloji-kəşfiyyat rəyləri, yazdığı kitablar bu sahə ilə məşğul olan mütəxəssislərə uzun müddət gərəkli olacaqdır. Vasif müəllimin zəngin təcrübəyə malik həyat yolu gənc geoloqlara örnəkdir.
Rəhman SALMANLI,
Azərbaycan.-2015.- 3 aprel.- S.6.