Tarixin erməni haramlığı
Bu haramlığın aradan qaldırılmasına çox
qalmayıb
Dünya çalxalanmaqda, dövlətlər bir-birinin yaxasına əl uzatmaqda, zalımlar qana susamaqdadır. Halal dünyanın haram işlərinə qol qoyanların könülləri rəhm duyğularından, mərhəmət hisslərindən çox uzaqdır: öldürəndə və ya öldürtdürəndə nə körpəyə baxırlar, nə qocaya. Elə evləri, binaları, abidələri, rastlarına çıxan hər şeyi də eyni amansızlıqla vurur, dağıdır, “qətlə yetirirlər”. Müharibə, qan-qada hərisləri üçün müqəddəs heç nə yoxdur - ağlayan körpəni ovundurmaq əvəzinə güllə ilə, qurşunla susdururlar. Azmı görürük belə səhnələri televiziya ekranlarında?! Təkcə ekranlardamı? Xocalıda, Bağanıs Ayrımda və digər yurdlarımızda törədilən erməni vəhşilikləri, erməni qaniçənliyi bizə ekrandan deyil, elə həyatımızın içindən tanışdır.
Körpədən, uşaqdan söz düşəndə həmişə görkəmli fransız yazıçısı Viktor Hüqonun sözlərini xatırlayıram: “Dünyada körpə qığıltısından təntənəli himn yoxdur”. Böyük mütəfəkkirin bu fikrini körpə dünyasının toxunulmazlığı ilə bağlı bənzərsiz bir mesaj kimi də qəbul etmək olar. Himn səslənəndə hamı ehtiram və sayğı ilə dinlədiyi kimi, körpə səsi, körpə nəfəsi, körpə həyatı da diqqət və qayğı, hədəfə tuşlanmış silahın endirilməsini tələb edir.
V.Hüqo o “mesajı” bəşəriyyətə çox-çox əvvəllər vermişdi. Ancaq ondan sonra da çirkin əməlləri davam etdirənlər çox oldu: dünyanın ayrı-ayrı yerlərində körpələr beşiyindəcə boğuldu, analarının qucağında, qolları arasında qətlə yetirildi, küçələrə atıldı, yurdsuz-yuvasız, bir udum suya, bir tikə çörəyə möhtac, ata qayğısına, ana nəvazişinə həsrət qaldı. Körpə qığıltılarının susdurulması üçün indi də planlar cızılır, indi də fərmanlar yazılır. Ermənilər və ermənikimilər qana susamaqdan, başqalarının torpağına, adına, varına-dövlətinə göz dikməkdən əlavə, elə öz körpələrini də insanlığa nifrət, qəddarlıq, yırtıcılıq ruhunda, cəfəng xülyalarla böyüdürlər. Belə olmasaydı, hər yeni erməni nəsli köhnə erməni nəsli xislətində olmazdı, hiylədən, məkrdən, başqasına çamur atmaqdan bu qədər ehtizaza gəlməz, bu qədər nifrinləri, miskinliyi və alçaqlığı qəbul etməzdi. İstər Xocalıda, istər Bağanıs Ayrımda, istər Kəlbəcərdə və digər işğal edilmiş torpaqlarımızda törədilən ağlasığmaz vəhşilikləri, soyqırımını bu gün də təkrar etmək iddiasına düşərdilər - ancaq nə zaman o zamandır, nə də ölkəmiz odövrkü ölkədir. İndi Azərbaycan çox güclü, çox qüdrətli bir dövlətdir, onun qətiyyətli, torpağın, vətənin mənafeyi naminə hər cür fədakarlıqlara hazır olan Prezidenti, möhtəşəm bir ordusu var. Bunu ermənilər və ermənixislətlilər də yaxşı bilirlər. Yeganə şans kimi baxdıqları qondarma erməni soyqırımı yubileyindən də heç bir mənfəət qopara bilməyəcəklərinin fərqindədirlər. Ancaq mənfur xislətlərindən əl çəkə bilmirlər ki, bilmirlər. Görünür, onların kimliyini, haradan gəlib, hara üz tutduqlarını, kimin qapazaltısı, kimin “şilləvuranı” odluqlarını və su içdikləri quyuya necə erməni “münasibəti” göstərdiklərini tez-tez xatırlatmaq lazımdır.
Səkkiz yüz ilə yaxın bir dövrdə türk aləmi içində yaşayan, türkün sahib olduğu bütün hüquqlara malik olan, türkün alicənablığından və təvazökarlığından bəhrələnməklə öz şovinist maraqlarını qorumağı əsas məqsədi hesab edən ermənilər türkün zəiflədiyi məqamlarda himayədarlarının təhrikləri ilə kilsə monastırlarında Osmanlı dövlətinin yıxılması üçün hər cür zərərli işlər görmüş, türk dövlətinə, millətinə qarşı böyük faciələr planı cızmaq üçün müqəddəs yerləri gizli bir nifaq yuvasına döndərmişlər. Amma bu xəyanəti və təhlükəni hiss etsələr belə, türklər müqəddəs yerlərə girməmiş, təcavüz etməmişlər.
Tarixin bütün dönəmlərində erməni xəyanətlərinin, türk qövmünə arxadan vurulan zərbələrin, bir az yumşaq desək, etibardan, inamdan, insanpərvərlikdən sui-istifadənin bəlli izləri qabarıq görünməkdədir.
Yaxın tariximiz də daxil olmaqla, ermənilər istər Türkiyə, istərsə Azərbaycan ərazilərində bərabərhüquqlu vətəndaşlar kimi yaşamış, onların dinlərinə və dillərinə qarışan olmamış, zaman-zaman böyük diqqət, mənəvi sərbəstlik, qayğıkeş insani münasibət görmüşlər. Amma bütün bunların qarşılığında onlar öz məkrli niyyətlərindən, xəyanətkar və satqın xislətlərindən əl çəkməmişlər.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin iyirmi üç aydan sonra süqutunun səbəblərindən biri də məhz erməni fitnəsi, erməni xəyanəti, erməni məkri olmuşdur. Ayrı-ayrı tarixi mərhələlərdə həyasızcasına çörəyimizə, torpağımıza, tariximizə, mədəniyyətimizə susayan, yeni-yeni iddialarda bulunan, boş xülyalarla yaşayan ermənilər, təəssüf ki, müəyyən məqamlarda qismən də olsa öz istəklərinə çatıblar. Ötən əsrin əvvəlindən ermənilərin ən böyük arzuları Dağlıq Qarabağı Ermənistana birləşdirmək olub. 1921-ci ildə Dağlıq Qarabağ böyük Qarabağın beşdə birini əhatə edirdi və Ermənistanla heç bir bağlılığı yox idi. Elə həmin vaxtlar - 1921-ci il iyulun 4-də və 5-də Dağlıq Qarabağın Azərbaycanda qalması və ya Azərbaycandan qoparılıb Ermənistana verilməsi məsələsi də müzakirə predmeti olmuşdu. Ancaq çox yüksək dairələrdə uzun müzakirələrin haqlı yekunlarına görə Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğu bir daha sübuta yetirildi.
“Qarabağ, o cümlədən Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu azərbaycanlılar orada yaşamış, yaratmışlar. Ermənilər bizim torpaqlarımıza qonaq kimi gəlmişlər - siz bunu yaxşı bilirsiniz və ondan sonra orada əksəriyyəti təşkil etməklə o torpaqlara iddia etməyə başlamışlar. Əfsuslar olsun ki, o vaxt, 1980-ci illərin sonunda Azərbaycan rəhbərliyi antimilli siyasət aparmaqla böyük güzəştlərə getmişdir. Dağlıq Qarabağda Sovet İttifaqı rəhbərliyi, ilk növbədə Qorbaçov tərəfindən xüsusi komitə yaradılmışdı və komitənin yaranması artıq Dağlıq Qarabağda separatçı meyillərin güclənməsi demək oldu. Ondan sonrakı dövrlərdə, 1990-cı illərin əvvəlində aparılan siyasət də faktiki olaraq torpaqlarımızın işğalına gətirib çıxarmışdır”. Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Dövlət başçısı daha öncəki tarixi məqamlara da toxunaraq, indiki Ermənistan dövlətinin tarixi Azərbaycan torpağında formalaşdığını qeyd etmişdir: “İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, ermənilər bu bölgəyə qonaq kimi gəlmişdilər. Ona görə haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi potensial - bütün bu amillər tərəzinin bir gözündə, Ermənistanın qeyri-konstruktiv və heç bir beynəlxalq normalara sığmayan siyasəti tərəzinin başqa gözündədir. Bir daha demək istəyirəm ki, biz heç bir başqa ölkənin torpaqlarına iddia etmirik, biz istəyirik ki, bizim torpaqlarımız dinc yolla işğalçılardan azad olunsun və Azərbaycan vətəndaşları öz vətəndaş hüquqlarından istifadə edə bilsinlər”.
Daha bir tarixi məqam: erməni alim Jorj Burnusyanın 1983-cü ildə Fransada çap olunmuş “Qafqaz: millətçilik və sosial imkan” kitabındakı “XIX əsrin birinci yarısında Ermənistanın etnik tərkibi və sosial-iqtisadi şəraiti” məqaləsində göstərilir ki, XIX əsrdə və XX əsrin əvvəllərində İrəvan vilayətinin əhalisinin əksəriyyəti müsəlman (oxu: azərbaycanlı) olub. Amma bu gün Ermənistanda bircə nəfər də azərbaycanlı qalmayıb.
...1993-cü ilin sonları idi. Cəbhə boyu qızğın döyüşlər gedirdi. Ulu öndər Heydər Əliyevin radio-televiziya ilə xalqa müraciətindən sonra ordumuzda ruh yüksəkliyi artmış, Füzuli rayonunun iyirmi iki kəndi işğaldan azad edilmiş, düşmən tərəf Azərbaycan Silahlı Qüvvələrindəki canlanmanı, döyüşçülərimizin mübarizliyini və qətiyyətli həmlələrini öz itkiləri və mövqe çəkilmələri ilə artıq hiss etməyə başlamışdı. Belə günlərin birində Tərtərin düşmənlə təmas xəttindəki kəndləri uğrunda ağır döyüşlər gedirdi. Kəndlərin birində məlumat verdilər ki, erməni hərbçisi əsir düşüb. Jurnalist kimi həmin əsirlə görüşməyimi təklif etdilər.
Darısqal bir otağın küncündə büzüşüb qorxa-qorxa baxırdı. 50-55 yaşı olardı. Hər halda təsirli mənzərə idi - xüsusilə də mənim kimi kövrək təbiətli jurnalist üçün... Suallarıma azərbaycanca cavab verdi - az qala ləhcəsiz danışırdı. Təəccübümü görəndə dedi ki, “irəvanlıyam” (yerevanlı yox, məhz “irəvanlı”!). Dedi ki, İrəvanda çoxlu azərbaycanlılar yaşayıb. Soruşanda ki, İrəvanda indi niyə azərbaycanlı yoxdur, heç nə demədi, daha da büzüşüb başını saldı köksünə...
Novruz bayramı münasibətilə bu il təşkil olunmuş ümumxalq şənliyindəki çıxışında Prezident İlham Əliyev Azərbaycan dövlətinin qətiyyətli mövqeyindən bir daha söz açıb: “Mən demişəm və bir daha demək istəyirəm ki, ölmək istəmirsinizsə, Ağdama, Füzuliyə gəlməyin, oturun öz yerinizdə. Qisasa gəldikdə isə, qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının qisasını alırıq və alacağıq. Şəhidlərimizin qanı yerdə qalmamalıdır və qalmır.
Bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlüyü əldə etmişik. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar, əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq -İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız, sadəcə olaraq, bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”.
Şübhəsiz, bunun üçün dövlət başçısının dediyi kimi, çox çalışmalıyıq. Başlıca vəzifələrimizdən biri də övladlarımızı kiçik yaşlarından vətənpərvər böyütmək, onlara torpağımızın dostunu, düşmənini tanıtmaqdır. Halal torpağımızın yeni qəhrəmanları yetişməlidir, yetişir də. Düşmən helikopterini bir göz qırpımında vurub salan övladımız bir daha sübut etdi ki, Viktor Hüqonun təntənəli himnə bənzətdiyi körpə qığıltısını Azərbaycan torpağında mərmilərlə susdurmaq dövrü keçmişdə qaldı. İndi Azərbaycan bütün qəzəbi, mübarizə əzmi, qisas və intiqam hissi ilə ayaq üstədir - Şuşa, Kəlbəcər, İrəvan deyibən hayqırıb yola düzələn vaxtımız yetişmək üzrədir. Tarixin erməni səhvinin düzəlməyinə, erməni haramlığının aradan qalxmasına da çox qalmayıb.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2015.- 3 aprel.- S.7.