Türkiyə-Azərbaycan münasibətləri
bütün dövrlərdə həm iki ölkə,
həm də region üçün
çox önəmli rol oynayıb
Aprelin
3-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov
Türkiyə Qəzetçilər Federasiyasının təşkilatçılığı
ilə ölkəmizdə səfərdə olan
tanınmış media nümayəndələri ilə
görüşüb.
AZƏRTAC
xəbər verir ki, Əli Həsənov Türkiyə-Azərbaycan
münasibətlərinin bütün dövrlərdə həm
iki ölkə, həm də region üçün çox
önəmli rol oynadığını bildirib. Bu gün
ölkələrimiz arasında strateji tərəfdaşlıq
münasibətləri mövcuddur və bütün sahələrdə
əlaqələrimiz uğurla inkişaf edir. Azərbaycanın
müstəqilliyini ilk tanıyan dövlət də məhz
Türkiyə olub.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar
danışıqların son durumu haqqında məlumat verən
Əli Həsənov vurğulayıb ki, ölkəmiz rəsmi
Ankaranın bu məsələ ilə bağlı tutduğu
mövqeyi yüksək qiymətləndirir. Münaqişənin
nizama salınması prosesində Azərbaycan Prezidenti
İlham Əliyev ilk növbədə sülh variantına
üstünlük verir. Eyni zamanda, dövlətimizin
başçısı torpaqlarımızın azad edilməsi
üçün bütün vasitələrdən istifadə
olunacağını qətiyyətlə vurğulayıb.
Əli
Həsənov diqqətə çatdırıb ki, azərbaycanlılara
qarşı dəhşətli qətliamlar və terror
aktları törədən ermənilər özlərini məzlum,
əzilən millət kimi göstərərək, guya,
türklər tərəfindən soyqırımına məruz
qaldıqları barədə cəfəng iddialarla ictimai fikir
formalaşdırırlar. Son zamanlar isə onların
çirkin kampaniyalarına beynəlxalq qurumların
inanmadığının şahidi oluruq. Azərbaycan
dünyada haqq, ədalət axtarışına
çıxaraq, erməni yalanlarını ifşa etməkdədir
və bu kampaniyaların gerçəkləşməsində
Türkiyə hər zaman ölkəmizin yanında olub.
Prezidentin
ictimai-siyasi məsələlər üzrə köməkçisi
Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrdən
danışaraq bildirib ki, bu layihələr Azərbaycan,
Türkiyə və digər ölkələrin enerji təhlükəsizliyi
üçün böyük təminat verir. Eyni zamanda, iki
dövlət arasında genişlənən əməkdaşlıq
və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisidir.
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri
və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələrdən
sonra TANAP layihəsinin reallaşması ölkələrimizin
regionda və dünyada nüfuzunu daha da artırıb.
Görüşün
sonunda Prezidentin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənova Türkiyə Qəzetçilər
Federasiyasının mükafatı təqdim edilib.
Azərbaycan.-2014.- 4 aprel.- S.4.