Türkiyənin tanınmış media təmsilçiləri Milli Məclisdə olublar

 

Aprelin 3-də Milli Məclis sədrinin müavini Bahar Muradova Türkiyənin tanınmış media təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Bahar Muradova Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin qədim tarixə, oxşar ənənələrə söykəndiyini deyib. Dünyada baş verən qarışıq ictimai-siyasi hadisələrin fonunda iki ölkə arasındakı birliyin əhəmiyyətinə toxunan sədr müavini qarşılıqlı səfərlərin münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı roldan danışıb. Bahar Muradova bildirib ki, hər sahədə olduğu kimi, media sahəsində də sıx əməkdaşlıq hər iki ölkənin uğurlarının və problemlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox vacibdir. Türkiyəli jurnalistlərin Azərbaycana bu səfəri də media sahəsindəki əməkdaşlığın yeni müstəvidə inkişafına şərait yaradacaq.

Qeyd edilib ki, bu gün Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidirsə, Ermənistanın Türkiyəyə qarşı əsassız qondarma soyqırımı iddiaları da türkləri narahat edən məsələlərdəndir. Biz birgə öz gücümüzü birləşdirib ölkələrimizə qarşı qaldırılan bu kimi qaralama kampaniyalarına, şər və böhtana qarşı mübarizə aparmalıyıq. Çünki həm Azərbaycan, həm də Türkiyə regionda sülhünsabitliyin bərqərar olmasının tərəfdarıdır.

Bildirilib ki, Azərbaycan və Türkiyə diasporları dünyanın bir çox ölkələrində birgə fəaliyyət göstərərək Xocalı soyqırımı və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışıb. Bu da ölkələrimizin birliyinin daha bir bariz göstəricisidir.

Nümayəndə heyəti adından çıxış edən Türkiyə Qazetəçilər Federasiyasının təmsilçisi Yılmaz Karaca Azərbaycanda ilk dəfə belə böyük tərkibdə olunduqlarını söyləyib. Belə görüşlərin sayının artırılmasının vacibliyinə toxunan qonaq bunun bir-birimiz haqqında daha çox informasiya toplamağımıza imkan yaratdığını deyib. O, eyni zamanda, Türkiyə Qazetəçilər Federasiyasının reallaşdırdığı layihələr və qurumun əsas fəaliyyəti barədə məlumat verib.

Gələcək əməkdaşlığa dair məsələlərin müzakirə olunduğu görüşdə nümayəndə heyətinin üzvləri onları maraqlandıran suallar veriblər.

 

Azərbaycan.-2014.- 4 aprel.- S.4.