Birinci Dünya müharibəsi haqqında həqiqətlər

 

AMEA Tarix İnstitutunun nəşr etdiyi sənəd toplularının əhəmiyyəti

 

Yüz il bundan öncə baş vermişo zamana qədərki savaşların ən qanlısı və dağıdıcısı olan Birinci Dünya müharibəsi haqqında çoxlu sayda əsər və məqalələr yazılsa da, onun bir çox məsələləri hələ də yetərincə aydınlaşdırılmamışdır. Günümüzə qədər az öyrənilmiş, təhriflərə məruz qalmış məsələlər arasında Qafqaz cəbhəsində döyüş bölgələrində türk-müsəlman əhalinin vəziyyəti, Rusiya hakimiyyəti nümayəndələrinin erməniləri silahlandırmasının doğurduğu faciəli nəticələr, qaçqınlara və sürgün edilmiş əhaliyə yardım edilməsində ayrı-seçkiliklər, müharibə başlandıqdan sonra böyük dövlətlərin Qafqaz və Azərbaycanla bağlı siyasəti və s. bu kimi elmi problemlər vardır. Son illərdə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudovun təşkilatçılığı ilə Böyük Britaniya, Almaniya, Türkiyə, Rusiya, Gürcüstan və digər dövlətlərin arxivlərində mühafizə edilən sənədlərin kütləvi şəkildə respublikamıza gətirilməsi və nəfis toplular halında nəşr edilməsi Birinci Dünya müharibəsi haqqında həqiqətləri elmi ictimaiyyətə və geniş oxucu kütləsinə çatdırmağa imkan vermişdir.

Müharibə dövrünə dair unikal, bir çox hallarda tamamilə məxfi qrifi ilə saxlanmış sənədlərin, böyük dövlətlərin kəşfiyyat orqanlarının raportanalitik hesabatlarının, rəsmi hakimiyyət nümayəndələrinin yazışmalarının və s. materialların dərc edildiyi toplular bir çox prinsipial məsələlərə aydınlıq gətirməyə, saxtalaşdırılmış və ya təhrif edilmiş tarixi hadisələrə dair gerçəkləri üzə çıxarmağa əlverişli şərait yaratmışdır. Tarix İnstitutu müxtəlif dövlətlərdən gətirilən sənədləri seriya ilə cild-cild nəşr etməklə ayrı-ayrı elmi problemlər üzrə materiallardan istifadə edilməsini əhəmiyyətli dərəcədə asanlaşdırmışdır. Oxucuların diqqətinə təqdim edilən bu məqalədə Böyük BritaniyaGürcüstan arxivlərindən əldə edilmiş materialların Birinci Dünya müharibəsi dövrünü öyrənmək üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərməyə çalışmışıq.

“Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın arxiv sənədlərində”. (Bakı, Şərq-Qərb nəşriyyatı, 2011, 722 s.)” adlı rus dilində çap edilmiş sənəd toplusunda müharibənin son dövründə Qafqazda və Azərbaycanda baş verən hadisələr haqqında dəyərli məlumatlar əks olunmuşdur. Məsələn, 1917-ci il noyabrın 30-da Tiflisdəki ingilis konsulu Stivensə istinadla Londona məlumat verilmişdi ki, dünən bütün milli partiyaların və fraksiyaların ümumi yığıncağında Rusiyada vətəndaş müharibəsi vəziyyəti, anarxiyanormal hakimiyyətin olmadığı nəzərə alınaraq Cənubi Qafqazda müvəqqəti demokratik hökumətin yaradılması qərara alınmışdır.

Tiflisdəki ingilis konsulluğunun 1917-ci ilin sonu - 1918-ci ilin başlanğıcında Cənubi Qafqazda siyasi vəziyyət və milli qüvvələrin tələbləri haqqında Londona göndərdiyi raportlar bir çox məsələlərə aydınlıq gətirməyə imkan verir. Həmin mənbələrə görə, “Daşnaksütyun” erməni partiyası yerli idarələr yaradılmasından öncə inzibati sərhədlərin dəyişdirilməsini tələb edirdilər. Erməni siyasətçiləri bunu əsas götürürdülər ki, XIX əsrin 60-cı illərində sonuncu sərhəd dəyişiklikləri edilərkən iqtisadietnoqrafik prinsiplər deyil, bürokratik maraqlar nəzərə alınmışdır. Nəticədə 1,7 milyon erməni İrəvan, Gəncə, Tiflis, qismən də Bakı quberniyalarına aid edilmişdir. Bu quberniyalarda 19 qəzada yaşayan ermənilər yalnız 6 qəzada sayca üstünlüyə malik idilər. Buna baxmayaraq, erməni nümayəndələri 15 qəzanın, o cümlədən Tiflis quberniyasının cənub qəzalarının onlara verilməsini tələb edirdilər.

Gürcü və azərbaycanlı nümayəndələr ermənilərin bu tələblərinə qarşı birlikdə çıxış edirdilər və 1917-ci il oktyabrın sonunda keçirilən konfransda belə bir qərar qəbul edilməsinə nail olmuşdular ki, Gürcüstan və Azərbaycan torpaqlarında sərhədləri dəyişdirmədən yerli idarələr yaradılsın. Buna etiraz əlaməti olaraq daşnak nümayəndələri iclas zalını tərk etmişdilər. Gürcü siyasi xadimləri daşnakların Gürcüstandan ərazi qoparmaq planlarını pozmaq üçün Acariyada və Axalsıx şəhərində müsəlman gürcülərin və türklərin yaxınlaşmasına, yerli idarələrə seçkilərdə ermənilərə qarşı birgə çıxış etmələrinə sakit yanaşırdılar.

İngilis diplomatları “Kavkazskoye slovo” və “Vozrojdeniye” qəzetlərində dərc edilən məqalələrə istinad edərək Rusiya hakimiyyət nümayəndələri tərəfindən işğaldan sonra Türkiyə Ermənistanında (Rusiyanın işğal etdiyi Şərqi Anadolu vilayətlərində - R.Ə.) inzibati idarəçiliyin təşkilinə 10 milyon rubldan çox vəsait xərcləndiyi, lakin xaos hökm sürdüyünü bildirmişdilər. General Peşkovun 1916-cı ilin payızında tətbiq etdiyi idarəçilik yerli şəraitə uyğun gəlmədiyi üçün, köhnə inzibati qaydaların çoxu saxlanmışdı. 1917-ci ilin sonunda general-qubernatorluq komissarlığa çevrilmiş, lakin komissarlıq yoxsulluğun azaldılması üçün çox az görmüş, dərhal praktik yardım göstərilməli olan, həyati əhəmiyyətli məsələlərin həllini yerli xeyriyyə cəmiyyətlərinin üzərinə atmışdı. Erməni qaçqınlardan ibarət avara dəstələr türkkürd kəndlərinə basqınlar edir, ərzağı, mal-qoyunu oğurlayırdılar, yerli müsəlman əhali də bunun heyfini çıxmağa çalışırdı. Nəticədə, regionda vəziyyətin yaxşılaşması əvəzinə, çaxnaşmalar daha da çoxalmışdı.

Tiflisdən ingilis hərbi nümayəndəsi general Şourun 1917-ci il dekabrın 24-də Londona göndərdiyi məruzədə Qafqaz regionunda vəziyyətin çox mürəkkəb olduğu bildirilirdi. 12 komissardan ibarət Cənubi Qafqaz hökumətində erməni, gürcü və azərbaycanlıların təmsil olunduqları, hər etnik qrupda bolşevik, sosialist, federalists. siyasi təmayülün olduğu göstərilirdi. Ali hərbi hakimiyyətin formal surətdə Qafqaz cəbhəsinin baş komandanı Prejevalskidə olduğu, lakin Hərbi və dəniz işləri üzrə komissarlığın üstünlüyə malik olduğu qeyd edilirdi: “qoşun komandanlığa tabe olmur, mütləq etibarlı hərbi hissələr mövcüd deyil”. Daha sonra Qafqaz cəbhəsində vəziyyət haqqında general-intendant Averyanovun belə bir fikri sitat gətirilirdi ki, indiki halda Rusiya qoşunlarının yalnız 5 faizi könüllü surətdə cəbhədə qalıbdır. Cəbhəni kütləvi şəkildə tərk edən rus hərbçiləri məvaciblərinin ödənilməsini tələb edir və dəmir yolunu bağlayırlar.

Bakıdan ingilis vitse-konsulunun 1917-ci il dekabrın 1-də göndərdiyi teleqramda şəhərdə pul olmadığı, bankın tezliklə bağlanılacağı bildirilirdi. İngilis diplomatı valyuta mübadiləsini qaydaya salmaq və maliyyə vəziyyətini yüngülləşdirmək üçün Rusiya-Asiya bankının Londondan İrandakı İmperiya bankına 100 min funt sterlinq ayırmasını və bu vəsaitə İrandan Rusiya rublu alıb Qafqaza gətirilməsini təklif edirdi. 1917-ci il dekabrın 23-də Böyük Britaniyanın İrandakı ali komissarı P.Koks da Londona göndərdiyi məxfi teleqramda Qafqaz Federasiyasına bütün mümkün vasitələrlə yardım göndərməyi təklif etdi. Teleqramda bildirilirdi ki, “hazırkı zamanda tatarlar (azərbaycanlılar - R.Ə.) Türkiyə hakimiyyətinin ziyanlı olmasını dərk edirlər və biz bu əhval-ruhiyyəni təqdir etməliyik. Eyni zamanda biz tatarların (azərbaycanlıların - R.Ə.) HindistandaMesopotamiyada bizə sadiq olan müsəlman elementlərlə yaxınlaşmasına nail olmalıyıq”.

1917-ci ilin sonunda Britaniya missiyasının məlumatına görə, Qafqaz cəbhəsində yalnız erməni hərbi birlikləri cəbhə xəttində qalmışdı və işğal edilmiş ərazini əldə saxlamağa çalışırdı. Cəbhədə 2 erməni diviziyası, 1 aysor diviziyası, 1 rus könüllülərindən ibarət diviziya və 1 diviziya da yunanlardan və digər milli qüvvələrdən ibarət olmaqla mövcud idi. Tiflisdəki ingilis vitse-konsulunun məlumatına görə, gürcü ordusuna ümid bəsləmək olmazdı: onun piyada qoşunu bolşevik əhval-ruhiyyəsində idi, atlı qoşun isə yalnız Gürcüstan ərazisini qorumaq niyyətində olduğunu bildirmişdi.

Böyük Britaniyadan 1917-ci ilin sonu - 1918-ci ilin bağlanğıcında erməni hərbi birliklərinə çatdırmaq üçün rus hərbi nümayəndələri vasitəsilə general Averyanova 1 milyon rubl, rus könüllü hərbi birliyinə 200 min rubl, gürcü hakimiyyət orqanlarının fəaliyyətini davam etdirməsi üçün də 4 milyon rubl vəsait verilmişdi.

Böyük Britaniyanın Tehrandakı vitse-konsulu, daha sonra Tiflisdə və Bakıda Britaniya missiyasının əməkdaşı R.Makdonel 1917-ci ilin dekabr ayında Qafqaz cəbhəsində vəziyyət haqqında yazmışdı: “Rusiya ordusu artıq cəbhə xəttini tərk etmişdir, həm də yolu üzərindəki bütün yaşayış məntəqələrini xaraba qoymuşdur... general Averyanov işğal edilmiş ərazidə erməni qoşunlarına komandanlıq edir”. Erməni diviziyalarının cəbhədə mövqelərində qalması əvəzində Böyük Britaniya 1 milyon rubl göndərmişdi. Konsul StivensForin Ofisdən aldığı təlimatı erməni komitəsinə təqdim etmişdi. Bu sənəddə bildirilirdi ki, Britaniya hökuməti ermənilərə yardım edəcəkdir. Daha sonra Makdonel kapitan Noelin müşayiəti ilə daha 2 milyon rubl vəsaiti Bakı-Tiflis dəmir yolu ilə gətirib ermənilərə təqdim etmişdi.

Britaniya missiyasının əməkdaşı R.Makdonelin məlumatına görə, bu pulları aldıqdan sonra erməni polku quduzcasına kürd kəndlərinə hücum edib, sakinlərini doğramışdı. Buna cavab olaraq Tiflisdəki Britaniya missiyasının yeni rəhbəri Payk erməni birliklərinə pul ödənilməsini qadağan etmişdi.

Makdonel etiraf edirdi ki, Bakıda 1918-ci il martın sonunda bolşeviklərlə müsəlmanlar arasında toqquşmalar başlandıqdan sonra qırğın baş verməsinin səbəbi ermənilərin bolşeviklərə yardım etməsi olmuşdur. Həmin erməni silahlı dəstələrinə də Britaniya hökuməti maliyyə yardımı göstərmişdi. İngilis agenti bunu rus zabitlərinin sözləri ilə belə ifadə etmişdi: “Görəsən, Britaniya hökuməti Bakının türkpərəst elementlərdən təmizlənməsinə nə qədər pul ödəmişdir?”. Makdonel bununla bağlı Erməni Milli Şurasına qəti etiraz edərək bildirmişdi ki, ermənilərin yardımı olmasaydı, bolşeviklər heç bir vaxt müsəlmanlara qarşı hərəkətə keçməzdilər.

Briqada generalı R.Qortonun Azərbaycanda vəziyyət haqqında hazırladığı məruzədə bildirilirdi ki, “1918-ci ilin martında erməni və bolşevik qüvvələri 180 kəndi dağıtmış, çoxlu tatarı (azərbaycanlını - R.Ə.) öldürmüşlər. Bunun nəticəsində tatarlar (azərbaycanlılar - R.Ə.) kömək üçün türklərə, özlərinin milli xilaskarı kimi, müraciət etdilər və razılaşma əldə edildi ki, Türkiyə müəyyən sayda qoşun və təlimatçılar göndərəcək... Tatarların (azərbaycanlıların - R.Ə.) Türkiyəyə tabe olmaq niyyətləri yoxdu, onlar özlərini türklərdən daha yüksək təhsilli hesab edirdilər”.

Böyük Britaniya kəşfiyyat orqanlarının 1918-ci ilin fevralında Qafqazda vəziyyət haqqında təqdim etdikləri memoranduma görə Cənubi Qafqaz hökuməti böhranla mübarizə aparmaq iqtidarında deyildir. Bu pessimizmi gücləndirən odur ki, hökumət böhranlı problemləri həll etmək əvəzinə, aqrar məsələ üzrə dekret vermək, titulları ləğv etmək kimi məsələlərlə daha çox məşğul olur. Bolşeviklər partiyası isə güclənir və daha təcavüzkar olur, cəbhədən qayıtmaqda olan 25-30 minlik qoşun hesabına daha da güclənəcəkdir.

1918-ci ilin fevralına olan kəşfiyyat məlumatına görə, Erməni Milli Şurası erməni əsgərlərinə müraciət etmişdi ki, səngərləri tərk etməsinlər. Minlərlə erməni qaçqını silahlandırılıb səngərlərə göndərilirdi. Rusiya əsgərləri cəbhədən qayıdanda yolları üzərində hər şeyi qarət edir, dağıdırdılar. “Tatarlardan (azərbaycanlılardan - R.Ə.) başqa, hamı ölkəni bütün istiqamətlərdə qarət edir. Hər yerdə vətəndaş müharibəsi gedir, qiyamlar və qarışıqlıqlar adi hala çevrilmişdir. Cənubi Qafqazın mərkəzi hökuməti demək olar ki, mövcüd deyildir”.

1918-ci il yanvarın əvvəlində cəbhədən qayıdan bolşevik əhval-ruhiyyəli rus əsgərləri Kutais şəhərini qarət etməyə başlamışdı. Dərhal gürcü əsgərləri vəziyyətə müdaxilə etmiş, rusları mühasirəyə almış və sonra da ölkədən çıxarmışdılar.

Böyük Britaniya kəşfiyyatının 1918-ci il fevralın 9-da hazırladığı memoranduma görə, Bakı ilə Gəncə arasında dəmir yolu əlaqəsi kəsilmiş, nəticədə Kubandan Tiflisə un daşınması qeyri-mümkün olmuş, ərzaq böhranı daha da kəskinləşmişdi. Normal şəraitdə Gürcüstan hər il Kubandan 50 milyon pud taxıl idxal etdiyi halda, indi bunun dörddə birini belə ala bilmirdi. Ukraynanın dəniz yolu ilə Odessadan taxıl göndərməsinə də bolşeviklərin əlində olan Qara dəniz donanması mane olurdu.

Böyük Britaniya kəşfiyyatının 1918-ci il martın 15-də hazırladığı memoranduma görə, Cənubi Qafqaz hökuməti regionda maliyyə vəziyyətini qismən də olsa nizama salmaq üçün 50 milyon rubl dəyərində öz valyutasını dövriyyəyə buraxmışdı.

Böyük Britaniya Xarici İşlər Nazirliyi siyasi kəşfiyyat şöbəsinin 1918-ci ilin yazında Cənubi Qafqazda siyasi vəziyyət haqqında memorandumuna görə, Batum sülh konfransında Türkiyə Cənubi Qafqaz respublikasının saxlanmasını və onun işində azərbaycanlıların fəal rol oynamasını təmin etməyə çalışırdı. Almaniya isə buna qarşı çıxmışdı, çünki parçalanmış millətləri istismar etməyin daha asan olacağını düşünürdü.

Almaniya Gürcüstana Türkiyə təzyiqindən yararlanaraq özünü bu ölkənin yeganə himayəçisi kimi qəbul etdirə bilmişdi. İngilis kəşfiyyatının qənaətinə görə, Almaniyanın Gürcüstana marağı təkcə bu ölkənin təbii sərvətlərinə yiyələnmək istədiyindən irəli gəlmirdi, həm də gürcüləri döyüşkən millət hesab edirdi. Alman hərbçilərinin fikrincə, gürcülər lazımi qaydada təşkil edilərsə, təchizatı təmin olunarsa, 250 min nəfərlik ordu yarada bilərdilər.

Gürcüstanın bolşevik Rusiyasındakı nümayəndəsi Qabriel Xundadze 1918-ci il avqustun 2-də Vordropa bildirmişdi ki, “Gürcüstanda heç bir partiya almanpərəst deyildir... və onların Almaniyaya meyil etməsi istisnasız olaraq çıxılmaz vəziyyət səbəbindən olmuşdur. Onlar bir tərəfdən türklərin, digər tərəfdən Bakıdan və Şimali Qafqazdan təzyiq edən amansız bolşeviklərin təzyiqi qarşısında qalmışdılar”.

Böyük Britaniya Xarici İşlər Nazirliyi siyasi kəşfiyyat şöbəsinin 1918-ci ilin oktyabrında hazırladığı məxfi memoranduma görə, “Erməni məsələsinin həlli zamanı nəzərə almaq lazımdır ki, onun ağırlıq mərkəzi Qafqazda deyil, Kiçik Asiyanın cənubundadır. Ermənilər buraya (Qafqaza - R.Ə.) son onilliklərdə əsasən Türkiyədən qaçqın kimi gəlmişlər. Rusiya hökuməti burada onlardan gürcülərlə tatarlar (azərbaycanlılar - R.Ə.) arasında ziddiyyətləri qızışdırmaq üçün istifadə etmişdir”. Memorandumda daha sonra qeyd edilmişdi ki, “son vaxtlar ermənilər Türkiyədə öz ərazilərindən məhrum edildikdə, Tiflisə və bütövlükdə Gürcüstana mühacirət etmişlər; təkcə Tiflis ətrafında yüz minlərlə qaçqın vardır”.

“Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrlər). Gürcüstan Mərkəzi Dövlət Tarix ArxiviGürcüstan Mərkəzi Ən Yeni Tarix Arxivinin sənədləri” (Bakı: Turxan” NPB, 2013, 552 s.) adlı sənəd toplusunda Birinci Dünya müharibəsinin son mərhələsində Azərbaycanın şimal-qərb regionunda, Zaqatala dairəsində baş verən mürəkkəb proseslər haqqında çox dəyərli materiallar dərc olunmuşdur. Topluya daxil edilmiş 12 və 14 saylı sənədlər bu baxımdan ibrətamizdir. Birinci sənəd 1917-ci ilin dekabrında Zaqatala Əsgər və Fəhlə Deputatları Sovetinin sədrinin Cənubi Qafqaz Komissarlığına ünvanlandığı məruzədir. Bu sənəddə qeyd edilirdi ki, son dövrün hadisələri və xüsusən də “bolşevik qiyamı” Zaqatala dairəsində inanılmaz xaosanarxiya yaranmasına səbəb olmuşdur. Əvvəlki dövrlə müqayisədə qətl və qarətlər, oğurluq hadisələri fəlakətli həddə çatmışdır. Bu fəlakətli vəziyyətə yalnız mövcud cinayətkar, heç nə edə bilməyən hakimiyyət orqanlarının fəaliyyətinə xitam verilməsi ilə son qoymaq olar. Məruzədə xüsusi vurğulanmışdı ki, Zaqatala dairəsində yaşayan erməni əhalisi müsəlmanlara qətiyyən etibar etmir və qeyri-müsəlman komissarın təyin edilməsini, qoşun hissələri yeridilməsini, yerli müsəlmanların tərk-silah edilməsini istəyir.

14 saylı sənəddə 1917-ci ilin sonu - 1918-ci ilin başlanğıcında Zaqatala dairəsində azərbaycanlı əhalinin yerli özünüidarə orqanları yaratmaq səyləri, gürcü nümayəndəsinin dairənin idarəsindən kənarlaşdırılması əks olunmuşdur. Sənəddən bəlli olur ki, Cənubi Qafqaz Komissarlığı 1917-ci il dekabrın 4-də Əbdürrəhim bəy Haqverdiyevi Zaqatala dairəsinə komissar təyin etmişdi. Lakin dairə icraiyyə komitəsi yerli əhalinin nümayəndələri ilə birgə dekabrın 17-də toplantı keçirərək yerli əhalidən olmayan şəxsin dairə komissarı təyin edilməsinə etirazlarını bildirmişlər. Toplantıda İslam bəy Qabulov (Zaqatala şəhər məktəbinin müəllimi), Molla Muğum Dibirov (Balakən kəndinin imamı) və Müslim Əfəndi Rəcəbov (Car kəndinin mollası) Zaqatala dairəsi komissarlığının səlahiyyətli nümayəndələri seçilmişdilər. Cənubi Qafqaz Komissarlığı Zaqatala dairəsində vəziyyətlə yerində tanış olmuş Ə.Haqverdiyevin raportu əsasında bu şəxslərin vəzifəsini təsdiq etmişdi.

Bu dövrdə Cənubi Qafqaz hökumətinin daxili işlər naziri A.Çxenkeli Zaqatala dairəsində yerli hakimiyyət orqanlarının işini təftiş etmək üçün M.Çavçavadzeni xüsusi tapşırıqlar üzrə məmur kimi Zaqatala dairəsinə ezam etmişdi. O, 1918-ci il fevralın 10-da Zaqatalada komissarların, yerli Milli Şura nümayəndələrinin, yeni təşkil olunmuş Zaqatala alayının komandiri, podpolkovnik Qacarın, şəhərin erməni keşişinindaha bir neçə nümayəndənin iştirakı ilə toplantı keçirmişdi. Toplantıda Zaqatala dairəsinə doğru hərəkət edən və toplarla silahlanmış 1000 nəfərlik erməni hərbi hissəsinin qarşısının alınması müzakirə edilmiş, Cənubi Qafqaz hökumətindən tələb olunmuşdu ki, erməni hərbi hissəsinin Zaqatala dairəsinə gəlməsinə imkan verməsin. Əhalinin qətiyyətli etirazını nəzərə alan Cənubi Qafqaz Komissarlığı erməni hərbi hissəsinin Zaqatalaya irəliləməsinin qarşısını almışdı.

Həmin dövrdə Cənubi Qafqaz Komissarlığının rəhbərliyində olan gürcü siyasi xadimləri Zaqatala dairəsini Gürcüstana bağlamağa çalışırdılar. 1918-ci il martın 4-də M.Çavçavadzenin Zaqatala dairəsinə komissar təyin edilməsi bu məqsədə xidmət edirdi. Lakin bu təyinat yerli müsəlman əhalinin hiddətinə səbəb olmuşdu. Zaqatala Müsəlman Milli Şurasının sədri Hafiz Əfəndi və yerli əhalinin seçdiyi komissarlar yerli əhalidən təşkil olunmuş 300 nəfərlik və Cardan köməyə gəlmiş 600 nəfərlik milis dəstəsinin yardımı ilə M.Çavçavadzenin dairəni tərk etməsinə nail olmuşdular.

M.Çavçavadzenin 1918-ci il martın 19-da Cənubi Qafqaz hökuməti Daxili İşlər Nazirliyinə təqdim etdiyi məruzəsində Zaqatala dairəsinin müsəlman əhalisi ilə Siqnax qəzasının gürcü əhalisi arasında tarixən mehriban qonşuluq münasibəti mövcud olduğu, lakin son zamanlarda iki xalq arasında müəyyən gərginlik yarandığı qeyd edilmişdi. Məruzədə gərginliyin səbəbi kimi Kaxetiya dəmir yolu stansiyalarında gürcü nümayəndələrinin dəmir yolu ilə hərəkət edən müsəlmanlara qarşı özbaşınalıqları, hədə-qorxu gəlmələri, həmiçinin LaqodexiŞrom qəsəbəsindən 40 nəfərlik gürcü silahlı dəstəsinin Zaqatala dairəsinin Qabaqçöl kəndinə 1918-ci il fevralın 22-də basqın etməsi göstərilmişdi. Həmin basqın zamanı 2 dinc sakin öldürülmüş, daha 1 nəfər yaralanmışdı.

13 saylı sənəd isə o dövrdə azərbaycanlılara qarşı törədilən soyqırımlara Dağıstan əhalisinin münasibəti məsələsinə aydınlıq gətirilməsi baxımından qiymətlidir. Bu, 1918-ci il martın 20-də Şimali Qafqaz və Dağıstan müsəlmanları adından Nəcməddin bəy Qotsinskinin Cənubi Qafqaz Seyminə ünvanladığı teleqramdır. N.Qotsinski bütün Dağıstan əhalisinin erməni hərbi birlikləri tərəfindən İrəvan quberniyasının köməksiz müsəlman əhalisinə qarşı zorakılıqlar törədilməsindən hiddətləndiyini bildirmişdi. Teleqramda İrəvan quberniyasının müsəlman əhalisinin qarətlərdən və azğınlıqlardan qorunması üçün təsirli tədbirlər görülməsi tələb edilirdi.

Haqqında bəhs edilən bu sənədlər belə bir qənaətə gəlməyə imkan verir ki, topludakı materiallar Birinci Dünya müharibəsinin son mərhələsində Azərbaycanın şimal-qərb bölgəsində ictimai-siyasi vəziyyəti, Zaqatala dairəsi ilə bağlı gürcü siyasi xadimlərinin planları və bütövlükdə Gürcüstan-Azərbaycan və Dağıstan-Azərbaycan münasibətləri haqqında qiymətli faktları özündə əks etdirir.

Ümumiyyətlə, AMEA Tarix İnstitutunun son illərdə seriya ilə nəşr etdirdiyi sənədlər təkcə Birinci Dünya müharibəsi illərini deyil, Azərbaycan tarixinin bütün mərhələlərini, xüsusən də yenimüasir dövrünü dərindən araşdırmağa, saxtalaşdırılmış və ya üzərindən sükutla keçilmiş problemlər üzrə əsl həqiqətləri ictimaiyyətə çatdırmağa imkan verir. Sonda iftixar hissi ilə bildirmək istəyirik ki, Tarix İnstitutu öz üzərinə götürdüyü bu nəcib missiyanı - Vətən tarixi üzrə dünyaya səpələnmiş sənəd və materialları toplayıb respublikaya gətirmək, onları toplular halında seriya ilə nəşr etmək işini uğurla davam etdirir.

 

Rəna ƏSƏDOVA,

tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2014.- 4 aprel.- S.7.