Ölümdən güclü
İyirmi il əvvəl - 1995-ci il aprel ayının 4-də Zaur Sarıyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəman adı verilmişdir.
Zaur Rəşid oğlu Sarıyev 1974-cü ildə Şəmkir rayonunun Qaralar kəndində anadan olub. 15 nömrəli Gəncə şəhəri texniki-peşə məktəbində elektrik qaynaqçısı peşəsinə yiyələnib.1993-cü il iyulun 6-da milli ordu sıralarına çağırılıb. Əvvəlcə, Qusar rayonundakı hərbi hissədə təlim keçib, sonra döyüş bölgəsinə göndərilib. Fiziki cəhətcə sağlam, əsgəri andına sədaqətli idi. Tərtərdən başlayıb, Füzuliyə, Ağdama, Kəlbəcərə, Murovdağa kimi yol keçib.
1994-cü ilin qışı çox sərt keçirdi. Zaur bir dəstə döyüşçü ilə Murovdağ istiqamətində kəşfiyyata getmək əmri alır. Əməliyyat zamanı mühasirəyə düşürlər. İgid əsgərlər düşmənə ciddi müqavimət göstərərək 13 gündən sonra mühasirədən çıxa bilirlər. Zauru şaxta vurmuş, əl-ayağı donmuşdu. İki ay müalicə olunduqdan sonra yenidən hərbi hissəyə qayıdır. Çox keçmir ki, çavuş rütbəsi alır və qrup komandirliyi vəzifəsinə təyin olunur.
Qarşıda çox gərgin günlər dururdu.1995-ci il 13-17 mart hadisələri zamanı bir ovuc üzüdönük silahlı dəstə ölkədə dövlət çevrilişinə çalışırdı. Zaur Sarıyev o vaxt “N” saylı hərbi hissədə xidmət edirdi. Nizami ordunun əsgərləri yolunu azmış silahlı dəstə ilə üz-üzə gəlir. Zaur da öndə gedir, ölümün gözünə dik baxaraq Azərbaycanın müstəqilliyinin qorunub saxlanması yolunda canını qurban verir...
Elin qəhrəman oğlunun adı həmişə məhəbbətlə, ehtiramla çəkilir. Kənd orta məktəbi onun adını daşıyır. Bələdiyyənin təşəbbüsü ilə yaraşıqlı guşələrdən birində Milli Qəhrəmanın adına xatirə parkı salınıb, bulaq kompleksi yaradılıb, baxımlı yerdə büstü ucaldılıb.
Şəmkir rayonundakı Qaralar kəndi çox da böyük deyil. Burada təqribən 120 ev var. Sakinləri mərd, mübarizdirlər. Vətənin dar günündə yeddi nəfər şəhid verib, Zaur Sarıyev isə qəhrəmanlıq zirvəsinə ucalıb.
Bu günlərdə Zaur Sarıyevə Milli Qəhrəman adının verilməsinin iyirmi illiyi ilə əlaqədar xatirə xiyabanında anım tədbiri keçirildi. Kəndin icra nümayəndəsi Akşin Fərəcli, bələdiyyə sədri Elşən Mehdiyev, Zaurun bacısı Kəmalə Sarıyeva, şəhid Ədalətin anası Ruqiyyə Zeynalova və başqaları çıxış edərək dedilər ki, cəsur insanların, mərd oğulların xatirələri qəlblərdə yaşayır. Onların mətin iradəsi, vətənə sonsuz sədaqəti, torpağa hədsiz məhəbbəti ölümdən güclü idi.
Tədbir zamanı Zaur Sarıyevin adını daşıyan orta məktəbin şagirdləri isə həmişəki kimi, yenə də qəhrəmanın abidəsini gül-çiçəyə qərq etdilər.
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 4 aprel.- S.7.