Dərinliyin zirvəsinə çatanlar
Qazmaçının
əməyi çətin, peşəsi gərəklidir
Ötən ilin payızında yolumuz Neft Daşlarına düşmüşdü. Bu, əfsanəvi mədən-şəhərdə çalışanların fədakar əməyinin bir daha şahidi olmaq imkanı, hünərini yenidən görmək fürsəti idi. İndi “ömrünün” 66-cı baharını yaşayan “Neft Daşları” köhnə yataq sayılır. Köhnə yataqda isə hasilatı sabit saxlamaq, yaxud artırmaq texniki və geoloji tədbirlər sayəsində mümkün olur. Amma heç demə, burada yeni quyular da qazılırmış.
Həmin günlərdə layihə dərinliyi 1120 metr olan 2634 nömrəli quyuda qazma baltası dərinliyə enməkdə idi. Eşitdik ki, bu, son dövrlərdə qazmadan alınan birinci quyu olmayacaq. Artıq bir neçə yeni quyu istismara verilib.
Qazmaçılar dənizin qoynunda səylə çalışırdılar. Ən qabaqcıllarından bir neçəsinin adını öyrənmək istədik. Söhbətə qoşulan qocaman neftçi:
- Onları bir-birindən seçmək heç insafdan deyil, - dedi. - Hamısı qoçaqdır. Gücü, iradəsi olmayan burada heç bir gün də işləyə bilməz. Dənizə, neftçi peşəsinə qəlbən bağlanmayanın geriyə dönməsi üçün Xəzərin bircə qasırğası bəsdir. Qaldı ki qazmaçılara, onların işi çox çətindir. Zarafat deyil, dənizin təkinə “baş vururlar”. Qazmaçıların yeni nəslinə baxdıqca ürəyim dağa dönür. Qurban, Ağa, İsrafil hünəri görürəm onların əməyində.
Həmsöhbətimiz çəkdiyi adlarla diqqətimizi Azərbaycanın neft tarixinə cəlb etdi. Haqqında eşitdiyimiz, oxuduğumuz, vaxtilə bilavasitə özləri ilə söhbət edib hünərini qələmə aldığımız qazmaçılar yada düşdü.
Qazmaçı peşəsinin tarixi qədimdir, yəqin ki, ilk neft quyusunun qazıldığı gündən başlanır. Görəsən, “qazmaçı” sözünün özü nə vaxt yaranıb? Yəni neft quyusu qazan əməkçi ilk dəfə bu adla nə vaxt çağırılıb? XIX yüzilliyin ortalarına yaxın - 1847-1848-ci illərdə Bakının Bibiheybət və Balaxanı ərazilərində mexaniki üsulla ilk quyular qazılandamı? Yoxsa Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramana yataqları sənaye üsulu ilə işlənməyə başlayandanmı? Yazılanlara görə, hələ 1870-ci ildə Pirallahı adasında neft istismar quyusu olub. Dərinliyi 132 metr olan quyudan neft çıxarılıb. Bəlkə qazmaçı sözü birinci dəfə burada səslənib? Hər halda, yəni sözün nə vaxt yaranmasından asılı olmayaraq, qazmaçı peşəsinin ilk sahibləri neft diyarında qazılan ilk quyuların başında dayanan insanlar olublar. Onlar dərinliyə balta işlədərək alın təri axıdıb, bəzən oda-alova qərq olub, yerin təkinə, daha sonra dənizin dibinə “baş vurublar”.
Getdikcə qazma işi təkmilləşmiş, qazmaçılar səriştələrini artırmış, bu sahədə neçə-neçə yeniliyə imza atılmışdır. Sovet hakimiyyəti illərində Azərbaycanda qazma sahəsində, xüsusilə dəniz quyularının qazılmasında elə təşəbbüslər irəli sürülmüş, həyata keçirilmiş və bəhrə vermişdir ki, sonralar ondan SSRİ-nin bütün neft regionlarında istifadə edilmişdir.
Rüstəm Rüstəmov, Əhməd Dünyamalıyev, Yusif Kərimov, Məlik Göyçayev... Bu insanlar vaxtilə sadə qazmaçı peşəsi ilə Bibiheybət, Qaradağ, Səngəçal, Duvannı, Ələt dəniz sahələrində, Qum adasında, “Gürgən-dəniz”, “Neft Daşları” yataqlarında hünər göstəriblər. Elə hünər ki, onunla şan-şöhrət qazanıblar, yaşadıqları dövrün ən yüksək mükafatlarından olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər.
Ağa Nemətulla küçəsi... Bakının görkəmli yerlərinin birində xeyli məsafədə uzanan bu küçəyə adı verilən insanın kim olduğunu çoxları bəlkə də bilmir. Ağa Nemətulla məhz adı tarixə yazılmış sözügedən peşə sahiblərindən biridir. Maili istiqamətləndirilmiş qazmanın təşəbbüsçüsü olub. Bu isə elə bir qazma üsuludur ki, onsuz “Neft Daşları”, “Gürgənneft”, “Darvin bankası”, “Səngəçal-Bulla-dəniz” kimi yataqların mənimsənilməsi mümkün olmazdı.
Ağa Nemətulla ilk maili istiqamətləndirilmiş quyunu 1946-cı ilin yanvarında Bayıl dağında qazıb. Qazandığı nailiyyətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, iki dəfə Dövlət mükafatı laureatı olub. Yaşadığı çətin və şərəfli qazmaçı ömrünün ən böyük uğuru isə məhz onun adı ilə bağlı olan yeni üsulla quruda və dənizdə qazılmış saysız-hesabsız quyulardır.
Vaxtilə, hələ sovet hakimiyyəti qurulmamışdan əvvəl Azərbaycanda “Usta Piri” adı ilə tanınan məşhur qazmaçı da olub. Maraqlıdır ki, onun oğlu Məmməd Paşa atasından da qabağa gedərək ömrünü bu sahənin elminə həsr edib. Professor Məmməd Paşa Quliyev Azərbaycan Dövlət Neft Akademiyasında (o vaxt Neft və Kimya İnstitutu adlanırdı) “Neft-qaz quyularının qazması” fakültəsinin kafedra müdiri olub. Yüksək nəzəri hazırlığa və fitri istedada malik olan alim maili qazma nəzəriyyəsi sahəsində bir çox elmi-tədqiqat işlərinin əsas prinsiplərini müəyyənləşdirib.
Xəzərdəki neft yataqlarının perspektivliyi nəzərə alınaraq 1947-ci ildə Bakıda Dəniz Qazma Tresti yaradılır. Bu trestin Buzovnada yenidən təşkil edilən idarəsinə 1945-ci ildə ordudan tərxis edilən, qazmaçı peşəsi olan Mixail Kaveroçkin işə götürülür. Ona “Mərdəkan-dəniz” sahəsində 3 nömrəli quyunun qazılması tapşırılır. 1946-1949-cu illərdə Kaveroçkinin briqadası kəşfiyyatına başlanan “Gürgən-dəniz” sahəsində daha bir neçə quyunun qazmasını müvəffəqiyyətlə sona çatdırır. Təsadüfi deyil ki, “Neft Daşları”ndakı birinci kəşfiyyat quyusuna da usta məhz Kaveroçkini təyin edirlər.
1949-cu ilin ilk günlərində usta Kaveroçkinin briqadası adaya yaxınlaşdı və qayalar üzərindəki evdə (taxta evcikdə, əslində sığınacaqda) məskunlaşdı. Həmin il noyabrın 7-də birinci quyu fontan vurdu və bununla da dünyada dəniz neftinin erası başlandı.
Çox qəribədir ki, Kaveroçkinin, eləcə də qazmaçı dostlarının öz həyatları qədər sevdikləri dəniz onların həm də son mənzilinə çevrildi. “Möcüzələr adası”nda ilk neftin hasil edildiyi vaxtdan 8 il sonra - 1957-ci il noyabrın 22-də gecə qopan fırtına zamanı dəniz özülü dalğaların gücünə tab gətirməyərək dağıldı və briqadanın bütün üzvləri sulara qərq oldu... Onda usta Kaveroçkinin 53 yaşı vardı. Layiq olduğu əsl qəhrəman adını da ölümündən sonra aldı. Ona Sosialist Əməyi Qəhrəmanı adı verildi.
Bir çox tanınmış neft korifeylərinin böyük karyeraları bu sadə və çətin qazmaçı peşəsindən başlanıb. Xalq arasında “Neftçi Qurban” kimi tanınan məşhur qazmaçı Qurban Abbasov sonralar bir çox məsul vəzifələrdə çalışmış, neft təşkilatçısı kimi böyük işlər görmüş, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.
Keçən əsrin 70-ci illərində Ağa Nemətullanın, Kaveroçkinin, Neftçi Qurbanın estafetini İsrafil Hüseynov davam etdirdi. O illərdə “İsrafil Xəzərin təkinə hücum edir” deyirdilər. Radio dalğalarından hər yana bir nəğmə yayılırdı:
İsrafil hünəri, İsrafil adı
Şeirli, nəğməli dalğalardadır...
İsrafil Hüseynov peşəkar qazmaçı, qazma ustası idi. Briqadası ilə birlikdə keçmiş SSRİ-də ilk dəfə bir quyunun qazılmasına iki ay doqquz gün vaxtından tez nail olmuş və qazma alətini 2040 metr dərinliyə çatdırmışdı. Maili qazma sahəsində isə bütün Avropada rekord sayılan nəticə göstərmişdi.
İsrafil Hüseynov qazma aləti ilə dərinliklərdə zirvə fəth edirdi.
Bu peşədə qəribə bir tərs-mütənasiblik var: qazmaçının qazandığı qələbə, çatdığı zirvə fəth etdiyi dərinliklə ölçülür.
Qazmaçı adi fəhlə deyil. Çətin peşəsi ona təmkin və səbir təlqin edir, möcüzəli təbiətlə təmas ona xoş duyğular aşılayır, mürəkkəb işi zamanı hər an gözlənilən təhlükə onu düşüncəli, tədbirli olmağa çağırır. Odur ki, dərinliklər fəth edən qazmaçının ağlı, zəkası da dərin olur.
Bugünün qazmaçıları Xəzərdəki ən müasir platformalarda çalışırlar. Estakadayanı meydançalarda, dərin dəniz özüllərində quyular qazaraq yenə də dərinlikdə zirvə axtarır və ona çatırlar. Əgər vaxtilə əfsanəvi qazmaçıların 2000 metrə çatması qələbə sayılırdısa, bugünün qazmaçıları ikiqat, üçqat dərinlikləri fəth edirlər. İndi dünyaya səs salan “Şahdəniz” qaz-kondensat yatağında dərinliyi 7000 metri ötən quyular qazılıb. Başqa sözlə, bir-birindən fərqləndirməyərək bu gün adını çəkmədiyimiz yüzlərlə Azərbaycan qazmaçısının fəth etdiyi dərinlik daha dərinlikdə - çatdığı zirvə daha yüksəkdədir.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 5 aprel.- S.5.