“Azərbaycan
Hava Yolları” QSC-nin pavilyonu
“AİTF-2015” sərgisini
ziyarət edənlərin böyük marağına səbəb
olub
Artıq bir neçə gündür ki, paytaxtımızda “AİTF-2015” 14-cü beynəlxalq “Turizm və səyahətlər” sərgisi öz işinə başlayıb. Dünyanın 42 ölkəsindən 371 şirkət və təşkilatın iştirak etdiyi sərgidə “Azərbaycan Hava Yolları” Açıq Səhmdar Cəmiyyəti (QSC) geniş pavilyonla təmsil olunub. Sərgi çərçivəsində “Azərbaycan Hava Yolları”nın son illər qazandığı uğurlar, xarici uçuşlar barədə məlumatlar audio və videogörüntülər vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılıb.
Bildirilir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş terminalı Böyük Britaniyanın “Skytrax” konsaltinq şirkəti tərəfindən dünyanın ən müasir 18 hava limanı kimi 4 ulduz alıb. Bu da sərnişinlərə dünya səviyyəsində xidmətlərin göstərildiyindən xəbər verir. Bu terminal il ərzində 6 milyon sərnişinə xidmət etmək gücündədir. Hazırda hava limanı 2 eniş zolağına və 17 teleskopik trapa malikdir. Heç də təsadüfi deyil ki, MDB ölkələri arasında ilk dəfə olaraq dünyanın ən müasir “Boeing-787” təyyarələri Azərbaycan sərnişinlərinin xidmətindədir. “Azərbaycan Hava Yolları” ilbəil yeni reyslər açır, yeni regionlara, şəhərlərə birbaşa uçuşları həyata keçirir. Bu sırada ölkəmizin uçuş tarixində ilk dəfə uzun məsafəli uçuşlar olan, Bakıdan Nyu Yorka və Pekinə olan birbaşa uçuşları göstərmək olar. Yaxın zamanlarda isə əlavə olaraq Almaniyanın paytaxtı Berlinə və İspaniyanın paytaxtı Madridə birbaşa uçuşlara başlanılacaq. Bütün bunlar Azərbaycan turistləri üçün yeni imkanlar yaradacaq. Eyni zamanda, “Azərbaycan Hava Yolları” hazırda olan istiqamətlər üzrə də uçuşların sayını artırır. Məsələn, Moskva və Sankt-Peterburq istiqamətlərində artıq yaxın vaxtlardan başlayaraq uçuşların sayı xeyli artacaq ki, bu da Rusiyadan olan turistlərin Azərbaycana gəlişini xeyli asanlaşdıracaq. Həmçinin, “Azərbaycan Hava Yolları” əsas turist şəhərləri hesab edilən Türkiyənin kurort şəhərlərinə reyslərinin sayının da artırılmasını nəzərdə tutur.
Azərbaycan mülki aviasiyası elə sürətlə inkişaf edir ki, beynəlxalq ictimaiyyət onun haqqında dünyanın ən perspektivli aviasiyalarından biri kimi danışır.
Ziyarətçilərin diqqətinə çatdırılıb ki, cari ilin əvvəlində “Silk Way Group”un Azərbaycan təmsilçiləri “Boeing” korporasiyası ilə daha üç “Boeing-747-8” Freighter təyyarəsi alacağı barədə müqavilə imzalayıb. Bu təyyarələrin istismarçısı “Silk Way West Airlines” olacaq. Hava yollarının yük flotu müasir hava gəmiləri ilə tamamlansa da, bu təyyarələrin əlavə edilməsi ilə o, aviadaşıyıcıların nüfuzlu klubunun biletinə nail oldu. Qeyd edək ki, klubun üzvləri ən azı ABŞ istehsalı olan beş nəhəng təyyarəyə malik olmalıdır.
Vurğulanıb ki, “Azərbaycan Hava Yolları”nın ən böyük uğurlarından biri ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni Bakı Terminalının açılması olub.
Pavilyonu seyr edənlərə bildirilib ki, aviauçuşların təhlükəsizliyi AZAL rəhbərliyinin diqqətində olan ən mühüm məsələlərdəndir. Bu da pilotların təcrübəsindən asılıdır. Ölkəmizdə fəaliyyət göstərən Milli Aviasiya Akademiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələri reyestrinə salınıb. Akademiyanın beş fakültəsi ölkənin bütün şirkətlərini və hava donanmasını yüksək ixtisaslı mütəxəssislərlə təmin edir. Onun təlim-məşq mərkəzi olan “AZAL Training” lazım olan hər bir şeylə təchiz olunub.
Xüsusi olaraq qeyd edilib ki, bütün bu nailiyyətlər, ilk növbədə, respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində mümkün olub.
AZƏRTAC
Azərbaycan.-2014.- 5 aprel.- S.5.